Torf
Torf (ing. Peat) — göl yataqlarındakı su səviyyəsinin düşməsiylə, bitki fəaliyyətinin ön plana çıxması nəticəsində bitkinin ölümü və bu təbiət hadisəsinin təkrarlanması ilə bitki kök və gövdələrinin toplanması nəticəsində əmələ gələn orqanik torpaq növüdür. Alışan faydalı qazıntı kimi istifadə oluna bilər. Torf, həddindən artıq rütubətlilik və hava girişinin çətinləşməsi şəraitində, bataqlıq bitkilərinin təbii ölməsi və natamam çürüməsi prosesində meydana gəlir. Burada onlar torpaqda olduğu kimi tamamilə yox, yalnız qismən parçalanırlar, onların qalıqları ildən-ilə yığılır. Həddindən artıq rütubətin intensivliyi və torf əmələ gətirən prosesin inkişafı iqlim, geoloji, hidrogeoloji və geomorfoloji şəraitdən asılıdır.
Qışda uzun müddət ərzində mənfi temperatur olması səbəbindən parçalanma sürətinin azaldığı mülayim, şimal və subarktik bölgələrdə torf yosunlardan, bitkilərdən, çalılardan və kiçik ağaclardan formalaşır. Rütubətli tropik ərazilərdə torf daim yüksək temperaturda tropik ağaclardan (yarpaqları, budaqları, gövdələri və kökləri) meydana gəlir. Xarici görünüşünə görə torf təbii vəziyyətdə tərkibinə və rənginə görə nisbətən həmcins olan müxtəlif çalarlarda qara və ya tünd qəhvəyi rəngə malikdir. Aşağı dərəcədə çürümə dərəcəsinda yaxşı saxlanılan bitki toxumaları ilə açıq sarı rəngli lifli bir kütləyə bənzəyir. Yüksək dərəcədə çürümə zamanı torf tünd qəhvəyi və qara rəngli, laylı və ya torpaq kütləsinə oxşayır.[1]
Torfun çox geniş tətbiq sahələri var. Elektrik enerjisi istehsalı üçün yanacaq kimi, elektrik stansiyalarında istilik və ya birbaşa sənaye, yaşayış sahələri və kənd təsərrüfatı üçün istilik mənbəyi kimi, bağçılıq və kənd təsərrüfatında gübrə kimi və aktivləşdirilmiş kömür, qatranlar və mumlar, dərman preparatlarının istifadə oluna bilər. Yanacaq kimi torf kimyəvi və geoloji olaraq ən gənc fosil bərk yanacaq hesab olunur. Yüksək rütubətə Wр = 40...50 % və aşağı yanma istiliyinə Qрн = 8,38...10,47 MCoul/kq malikdir. Tərkibində karbon 58% təşkil edir.[2]
Dünyadakı ehtiyatları
Müxtəlif hesablamalara görə, dünyada 250-500 milyard ton torf (40% nəmlik ilə hesablamada) ehtiyatı var və quru torpaq sahəsinin təxminən 3%-ni əhatə edir. Eyni zamanda, torf şimal yarımkürəsində cənub yarımkürəsindən daha çoxdur. Torfun tərkibi şimala doğru irəlilədikdə artır və eyni zamanda üst səthdə torflu bataqlıqların nisbəti artır. Belə ki, Almaniyada torf bataqlıqlarının sahəsi ümumi ərazinin 4.8%, İsveçdə 14%, Finlandiyada 30.6% təşkil edir. Rusiyada torf əraziləri Tomsk vilayətində 31,8% (Vasyuqan bataqlıqları), Voloqda vilayətində isə 12,5%-ə çatır. Ukraynada da kifayət qədər torf ehtiyatları mövcuddur. İndoneziyada, Kanadada, Belarusiyada, İrlandiyada, Böyük Britaniyada və bir sıra ABŞ əyalətlərində də böyük torf ehtiyatları var.
