Tofiq Yusif
Tofiq Yusif (azərb. Hüsеynov Tofiq Yusif oğlu; 5 aprel 1950, Xoruzlu, Mirbəşir rayonu – 29 noyabr 2021, Tərtər) — şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Mətbuat Şurasının üzvü, "Tərəqqi" medalı, "Qızıl qələm" və "Məmməd Araz" mükafatları laurеatı, "Yeni Tərtər" qəzetinin redaktoru (2005–2021)[1]
Tofiq Yusif | |
---|---|
azərb. Hüseynov Tofiq Yusif oğlu | |
| |
Doğum adı | Tofiq |
Təxəllüsü | Yusif |
Doğum tarixi | 5 aprel 1950 |
Doğum yeri | |
Vəfat tarixi | 29 noyabr 2021 (71 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Milliyyəti | Azərbaycanlı |
Həyat yoldaşı | Almaz |
Uşaqları | Yusif, Araz, Nahidə |
Atası | Yusif |
Anası | Səmənağa |
Təhsili | |
İxtisası | mühəndis-elektrik |
Fəaliyyəti | yazıçı, jurnalist, şair |
Fəaliyyət illəri | 1967–2021 |
Əsərlərinin dili | Azərbaycanca |
İstiqamət | şeir, publisistika, esse, povest |
Janrlar | nəsr, Nəzm |
Tanınmış əsərləri | |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Tofiq Yusif 5 aprel 1950-ci ildə[2] Tərtər rayonunun Xoruzlu kəndində anadan olub[3]. 1957–1960-cı illərdə Xoruzlu kənd orta məktəbində oxuyub. Orta məktəbi Dərələyəz mahalının Qovuşuq kəndində medalla bitirib.
1967–1974-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda oxuyaraq mühəndis-elektrik, 1981–1983-cü illərdə Marksizm-Leninizm İnstitutunun fəlsəfə şöbəsində oxuyaraq ali siyasi təhsil alıb.
1970–1975-ci illərdə müəllim işləyib. 1977–1985-ci illərdə hərbi sənayedə çalışıb. Sonralar partiya, sovet, xalq nəzarəti orqanlarında fəaliyyət göstərib.
Azərbaycan Jurnalistlərinin V və VI qurultaylarına nümayəndə seçilib.
Tərtər bələdiyyəsinin üzvüdür. "Tərtərin səsi" Ədəbi Məclisinin sədri idi.
1990-cı ildən "Əmək veteranı" olub. Tərtər şəhərində yaşayırdı.
29 noyabr 2021-ci ildə Tərtərdə vəfat edib.
Ailəsi
Ailələri 1949-cu ildə Dərələyəz mahalından Tərtərə deportasiya olunublar.[4]
Jurnalistlik fəaliyyəti
1967-ci ildə ilk əmək fəaliyyətinə Tərtər rayonunun yerli radio verilişləri redaksiyasında təşkilatçı-müxbir kimi başlayıb.
1991–1993-cü illərdə respublikanın "Salam", 1996–1997-ci illərdə "Fədai" qəzetlərində çalışıb.
2005-ci ilin avqust ayından "Yeni Tərtər" qəzetinin redaktorudur.[5]
Ədəbi yaradıcılığı
1967-ci ildən dövri mətbuatda bədii və publisist yazıları ilə çıxış edir. Azərbaycan televiziyası və radiosu, müxtəlif qəzet və jurnallar onun yaradıcılığından bəhs edən ayrıca verilişlər və yazılar hazırlanıb.
Şeirlərinə mahnılar bəstələnib, nəzirələr və cavablar yazılıb.
