Tofiq Əhmədov (musiqiçi)
Tofiq Qəzənfər oğlu Əhmədov (28 fevral 1924[1], Bakı – 23 mart 1981, Bakı) — Azərbaycan musiqiçisi, dirijor, bəstəkar, ifaçı və musiqi təşkilatçısı, Azərbaycan SSR xalq artisti (1977), Tofiq Əhmədov adına estrada-simfonik orkestrinin yaradıcısı və bədii rəhbəri (1956–1979).
Tofiq Əhmədov | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (58 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | İnfarkt |
Dəfn yeri | Bakı şəhəri |
Vətəndaşlığı | Azərbaycan SSR |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | klarnet-saksofon ifaçısı, dirijor, bəstəkar |
Musiqi aləti | klarnet-saksofon |
Mükafatları |
Həyatı
Tofiq Qəzənfər oğlu Əhmədov 1923-cü il fevralın 8-də Bakıda anadan olmuşdur. Erkən yaşlarından musiqiyə maraq göstərib. 1941-ci ildə respublikada yeni yaranan estrada simfonik orkestrinə klarnet və saksafon ifaçısı kimi daxil olub. O vaxt orkestrin rəhbəri və dirijoru bəstəkar Tofiq Quliyev idi. Bəstəkar 1942-ci ildə Tofiq Əhmədovu rəhbərlik etdiyi Xəzər Donanması estrada ansamblına dəvət edib. 1945-ci ilə qədər həmin orkestrdə işləyib. Bu illərdə ali təhsil də alıb. 1952-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının nəfəsli alətlər şöbəsinin klarnet sinfini bitirib. 1953-cü ildən daha geniş fəaliyyətə başlayıb. Həmin il Moskvaya mahir truba ifaçısı Edi Roznerin rəhbərlik etdiyi estrada orkestrinə dəvət olunub, dörd ilə qədər orkestrin konsertmeysteri olub. Kifayət qədər təcrübə toplayan musiqiçi 1957-ci ildə Bakıya qayıdaraq "Biz Bakıdanıq" adlı estrada orkestrini yaradıb, 1961-ci ilə qədər bu ansambla rəhbərlik edib. Ansambl ilə müxtəlif ölkələrə qastrola gedib.
Tofiq Əhmədovun yaradıcılığının böyük bir hissəsi Azərbaycan Televiziya və Radiosu ilə bağlıdır. 1961-ci ildə burada "Biz Bakıdanıq" estrada ansamblının solistləri əsasında estrada orkestri yaradıb. Kollektivə A. Zeynallı adına Musiqi Texnikumundan, Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasından (indiki BMA) tələbələri və məzunları dəvət edib. Bu axtarışları sayəsində orkestr mükəmməl bir kollektiv kimi formalaşıb. O, Müslüm Maqomayev, Şövkət Ələkbərova, Gülağa Məmmədov, Lütfiyar İmanov, Rauf Atakişiyev kimi sənətkarları orkestrlə əməkdaşlığa cəlb edib. Sonralar Natəvan Şeyxova, İlhamə Quliyeva, Rauf Adıgözəlov, Mobil Əhmədov, Züleyxa Mirismayılova, Yalçın Rzazadə, Mübariz Tağıyev, Akif İslamzadə, Flora Kərimova, Elmira Rəhimova və başqa sənətkarlar ds Tofiq Əhmədovun rəhbərlik etdiyi estrada orkestrinə qədəm qoydular. O, ömrünün sonuna qədər bu kollektivin bədii rəhbəri və baş dirijoru olub. Bu orkestr üçün müxtəlif nəsildən olan bəstəkarlar da yazıb-yaratmışlar. Məsələn, Qara Qarayev, Fikrət Əmirov, Rauf Hacıyev əsasən simfonik janrda işləmələrinə baxmayaraq, Tofiq Əhmədov onlara estrada orkestri üçün də əsərlər sifariş edirdi. Belə əsərlərə Qara Qarayevin orkestr üçün yazdığı "Estrada rəqsi"ni, Fikrət Əmirovun "Rəqs qravürləri", "Üç miniatür" və s. aid edilə bilər. Tofiq Əhmədovla daha çox yaradıcılıq ünsiyyəti olan Tofiq Quliyev də simfonik orkestr üçün çoxlu sayda pyeslər yazmış və onun əksər mahnılarını müğənnilər məhz bu orkestrlə ifa etmişlər. Buna bəstəkarın "Azərbaycan ritmləri" və başqa əsərləri misal ola bilər.
