Ulduz topaları
Ulduz topaları
Ulduzların bir qismi ulduz topaları adlanan qruplarda toplaşır. Hər bir ulduz topasındakı ulduzlar bir-birlərilə qarşılıqlı cazibədə olurlar və fəzada bir vahid obyekt kimi hərəkət edirlər. Ulduz topaları 3 növə bölünür: açıq ulduz topları, kürəvi ulduz topaları və ulduz assosiasiyaları.
Açıq ulduz topası
Açıq ulduz topası və ya sadəcə açıq topa – eyni molekulyar buluddan meydana gəlmiş bir neçə min ulduzdan əmələ gələn bir ulduz qrupuna verilən addır.
Topalar dağınıqdır və bir mərkəz ətrafında deyil. Açıq topalar ancaq aktiv ulduz quruluşunun olduğu spiralvari və nizamsız qalaktikalarda olurlar. Ümumilikdə bir neçə yüz milyon ildən cavandırlar. Açıq ulduz topalarına misal olaraq Ülkər və Buğa ulduz topalarını göstərmək olar.
Kürəvi ulduz topaları
Kürəvi ulduz topaları- sferik və elliptik formada olurlar. Hər bir kürəvi topada yüz minlərlə, hətta milyonlarla ulduz olur. Bu topaların orta diametrləri 30 ps-dir. Günəşətrfaı fəzada hər 8 ps3 həcmcə bir ulduz düşdüyü halda kürəvi ulduz topasında, xüsusilə onun mərkəzi hissəsində bir kub parsek həcmə on minlərlə ulduz düşür.[1] Kürəvi ulduz topaları parlaq olduqlarından onlar çox uzaq məsafədən görünürlər. İndiyədək Bizim Qalaktikada 130 kürəvi topa kəşf olunub. Kürəvi ulduz toplarında nəhəng ulduzlara o cümlədən RR Lira tipli dəyişənlərə çox rast gəlirik.
Yerləşməsi
Kürəvi ulduz topaları qalaktik ekvatordan hər iki tərəfə simmetrik paylanıblar. Qalaktika müstəvisində uducu qaz-toz mühiti sıx olduğundan kürəvi topalar burada az görünürlər. Kürəvi toplar əsasən Qalaktikanın mərkəzində toplanıblar. Kürəvi ulduz topaları üçün "spektr-işıqlıq" diaqramından görünür ki, bu topaların ulduzları baş ardıcıllıqdan üstdə, xüsusilə F-G sinifləri istiqamətdə şaquli və B-F siniflərinə paralel üfüqi istiqamətdə yerləşirlər.
Yaşları
Açıq və kürəvi ulduz topalarının "spektr-işıqlıq" diaqramındakı ciddi fərq göstərir ki, onların yaşlarında çox böyük fərq vardır (kürəvi ulduz topaları çox qocaman obyektlərdir).
Ulduz assosiasiyaları
Ulduz assosiasiyaları — XX yüzilliyin ortalarında müşahidələr və onların nəzəri interpretasiyası yolu ilə müəyyən etmişlər ki, O və B siniflərinə məxsus böyük işıqlıqlı ulduzlar dinamik bağlı olan müəyyən qruplar təşkil edirlər. Bunlar ulduz assosiasiyaları adlanır. İki növ ulduz assosiasiyası vardır.[2] Böyük işıqlıqlı isti O və B ulduzları toplanır və belə assosiasiya OB tipli isti assosiasiya adlanır; hər belə assosiasiyafa yüzə qədər O və B siniflərinə məxsus işıqlıqları böyük olan isti ulduzlar vardır. İkinci növ assosiasiyalar T Buğa tipli dəyişənlərdən ibarətdir; belə assosiasiyalar T tipli soyuq assosiasiyalar adlanır. Yerə ən yaxın T assosiasiyalardan biri Orion bürcündədir; bu assosiasiyada 500-dən çox T Buğa tipli ulduz vardır. Ulduz assosiasiyalar da müstəvi altsistemdə yerləşirlər.
Ulduz assosiasiyalarda ulduzlar çox cavan olduğundan və assosiasiyalar həm də dayanaqsız olduğundan iki mühüm nəticə söyləmək olar: ulduzəmələgəlmə prosesi Bizim Qalaktikada indi də davam edir və ulduzlar tək-tək deyil, qruplarda — ulduz assosiasiyalarında əmələ gəlirlər.[2]
Terminologiya
Açıq və kürəvi ulduz toplarının ilk mükəmməl kataloqunu fransız astronomu Mesye (1730–1817) tərtib etmişdir.[3] Bu kataloqda topa M hərfi və ondan sonra topanın həmin kataloqdakı nömrəsini göstərən rəqəmlə işarə olunur. Ən parlaq açıq ulduz topalarından biri Buğa bürcündəki Ülkərdir. Həmin ulduz topası Mesye kataloqunda M45 kimi işarə olunur. Drayerin (1852–1926) tərtib etdiyi Yeni Ümumi Kataloqda topalar qısa olaraq NGC və bu qısa işarənin yanında topanın nömrəsi ilə verilir. Məs. Herkules bürcündəki kürəvi ulduz topası NGC 6205 şəklində yazılır.[3]
İstinadlar
- R. Ə. Hüseynov Astronomiya "Maarif" nəşriyyatı Bakı, 1997
- R. Ə. Hüseynov Astronomiya "Maarif" nəşriyyatı Bakı, 1997
- R. Ə. Hüseynov Astronomiya "Maarif" nəşriyyatı Bakı, 1997