Transqafqaz dəmir yolu haqqında saziş

Transqafqaz dəmir yolu haqqında saziş — Cənubi Qafqaz dəmir yolunun hərəkət vasitələrinin bölüşdürülməsi haqqında Azərbaycan, Gürcüstan, ErmənistanOsmanlı dövlətləri arasında bağlanmış saziş.

Tarixi

1918-ci il iyunun 4-də Batumda sülh danışıqlarında iştirak edən Azərbaycan, Gürcüstan, Ermənistan və Osmanlı dövlətlərinin səlahiyyətli nümayəndələri Cənubi Qafqaz dəmir yolu idarəsinin sərəncamında olan keçmiş Rusiya dövlətinə məxsus parovozların, yük və sərnişin vaqonlarının bölüşdürülməsi haqqında saziş imzaladılar. Sazişə görə, Cənubi Qafqaz dəmir yolunda mövcud olan hərəkət vasitələri razılığa gələn dörd tərəf arasında hər ölkənin ərazisindəki dəmir yolu xəttinin uzunluğuna uyğun surətdə bölüşdürülməli idi. Sazişi Azərbaycan Xalq Cümhuriyyəti admdan Məhəmməd Əmin RəsulzadəMəmməd Həsən Hacınski, Osmanlı imperiyası adından Xəlil bəyVehib paşa, Gürcüstan Respublikası adından N.Ramişvili və Q.Qvazava, Ermənistan Respublikası adından A.Xatisov və R.Caçaznuni imzaladılar.

AzərbaycanOsmanlı nümayəndələri arasında iyunun 4-də Batumda imzalanmış dostluq müqaviləsi ilə Cənubi Qafqazda dəmir yolu nəqliyyatının normal işinin təşkil edilməsi üçün ikitərəfli öhdəliklər də razılaşdırıldı. Müqavilənin 6-cı maddəsinə görə, tərəflər dəmir yolu ilə yük daşımalarında bir-birinə əlverişli şərait yaratmağı, aşağı tariflər müəyyən etməyi öhdələrinə götürür, dəmir yolunun istismarı və hərəkət vasitələrinin saz vəziyyətdə saxlanmasına, yeni dəmir yolu xətlərinin inşası üçün zəruri olan materialların daşınması zamanı xüsusilə aşağı tarif tətbiq edilməsinə razılıq verirdilər.

Osmanlı dövləti iyunun 4-də Ermənistanla bağladığı sülh və dostluq müqaviləsinə görə, Aleksandropol (Gümrü) - Culfa dəmir yolundan da istifadə hüququ əldə etdi. Ermənistanın ixtiyarında cəmi 6 km-lik dəmir yolu xətti qaldı. Osmanlı dövlətinin həmin gün Gürcüstan Respublikası ilə bağladığı sülh və dostluq müqaviləsinə görə, Türkiyə tərəfi bu ölkənin dəmir yollarından Almaniya ilə birlikdə istifadə etmək hüququ aldı.

Bu saziş və razılaşmalar hərbi əməliyyatlar zamanı ağır zərbə almış Transqafqaz dəmir yolunun bərpası və normal işləməsi üçün ilk addım oldu.[1]

Həmçinin bax

Ədəbiyyat

  • Документы и материалы внешней политики Закавказья и Грузии, Тифлис, 1969.
  • Азербаиджанская Демократическая Республика (1918-1920). Внешняя политика (документы и материалы), Б., 1998.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.