Tofiq Əhmədov (idmançı)
Tofiq Əhmədov (1978, Bakı) - Azərbaycan idmançısı.
Tofiq Əhmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1978 |
Doğum yeri | |
İdman növü | boks |
Həyatı
Tofiq Əhmədov 1978-ci ildə Bakıda anadan olub. Onda idmana həvəsi əmisi Şahnəzər və qardaşı Vaqif yaradıb. Tofiq 1-ci sinifə gedəndə ondan 4 yaş böyük olan Vaqif Yasamal rayonundakı 13 saylı məktəbdə tanınan boksçulardan idi. 3-cü sinifdə Tofiq məktəbin yaxınlığında yerləşən "Məhsul" idman cəmiyyətində məşqə gedən qardaşından onu da idman zalına aparmağı xahiş edib. Vaqif balaca qardaşının sözünə əməl edib. Onun düşüncəsinin əksinə olaraq məşq edən uşaqların bir-birilərini əzişdirmələri, bəzən kiminsə burnunun qanaması balaca Tofiqi heyrətləndirməyib, qorxutmayıb. Bu vaxtlar təzəcə işə qəbul olunmuş gənc məşqçi Rasim Məmmədov da bu balaca oğlanda olan marağı və qətiyyəti görüb onu məşqə dəvət edib. Beləliklə, Tofiq Əhmədov idman aləminə daxil olub. Zənnində yanılmadığını görən Rasim müəllim Tofiqlə daha ciddi məşğul olur. Məktəbdə nümunəvi şagird kimi sevilən Tofiq məşqçinin bütün göstərişlərinə ciddiyyətlə yanaşır, gündən-günə ustalığını artırır. Çəkilən zəhmət öz bəhrəsini verir. Tofiq 11 yaşında məktəblərinin çempionu, 12 yaşında Bakı şəhər çempionu olur.
1991-ci ildə Respublika çempionu adına layiq görülən Tofiq 1992, 1993, 1995, 1996-cı illərdə bu yüksək titulu saxlayır. İstedadlı boksçu hələ orta məktəbdəykən ölkəmizin sərhədlərindən kənarda da uğurlar qazanır. O, 1993-cü ildə Gürcüstanda, 1995-ci ildə Türkiyədə keçirilən beynəlxalq yarışlarda kürsünün ən yüksək pilləsinə qalxır.
T.Əhmədov 1995-ci ildə məktəbi bitirib Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasına daxil olur. 1999-cu ildə akademiyanı bitirib əsgəri xidmətə gedir və həmin il Xorvatiyada hərbçilərin Ümumdünya Olimpiya Oyunlarında bürünc medal qazanır. Tofiqin dəri əlcək ustası kimi ən gərgin qarşılaşmasından biri də 2003-cü ildə Tailandda keçirilən Dünya çempionatıdır. O, burada öz çəki dərəcəsində dünyanın 40 boksçusu arasında 3-cü yerə çıxmışdır.
T.Əhmədov 2004-cü ildə neft ölkələri Dünya kubokunda, 2005-ci ildə İranda keçirilən Beynəlxalq Turnirdə, yenə həmin il Hollandiyada keçirilən spartakiadada 69 kq çəki dərəcəsində ən güclü idmançı olduğunu təsdiq edərək müstəqil Azərbaycana qızıl medallarla qayıtmışdır.
2006-cı il də Tofiq üçün uğurlu olmuşdur. O, Bakıda keçirilən ənənəvi AİBA Prezidenti, professor Ə.Çoudri turnirinin qalibidir. Bu il diqqəti cəlb edən yarışlardan biri də Kiyev şəhərində keçirilmişdir. Dünya şöhrətli dəri əlcək ustaları "Kliçko qardaşları" prizi uğrunda yarışlarda rabitəçi idmançı parlaq qələbə qazanaraq turnirin qalibi adına layiq görülüb.