Dünya torf ehtiyatlarının 285,4 milyard ton olduğu təxmin edilir. Ən çox torf ehtiyatlarına malik kontinentlər Asiya (təxminən 50%), Avropa (% 31) və Şimali Amerikadır (11%). Torf yataqlarının ayrı-ayrı ölkələrdə paylanması ərazinin coğrafi enliyi, relyefi və geomorfoloji quruluşu ilə əlaqədardır. Kanadanın Torf Resources (2010) dərgisinə əsasən, torf ehtiyatlarına görə Kanada dünyada birinci yerdədir (170 milyard ton), ikinci yerdə isə Rusiya (150 milyard ton) gəlir. Torf qismən bərpa olunan enerji daşıyıcısıdır. Rusiyada torfun bərpasının ildə 260-280 milyon ton olduğu təxmin edilir.[3]
Formalaşması
Torf nisbətən gənc bir orqanogen formasiyadır, ən qədim təbəqələri təxminən 10 min il əvvəl buzlaq dövründən sonra meydana gəlməyə başlamışdır. Kömürlərin genetik seriyasının xələfi olan bu orqanogen maddə bitki mənşəli qalıq yanacaq kimi təsnif edilir. Torf həddindən artıq rütubət və çətin hava girişi şəraitində bataqlıq bitkilərinin təbii ölməsi və natamam çürüməsi zamanı əmələ gəlir. Burada onlar torpaqdakı kimi tamamilə yox, qismən çürüyürlər və qalıqları ildən-ilə yığılır. Artıq nəmin yığılması və torf əmələ gətirən prosesin inkişaf intensivliyi iqlim, geoloji, hidrogeoloji və geomorfoloji şərtlərdən asılıdır. Bataqlıqlar həddindən artıq nəmlə intensiv olaraq inkişaf edir və torfun spesifik xüsusiyyətləri ətraf mühitin temperaturu və nisbi rütubətdən, torpaq süxurlarının quruluşu və yeraltı suların səviyyəsindən, səthin relyefi və qidalandırıcı mühitin mineral rejimindən asılıdır. Torf kömürün formalaşmasının ilk mərhələsidir və qismən çürüyən üzvi maddənin üzərinə çöküntü yığıldığı üçün təzyiq və temperaturun yüksəlməsindən sonra tədricən qonur kömürə çevrilir. Torfun kömürə çevrilməsi üçün 4–10 km dərinlikdə, üzərində çöküntü altında yerləşməlidir.[4]
Torf formalaşdıran bitkilər torf əmələ gəlməsi prosesinin əvvəlində müvafiq mineral torpaqda, daha sonra torf toplandıqca orqanomineral substratda inkişaf edir. Bu, bitki birliklərində bir dəyişikliyə səbəb olur; buna görə də torf əmələ gətirən bitki qruplarında müəyyən bir qanunauyğunluq mövcuddur. Torfun ayrı-ayrı təbəqələrinə bir neçə torf əmələ gətirən bitkilərin qalıqları daxildir, nəticədə torf özü botanik olaraq heterojen olur. Öz növbəsində torf əmələ gətirən bitkilər bir-birindən kimyəvi tərkibinə görə fərqlənir ki, bu da müxtəlif növ torflara müəyyən xüsusiyyətlər verir və heterojenliyini təyin edir. Bitki materialının torfa çevrilmə prosesinə bir çox amillər təsir göstərir, bunların arasında bataqlıq sularının kimyəvi tərkibi xüsusi rol oynayır. Biyokimyəvi parçalanma səviyyəsi və torf əmələ gəlməsi şəraiti torfun əsas xüsusiyyətlərini müəyyənləşdirir.
Əsas xüsusiyyətləri
Torf üzvi, mineral hissələrdən və sudan ibarət olan bir süxurdur. Təbii vəziyyətdə torfun ümumi çəkisinin 85-95% su, quru hissənin isə 50%-ə qədəri mineral birləşmələrdən ibarətdir. Torfun formalaşmasında iştirak edən bitkilər onun xüsusiyyətlərinə böyük təsir göstərir. Ümumiyyətlə, torfun və ondan alınan hazır məhsulların xüsusiyyətləri altı əsas qrupa bölünür:
- Ümumi texniki (botanik tərkibi, parçalanma dərəcəsi, kül miqdarı, rütubət, yanma istiliyi);
- Fiziki və texniki (sıxlığı, nəmlilik, tam nəm tutumu, möhkəmlilik, fraksiya tərkibi, kənar yanacaq çirkləri ilə çirklənmə, dağılma);
- Kimyəvi (element və qrup tərkibi);
- Aqrokimyəvi (turşuluq, qeyri-üzvi hissənin kimyəvi tərkibi, qidalandırıcı elementlərin ümumi formaları, udma kompleksinin xüsusiyyətləri);
- Fiziki və fiziki-kimyəvi (dispersiya, kation tərkibi və ion mübadiləsi proseslərinin göstəriciləri, suyun müxtəlif kateqoriyalarının tərkibi, termofiziki və elektrofiziki xüsusiyyətlər);
- Fiziki və mexaniki (məsaməlik, reoloji xüsusiyyətlər, torf çöküntülərinin gücü və daşıma qabiliyyəti, xarici və daxili sürtünmə).
