Uqanda-Tanzaniya müharibəsi

Uqanda-Tanzaniya müharibəsi - Tanzaniyada Kaqera müharibəsiUqandada Azadlıq müharibəsi (1979) adı ilə tanınan 1978-ci ilin oktyabrından 1979-cu ilin iyun ayına qədər Uqanda ilə Tanzaniya arasında baş vermiş hərbi münaqişədir. Bu müharibə Uqanda prezidenti İdi Aminin hakimiyyətdən kənarlaşdırılması ilə nəticələnmişdir. İdi Aminin qüvvələrinə Liviyadan dəstək üçün göndərilmiş minlərlə hərbçi də daxil idi.

Uqanda-Tanzaniya müharibəsi
Uqanda-Tanzaniya müharibəsində baş vermiş döyüş əməliyyatları
Tarix 30 oktyabr 1978 – 3 iyun 1979
Yeri TanzaniyaUqanda
Nəticəsi

Tanzaniya qələbə qazandı

  • İdi Amin hakimiyyətdən düşdü
  • Bir müddət sonra Uqanda vətəndaş müharibəsi başladı
Münaqişə tərəfləri

Uqanda Uqanda
Liviya
Fələstin Azadlıq Təşkilatı[1][2]

Tanzaniya Tanzaniya
Uqanda Uqanda Milli Azadlıq Cəbhəsi
Mozambik Mozambik
Dəstək:
Çin ÇXR[3]
Əlcəzair Əlcəzair[3]
Efiopiya Müvəqqəti Hərbi Hökuməti[3]

Komandan(lar)

Uqanda İdi Amin
Uqanda İsaak Maliyamunqu
Uqanda Cuma Butabika
Müəmmar Qəddafi

Tanzaniya Culius Nyerere
Tanzaniya Abdallah Tvalipo
Tanzaniya Tumayniel Kivelu
Tanzaniya David Msuquri
Uqanda Tito Okello
Uqanda Yoveri Museveni
Uqanda David Oyite-Ojok

Tərəflərin qüvvəsi

Uqanda 70,000
3,000
yüzlərlə

Tanzaniya 150,000
Uqanda 6,000
Mozambik 300–800

İtkilər

~1,000 uqandalı
~600 liviyalı
~200 fələstinli[4]

373 tanzaniyalı
150 Uqanda Milli Azadlıq Cəbhəsi döyüşçüsü

    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Arxa plan

    Uqanda (qırmızı) və Tanzaniya (mavi) dövlətlərinin coğrafi mövqeləri

    TanzaniyaUqanda arasındakı münasibətlər artıq müharibə başlamazdan bir neçə il əvvəldən etibarən kəskinləşməyə başlamışdı. 1971-ci ildə baş vermiş hərbi çevriliş nəticəsində İdi Aminin hakimiyyəti ələ keçirməsindən sonra, Tanzaniya lideri Culius Nyerere Uqandanın zor gücü ilə hakimiyyətdən salınmış prezidenti Milton Oboteyə sığınacaq təklif etdi. Amin hakimiyyətə gəldikdən sonra ölkədə onun əleyhinə çıxış edən düşmənlərinin kütləvi şəkildə "təmizləməsini" həyata keçirdi ki, bu da otuz mindən əlli min nəfərə qədər uqandalının həlak olması ilə nəticələndi. Nyererenin dəstəyi ilə uqandalı müxaliflərdən ibarət kiçik partizan orduları yaradıldı, lakin həmin qüvvələrin 1972-ci ildə Uqandanı işğal etmək və Amini hakimiyyətdən salmaq cəhdləri uğursuzluqla nəticələndi. Amin Nyerereni onun düşmənlərinin tərəfini tutmaqda və onları silahlandırmaqda günahlandırdı. Hər iki tərəfin bir-birini ittiham etməsi ilə birlikdə Uqanda və Tanzaniya arasındakı münasibətlər bütün zamanların ən aşağı səviyyəsinə endi.

