Tempietto di Bramante
Tempietto di Bramante (hərfi mənası "Bramantenin məbədciyi", it. Tempietto del Bramante) — İtaliyanın paytaxtı Roma şəhərinin Yanikul təpəsinin ətəklərində yerləşən, öz xarici görünüşünə görə antik Tolos məbədlərini xatırladan və İntibah dövründə inşa edilən kapelladır. Memarlıq mütəxəssisləri tərəfindən, kapella "İntibah dövrünün yüksək arxitekturasının mükəmməl nümunəsi olaraq qiymətləndirilmişdir[1]. Binanın ümumi layihəsi Yüksək Renessans dövrünün əsasını qoymuş və o dövrün ən məşhur nümayəndələrindən birisinə çevrilmiş Donato Bramante tərəfindən tərtib edilmişdir. Kapellanın inşası tamamlandıqdan sonra, onun dahi memarın şərəfinə adlandırılmasına dair qərar qəbul edilmişdir. Kapellanın tikintisi üçün qədim yunan və Roma məbədlərinin memarlıq üslubu əsas götürülmüşdür; burada hissələrin arasında olan mütənasib həndəsi əlaqə dərhal gözə çarpır və diqqəti cəlb edir.
San Pyetro in Montorio kilsəsinin kiçik məbədciyi | |
---|---|
it. Il tempietto di San Pietro in Montorio | |
41°53′19″ şm. e. 12°27′59″ ş. u. | |
Ölkə | İtaliya |
Şəhər | Roma |
Yerləşir | Roma |
Memar | Donato Bramante |
Sifarişçi | II Ferdinand və Kastilyalı İzabella |
Tikilmə tarixi | 1502-ci il |
Üslubu | İntibah memarlığı |
Vəziyyəti | rotondalı kiçik kapella |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Yerləşməsi
Təvazökar ölçülərə malik olan kapella, hal-hazırda bededikt ordeninə məxsus San-Pyetro-in-Montorio adlanan titulyar kilsə kompleksinin daxili həyətində ucalır. Kompleksin tutduğu sahə Roma şəhərinin XIII rionisi (yəni rayonu) sayılan Trasteverenin eyni adlı meydanında, qədim Porta Aurelia darvazalarından təxminən 400 metr şərq istiqamətində yerləşir.
Tarix
Binanın inşası İspaniya kralı Araqonlu Ferdinandın sifarişi əsasında memar Bramanteyə həvalə edilmişdir (əslən Lombardiya vilayətindən olmuş dahi memar, doğma Milan şəhərinin 1499-cu ildə fransız ordusu tərəfindən işğal olmasından hədsiz kədərlənərək, həmişəlik Romaya köçməyi qərara almışdır)[2]. Daha sonralar kapellanı əhatən edən monastır binasında ispan kralının tabeliyində olan ümumi toplantı və səsvermə orqanlarının baş idarələri yerləşdirilmişdir. Hətta hal-hazırda belə, monastır qanadlarının bəziləri İspaniya Akademiyasının qərargah-mənzilləri hesab olunurlar. Kapella binasının 1502-ci ildə layihələndiriliyi hesab edilsə də, onun tikinti və tərtibat işlərininə dair söylənilən mülahizələr daim şübhəyə məruz qalırlar. Tikinti işlərinə aid sənədlərin olmaması səbəbindən dolayı, tarixçilər binanın inşaat tarixini adətən XVI əsrin əvvəlləri olaraq qeyd edirlər və bu[3], Bramantenin müəllif olduğu əsərlərin ən çağdaş variantlarından birisinə çevrilməsinə səbəb olur[4].
