Tender

Tender sözü aşağıdakı mənalarda işlənə bilər:

  • Tender — Hər hansı bir işin, xidmətin ən səmərəli üsul və aşağı xərclə yerinə yetirilməsi üçün iddiaçılar arasından birinin və ya bir neçəsinin seçilərək həmin işin (xidmətin) müqavilə əsasında ona (onlara) həvalə edilməsi məqsədilə keçirilən müsabiqə.
  • Tender — əmtəə tədarükü və ya müəyyən bir işin görülməsi üçün verilən sifarişin xüsusi forması;
  • Tender — reklam ilə bağlı olan hər hansı bir layihənin həyata keçirilməsi hüququ (reklam kompaniyasının təşkili, ən yaxşı əmtəə nişanının hazırlanması və i. a.);
  • Tender — təklif, arzu;
  • Tender — açıq tipli, yaxud məhdud iştirakçılar üçün keçirilən satışlar, sifarişin müsabiqə yolu ilə yerləşməsi forması;
  • Tender — qiymətli kağızlara abunə haqqında, müqavilə bağlamaq, yaxud mal göndərmək haqqında yazılı təklif, sifariş;
  • Tender — rəqiblərin təklif etdiyi qiymətlərdən asılı olaraq istehsalçının öz əmtəəsinə təklif etdiyi qiymət.[1]

Tenderi elan etməzdən əvvəl satınalan təşkilat aşağıdakıları edir:

1) Tender komissiyasını formalaşdırır. Tender komissiyası satınalan təşkilat tərəfindən yaradılan və onun adından tender prosedurlarını həyata keçirən müvvəqqəti işçi qrupudur.

2) Tenderin əsas şərtlər toplusunu hazırlayır. Bu toplu tenderin şərtlərini özündə əks etdirən və iddiaçılara təqdim edilən rəsmi sənəddir.

3) Tender elanını dərc etdirir və tenderdə iştirak etmək istəyən iddiaçı müəssisə və fərdlərə tenderdə iştirak üçün dəvət göndərir.

Tenderin keçirilməsi zamanı həmçinin müxtəlif sənədlər razılaşdırıla və sənədlər toplusuna daxil edilə bilər. Bura ehtimal olunan qiymət barədə protokol, tenderin ilkin protokolu, təkliflər zərflərinin açılması barədə protokol, tenderin yekun protokolu və s. daxil olur.

Tenderin metodları

Açıq Tender

Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi minimum məbləğdən yuxarı olduqda, onların satın alınmasının həyata keçirilməsi üsuludur. Açıq tender Azərbaycan Respublikasında və beynəlxalq miqyasda yayılan kütləvi informasiya vasitəsilə elan edilən tender predmeti üzrə potensial iddiaçıların əksəriyyətinin iştirak imkanı təmin edilən tenderdir[2].

Yuxarıda göstərilən qaydada, iddiaçıların iştirakına məhdudiyyət qoyulmadan keçirilir. Açıq tender keçirilərkən təkliflər tender elanı verildikdən sonra ən azı 30 iş günü ərzində qəbul edilir. Satınalan təşkilata tenderin keçirilməsi barədə ən azı iki dəfə dövrü mətbuatda bildiriş verməlidir. Bunlardan biri qəbul olunmuş təklif zərflərin açılmasına ən azı 30, digəri isə ən azı 20 gün qalmış elan şəklində çıxmalıdır. Tenderdə iştirak etmək istəyən iddiaçı müəssisə, satınalma predmetinin ehtimal olunan qiymətin 0,3%-i və ya tender xərclərinin 1,2 mislindən artıq olmamaq şərti ilə təyin olunmuş haqqı ödəyərək tenderin əsas şərtlər toplusunu əldə edə bilər. Bu məbləğ heç bir şərt altında qaytarılmır. Tenderdə iştirak edən müəssisə öz təklifinə təminat verməlidir. Bu təminat satınalan təşkilat tərəfindən tenderin təklifinin 1 faizi məbləğində müəyyənləşir. Təminatın qüvvədə olma müddəti, tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 gün çox olmalıdır. Tender təklifləri satınalan təşkilatın şərtlər toplusunda göstərdiyi meyarlar əsasında qiymətləndirilir və ən sərfəli sayılan tender təklifi qalib sayılır.

İkimərhələli Tender

Satınalan təşkilatın tender predmetinin xüsusiyyətlərini müəyyənləşdirə bilmədiyi halda keçirilir. Bu zaman ilkin mərhələdə satınalan təşkilat əldə etdiyi təkliflər vasitəsilə malların texniki xarakterini öyrənir və bununla əlaqədar malgöndərənlər ilə müzakirələr aparır.

Təkliflər sorğusu

Tenderin predmetlərinin alınmasında təcili tələbat yaranarsa, və satınalan müəssisənin açıq tender və satınalmanın digər növərindən istifadəsi vaxt və digər amilər baxımından səmərəsiz sayılarsa tətbiq olunur. Bu növ tenderin keçirilməsinə açıq tenderdən fərqli olaraq vaxt məhdudiyyəti qoyulmur.

Məhdud İştiraklı Tender

Satınalma predmeti həddən artıq mürəkkəb olduqda və yalnız məhdud sayda malgöndərən olduqda keçirilir.

Qapalı Tender

Dövlət əhəmiyyətli və strateji məhsulların alınmasında tətbiq edilir.

Açıq tenderdən başqa digər növ tenderlərin keçirilməsi üçün satınalan təşkilat Satınalmalar üzrə Dövlət Agentliyin razılığını almalıdır.

Həmçinin Bax

Xarici keçidlər

İstinadlar

  1. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
  2. Ziyad Səmədzadə, Böyük İqtisadi Ensiklopediya 1-ci cild,Azərbaycan İqtisadçılar İttifaqı, Şərq-Qərb Nəşriyyatı Bakı-2012 səhifə 15–16


This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.