Kənd təsərrüfatı nöqteyi-nəzərindən torf üzvi maddələr və hər şeydən əvvəl azot mənbəyi kimi dəyərlidir. Torfdakı azot bitkilərin qidalanma mənbəyidir. Torfda azotun çox olmasına baxmayaraq, onun çoxu üzvi formadadır və yalnız mineral formaya çevrildikdə gübrə kimi yararlı olur.
Hasilatı
Torf yataqlarının xüsusiyyətlərinə və inkişaf üsullarına görə torfun hidravlik, ekskavator, frezləmə, frezləmə-qəlibləmə və digər hasilat üsulları mövcuddur. Bu hasilat üsullarında torf yataqlarının işlənməsi üçün müxtəlif sistemlər tətbiq olunur: dərininə (karxana), səthi, dərininə-səthi, yarıq və s. Hal-hazırda torf yatağının ən geniş yayılmış inkişafı növü səthi sistemdən istifadə edərək torf hasilatının frezləmə üsuludur. Yataqların istismara hazırlanması zamanı ilk olaraq normal iş şəraitini təmin etmək üçün torf yatağı qurudulur. Bunun üçün yatağın üzərinə bir drenaj şəbəkəsi qoyulur. Aşağı hündürlükdəki torf ərazilərində şəbəkənin tikintisi torf hasilatına başlamazdan bir il, orta və yüksək hündürlüklü torf ərazilərində isə iki il əvvəl başa çatdırılır. Drenaj işləri torf yatağının istismarı üçün təsdiq edilmiş layihəsi əsasında aparılır. Drenaj işləri nəticəsində torf yatağındakı torfun rütubətlilik səviyyəsi 50-60%-ə qədər enir. Drenaj sistemi müvafiq strukturlara - körpülərə, borulara və keçidlərə malik olmalıdır.
Ən geniş yayılmış hasilat forması 100 hektara qədər sahəsi olan kiçik torf yataqlarıdır. Bu yataqlar torf istehsalının geniş inkişafı üçün son dərəcə əlverişli şərait yaradır. Kiçik torf yataqlarında (100 hektara qədər) gübrə üçün torf yığarkən, ən məqbul və daha az sərmayə tələb edən üsul açıq kanallar şəbəkəsi ilə drenajdır. Torf sahəsinin normal işləməsi və yüksək keyfiyyətli torfun çıxarılması üçün vacib şərt onun drenaj normalarına riayət edilməsidir. Drenaj şəbəkəsi tırtıllı ekskavatorlardan istifadə etməklə çəkilir. Torpağın gübrələnməsi üçün istifadə edilən torfun nəmliyi böyük əhəmiyyət kəsb edir (optimal nəmlik 60%). Torfun optimal nəmliyində mikrobioloji proseslər ən intensiv şəkildə davam edir və kompostlarda qida maddələrinin yığılması müşahidə olunur. Bu, həm də iqtisadi əhəmiyyət kəsb edir, çünki qurudulmuş torfun daşınması xərcləri azaldır.
İstifadəsi
Kənd təsərrüfatı
İstixanalarda yüksək məhsuldarlığa malik tərəvəz əldə edilməsi torpaq mühitinin optimal fiziki-kimyəvi xüsusiyyətlərini yaratmadan mümkün deyildir. Bu səbəbdən qruntun hazırlanması üçün az dərəcədə çürümə dərəcəsi olan (% 15-20-ə qədər) torfdan istifadə bütün dünyada populyar olmuşdur. Ümumilikdə, Avropada təxminən 11 milyon m³ torf satılır. Substrat istehsalı üçün torf üçün əsas istehlak bazarları Almaniya (3.5 milyon m³), Hollandiya (2.5 milyon m³), Fransa (2 milyon m³) və Belçikadır (1 milyon m³). Torf gübrələrinin istifadəsi torpağın münbitliyinə müsbət təsir göstərir ki, bu da kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasında səmərəli şəkildə əks olunur. Torf gübrələri və kompostlar torpaqlarda humus təbəqəsinin zənginləşməsinin əsas mənbələrindən biridir.
