Uğuzlar

Uğuzlar və ya UzunlarAzərbaycan mifoloji mətnlərində nəhəng varlıqlar.

Uğuzlar
Uzunlar
Təmsili rəsm (Məhəmməd Siyah Qələm albomundan)
Xüsusiyyətlər Hündür boy
Peşələr xalça toxuma, köçərilik
Dəfn yeri Köhnə məzarlar
Yaşı 300 il (uzunlar üçün)
Övladları İnsan irqi
Məlumat
Ləqəb(lər)i Azmanlar
Növü İnsan

Təsviri

Uğuzlar

Azərbaycanın bəzi bölgələrində yazıya alınmış rəvayətlərə görə, uğuzlar əvvəllər yaşamış, iri cüssəli, azman varlıqlardır. Yemək istədikləri bir şeyi əlləri ilə Günəşə qaldırıb, pişirib yeyərlərmiş. Onlar tərəfindən böyük xalçalar hazırlanıb. Normal boyda olan insanlar onların gözündə cırtdan görünərdi. İnsanlar köhnə məzarların içində tapılan böyük sümüklərin azmanlara aid olduğunu iddia edər və "Uğuz ölçüsü" adlandırardılar. Bədəni böyük olan insanlara da "Uğuzdan qalma" deyilərdi.[1]

Xalq inanclarında Uğuz və Təpəgöz fərqlidir. Uğuzlar insan sayılır və xalça hörür. Onlar köçəridirlər və harada ölsələr, orada basdırılırlar. Təpəgöz isə divlər taydasındandır. Uğuz kimi onun da boyu ucadır. Ancaq insan sayılmır və başında sadəcə bir göz olur.[1]

Uğuzlar haqqında inanclar mifik dövrlərdən qalma böyük insan şəklində varlıqların, dağ böyüklüyündə insanların və kələntərlərin mövcudluğuna inamın yadigarıdır. Qədim dövr mifoloji düşüncələrinə görə, keçmiş dövr insanları çox böyük olarmış, ayaqlarının sırf dizdən aşağısı iki metr yarım olurmuş və min ildən daha çox yaşayarmışlar. Bu inanca görə insanlar getdikcə balacalaşırlar və vaxt keçdikcə daha balaca olacaqlar.[2]

Uzunlar/Uzuxlar

Azərbaycan mifoloji mətnlərində Uğuzların adına Uzunlar olaraq da rast gəlinir. Bu mətnlərdə Uzunlar keçmiş dövrdə yaşamış, uzun boylu, üç yüz ilə qədər ömrü olan varlıqlardır. Onlardan danışılanda "bizim əcdadımız olub" deyilər.[3] Uzunlar insan irqini meşədə tapmış, uzunların qocası gələcəyi görərək insanların uzunları əvəz edəcəyini bildirmişdir.[4]

Yayıldığı bölgələr

Oğuzlar və ya uğuzlar haqqında rəvayətlərə ən çox Gəncəbasar bölgəsində rast gəlinir.[5] Ehtimal edilir ki, Gürcü folkloruna oğuzlar haqqındakı süjet Azərbaycandan keçmişdir.[4]

Həmçinin bax

İstinadlar

  1. Beydili, 2003. səh. 573
  2. Beydili, 2003. səh. 573-574
  3. Beydili, 2003. səh. 574
  4. Əsatirlər, əfsanə və rəvayətlər. Bakı, "Şərq-Qərb", 2005. anl.az
  5. Gədəbəy folklor örnəkləri. I cild. Bakı, "Elm və təhsil", 2016, −360 səh.

Mənbə

  • Türk Mitolojisi Ansiklopedik Sözlük, Celal Beydili, 2003, Yurt Yayınevi  (türk.).
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.