Televizor

Televizor, televiziya qəbuledicisi q.yun. τῆλε "uzaq" + lat. vīsio "görmə" sözlərindən) — televiziya siqnallarını qəbul və vizual təsvir almaq üçün istifadə olunan qurğudur.

Köhnə Clivia II FER858A markalı alman televizoru, 1956
Müasir tipli LCD televizoru Samsung LE26R41BD

İlk televizor 3 iyul 1928-ci ildə dünyada ABŞ-də satışa çıxarılmışdır. Bu televizorun qiyməti 75 dollar idi.

Televizorda şəkillərin verilməsi monitorda baş verir. TV kartı ilə təchiz olunmuş kompüter də televizor kimi istifadə edilə bilər. Bundan əlavə, kabellə alınmış yüksək tezlikli siqnalları video siqnallara çevirən qurğu televizorun əsas hissəsini təşkil edir. Başqa videosistemlərin qoşulması üçün televizorlarda SCART sistemlərindən, səslərin verilməsi üçün isə dinamiklərdən istifadə olunur.

Yaranması

Televiziya üzərindəki ilk işlər Con Loqi Beird tərəfindən başlanıb və 1924-cü ildə görünüşü meydana gətirə bilən ilk işləyən nümunəsi konkret olaraq ortaya qoyulub. Lakin bu televiziya tamamilə mexaniki bir sistemlə işləməkdə idi. Televizorların indiki vaxtda istifadə etdiyimiz balonlu televiziya halına gəlməsi Filo Teylor Farnsvorzun təməlini atdığı işlərlə təmin edildi. Bu səbəblə televizoru icad edən hər iki adamın adı xatırlanır.

Televiziya tarixi bundan təxminən 81 il əvvələ söykənir. 13 avqust 1898-ci ildə Şotlandiyanın Helensburq şəhərində anadan olan və burada böyüyən Con Loqi Beird, elektrik mövzusunda çox maraqlı bir uşaq idi. Evinin arxa bağçasında neftlə işləyən generatordan əldə edilən elektriklə bütün evi işıqlandırırdı. Bu ev, eyni zamanda, şəhərdə axşamları işıqlandırılan tək ev olma xüsusiyyətinə malikdir. Elektrik mövzusundakı marağı gün keçdikcə artan Beird, evində bir telefon stansiyası quraraq, çöldəki yoldaşlarıyla danışa bilirdi. Böyüyəndən sonra o, Klayd vadisindəki elektrik şirkətində iş tapdı. Burada bir müddət çalışsa da, sağlamlıq problemləri səbəbiylə işdən ayrılmaq məcburiyyətində qaldı. Bir neçə kiçik işdə çalışdıqdan sonra, 1922-ci ildə vətəni Sussexə geri dönərək təmirçiliyə başladı. Burada qarışıqlıqdan uzaq bir mühitdə özüylə baş-başa qalaraq, xəyalını qurduğu görünüş və səsi elektronik olaraq daşıma fikiri üzərində işə başladı. İlk əvvəl sadə bir tikiş iynəsi, velosiped lampası və bir tənəkə parçası ilə nəsə etməyə çalışan Beird, insanlara xülya kimi görünən bu fikir üzərində getdikcə, artan həyəcanla işə davam edir. Əlindəki qeyri-mümkünlüklərlə çox şey bacara bilməyəcəyini anladığında isə, texnoloji imkanlara daha rahat çata biləcəyi Sohoya köçür və burada bir laboratoriya qurur.

Burada ilk olaraq bir çay qutusu üzərinə yerləşdirdiyi və "televizor" deyə adlandırdığı, tikiş iynəsi, kəsilən karton və biskvit qutusundan ibarət olan qurğusunu işlətməyi bacarır və yandakı sifət görünüşünü meydana gətirir. 25 iyun 1925-ci ildə tarixin ilk televiziya patentini alan Beirdin müvəffəqiyyəti, qısa müddətdə böyük maraqla qarşılanır və "televizor" adını verdiyi icadını ilk dəfə 26 yanvar 1928-ci ildə Krallıq İnstitutuna tanıdır. Görünüşü elektronik olaraq, köçürmə sınaqları da nəticə verir və bundan bir il sonra ilk görünüş yayımını reallaşdırmağı bacarır. Nəticədə, 1929-cu ildə ilk televiziya stansiyasını qurur və o dövr radio nəşri edən BBC ilə razılaşaraq, televiziya verilişləri hazırlamağa başlayır. İlk etapda regional olaraq, məhdud bir sahədə yayımlanan BBC, 1930-cu ildə Amerikada, habelə İngiltərədə rəsmi şəkildə yayıma başlayır. Londonda 20 mini əhatə edən yayımın hesabına, Con Loqi Beird, karyerasının zirvəsinə çatır. O, 14 iyun 1946-cı ildə vəfat edir.