İnşaat prosesisinin bütün mərhələlərində bina müxtəlif tərif atəşlərinə məruz qalırdı; Serlio və Palladionun fikrincə, kiçik məbədin əsasını qoymuş memar qədim əcdadların ənənlərindən məharətlə istifadə etmiş və Yüksək İntibah memarlıq məktəbinin əsasını qoymuşdur[5][6]. Yarım əsr sonra bina memarlıq nəzəriyyəçisi olmuş Palladio tərəfindən yüksək qiymətləndirilərək, "ən mükəmməl memarlıq həlli" qədim memarlıq traktatına əlavə edilmişdir. Məbədin sentrik sxemi, sadə planı və ciddi nisbətləri daha sonralar Roma şəhərinin rəmzi sayılan Müqəddəs Pyotr bazilikasının layihəsində öz əksini tapmışdır. Buna baxmayaraq, memarın fikirləri qismən reallaşdırılmışdır; belə ki, Serlionun kitabında təqdim edilmiş planlara əsasən məbəd yumru və simmetrik həyətin mərkəzində yerləşməli idi. XVII əsrdə bina bəzi dəyişikliklərə məruz qalır (yenidənqurma işləri çərçivəsində günbəzin hündürlüyü bir qədər böyüdülür, sərdabəyə isə yeni pilləkən sırası əlavə edilir)[7].
Əfsanəyə görə, hazırda Tempietto məbədciyinin ucaldığı ərazidə çarmıx vasitəsilə həvari Pyotr edam edilmişdir. Məhz həmin həvarinin şərəfinə də monastır özünün hazırkı Tempietto di San Pyetro in Montorio adını əldə etmişdir. Bununla belə, müasir tarixçilər tərəfindən, imperator Neronun xristian nümayəndələrinə qarşı keçirdiyi təqib işləri çərçivəsində həvari Pyotrun sirk binasının yaxınlığında yerləşən Vatikan təpəsində çarmıxa çəkilərək edam edildiyi bildirilir. Sahib olduqları binanın təməlində belə bir faciəvi hadisənin baş verdiyini bilən ispan kral ailəsi ruh yüksəkliyinə duçar olur və tezliklə həmin ərazidə binanın təməlqoyma mərasimini təşkil edirlər. Ənənəyə sadiq qalan müasir ispan kral ailəsi isə, Müqəddəs Pyotrun anım günündə İspaniyanın dövlət xəzinəsindən olan vəsait sayəsində rotondaşəkilli dini binanın yenidənqurma və bərpa işlərinə pul ayırmışdılar. Restavrasiya olunmuş bina 1999-cu ildə I Xuan Karlosun birgə iştirakı ilə təntənəli şəkildə yenidən ziyarətçilər üçün açılmışdır[8].
Memarlıq xüsusiyyətləri
Dairəvi bina üçün modelləşdirilmiş konstruksiya bilərəkdən əntiq sütun sıralı məbədlərin nümunələri əsasında yaradılmışdır; Vitruvinini əsərində təsvir edilən və inşaat üçün Qədim Roma dövrlərinə aid edilən kifayət qədər görkəmli və inteqrasiya olunmuş Roma forumunda yerləşən Vesta, Herkules Viktor və həmçinin Tivoli məbədlərinin sxematik modellərindən istifadə olunaraq yaradılmışdır[9].
Bramantenin qədim əlyazma nümunələrlə maraqlanması səbəbindən bu cür tikilinin konsepsiyasını yaratmaq qərarına gəlməsinə baxmayaraq, bu peristil istisna olunmaqla binanın ümumi morfologiyasının nə səbəbdən dolayı yaradılmasına cavab vermir. Vitruvinin sütunlarla əhatələnən dairəvi məbədlər barəsində verdiyi ümumi definisiyasına istinad etsək, klassisizm üslubunun burada daha kompleks xarakteri özündə ehtiva etdiyi görmək olar. Qədim mühəndis sonralar bu tip tikililərə "tolos" adını vermiş, memar Bramante isə bu memarlıq həlli əsasında günbəz üçün yeni və daha effektiv formanı təsis etmişdir (Tempietto məbədinin günbəzi öz görkəmi ilə sanki ikiyə bölünmüş ideal dairənin bir parçasını xatırladır).
Məbədin ümumi məqsədlərini nəzərə alsaq, onun iztirablarla qətlə yetirilmiş müqəddəs şəxsə ithaf olunan ilkin xristian kilsəsi qismində fəaliyyət göstərdiyi və ondan sonrakı inşa ediləcək bütün digər katolik dini tikililər üçün "nümunəvi" obyekt kimi yaradıldığı ehtimal edilir. Bu cür maraqlı modifikasiya təkcə Tempietto məbədində deyil, həmçinin Roma şəhərinin şərq çıxacağında yerləşən Konstansa mavzoleyində də bir zamanlar tətbiq edilmişdir (Konstansa müqəddəslərin simasına aid edildikdən sonra, onun cəsədinin dəfn edildiyi mavzoley binası kilsəyə çevrilmiş və onun şərəfinə adlandırılmışdır)[10].
