Trimurti
Trimurti (sanskr. त्रिमूर्ति, trimūrtiIAST) — hinduist panteonuna daxil olan üç əsas tanrını (Brahma-yaradıcı, Vişnu-qoruyucu və Şiva-dağıdıcı) birləşdirən triada.
Triadanın tanrıları
Hindistan ariləri dünyanın yaradıcısı olan Tanrıya da inanırdılar və onu Brahma, yəni əzəli və əbədi olan varlıq adlandırırdılar. Onların ilk zamanlarda bütləri və bütxanaları yox idi. Dini mərasimlərini isə açıq havada həyata keçirirdilər və onların sitayiş etdikləri Tanrılar səma cismləri olan erkək Tanrılar idilər. Sonrakı dövrlərdə saysız-hesabsız bütlər və bütxanalar meydana çıxdı və Ana ilahə, yer ilahəsi, Kobra ilanı və sair məfhumları da Tanrılaşdıraraq öz Tanrılarının cərgəsinə əlavə etdilər[1].
Brahma
Brahma qədim hindlilərdə baş tanrı, yaradıcı tanrı, kainatın yaradıcısıdır. Adətən ququşu üstündə oturmuş halda, qırmızı, şanagülləyi gözlü, saqqallı təsvir olunur, dörd üzü, dörd bədəni, səkkiz əli var və bu əllərdə Vedanın dörd kitabı, hakimiyyət bildirən əsa, Qanq çayının suyu ilə doldurulmuş qab, qurban qaşığı, bəzən şanagüllə çiçəyi, mirvari dəsti və ox var. Brahma əqlin gücü ilə qızıl yumurtanı iki yerə böldü: birindən Yeri yaratdı, digərindən isə səmanı; onların arasında hava qatı əmələ gəldi. Sonra beş ünsür (su, od, torpaq, hava, efir) əmələ gəldi, bundan sonra şüur, daha sonra isə tanrılar, qurbanvermə, Vedanın üç kitabı, ulduzlar, zaman, dağlar, düzənlər, dənizlər, çaylar, nəhayət, insanlar, danışıq, qəzəb, sevinc, ehtiras, etiraf, ziddiyyetlər (isti - soyuq, quru - nəm, kədər - sevinc 81 və s.) meydana gəldi. Bundan sonra bitkilər, heyvanlar, quşlar, böcəklər, iblislər yaradılır. Bütün canlı aləm, dünyanın bütün nizamı Brahma tərəfindən idarə olunur, istiqamətləndirilir və nəzarətdə saxlanılır.
Vişnu
Hinduizm mifologiyasında kainatın qoruycusu funkasiyasını yetirən və Brahma və Şiva ilə birlikdə trimurtiyə daxil olan əsas tanrı. Hinduizmin müxtəlif istiqamətlərində Vişnuya ya birbaşa, ya da ən məşhurları Krişna və Rama olmaqla, onun avatarları vasitəsilə ibadət olunur. Smarta ənənəsinin davamçıları Vişnuya Tanrının beş əsas formasından biri kimi ibadət edirlər. Vişnunun 1000 adı mövcuddur və Hindistanın dini əfsanələrində1 onun insanlara yardım etmək üçün on cildə düşməsi qeyd olunmuşdur. Vişnanın cildləri bunlardır: Balıq, tisbağa, qaban, liliput, yarı insan və yarı şir olan məxluq, əlində balta tutmuş Rama, Rama, Krişna, Budda, Kalki. Hindularına dini nəzərincə Buddizmin banisi olan Budda və qiyamət günü zühur edəcək şəxs Kalki dünyanı islah etmək və yenidən düz yola dəvət etmək üçün əllərində qılınc, at üstündə zühur edəcəklər.
Şiva
Sanskrit dilində Şiva boz-qara, civə rəngli deməkdir. Şivanın simvolu linqamdır, Yeri Göylə birləşdirən parlaq sütundur, fallik kultun nişanəsidir. Şivaya həmçinin məhsuldarlıq tanrısı kimi tapınırlar. Şivanın ikinci obraz-təzahürünə Nataracə adı verilib (burada nata rəqs, aktyor, racə isə sultan mənalarında anlaşılır). Beləliklə, dini rəvayətlər Şivanı "rəqs sultanı" təqdim edir. Şivanın arvadı mərasim rəqslərinin himayədarı olan Şaktidir (Sati və Parvati kimi başqa-başqa təzahürləri var). Mifologiya fil başlı Qaneşanı Şiva və Parvatinin oğlu kimi təqdim edir. Bu Tanrının dörd əlli rəqs edən heykəli hər yerdə gözə çarpır. Şivanın rəqs eləməsi, onun məhv edə bilməsi və yenidən yaratmaq qabiliyyətinə malik olmasını nümayiş etdirir.
Hinduizmin saysız-hesabsız firqələri vardır və onların hamısı sülh və əmin-amanlıqla bir yerdə yaşayırlar. Bu firqələrin davamçıları dinin xüsusi bir sahəsinə daha çox diqqət ayırırlar və çox vaxt da Tanrılardan birinə tapınırlar. Şiva və Vişnu tərəfdarları ayrı-ayrılıqda böyük dəstələr yarada bilmişlər.