"Bahar çiçəkləri" (1982) almanaxında, "Ədəbi İrəvan" toplusunun 2004, 2005, 2006, 2007, 2008 və 2009-cu illər buraxılışlarında, "Vedibasar" seriyasından olan kitabların bir çox cildlərində, Alı Səfolunun və Afiqə Alı qızının "Sazlı-sözlü Dərələyəz" kitabında (2004), Sərraf Şiruyənin "Hər görüş bir xatirədir" kitabında (2007) və başqa kitablarda onun yaradıcılığından nümunələr dərc olunub, haqqında yazılıb.
Türkiyə Universitetləri Məzunlarının İctimai Birliyi tərəfindən "Qan iyi" kitabının Bakı şəhərində, Beynəlxalq Mətbuat Mərkəzində geniş təqdimatı olub (oktyabr, 2007). Əsərin qəhrəmanı xüsusi diplomla mükafatlandırılıb.
"Qan iyi" kitabı Tərtər rayonu ərazisində gedən döyüşlərdə qəhrəmancasına döyüşən, "İgidliyə görə" medalı ilə təltif olunan İsmayıl Tunc haqqındadır. İsmayıl Tunc əslən indiki Ermənistan ərazisindən, Vedibasar mahalındandır, amma atalarının Türkiyənin İqdır vilayətinə köçməsi ilə əlaqədar İqdırda böyüyüb boya-başa çatmışdır. İsmayıl Tunc Beynəlxalq Mətbuat Mərkəzində (BMM) keçirilən "Qan iyi" kitabının təqdimatı zamanı bildirdi ki, kitab Tərtər əhalisinə, ümumilikdə Azərbaycan türkünə mükafatdır.[6]
"Ömrümün payızı" kitabı şair-publisist Tofiq Yusifin оxucularla sayca beşinci görüşüdür. "Ömrümün payızı" adlanan bu kitabda оxucular müxtəlif mövzularla, müxtəlif bölmələrdə tanış ola biləcəklər. Kitabda şairin seçilmiş şeirləri ilə bərabər "Bir taleyin göynəmləri" və "Vəhşilər" poemaları da öz əksini tapmışdır.
Mükafat və təltifləri
"Qızıl qələm" və "Məmməd Araz" müкafatları laurеatıdır.
15 iyul 2015-ci ildə Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşdur[7].
2017-ci ildə "Vətən naminə" ordeni ilə təltif olunmuşdur.
Əsərləri
Kitabları
- "Bir taleyin göynəmələri", Bakı, "Səda" nəşriyyatı, 1993, 105 səh.
- "Tərtər şəhidləri", Bakı, "Azərbaycan" nəşriyyatı, 1993, 160 səh.
- "Tərtər İnciləri", Bakı, "Hərbi" nəşriyyatı, 2007, 188 səh.
- "Qan iyi", Bakı, "Kövsər" nəşriyyatı, 2007, 304 səh. ISBN 9952-427-13-1
- "Ömrümün payızı", Bakı, "Nurlan", 2007, 352 səh., 500 nüs.
- "Ölümlə üz-üzə", Bakı, "Hüquq ədəbiyyatı" nəşriyyatı, 2008, 168 səh., 300 nüs.
- ""MƏN"sizləşmə fəlakəti", Bakı, "Nurlan", 2009, 252 səh., 200 nüs.
- "Vəhşilər", Bakı, "Nurlan", 2009, 64 səh., 200 nüs.
İstinadlar
- "Baş redaktordan". 2022-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-02.
- "Svetlana Əzizova, "Bənövşə qoxulu payız", "525-ci qəzet", 30.03.2010". 2022-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-23.
- "Laçın yurdu" jurnalı, № 3 (10), Bakı, "Bəxtiyar-4" nəşriyyatı, 2013. – səh.42
- Svetlana Əzizova. "Qan iyi". Bütöv Azərbaycan qəzeti. № 04. 18 noyabr 2008-ci il.
- ""Yeni Tərtər" qəzetinin tarixi haqqında". 2022-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-02.
- "Qan iyi" kitabı təqdim olundu
- "Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli Sərəncamı" (az.). president.az. 20 iyul 2015. 2015-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-15.