Daha sonralar televizorun elektromaqnit sistemi Filo Teylor Farnsvorz tərəfindən dəyişdirilərək, indiki vaxtda istifadə edilən balonlu televizorlar halına gəlməsində böyük rol oynadı. Hazırda balonlu televiziyaların hamısı "CRT" olaraq adlandırılan bir texnologiyaya malikdir. Bu ekranlarda görünüş meydana gətirmə sistemi yüz minlərlə lampanın bir araya gətirilməsi şəklində tərif edilə bilər. Çünki CRT ekranların səthi yüz minlərlə kiçik nöqtədən meydana gəlib. Bunlara "piksel" adı verilir. Piksellərin hər biri ayrı şəkildə işıqlandırıldığından və hər biri fərqli rəng meydana gətirə bildiyindən, piksellərin müəyyən bir nizamda yanması görünüş meydana gəlməsinin qaynağıdır. CRT ekranlar konus şəklindədir. Konusun dar və iti ucunda elektron tapançası olur. Konusun genələn ağzı düzbucaqlı şəklində olur və bu qisim fosfor təbəqəsiylə əhatələnib. "Anod" və "katod" olaraq adlandırılan terminlər elektronikada müsbət və mənfi qütbləri ifadə edir. Bir batareyanı nümunə kimi göstərsək, müsbət uc anod, mənfi uc katod olur. CRT ekranlarda katod, elektron tapançası içərisində istilənmiş bir filaman: incə tel şəklində iştirak edir. Balonun içi vakuum mühitidir, yəni hava olmur. Katod filamanın istiləşməsiylə elektronlar vakuum daxilində sərbəst hərəkət edə biləcək vəziyyətdədirlər və anod ekran səthiylə olan potensiallar fərqi nəticəsində, elektronlar ekrana doğru şüa dəstəsi halında nizamlanmış şəkildə atılırlar. Ekran səthindəki fosfor təbəqəsilə toqquşan elektronlar parlayaraq, pikselləri işıqlandırır. Yaradılan bu şüa dəstəsi ətrafında tapılan üfüqi və şaquli yerdəyişmə barabanları vasitəsilə ekranın hər nöqtəsi üçün rəng yaradırlar.

Şüa dəstələri elektron tapançasından üç ana rəngdə yayılır. Bunlar "RGB Colors" olaraq bilinən qırmızı (ing. R-red), yaşıl (ing. G-green) və mavi (ing. B-blue) rənglərdir. Bu rənglərin qarışığı ilə təbiətdəki bütün aralıq rənglər yaradılır. Bu rənglərin 100% nisbətində qarışığı ağ rəngi, heç işıq göndərilməməsi, yəni qaranlıq da qara rəngi meydana gətirir. Digər bütün aralıq rənglər isə bu ana rənglərin dəyişik nisbətlərdə qarışığıyla əldə edilir. Şüa dəstəsi ekrandakı fosfor təbəqəsinə göndərilərkən deşikli bir kölgə maskasından keçirlər. Bu maska şüanın yalnız öz rənginə aid olması istənilən yerlərlə toqquşmasını təmin edir. Ekrandakı hər piksel üç alt pikselə ayrılıb və kölgə maskasından süzülərək çox həssas nizamlıqla keçən elektron dəstəsi alt pikselləri ayrı-ayrı işıqlandırırlar. Nəticədə ana piksel, alt piksellərin birləşməsindən yaranan rəngi əks etdirir və televizor ekranında o rəng görünür. Bu hadisə çox yüksək sürətdə olub saniyədə minlərlə dəfə edildiyindən, alınan televiziya siqnalı ekranda real zamanlı olaraq görünüş meydana gəlməsini təmin edir.

Ən böyük televizor

ABŞ-nin "Dallas Cowboys" klubunun stadionunda yerləşdirilən dörd ekranlı televizor dünyanın ən böyük televizoru kimi Ginnesin Rekordlar Kitabına düşüb. "Mitsubishi Electronic" şirkəti tərəfindən layihələndirilərək istehsal olunan bu teleekranın ümumi sahəsi 1058 kvadrat metrdir. Stadionun ən yüksək yerindən asılmış bu televizorun çəkisi isə 600 tondur.[1]

İstinadlar

  1. "Çəkisi 600 ton olan televizor". 2010-06-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-02.

Ədəbiyyat

  • Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.