    İdi Amin növbəti illərdə bir neçə dəfə ona qarşı təşkil olunmuş sui-qəsd cəhdindən sağ çıxdı. Bu cür hadisələr onun Uqanda ordusunun yüksək rütbəli zabitlərinə olan inamsızlığının artması və həmin zabitlər arasında tez-tez təmizləmələr aparmasına səbəb oldu. 1978-ci ildə Uqandada situasiya daha kəskin xarakter aldı. 1978-ci ilin oktyabr ayının əvvəllərində Kampala şəhərindəki prezident iqamətgahında müxalif qoşunların hücumu ilə qarşılaşan Amin ailəsi ilə birlikdə helikopter vasitəsilə ərazidən uzaqlaşa bildi.[5] Bu hadisənin baş verdiyi periodda Aminin bir çox yaxın müttəfiqi getdikcə zəifləmiş və Uqanda daxilindəki əleyhdarlarının sayı daha da artmışdı. Aminin vitse-prezidenti olan general Mustafa Adrisinin şübhəli avtomobil qəzasında yaralanmasından sonra, Adrisiyə tabe olan qoşunlar (həmçinin başqa səbəblərdən narazı olan qüvvələr) qiyama qalxdı. Bu zaman Amin həmin qiyamı yatırmaq üçün elit hərbçilərdən ibarət "Simba" batalyonu da daxil olmaqla öz qoşunlarını hərəkətə keçirdi. Nəticədə, silahlı toqquşmada iştirak edən qoşunların bir hissəsi Tanzaniya ilə dövlət sərhədini keçdi və qarşı tərəfin ərazisinə daxil oldu. Üsyançıların Tanzaniya ərazisinə daxil olması ilə birlikdə burada dislokasiya olunan Amin hökuməti əleyhinə olan qüvvələr də döyüşə qatıldı. Buna baxmayaraq, həmin qoşunların qəsdən Tanzaniya ərazisinə daxil olması ilə bağlı bir sıra iddialar mövcuddur.[6] İki ölkə arasında baş vermiş bu müharibə sayəsində Amin Uqanda əhalisinin diqqətini getdikcə pisləşən siyasi və iqtisadi situasiyadan uzaq tutmağa çalışırdı.

    Müharibə

    Münaqişənin başlanması

    Tanzaniya ilə olan münasibətlərin getdikcə kəskinləşdiyi bir vaxtda Aminin yüksək rütbəli ordu komandirlərinin bir qismi qonşu dövlətlə müharibəyə başlamağı təklif etdi. Lakin, digər uqandalı generallar ordunun açıq silahlı münaqişə üçün hazır olmadığı fikrini müdafiə edirdi. Tanzaniyanın bir hissəsinin müəyyən müddətə ələ keçirilməsi istəyinə baxmayaraq, prezident Amin əvvəlcə daha ehtiyatlı düşünən ordu komandirlərinin qərarını dəstəklədi.[7] Bu situasiya 9 oktyabr 1978-ci ildə dəyişdi.[8] Həmin gün nə baş verdiyi bilinmədi və baş vermiş hadisələr barəsində müxtəlif versiyalar irəli sürüldü.

    Avirqan və Honi adlı müxbirlərin, həmçinin CAR mərkəzli "Drum" jurnalının məlumatına görə Uqanda qoşunlarının Tanzaniya ərazisinə ilk hücumu bir motoatıcı alayın Kakunyu istiqamətində hücumu ilə başladı. Bu hücumu vaxtında aşkarlayan Tanzaniya ordusunun müşahidə qülləsinin xəbərdarlığından sonra qarşı tərəfin mövqelərinə artilleriya zərbələri endirildi. Nəticədə, Uqandaya məxsus zirehli transportyor və yük maşını məhv edildi, iki hərbçi həlak oldu. Uqanda artilleriyasının cavab atəşi isə qarşı tərəfdə heç bir itkiyə səbəb olmadı. Axşam "Radio Uqanda"nın yaydığı məlumata əsasən Tanzaniya qoşunlarının hücum cəhdinin qarşısı alınmışdı.[9][10] Bunun əksinə olaraq, digər mənbələr 9 oktyabrda bir uqandalı əsgərin Tanzaniya ilə sərhədi keçməsi nəticəsində sərhəd mühafizəçiləri ilə toqquşma baş verməsi barədə məlumat yaydı. Bu hadisənin uqandalı komandir Abdu Kisuule tərəfindən səsləndirilən başqa bir versiyasına görə, Tanzaniyaya qarşı müharibəyə başlamağın əsas tərəfdarların biri olan polkovnik-leytenant Cuma Butabikanın qayını olan hərbçi bir tanzaniyalı hərbçini qaçırmaq məqsədilə Tanzaniyaya göndərilmişdi. Lakin, həmin uqandalı hərbçinin tanzaniyalı sərhəd mühafizəçiləri ilə silahlı toqquşma zamanı həlak olmasından sonra Butabika qarşı tərəfdən intiqam almaq fikrinə düşdü. Uqanda Hərbi Hava Qüvvələrinin pilotu David Omita isə bu versiyanın əksinə olaraq, sərhədi keçən uqandalı hərbçinin Butabika ilə əlaqəsinin olmadığını bildirirdi.

