Tofiq Əhmədov (nazir)
Tofiq Cahangir oğlu Əhmədov (22 may 1926, Bakı – iyun 1990) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR kənd tikintisi naziri (1966–1971), Azərbaycan SSR Dövlət Tikinti və Arxitektura İşləri Komitəsinin sədri (1960–1962).
Tofiq Əhmədov | |
---|---|
Azərbaycan SSR kənd tikintisi naziri | |
7 dekabr 1965 – 30 iyun 1971 | |
Əvvəlki | nazirlik yaradılıb |
Sonrakı | Saleh Hacıyev |
Azərbaycan SSR tikinti nazirinin birinci müavini | |
16 yanvar 1962 – dekabr 1965 | |
Nazir | Məmmədəli Abbasov |
Azərbaycan SSR Nazirlər Soveti Dövlət Tikinti və Arxitektura İşləri Komitəsinin sədri | |
23 may 1960 – 16 yanvar 1962 | |
Əvvəlki | Həsən Məcidov |
Sonrakı | Yaqub İsmayılov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 may 1926 |
Doğum yeri | |
Vəfat tarixi | iyun 1990 (64 yaşında) |
Dəfn yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
|
Həyatı
Tofiq Əhmədov 1926-cı il mayın 22-də Bakı şəhərində (başqa mənbəyə əsasən 1924-cü ildə hazırkı Salyan rayonunda[1]) qulluqçu ailəsində anadan olmuşdur. 1948-ci ildə Azərbaycan Sənaye İnstitutununun arxitektura-inşaat fakültəsini bitirmişdir.[2] Elə həmin ildən Daşkəsən mədən tikintisi trestində usta, tikinti sahəsinin rəisi, mühəndis, baş mühəndis, trestin müdiri olmuşdur.[3]
Tofiq Əhmədov 1958–1960-cı illərdə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasın Tikinti İdarəsinin baş mühəndisi, idarə rəisinin müavini vəzifələrində işləmişdir. 1960–1962-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Tikinti və Arxitektura İşləri Komitəsinin sədri, 1962-ci ildən isə Azərbaycan SSR tikinti nazirinin birinci müavini vəzifələrində çalışmışdır.[4] 1965–1971-ci ildə Azərbaycan SSR kənd tikintisi naziri, sonra isə Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini olmuşdur. Həyatının son 15 ilində Azərbaycan SSR Tikinti Nazirliyinin "Üzvitextikinti" trestinin, Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin "Azərkommuntəmirtikinti" trestinin müdiri vəzifələrində işləmiş, Bakı Şəhər XDS İcraiyyə Komitəsinin Bakı şəhər plan komissiyası sədrinin müavini olmuşdur.[2]
Tofiq Əhmədov 1954-cü ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur.[3] O, Azərbaycan Kommunist Partiyasının 25-ci qurultayında Mərkəzi Komitənin üzvü seçilmiş, 27 və 28-ci qurultaylarında Mərkəzi Komitə üzvlüyünə namizəd olmuşdur. Altıncı və yeddinci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. "Qırmızı əmək bayrağı" və "Şərəf nişanı" ordenləri, eləcə də SSRİ medalları ilə təltif edilmişdir. 1962-ci ildə "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adına layiq görülmüşdür.[2]
Tofiq Əhmədov 1990-cı ilin iyun ayında vəfat etmişdir.[2] II Fəxri Xiyabanda dəfn olunmuşdur.
İstinadlar
- İbrahimov, B.; Allahverdiyev, Z. Əhmədov Tofiq Cahangir oğlu // Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE). I cild. Bakı: Yeni Poliqrafist. 2011. səh. 97. 400 tiraj.
- Тофиг Ҹаһанҝир оғлу Әһмәдов // Коммунист. № 144 (21212). 28 ијун 1990-ҹы ил. С. 3.
- Әһмәдов Тофиг Ҹаһанҝир оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Једдинҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Советинин нәшри. 1968. С. 166.
- Әһмәдов Тофиг Ҹаһанҝир оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Алтынҹы чағырыш. Бакы: Азәрбајҹан ССР Али Советинин нәшри. 1965. С. 132.