Şivaya sitayiş edənlər onun cinsiyyət üzvünə də, yəni onun erkəklik üzvü olan Linqaya da sitayiş edirlər. Bəzən də onun qadın cinsiyyət üzvünü Yoni adlandıraraq onu boşqab formasında hazırlayırlar və erkək cinsiyyət üzvünü isə onu üzərində yerləşdirirlər. Linqanın heykəli və məbədlərinin sayı çoxdur. Sonsuzluq bəlası və nəslin artırılması sahəsində mühim rol oynaması qədim zamanalardan bu inancın geniş şəkildə yayılmasına gətirib çıxarmışdır. Cinsiyyət orqanına sitayiş edənlər qeyd olunmuş heykəllərdən kömək istəyirlər. Onlar üçün insanların əsrlər boyu saxladıqları abır-həyanın mənası yoxdur. Vill Dorantın sözlərinə əsasən Qandi qərb missionerlərinin Hindlilərin cinsiyyət orqanına sitayiş etmələrinin eybəcərlikləri barədə yazmalarından gileylənirdi[2].
Linqaya hörmət və ehtiram məqsədilə ona ibadət üçün inşa edilmiş 12 məbəddən biri də Sumanat məbədidir. On dörd qızıl gümbəzi, saysız-hesabsız sərvəti olan bu məbəd Soltan Mahmud Qəznəvini təhrik etdi. O, hicri-Qəməri tarixilə 416-cı ildə ora hücum etdi və orada olan qızıl, gümüş, ləl-cəvahirat və bütün qiymətli şeyləri taladı. Hindular Sultan Mahmud Qəznəvinin bundan öncə digər bütxanalara hücum edərək qarət etməsini Sumanat bütxanasında olan bütün digər məbədlərdəki bütlərə qəzəblənməsi ilə açıqlayırdılar və elə buna görə bu məbədə daha çox diqqət ayırırdılar. Soltan Mahmud böyük qoşunla büt sındırma şüarı altında Sumanat məbədinə hücum etdi və saysız-hesabsız hinduları qətlə yetirdikdən sonra öz ağır gürzü ilə Linqa heykəlinin başından vurdu. O, öz böyük qələbəsini nümayiş etdirməkdən ötrü həmin heykəlin bir parçasını Qəzneyn şəhərinə gətirdi və cümə məscidinin kənarında insanlara göstərdi. Eləcə də, həmin heykəlin bəzi hissələrini Məkkəyə və xilafətin mərkəzi olan Bağdada və digər İslam ölkələrinə göndərdi.
Şivaya sitayiş edən dəstələrdən başqa birisi də Lanqavatdır, yəni Linqa daşıyıcılarıdır. Bu firqənin əsası 12-ci əsrdə qoyulmuşdur. Onlar balaca bağlama içərisində olan Linqanın xırda heykəllərinin daim boyunlarından asılı vəziyyətdə gəzdirirlər. İnsan qurban kəsmək və ölülərin kəllə sümüklərində şərab içmək də Şiva firqələrindən bəzilərinə aid edilir. Tərcümədə güc mənasını verən Şakti firqəsinin davamçılarının inancına əsasən ilahi qüvvə zərif cinsin daxilində yerləşmişdir. Elə buna görə də, şakti məbədlərində gənc qız və qadınlar rəqs edirlər. Bəzi firqələrdə daha vəhşi rəqslərin, qulaq batıran səslərin çıxarılmasının və dəlilərin qeyri-adi hərəkətlərinə bənzər rəqslərin edilməsinin ruhun təkamülünə kömək etməsi bildirilir.
Hinduizmdə qədim zamanlardan xüsusi terminlər mövcud olmuşdur və Buddizm də həmin dini terminlərdən biri ola bilər. Son əsrlərdə Hinduizmin xristiyanlıq və Avropa mədəniyyətilə tanışlığından sonra 1828-ci ildə Kalkatada Ram Mohan Roy tərəfindən “Brahmo samac” (yəni Brahmanlar təşkilatı) adlı islahatçı hərəkat yarandı. Həmin hərəkatın əsas məqsədi Hinduizmi müşriklikdən və xürafatdan uzaqlaşdırmaq idi. 1875-ci ildə isə Bombey şəhərində Dayananda Sarasvati tərəfindən “Ariya samac” (yəni qədim Hinduizmə qayıtma) hərəkatı meydana çıxdı. Ramakrişna da dinlərin vəhdəti və birliyinə əsaslanan yeni əqidə yaratdı və bir qrup insanlar da onun islahatçı məktəbinə daxil oldular. Bu üç firqənin Hindistan cəmiyyətində az davamçıları vardır və Hinduizm xristiyanlığa meyilliləşməkdədir.
Bu hərəkatın əksinə olan hərəkat, yəni xristiyanlığın Hinduizmə yaxınlaşması “Teosofiya” (Teosophy) adlandırılır. Bu hərəkatı xanım Blavatski və xanım Besant meydana çıxartdılar. Bu məktəb “New Age”, yəni “Yeni əsr” məktəbinə çevrilmişdir[3].
İstinadlar
- "Hinduizm dini - kayzen.az". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-23.
- "Hinduizm dini - kayzen.az". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-23.
- "Hinduizm dini - kayzen.az". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-23.