Estrada simfonik orkestrinin repertuarı bu istiqamətdə geniş yaradıcılıq fəaliyyəti olan Rauf Hacıyevin də əsərləri ilə zəngindir. Onun "Bizim ritmlər", "Lirik rəqs" və başqa pyesləri, mahnıları orkestrin təfsirində ifa olunub. Bundan başqa, Səid Rüstəmov, Cahangir Cahangirov, Vasif Adıgözəlov, Ramiz Mustafayev, Xəyyam Mirzəzadə, Əziz Əzizov, Oqtay Kazımi, Ramiz Mirişli, Cavanşir Quliyev, Mobil Babayev, Faiq Sücəddinov, Eldar Mansurov, Oqtay Rəcəbov, Musa Mirzəyev, Ruhəngiz Qasımova və başqalarının əsərləri də orkestrin repertuarında özünə yer tapmışdır.
Tofiq Əhmədovun yaradıcılığını bir neçə mərhələyə ayırmaq olar. O, ifaçı, dirijor, bəstəkar və musiqi təşkilatçısı kimi fəaliyyət göstərib. Bəstəkar kimi onun çoxsaylı mahnılaır və orkestr üçün çoxlu sayda əsərləri var. "Sağ ol, dağlar", "Ana gözləri", "Güldür məni" və başqa mahnıları bu qəbildəndir. O, Famil Mehdi, Fikrət Qoca, Tofiq Mütəllibov, Rəfiq Zəka Xəndan, Nüsrət Kəsəmənli kimi tanınmış şairlərlə təmas qurur, onların şeirlərindən istifadə edirdi.
Onun yaratdığı Azərbaycan Televiziya və Radiosunun estrada simfonik orkestri fəaliyyətə başladığı ilk illərdən bəri həm respublika daxilində, həm də beynəlxalq aləmdə də böyük nüfuz qazandı. Finlandiyanın Helsinki şəhərində keçirilən gənclərin VIII ümumdünya festivalında, 1968-ci ildə Bolqarıstanda keçirilən ənənəvi "Qızıl Orfey" festivalında və digər beynəlxalq tədbirlərdə orkestr xüsusi mükafatlara layiq görülüb. Sənətkarın vəfatından sonra da orkestr onun qoyduğu ənənələri uğurla davam etdirir. 29 iyun 1977-ci ildə Xalq artisti fəxri adına layiq görülüb. Tofiq Əhmədov 1981-ci il martın 22-də vəfat edib.
Filmoqrafiya
- Tofiq Əhmədovun orkestrinin konserti (film, 1962)
- Qayınana (film, 1978)
- Oqtay Ağayev. Ötən günlər (film, 2004)
İstinadlar
Ədəbiyyat
- Abdullayeva, S. Xalq artisti Tofiq Əhmədovun 90 illik yubileyi qeyd edilib: [Heydər Əliyev Sarayında] //525-ci qəzet.- 2014.- 25 aprel.- S.7.
- Fərəcov, S. Həyatın musiqili anları: [Heydər Əliyev Sarayında Xalq artistinin yubileyinə həsr edilən tədbir keçirildi] //Mədəniyyət.- 2014.- 25 aprel.- S. 6.
- Təhmirazqızı, S. Görkəmli bəstəkar, ifaçı və musiqi təşkilatçısı: [Xalq artisti Tofiq Əhmədov haqqında] //Mədəniyyət.- 2014.- 25 aprel.- S. 6.