Planlaşdırma
Əslində məbədin inşası İntibah dövrünün bütün məşhur memarlarının diqqət mərkəzində idi; bundan başqa məftunedici ilahi reallığın və kosmik cəzbetmə təsəvvürünün formalaşması üçün tamamlanmış binanın tədqiqatı ön plana qoyulurdu; bu, daha çox dairəvi günbəz üçün xas olan konseptual və vizual "dünya miqyaslı fiqur" ifadəsi sayılır[11].
Şaquli oxa nisbətən simmetrik olan sentrik binada İntibah dövrünün memarları ilahi başlanğıc, mükəmməllik və harmoniya təsəvvürləri ilə simvolik şəkildə bağlı olan antik məbədin ideal obrazını görürdülər. Ancaq qüsursuz formalara olan maraq tez-tez dini ibadət təcrübəsi ilə ziddiyyətə səbəb olurdu (antik bütpərəst məbədlərindən fərqli olaraq kilsə və prixod nümayəndələri bir-birindən ayrı şəkildə ibadət mərasimlərini icra edirdilər). Antik mükəmməlliyi və xristianlıq tələblərini birləşdirmək müqəddəs məzlumların yaddaşına həsr edilmiş kilsələrdə mümkün idi.
Perspektiv qanunun biliyi və antik abidələrinin diqqətli tədqiqatı Bramanteyə nisbətlərlə və order sisteminin elementləri ilə təcrübələri keçirməyə təkan verdi. Kompozisiya harmoniyasına cəhd, irəliyə atılan addım idi – Erkən İntibah dövrünün ustaları o zamanlar yalnız klassik abidələrin birbaşa iqtibası ilə məhdudlaşırdılar. Mərmər sütunlar antik sütunların dəqiq surətidirlər, bəyaz mərmərli bazalara və kapitellərə malik toskan orderləri isə məbədin eksteryerinə ciddilik, comərdlik və igidlik görkəmini bəxş edirlər.
Həndəsə və nisbətlər
Bina sadə həndəsi nisbətlərin istifadə olunması ilə layihələndirilmişdir:
- arxitrav, friz və karnizin hündürlüyü, günbəzin yuxarı hissəsinə qədər olan məsafəyə bərabərdir;
- binanın günbəzi, onun hündürlüyünə, eləcə də yerləşdiyi baraban hissəsinə bərabər olan geniş radiusa malikdir; bu üslubiyyət tərzi Panteon məbədi ilə dəqiq əlaqəyə malikdir (antik məbədin günbəzi yarımsferik formaya malikdir və binanın tam mərkəzi üzərində quraşdırılmışdır);
- sütunların xarici çevrə diametri, günbəz diametrinin 3/2 hissəsinə bərabərdir.
Təsvir
Sütun sırası ilə əhatə olunmuş monopter məbəd (monopter — daxili arakəsmələrdən azad edilən, həmçinin yumru və hərdən düzbucaqlı proeksiyaya malik olan başlıca memarlıq tipidir), kiçik seksiyalara bölünmüş silindrik korpusa malikdir. Onun divarları müstəsna dərəcədə dərin taxçalarla oyularaq, balıqqulağı çanaqlarını təsvir edən ornamentlərlə bəzədilmiş və peristil sütunlarının həndəsi proeksiyasında olan pilyastrlarla növbələnmişdir.
Bina sözün əsl mənasında bir pillə yuxarı qaldırılmış toskan üslublu sütun sırasının əhatəsində yerləşir; ümumi sayı 16-ya bərabər olan sütunların üzərindən keçən tirli antablement çatının konstruktiv həlli hələ antik dövrlərdə yaşamış Qədim Roma memarı və mühəndisi Mark Vitruvi Pollionun proporsionallıq haqqına bəhs edən Memarlıq haqqında on kitab (lat. De architectura libri decem) əsərinin prinsiplərinə uyğun gəlir, onun dorik orderli sütunları isə friz zolağı, eləcə də ardıcıl gələn triqlif və metoplarla hissələrə ayrılmışdır[12]. Sütunlar boz mərmərdən, orderin digər elementləri isə travertininin bol istifadəsi ilə inşa edilmişir.