Enerji istehsalı
Finlandiya və İrlandiya dünyada torfdan enerji mənbəyi kimi istifadə edən iki əsas ölkədir. 2005-ci ildə torpaq işləri, gübrələmə və yanacaq vasitəsi kimi torf istehsalı aşağıdakı ölkələrin payına düşürdü: Finlandiya 34%, İrlandiya 20%, Rusiya 8%, Belarus 7%, Kanada 6%, Ukrayna 4%, İsveç 5, Latviya 3%, Estoniya 3%və ABŞ 3%. Amerika kontinentində torf əsasən gübrə vasitəsi kimi, Finlandiyada isə çıxarılan torfun 90%-i yanacaq kimi istifadə olunurdu.[5] Milli enerji statistikasına görə, 1980-ci illərdə Finlandiyada torfun enerji istehsalında istifadəsi artdı: 1975-ci ildə 0,5 teravattdan 1980-ci ildə 4,7 teravatta kimi. Finlandiyada torfun enerji istehsalında payı 2005-ci ildə 19 teravatta, 2007-ci ildə isə ən yüksək göstəriciyə, 28,4 teravatta kimi yüksəldi. Ətraf mühitə çoxlu zərərli qazlar buraxdığı üçün İrlandiya 2027-ci ildə torfdan enerji hasilatında istifadəni dayandıracaq. Torf hasil edilən bütün yataqlar yenidən bataqlığa çevriləcək ya da alternativ enerjinin istehsal edildiyi ərazilərə çevriləcək.[6]
Torf yanğınları
Torf mənbələrində torfun rütubətliliyi 35%-dən aşağı düşərsə, 60-65 °C dərəcə istilikdə torfun öz-özünə alışması baş verə bilər. Buna baxmayaraq, torf yanğınlarının əksər hissəsi antropogen səbəblərdən dolayı baş verir. Torf yanğını, torf təbəqəsinin yandığı təbii ərazilərdəki xüsusi bir yanğın növüdür. Torf yanğınları torf mənbələri olan bataqlıqlarda və ya keçmiş bataqlıqlarda baş verir və inkişaf edir. Ən təhlükəli torf yanğınları qurudulmuş torf sahələrində baş verir. Torf yanğınları təhlükəsinə həm vətəndaşlar, həm də səlahiyyətlilər və yerli idarəetmə orqanları tərəfindən çox vaxt lazımi diqqət yetirilmir. Torf yanğınlarının ən əhəmiyyətli xüsusiyyəti çox yavaş alovlanması və yayılmasıdır. Lakin onlar lakin çox uzun müddət, bir neçə ay və hətta bəzən bir neçə il davam edə bilərlər. Torf açıq atəşlə yanmır, əsasən çox miqdarda tüstü yaymaqla tüstülənir. Torfun yanması hətta qışda da davam edə bilər, çünki birbaşa yanma mərkəzləri torf və ya torf külü təbəqəsi ilə örtülməklə soyuqdan təcrid edilir. Ancaq yanan torfun çox miqdarda su və ya qarla hərtərəfli qarışdırılması yanma prosesini dayandıra bilər. Torf yanğınları aktiv yanğın ərazi vahidi üzrə digər yanğın növlərindən qat-qat daha çox tüstü buraxır.[7]
Qalereya
İstinadlar
- Гамаюнов, С.Н. Torf və aqrobiznes. səh. 120. İstifadə tarixi: 23 iyul 2021.
- Yanma nəzəriyyəsi və yanma cihazları. Red. D. M. Xzmalyan. Dərs kitabı. Ali məktəb tələbələri üçün dərslik. N., "Enerji", 1076. 488 səh.
- "Paylanmış enerji". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-27.
- Afework, Bethel. "Peat - Energy Education". energyeducation.ca (ingilis). 2022-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 sentyabr 2021.
- U.S. Geological Survey Peat 2005 (Minerals yearbook), table 9 Peat: World production by country, page 29: International production (no production in Asia?) page 34 Summary {{{2}}}
- Toner, Emily. "Power from peat—more polluting than coal—is on its way out in Ireland". www.science.org (ingilis). 2021-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 sentyabr 2021.
- Qurudulmuş bataqlıqlarda torf yanğınlarının söndürülməsi üçün tövsiyələr Arxivləşdirilib 2022-03-03 at the Wayback Machine Forestforum.ru