    Başqa bir versiyaya əsasən dövlət sərhədi boyunca baş verən bu hadisələr Uqanda Ordusuna hərəkətə keçmək üçün bəhanə verdi. Butabika prezident İdi Aminin icazəsini gözləmədən Tanzaniya tərəfinin aqqressiv hərəkətlərinə cavab olaraq 30 oktyabrda hücum əmri verdi.[7][8]

    Müharibənin gedişi

    Prezident Aminə Tanzaniyanın hücuma keçməsindən sonra onun tabeçiliyində olan qoşunların əks-hücuma keçməsi ilə bağlı məlumat verən Butabikanın qüvvələri Mutukula və Minziroda yerləşən Tanzaniya qoşunlarını asanlıqla məğlubiyyətə uğratdı. Amin hücum hərəkatının davam etdirilməsi əmrini verdi. Uqanda Ordusunun kömək üçün göndərilmiş qoşunları ilə güclənən Butabikanın qüvvələri Kaqera vilayətinin şimal hissəsini işğal etdi və dağıdılmış Kyaka körpüsü yaxınlığında hücumu dayandırdılar. Uqanda Ordusunun bölmələri işğal etdikləri ərazilərdə yağmalama və soyğunçuluğa yol verirdilər. İdi Amin isə Kaqeranın anneksiya olunması barədə qərar qəbul etdi.

    Tanzaniya prezidenti Nyerere buna cavab olaraq, Tanzaniya Xalq Müdafiə Qüvvələrini səfərbər etdi və əks-hücum əmri verdi. Bir neçə həftə ərzində səfərbərlik sayəsində Tanzaniya Ordusunun sayı 40,000-dən 150,000 nəfərə çatdırıldı. Bu zaman tanzaniyalılara uqandalı müxaliflərdən təşkil olunmuş Uqanda Milli Azadlıq Cəbhəsi döyüşçüləri də qoşuldu.

    Lukaya döyüşündən əvvəl və sonra Liviya qoşunlarının hərəkət istiqamətləri

    Tanzaniya Ordusu Sovet İttifaqından "Katyuşa" raket sistemləri satın aldı ki, bu silahlardan da Uqanda hərbçilərinin yerləşdiyi mövqelərin atəşə tutulmasında istifadə olundu.[11] "Katyuşa" kimi güclü təsirə malik silahlar sayəsində Uqanda Ordusunun hücumunu zəiflətmək mümkün oldu. Bu cür reaktiv yaylım atəş sistemləri və ağır silahlarla təchiz olunan və sayca üstünlüyə sahib olan Tanzaniya Ordusunun hücumları qarşısında tab gətirə bilməyən uqandalılar tədricən geri çəkilməyə başladılar. Liviyalı diktator Müəmmar Qəddafi müharibə zonasında İdi Aminə dəstək olmaq üçün 2500 nəfərdən ibarət hərbi birləşmə göndərdi. Uqandalılara dəstək olmaq məqsədilə göndərilən Liviya qoşunları T-55 tankları, BTR zirehli transportyorları, BM-21 "Qrad" raket sistemləri, MiQ-21 qırıcıları və bir ədəd Tu-22 bombardmançısı ilə təchiz olunmuşdu.[12] Liviya qoşunları daha çox hərbi ləvazimatla dəstək olmaq məqsədilə göndərilsə də, bir müddət sonra onlar da Tanzaniyaya qarşı açıq döyüşlərdə iştirak etməyə başladılar. Liviyalıların öz müttəfiqlərinin ölkəsini müdafiə etmək uğrunda baş verən döyüşlərdə həlak olduğu bir vaxtda, Uqanda Ordusunun hərbi birləşmələrinin əksər hissəsi işğal etdikləri ərazilərdə soyğunçuluq edərək ələ keçirdikləri dəyərli əşyaları yük maşınları ilə öz ölkələrinə daşımaqla məşğul idi.[13] Mart ayının əvvəllərində Liviya hökuməti öz qoşunlarını döyüşmək üçün Uqandaya göndərdiyi üçün ABŞ tərəfindən ittiham olunduqdan sonra, liviyalılar Entebbe şəhərinə geri çəkilmək haqqında qərar qəbul etdi.[14]