Rotondanın interyeri 4,5 metr diametrə bərabərdir; burada həmçinin dini liturgiya nərasimləri üçün nəzərdə tutulmuş simvolik naos yer yaradılmışdır. Binanın silindrik forması özünəməxsus şəkildə hündür və olduqca dərin taxçalara çevrilmişdir; həmin taxçaların dörüdünü kiçik yevangelist fiqurları bəzəyir. İnteryerin mərkəzində nəfis görkəmli altar yerləşir, onun üzərində naməlum lombardiyalı ustad tərəfindən hazırlanmış və Müqəddəs Pyotru təsvir edən heykəl quraşdırılmışdır. Müqəddəs Pyotrun əlində iki atribut yerləşdirilmişdir (səma çarlığının açarları və kitab). Məbədin döşəməsi Roma şəhərinin tikililərinə xas olan və kosmatesko adlanan kiçikölçülü polixrom mərmər detallarından ibarət mozaik plitələr ilə döşənmiş və təxminən XV əsrin sonlarında bir qədər modifikasiya edilmişdir (kosmatesko üslubunun yaranması, başlıca olaraq Roma şəhərində fəaliyyət göstərmiş mərməryoyan Kosmati ailəsinin soyadından götürülmüşdür).
Binanın ümumi məkanı qədim tikililər manerasında beton üzərində olan simmetrik günbəzlə örtülmüşdür və səthi pilyastrlarla bol şəkildə bəzədilmiş barabanın üzərində oturdulmuşdur. Kompozisiya həlli sütunlar vasitəsilə aşağıya doğru endikcə öz klassik düzülüş atributikasından məhrum olmağa başlayır. Qurğuşunlu səth örtüyü çox güman ki, XX əsrdə aparılan inşaat-yenidənqurma işləri zamanı günbəzə əlavə edilmişdir, XIX əsrdə isə öz istismar müddətini bitirmiş köhnə kərpic hörgüsünün mövcud detalları yeniləri ilə əvəz edilmişdir.
İlkin layihə əsasında kiçik məbəd proporsional ölçülü dairəvi dəhliz sisteminin mərkəzində yerləşdirilməli idi (hazırkı sahə dördbucaqlıdır). Serilionun tərtib etdiyi rekonstruktiv planda tikilinin ideal simmetriya quruluşu, eləcə də 16 sütunun formalaşdırdığı vizual dairə dövriyyəsi xüsusi şəkildə vurğulanmışdır. Bu cür layihə üsulu məbədi kifayət qədər yaxın mövqedən müşahidə etməyə imkan yaradırdı. Tikilinin savadlı layihələşdirilməsi nəticəsində miniatür qabaritli bina bu məsafədən daha massiv görünür[13].
Dairəvi kriptanın (yəni yeraltı sərdabənin) üzərindən ucaldılmış inşaat quruluşu binanın başlıca məqsədini sanki özündə təzahür edir, döşəmədəki dəlik yeri isə əfsanəvi həvarinin çarmıxa çəkilərək qətlə yetirildiyi yeri (dəlik iztirab xaçının sancıldığı yeri simvolizə edir) və bütün konstruksiyanın mükəmməl mərkəzi oxunu nümayiş etdirir[14]. Yerin altındakı kripta çox güman ki, məbəddən öncə mövcud olmuş ibadətgah tikilisinin qalıqlarıdır. Sərdabəyə keçid XVII əsrdə inşa edilmiş pilləkən vasitəsilə həya keçirilir (daha öncələr isə hazırkı altarın arxasındakı mövcud olmuş pilləkən sırası bu funksiyanı yerinə yetirirdi)[15].
Məbədin interyeri öz sadəliyi ilə bərabər, müxtəlif mühüm atributika ilə bəzədilmişdir. Burada rəssam Sebastiano del Pyombo tərəfindən yaradılmış "Özünüqamçılama" və "Ölməzlik" rəsm əsərləri (onların yaradılmasında müəllifə Mikelancelo yardım etmişdir), Vazarinin böyük plafonu və əfsanəvi Beatriçe Çençinin məzarı yerləşir. Rafaelin Transformasiya adlı rəsm əsəri 1796-cı ildə məbəddən müsadirə edilərək, Vatikanda yerləşən pinakotekaya daşınılmışdır[16].
