Topçubaşovlar
Topçubaşovlar — Azərbaycan xalqının tanınmış soylarından biri.
Topçubaşovlar | |
---|---|
Qohum soylar | Qacarlar |
Mənşəyi | Gəncə |
Təbəəliyi |
Gəncə xanlığı, Rusiya imperiyası |
Soyun yaranması
Tiflis arxivində saxlanılan şəhadətnaməyə görə, Əlimərdan bəyin ulu babası Əliəkbər bəy Xorasandan Tiflisə köçürülüb. Çar İrakli Ələkbər bəyi topçuluq haqqında bilgilərinə görə topçubaşı vəzifəsinə təyin edib. "Topçubaşı" vəzifəsini isə həmin dövrdə yalnız zadəgan nəslindən olanlar daşıya bilərmiş.
Osmanlı ilə müharibədə həlak olan Ələkbər bəyin oğlanları, yəni Əlimərdan bəy Topçubaşovun babaları Əlimərdan, Hacıağa və Ağahüseyni çar Irakli öz sarayına qəbul edib və xüsusi himayəsində təhsil verdirib. Ağa Məhəmməd şah Qacar Tiflisi tutanda qardaşları da əsir götürüb. Qacarlar nəslindən olan Gəncə hakimi Cavad xan bədəlini də qızılla ödəməklə Ağa Məhəmməd şahdan "Topçubaşıları" buraxmasını xahiş edib. Gəncəyə yerləşən Topçubaşılarla Cavad xan qohum da olub. O, baba Əlimərdan bəyin qızı ilə ailə həyatı qurub, bəyin özünə isə "fəxri nazir" rütbəsi verib[1][2]
Gəncənin son müstəqil hakimi Cavad xanın şəxsi katibi Əlimərdan bəy Əliəkbər bəy oğlu Topçubaşı ərəb və fars dilləri ilə yanaşı rus dilini də mükəmməl bilirdi. Bu, Azərbaycan torpaqlarının Rusiyaya birləşdirilməsindən əvvəl nadir bir hal idi. O, öz mədrəsəsində neçə-neçə savadlı gənc yetişdirdiyinə görə xalqın böyük hörmətini qazanmışdı. Gəncə uğrunda son döyüşlər ərəfəsində Cavad xanın general Sisianova yenilməzlik və cəsarət dolu məktublarını da Ə.Topçubaşı tərtib etmişdi. Cavad xanın katibinin oğlu Rusiya elminin görkəmli nümayəndəsi oldu. Peterburq Universitetinin professoru, London Asiya Kral Cəmiyyətinin üzvü Mirzə Cəfər Əlimərdan bəy oğlu Topçubaşov (1790–1869) rus şərqşünaslığının banilərindən sayılır.Yaraşıqlı, alicənab Mirzə Cəfər Peterburq aristokratiyasının rəğbətini qazanmışdı. Onun A.S.Puşkinlə tanışlığı vardı, A.S.Qriboyedov və görkəmli polyak şairi Adəm Mitskeviçlə yaxın dost idilər (onlar Mirzə Cəfərdən şərq dillərini də öyrənirdilər). "Peterburq Universitetinin nə qədər ömrü varsa, Mirzə Cəfərin adı həmişə böyük minnətdarlıqla çəkiləcəkdir" – paytaxt mətbuatı 1869-cu ilin fevralında onun ölümü münasibətilə belə yazmışdı (Mirzə Cəfər, eləcə də Topçubaşovların Gəncə mənşəyi barədə daha geniş məlumat üçün bax: Ağababa Rzayev. "Şərq müdriki".Ədəbiyyat qəzeti, 25 yanvar 1991-ci il ).
Soyun tanınmış nümayəndələri
- Mirzə Cəfər Topçubaşov — pedaqoq, şair, şərqşünas alim. Sankt-Peterburq universitetinin professoru.
- Ələkbər bəy Topçubaşov — podporuçik. Mirzə Cəfər Topçubaşov oğlu. Əlimərdan bəy Topçubaşov atası.
- Əlimərdan bəy Topçubaşov — Azərbaycanın görkəmli siyasi xadimi. Diplomat, hüquqşünas. Çar Rusiyasında Birinci Dövlət Dumasının üzvü (1905), Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü (1917), Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri (1918–1920).
- Rəşid bəy Topçubaşov — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri, Paris Sülh Konfransına (1919–1920) göndərilmiş Azərbaycan Hökuməti nümayəndə heyətinin katibi. Əlimərdan bəy Topçubaşovun oğlu.
- Pəri xanım Topçubaşova — Azərbaycanın birinci xanımı, Əlimərdan bəy Topçubaşovun həyat yoldaşı.
- Mustafa Topçubaşov — Azərbaycan sovet cərrahı, ictimai və dövlət xadimi. Azərbaycanda tibb təhsili və səhiyyənin təşkilatçısı, respublikada cərrahlıq elmi məktəbinin banilərindən biri.
- İbrahim Topçubaşov — Azərbaycan görkəmli alimi, tibb elmləri doktoru, professor.
Mənbə
Topçubaşovların şəcərəsi Mustafa Topçubaşov
İstinadlar
- "Tarixi şəxsiyyətin tarixi" kitabı
- "Arxivlənmiş surət". 2018-06-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-12.