Tiger 131
Tiger 131 Nasist Almaniyası ilə İkinci dünya müharibəsi zamanı Şimali Afrika kampaniyası zamanı Tunisdə Böyük Britaniya ordusuna məxsus 48-ci Tank Alayı tərəfindən ələ keçirilmişdir. Tank hal-hazırda Bovington tank muzeyində sərgilənir.
Alman xidmətində
Müttəfiqlər tərəfindən Tiger adı ilə tanınan tanka almanlar Panzerkampfwagen VI, Tiger I (H1), Sd.Kfz 181 adı vermişdilər. Tankın qülləsi A. Wegmann tərəfindən istehsal edilərkən, gövdəsi də Kasseldə, Henschel şirkəti tərəfindən istehsal edilirdi. Tankın 250122 şassi nömrəsi ilə 1943-cü ilin yanvar və ya fevral aylarında istehsalı tamamlanmışdır. Tunisə 1943-cü ilin 12 mart-16 aprel tarixləri arasında göndərilmişdir. Tankın tank qülləsində yazılmış nömrəsi 131 olmuşdur. Şimali Afrika kampaniyası zamanı Tunisdə olan Vermaxtın 504 nömrəli Schwere Heerespanzerabteilung'un (Almaniya ağır tank taboru) əvvəlcə 1 nömrəli qolunun, sonra isə 3 nömrəli qolunun tərkibinə daxil edilmişdir.[1]
Ələ keçirilməsi
Müttəfiq qüvvələrinin Tunis üzərinə önəmli hesab ediləcək bir hücuma başlayacağı xəbərini alan almanlar, 20/21 aprel gecəsində sürpriz bir hücuma başladılar. Djebel Caffa adlı təpənin şimal yamacında olan bir keçiddə daxil olmaqla, dörd bir tərəfdən ingilislərin 48-ci tank alayının üzərinə hücuma keçdilər. İki ədəd Tiger (bu iki tankdan biri 131 nömrəli tankdır) tankı və bir neçə Panzer 4 tankının daxil olduğu hücum qüvvəsi bu keçiddən istifadə edərək ingilis mövqeləri üzərinə hücuma keçdilər. Günəşin çıxması ilə tankları hiss edən ingilis birliyi tabeliyində olan 4 ədəd Churchill tankı ilə əks hücuma keçir. Churchill tankları piyadaları qorumaq məqsədilə yaradılmışdı və onun əsas silahı Tiger tanklarına demək olar ki, heç bir xətər yetirə bilmirdi. Ancaq 131 nömrəli tankın qarşılaşdığı bu Churchill tankında 6 funtluk əsas silah var idi. Tiger 131 bu tanklardan 3 zərbə aldı. İlk zərbə tankın tank qülləsinə dəyib, sıyrıldı və tankın qülləsini döndərən mexanizmi sıradan çıxardı. Sürücü ilə bərabər qabaq pulemyotçunu da, bu zərbə öldürdü. İkinci zərbə tankın lüləsinin yuxarı-aşağı hərəkət etdirən mexanizmaya və radioəlaqə sisteminə deyərək onları sıradan çıxardı və beləliklə tank tamamilə müdafiəsiz qaldı. Üçüncü zərbə isə top yükləyicisinin olduğu bölgəyə dəydi və beləliklə tankın ekipajı yaralıları ilə bərabər tankı tərk etdilər. Tank hələ də, hərəkət etmək qabiliyyətinə malik olsa da, atəş açmaq qabiliyyətinə malik deyildi və böyük ölçüdə zədələnməmişdi. Tank, Djebel Caffa təpəsinə yenidən hakimiyyəti ələ keçirən ingilislər tərəfindən araşdırma aparmaq məqsədilə götürüldü. Tiger 131 tankı ingilislərin əlinə keçən birinci çox ciddi zədə görməmiş Tiger tankı idi.
İstinadlar
- ""Our Tiger: The Tiger Tank Restoration Project Journal", Bovington Tank Museum, p.2". 2016-12-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-02-07.