Simvolizm
Genez və ümumi mədəni memarlıq konsepsiyasının nəticələrindən əlavə olaraq, kiçik binada müxtəlif simvolik elementlər aşkar və müəyyən edilmişdir:
- Vitruvinin əsərlərində tərənnüm edilən ciddi dorik-toskan orderli sütunların istifadəsi Müqəddəs Pyotrun "qəhrəman" obrazı olaraq identifikasiya olunur;
- Məbədin perimetri boyunca 16 sütun yerləşdirilmişdir; 16 rəqəmi, 10 və 6 saylarının caminin nəticəsidir və Pifaqor nəzəriyyəsinin tərəfdarlarının fikrincə, hər üç rəqəm öz simvolik xassələrinə görə mükəmməldirlər.
- Bütün bununla belə, Tempietto məbədi İngiltərənin Şimali Yorkşir qraflığında yerləşən və zəngin Hovard nəslinə məxsus olan qəsrin park kompleksində memar Nikolas Hoksmur tərəfindən ailəvi mavzoleyin inşa edilməsi üçün nümunəyə çevrilmişdir[17]. Bundan başqa, dairəvi məbədin kiçildilmiş surəti 1909-cu ildə memar Fridrix Hausmann tərəfindən Frankfurt şəhərinin baş qəbiristanlığında inşa edilmişdir.
İstinadlar
- Wundram (Hrsg.): Reclams Kunstführer, Italien. Band V. Rom und Latium, S. 260.
- Lorenzo Bianchi, Ad limina Petri: spazio e memoria della Roma cristiana, 1999
- Bussagli (Hrsg.): Rom — Kunst & Architektur, S. 402.
- Gianfranco Spagnesi, Progetto e architetture del linguaggio classico, 1999.
- Sebastiano Serlio, Terzo libro, nel quale si figurano e si descrivono le antiquità di Roma, Venezia, 1540
- Il tempietto di Bramante è l'unico edificio "moderno" che compare nel IV dei Quattro Libri dell'Architettura di Palladio, dedicato ai templi antichi.
- H. Gunther, La ricezione dell'antico nel Tempietto, in "Donato Bramante: ricerche, proposte, riletture", Urbino, 2001, pag.269
- Corriere della Sera 26. Mai 1999 Arxivləşdirilib 2015-11-06 at the Wayback Machine.
- Patrick Nuttgens, Storia dell'architettura, 2002.
- M. L. Gatti Perer, A. Rovetta, Cesare Cesariano e il classicismo di primo Cinquecento, 1996.
- Andrea Palladio, Quattro Libri dell'Architettura, 1570.
- Vitruvius Pollio http://www.encyclopedia.com/topic/Vitruvius.aspx Arxivləşdirilib 2016-07-22 at the Wayback Machine
- H. Gunther, op. cit., 2001, pag.270
- Comunque l'opinione prevalente sulla localizzazione della sepoltura, fin dal medioevo, era comunque indirizzata verso il Vaticano
- H. Gunther, op. cit., 2001, pag.269
- Suarez Quevedo, Diego, "Donato Bramante, 1502: Tempietto de San Pietro in Montorio, Roma Arxivləşdirilib 2010-03-30 at the Wayback Machine." Anales de Historia del Arte 13, 2003: pp. 316–319
- Tomann (Red.): Die Kunst des Barock: Architektur, Skulptur, Malerei, S. 171.
Ədəbiyyat
- Marco Bussagli (Hrsg.): Rom — Kunst & Architektur. Könemann, Köln 1999, ISBN 3-8290-2258-1.
- Rolf Tomann (Red.): Die Kunst des Barock: Architektur, Skulptur, Malerei. Könemann, Köln 1997, ISBN 3-89508-991-5.
- J. M. Wiesel: Rom. Ein Kunst- und Reiseführer. 4. Aufl. Kohlhammer, Stuttgart 1966.
- Manfred Wundram (Hrsg.): Reclams Kunstführer, Italien. Band V. Rom und Latium. Reclam, Stuttgart 1981, ISBN 3-15-008679-5.