    Uqandaya göndərilmiş Liviya qoşunları məhz bu cür ekspedisiya missiyalarında iştirak etmək üçün müxtəlif hərbi qruplaşmalardan təşkil olunmuşdu.[12] Uqanda Milli Azadlıq Cəbhəsi döyüşçülərinə qoşulan tanzaniyalılar Lukaya şəhərinin şimal istiqamətində böyük bataqlıq ərazidə hücumu müvəqqəti dayandırmağa məcbur oldu. Bu zaman tanzaniyalılar 201-ci briqadanı bataqlığın üzərindəki keçidlə irəliləməyə göndərdi və daha keyfiyyətli 208-ci briqada isə həmin keçid bağlanacağı və ya dağılacağı halda hücumu davam etdirmək üçün bataqlığın qərb kənarında mövqe tutdu.

    10-12 mart tarixləri aralığında Tanzaniya Ordusu və bəzi Uqanda birlikləri ilə dəstəklənən Liviya Ordusu arasında Lukaya döyüşü baş tutdu. Döyüş 10 martda briqada ölçüsündə olan və 15 ədəd T-55 tankı, bir neçə zirehli transportyor və Qrad artilleriya sistemləri ilə silahlanan Liviya hərbi birləşməsinin Masaka şəhəri istiqamətində hücumu ilə başlandı. 11 mart gecəsi Tanzaniya qoşunlarının iki istiqamətdən baş tutan əks-hücumu uğurlu oldu və milis qüvvələri də daxil olmaqla, Liviya hərbi birləşmələri geri çəkilməyə başladı. Bu döyüş nəticəsində 200-dən çox liviyalı və 200-ə yaxın uqandalı müttəfiqlər həlak oldu.[15]

    Kampalanın düşüşü və müharibənin bitməsi

    Lukaya döyüşündən sonra zəif müqavimətlə qarşılaşan Tanzaniya və Uqanda Milli Azadlıq Cəbhəsi döyüşçüləri Kampala istiqamətində hücumu davam etdirərək əvvəlcə Entebbe şəhərini, 11 aprel 1979-cu ildə isə Uqandanın paytaxtı Kampala şəhərini ələ keçirdi. Bəzi azsaylı Uqanda və Liviya birliklərinin müqavimətinə baxmayaraq, Tanzaniya qoşunları üçün əsas problem şəhərin xəritəsinin olmaması idi.[12] Müharibədə məğlub olduğunu bilən İdi Amin əvvəlcə Liviyaya, ardınca isə Səudiyyə Ərəbistanına qaçdı. Liviya qoşunları da əvvəlcə Jinja şəhərinə, oradan da KeniyaEfiopiya ərazilərinə çəkilməyə məcbur oldu. Prezident Aminin ölkədən qaçmasına və paytaxtın işğal altına düşməsinə baxmayaraq, müxtəlif hissələrə dağılmış Uqanda Ordusu bölmələri pərakəndə halda müqavimət göstərməyə cəhd etdi.[16] Uqanda Ordusunun hərbi birləşmələrinin əksəriyyəti parçalandığına görə Tanzaniya qoşunları Uqandanın şimal və şərq bölgələrinin çox hissəsini heç bir müqavimətə rast gəlmədən ələ keçirdi. Aminə sadiq olan qüvvələrin Tanzaniya qoşunlarının şimal istiqamətində hücumlarına müqavimət göstərmək cəhdləri də heç bir nəticə vermədi.[17]

    Tanzaniya hərbi birləşmələrinin 3 iyunda Sudanla dövlət sərhədinə çatması ilə birlikdə bütün Uqandanın işğalı tamamlandı.[16] Müharibə başa çatdıqdan sonra Uqanda Milli Azadlıq Cəbhəsinin ölkədə sivil hakimiyyəti bərpa etmək məqsədilə seçkilər təşkil etdiyi dövrdə Tanzaniya Ordusu sülhü təmin etmək üçün bir müddət ölkəni tərk etmədi. Eyni zamanda, Aminə sadiq olan Uqanda Ordusunun qalıqları ZairSudan ərazilərində yenidən təşkilatlanaraq Uqandanı işğal etmək məqsədilə 1980-ci ilin payızında vətəndaş müharibəsinə başladılar.

