Tufandağ (dağ-xizək kompleksi)
"Tufan" Dağ-Xizək Kompleksi (tam adı: "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi) — Azərbaycanın Qəbələ rayonunda rekreasiya-turizm obyekti.[1]
Tufandağ dağ-xizək kompleksi | |
---|---|
Yerləşmə | Qəbələ rayonu |
Yaxındakı şəhər | Qəbələ |
Xarici keçidlər | https://www.tufandag.com/az |
Coğrafiyası
Kompleks Qəbələ şəhərindən təxminən 4 kilometr aralıda yerləşir.[1] Kanat yolunun və xizəkçilik kompleksinin 8 stansiyadan ibarət olması planlaşdırılmışdır.[1] Birinci stansiya dəniz səviyyəsindən 950 metr, sonuncu stansiya isə 1920 metr hündürlükdədir.[1]
Açılışı
Kompleksinin birinci mərhələsinin açılışı 3 yanvar 2014-cü ildə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə olmuşdur.[2] Buna qədər isə, ölkə başçısı Qəbələyə etdiyi mütəmadi səfərlər zamanı kompleksə gələrək burada aparılan tikinti işlərinin gedişi ilə tanış olmuşdur.[1][2][3]
İnfrastruktur
Kompleksdə nəhəng infrastruktur yaradılmış, avtomobil yolunun çəkilməsi, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri görülmüşdür.[2]
Kompleksin tikintisinin birinci mərhələsi çərçivəsində 4 kanat xətti tam inşa olunmuş, 10 xizək yolundan beşində inşaat işləri başa çatmışdır.[2] İnşası nəzərdə tutulan 10 enmə zolağının ümumi uzunluğu 18 min metr təşkil edir.[1][3]
Burada turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranlar da yaradılmışdır.[2]
Ümumiyyətlə, bu nəhəng istirahət məkanı ilin bütün fəsillərində turistlərə kanat gəzintisinə, qış mövsümündə xizəklə sürüşməyə, xizəkçilik məktəbindən, otel və digər xidmətlərdən istifadə etməyə imkanlar verir.[2]
Bütün dağ-xizək trassası süni qar yaratma generasiya sistemi ilə təchiz edilmişdir. Bütünlükdə Kompleks gün ərzində 3000 nəfərə xidmət göstərmək imkanına malikdir.[2]
Burada turistlərin trassa sistemini özlərinə uyğun seçmək imkanlarının olması kompleksin əhəmiyyətini artıran mühüm amillərdən biridir. Belə ki, hər bir qonaq enmə zolağı, maillik və çətinlik dərəcəsinə görə trassa seçə bilər.[2]
Planlaşdırılan işlər
Ərazidə insanların rahat istirahəti üçün hər cür şəraitə malik infrastrukturun, o cümlədən mehmanxana, ofislər, uşaqlar üçün istirahət guşəsi və digər müvafiq obyektlərin yaradılması istiqamətində işlər aparılır.[2]
İstinadlar
- İlham Əliyev Qəbələ "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin tikintisi ilə tanış olmuşdur Arxivləşdirilib 2017-08-08 at the Wayback Machine. (Şəkillər Arxivləşdirilib 2013-04-28 at the Wayback Machine), president.az, 28.02.2013. (az.)
- İlham Əliyev Qəbələdə "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsinin açılışında iştirak etmişdir Arxivləşdirilib 2016-12-21 at the Wayback Machine. (Şəkillər Arxivləşdirilib 2014-06-14 at the Wayback Machine), president.az, 03.01.2014. (az.)
- İlham Əliyev Qəbələdə "Tufan" dağ-xizək yay-qış istirahət kompleksinda aparılan tikinti işləri ilə tanış olmuşdur Arxivləşdirilib 2018-01-07 at the Wayback Machine. (Şəkillər Arxivləşdirilib 2018-04-10 at the Wayback Machine), president.az, 10.09.2012. (az.)