Torpaq coğrafiyası
Torpaq coğrafiyası— Dünya üzrə torpaqların yayılmasının qanunauyğuluğunu öyrənən elmdir. Torpaqların coğrafi yayılmasının qanunauyğunluqları yer səthində təbii şəraitin yayılması qanunauyğunluqlarına tabedir. Bu elm həm torpaqşünaslığın, həm də fiziki coğrafiyanın tərkib hissəsidir.
Torpaq coğrafiyasının strukturu
Torpaq coğrafiyası iki hissədən ibarətdir:
- Ümumi.
- Regional.
Ümumi torpaq coğrafiyası əsasən torpaqəmələ gəlmənin və torpaqların yer kürəsi üzrə yayılmasının qanunauyğunluqlarını, regional torpaq coğrafiyası isə torpaqların zonallaşmasını və konkret bölgə üzrə yayımasını öyrənir [1].
Torpaq coğrafiyasının inkişaf tarixindən
Torpaqların müxtəlifliyi və fərqli yayılması çoxdan məlum olub. Ancaq onun bir elm kimi formalaşması XIX əsrə təsadüf edir. Vasili Dokuçayev ilk dəfə Rusiya düzənliyində torpaqların enlik-zonallıq üzrə yayılmasını öyrənmiş vəmüəyyən etmişdir ki, şimaldan cənuba hərəkət etdikcə tundra torpaqları, podzol torpaqlar, boz meşə torpaqları, qara torpaqlar, şabalıdı torpaqlar və boz yarımsəhra torpaqları bir-birini ardıcıl olaraq əvəz edir. Dokuçayev aldığı nəticələri xəritəyə köçürərkən, eyni miqdara malik humus xətlərini birləşdirdikdə onların cənub-qərbdən şimal-şərqə doğru ən dolğun tərkibdə olduğunu qeyd etdi. Dokuçayev bu xəritəni "izohumuslu zolaqlar" adlandırdı və o, ilk dəfə torpaqda humusun tərkibinin coğrafi şəraitdən asılı olduğunu sübuta yetirdi [2].
Torpaqların coğrafiyasının ümumi qanunlarının müəyyən edilməsində sovet dövrünün alimləri (K.D.Qlinka, L.İ.Prasolov, İ.P.Gerasimov, V.A.Kovda, E.M.Salayev və başqaları) tərəfindən V.V.Dokuçayevin prinsipləri əsasında dünyanın torpaq xəritəsinin hazırlanmasının böyük əhəmiyyəti oldu.
Torpaq coğrafiyasının ümumi qanunauyğunluqları
- üfüqi zonallıq.
- şaquli zonallıq
- torpaq-iqlim fatsiyaları və əyalətləri
- torpaq örtüyünün müxtəlifliyi və strukturu [3].
Əsas metodları
- Müqayisəli – coğrafi metod- Bu metodun əsasında torpaqların torpaqəmələgətirən amillərlə əlaqədə öyrənilməsi, yəni bir tərəfdən torpaqlarla, onların xassə və tərkibləri, digər tərəfdən torpaqlarla cəm halda torpaqəmələgətirən amillər arasında korelyativ əlaqənin aşkarlanması durur. Bu metod torpaqların kartoqrafiyasında daha geniş istifadə olunur.
- Kartoqrafik metod- Müxtəlif miqyaslı torpaq xəritələrinin tərtibi.
Həmçinin bax
İstinadlar
- Qərib Məmmədov.Torpaqşünaslıq və torpaq coğrafiyasının əsasları.Ali məktəblər üçün dərslik. Bakı – «Elm» – 2007.
- Coğrafiya ensiklopediyası.Bakı.2012.s228-229.
- Qərib Məmmədov.Torpaqşünaslıq və torpaq coğrafiyasının əsasları.Ali məktəblər üçün dərslik. Bakı – «Elm» – 2007.