    Nəticə

    Silahlı qüvvələrin Uqanda daxilində hərəkətləri 1979-cu ilin əkin mövsümünə təsadüf etdiyi üçün banan, şirin kartof və maniok kimi mühüm ərzaqların qiymətinin bahalaşmasına və bəzi regionlarda aclığın yaranmasına səbəb olmuşdur.[18] Hesablamalara görə münaqişə nəticəsində yüz mindən çox uqandalı evsiz qaldı.[19] Tanzaniya ilə müharibə Uqanda iqtisadiyyatına ağır zərbə vurmuşdu. Aminin hakimiyyətdən düşməsindən sonra müxtəlif siyasi və etnik qrupların hakimiyyəti ələ keçirmək uğrunda mübarizəsi başlandı. Yusuf Lule müharibədə qalib gələn Tanzaniya tərəfindən yeni prezident təyin olundu. 1979-cu ilin iyununda prezident səlahiyyətlərinin artırılması ilə bağlı fikir ayrılıqlarının ardınca, Uqanda Milli Azadlıq Cəbhəsinin (UMAC) ali idarəetmə orqanı olan Milli Məsləhətçi Komissiya Luleni Qodfrey Binaysa ilə əvəz etdi. Binaysa isə 12 may 1980-ci ildə UMAC-ın güc orqanı olan Hərbi Komissiya tərəfindən vəzifəsindən uzaqlaşdırıldı. Nəticədə, Prezident Komissiyasının üç üzvü, Saulo Musoke, Polikarp Nyamuçonço və Coel Hanter Vaça-Oluol ölkə rəhbərləri təyin olundular. Onlar 1980-ci ilin dekabrında keçirilmiş ümumxalq seçkilərinə qədər Uqandanı idarə etdilər. Həmin seçkilərdə Milton Obotenin başçılıq etdiyi Uqanda Xalq Konqresi qalib gəldi. Seçkilərdə saxtakarlıq olduğunu iddia edən Yoveri Museveni isə Obote hökumətinə qarşı silahlı qiyam elan etdi və ölkədə vətəndaş müharibəsi başlandı.

    Həmçinin bax

    İstinadlar

    1. Uganda: A country study (PDF). Library of Congress. December 1990. səh. 204. 2017-03-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-04-11. By mid-March 1979, about 2,000 Libyan troops and several hundred Palestine Liberation Organization (PLO) fighters had joined in the fight to save Amin's regime
    2. Acheson-Brown, Daniel G. "The Tanzanian Invasion of Uganda: A Just War?" (PDF). International Third World Studies Journal and Review. 12. 2001: 1–11. Archived from the original on 2011-06-12. İstifadə tarixi: 11 aprel 2019.
    3. Brzoska, Pearson, 1994. səh. 210
    4. Foreigners Aided Amin Arxivləşdirilib 2020-11-26 at the Wayback Machine, Washington Post, May 8, 1979.
    5. "An Idi-otic Invasion" Arxivləşdirilib 2012-10-23 at the Wayback Machine, TIME magazine, 13 Nov. 1978.
    6. "Lies drove Amin to strike Tanzania". Daily Monitor. 25 noyabr 2012. 2021-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2019.
    7. Henry Lubega. "Amin's former top soldier reveals why TPDF won". The Citizen. 30 may 2014. 14 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2019.
    8. "Pilot Omita parachutes out of burning MiG-21". Daily Monitor. 9 oktyabr 2017. 2021-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2019.
    9. Avirgan, Honey, 1983. səh. 54
    10. Seftel, 2010. səh. 220, 222–224
    11. "Fighting for Amin". The East African. 8 April 2002. 8 mart 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2019.
    12. Pollack, Kenneth M. Arabs at War: Military Effectiveness 1948–91. Lincoln and London: University of Nebraska Press. 2002. 369–373. ISBN 0-8032-3733-2.
    13. "Armed Conflicts Event Data: Tanzanian-Ugandan War 1978-1979". OnWar.com. 16 dekabr 2000. 2019-04-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2019.
    14. Legum, 1980. səh. B 432
    15. "How Mbarara, Kampala fell to Tanzanian army". Daily Monitor (ingilis). 27 aprel 2017. 4 mart 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2019.
    16. Anderson, Rolandsen, 2017. səh. 163
    17. Associated Press. "Ugandan Forces Seize Bridge Near Last Amin Strongholds". International Herald Tribune. 17 may 1979. İstifadə tarixi: 13 aprel 2019.
    18. Southall, 1980. səh. 629–630
    19. Southall, 1980. səh. 630
    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.