Telman Cəfərov (rəssam)

Telman İsmayıl oğlu Cəfərov (d.8 aprel 1939, Gəncə şəhəri- ö.11 oktyabr 1994, Gəncə şəhəri) — Sovet, Azərbaycan respublikası rəssamı, müəllim, şair, SSSri rəssamlar ittifaqının üzvü.

Həyatı

Erkən illəri

Cəfərov Telman İsmayıl oğlu 1939-cu ildə aprelin 8-də Gəncədə anadan olmuşdur. Orta təhsilini Gəncə şəhərində başa vurmuş, 1958-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinə daxil olmuş və 1963-cü ildə “Rəsm və rəsmxət müəllimi” ixtisası üzrə tam kursu bitirmiş və eyni zamanda SSSri rəssamlar ittifaqına üzv olmuşdur. 1964-cü ildə H.Zərdabi adına Kirovabad (indiki Gəncə) Dövlət pedoqoji instituna daxil olmuş və 1969-cu ildə “Pedoqogika və ibtidai təhsil metodikası” ixtisası üzrə tam kursu bitirmişdir.

Əmək fəaliyyətinə orta məktəbdə rəsm müəllimi kimi başlamış, uşaq rəssamlıq məktəbində müəllim, direktor vəzifəsində işləmiş. Eyni zamanda Gəncə Dövlət Pedoqoji institunda “Təsviri incəsənət” fənnindən dərs demişdir. 1982-ci ildən ömrünün sonuna qədər Gəncə Dövlət Rəsm Qalareyasının direktoru vəzifəsində işləmişdir.

Ailəli olmuş, 2 oğlu, 1 qızı və 7 nəvəsi var.

Yaradıcılığı

Telman Cəfərovun yaradıcılıq yolu 1960–cı illərin sonu 1970–ci illərin əvvəlindən başlayır. Telman Cəfərov "aralıq" yaş qrupuna aiddir: "sərt uslubun" idealları artıq öz işini bitirmiş, gələcək "yetmişincilərin" yaradıcılıq proqramı isə hələ rüşeym halındadır.

Sənətkar 1960-ci illərin sonunda, artıq yetkin yaşında institutu bitirmişdir. Bəlkə də bu amil onun yaradıcılıq manerasının formalaşmasında öz rolunu oynamışdır. Yolayrıcında olan sənətkar özündə nə isə pozitiv və onun özünün nöqteyi – nəzərincə maraq kəsb edən istənilən bədii prinsiplərə açıq idi. Tamamilə fərdi şəkildə və heç bir qəbul edilmiş qaydalara fikir vermədən o, yalnız özünün daxili seçiminə və yaradıcılıq inersiyasına arxalanırdı. Bununda bərabər, təbii və tam rahat şəkildə keçdiyi "məktəbin" çərçivəsində qala bilirdi.

Sıx şəkildə qurulmuş kompozisiyalar, dolğun rəng formaların fəal plastik düzümü, relyefli parlaq faktura - bütün bunlar eyni dərəcədə bir çox azərbaycanlı rəssamlaq üçün seçiyyəvidir. Telman Cəfərov onlardan prinsipial olaraq bir cəhətlə, fərqlənirdi: əsərlərinin aşkar dramatik ovqatı ilə. Bu dərəcədə kəskin ifadə tərzi, obrazların çılpaq tragizmi indi də bizi təəcübləndirir. Onun karyerasına çoxları qibtə edə bilərdi. Telman Cəfərov on ildən artıq Uşaq İncəsənət məktəbinə, sonra isə ömrünün sonunadək Gəncə rəssamlıq qalereyasına rəhbərlik etmişdir. Eyni zamanda, bütün bu illər ərzində Gəncə Pedaqoji İnstitutunda dərs demişdir.

O, olduqca mehriban, istiqanlı və nikbin adam idi, hər bir kəsi özünə vurğun edə bilirdi. Onun vaxtsız ölümü əksəriyyəti yazıçı və şair olan dostlarını sarsıtdı. Doğma şəhərində Telman Cəfərov təkcə rəssam kimi tanınmırdı. Özündən əvvəlki rəssamlara həsr olunan tarixi - analitik məqalələri ilə mütəmadi çıxış edirdi. Rübai və bayatı formasında şerlər yazırdı. Bunları yerli qazetlər böyük həvəslə dərc edirdilər. Dərin savada malik bu insan Nizami və Mirzə Şəfi Vazeh poeziyasının böyük bilicisi idi. Telman Cəfərovun qrafik işlərinin böyük qismi bu dahi Azərbaycan şairlərinin yaradıcılığına həsr olunmuşdur.

Telman Cəfərov üsyankar deyildi. O, müəllimlərinə sədaqətli şagird idi. Lakin ənənəvi təsviri sənət sistemində o, maksimum ifadəliliyə can ataraq özünün rəngkarlıq əsərlərini "səsləndirə" bilirdi. Həyatda, ətrafında görmək istədiyi harmoniya və gözəllik, sevgi və mərhəmət onun sənət dünyasında yanaşı yaşayır. Qüsursuz intuisiyaya malik gözəl kolorist və estet olan sənətkar gündəlik həyatın sadə və kobud sözlərindən qaçmırdı. Onun çoxsaylı natürmortları və məhkum heyvan obrazları sanki "ağrıdan" qışqırırlar. Sağlığında Telman Cəfərovun xeyli sərgisi olmuşdur. Onun işlərinə çox adam tamaşa etmişdir. Lakin stereotipləri və şablon təfəkkürün hökm sürdüyü həmin dövrdə çətin ki kimsə onun həyat və yaradıcılığındakı dramatizmi sona qədər anaya bilərdi. Ömrünün sonunadək Gəncədə, respublikanın mədəni həyatının mərkəzindən kənarda yaşayan Telman Cəfərov heç vaxt əyalət adamı olmamışdır. Onun güclü, parlaq və faciəvi sənəti bu gün də öz keyfiyyətini itirməmişdir. Sənətkar bu gün də gündəmdədir, çünki ömrü boyu tapındığı və öz əsərlərində təsbit etdiyi dəyərlər zamanın hökmündən kənardadır. 11 Oktyabr 1994 cü ildə xəstəlik səbəbilə bu həyata gözlərini yumdu.Onun xatirəsi sevənləri tərəfindən hər zaman yaşadılacaq.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.