Teleskop

Teleskop (q. yun. τῆλε [tele] "uzaq" + σκοπέω [skopeo] "baxmaq") — kosmik obyektlərin öyrənilməsində , həmçinin kainatdakı kosmik cisimlər arasındakı radioşüalanmanın müşahidəsində istifadə olunan optik cihaz. Artıq teleskop sözü geniş anlamda, elektromaqnit şüalarının böyük bir sahədə dalğa uzunluğunu təyin edə bilən cihazlara verilən ümumi ad kimi başa düşülür.

Ulduz elçisi (Sidereus nuncius) 1610, Qalileo Qaliley (1564–1642). Harvard Universitetinin kitabxanası[2]
Habbl teleskopunun 2-ci missiyasını icra edərkən Discovery kosmik aparatından Yer orbiti ətrafında çəkilmiş görüntüsü. NASA, 1997
Dvinelo radioteleskopu. Qurulması 1956-cı ildə başa çatmışdır. Dvinelo kəndi, Vesterveld, Niderland[1]

Elektromaqnit dalğalarını (məsələn, gözlə görünən işıq olar bilər) toplayaraq uzaq obyektlərin müşahidəsinə kömək edən optik cihazdır. Teleskop müşahidə edilən və öyrənilən kosmik obyektlərin ölçüsünü böyüdərək insan gözünün onu görməsinə imkan yaradır.

Müşahidə astronomiyanın açarıdırsa, teleskop da müşahidənin açarıdır. Sağlam insan gözü açıq səmada cəmi 6000 ətrafında ulduz gördüyü halda, müasir teleskoplar sayəsində milyardlarla ulduz görə bilir. Ona görə də teleskop əsas astronomiya cihazıdır.[3]

Tarixi

İnsanlar daim bir çox əşyaları adi gözlə gördüklərindən daha yaxşı görmək istəmişlər. İlk böyüdücü linzalar e.ə. 700-cü ildə Orta Şərqdə ixtira olunmuşdu. O zamandan etibarən insanların kiçik hissəcikləri gözlə görə biləcəyi qədər yaxınlaşdıran, daha aydın görmələrinə yardım edən bir çox araşdırmalar aparmışlar. Bu sahədə teleskopun ixtirasının əhəmiyyəti çox böyük oldu, elmdə əsl inqilab yaratdı. Dəqiq optika kainatı dərk etmək üçün çox qüdrətli idrak vasitəsinə çevrildi.[4]

İlk teleskopun düzəldilməsinə durbinin ixtirası ilə başlanmışdır. İlk teleskop hollandiyalı eynək ustası İohans Lippersqey (1570–1619) tərəfindən 1608-ci ildə düzəldilmişdir. O, düzəltdiyi teleskopu nümayiş etdirmişdi. Bu cihaz hər iki ucunda böyüdücü linzalar olan uzun boru idi. İki linzanın ortaq ölçüsü adi gözlə görünməyən uzaqdakı cisimləri aydın görmək imkanı verirdi.[4]

İtaliyalı alim Qalileo Qaliley (1564–1642) teleskopun quruluşu haqqında heç nə bilmirdi, lakin o, optikanın qanunlarına yaxşı bələd idi. Belə bir cihazın kim tərəfindənsə ixtira edilməsi xəbəri onu düşünməyə vadar etdi. Çox keçmədi ki, Qaliley öz elmi araşdırmalarına yönəldi. Uzun araşdırmalardan sonra, Qaliley öz elmi düşüncələri əsasında bir teleskop düzəltdi. Doğrudur, Qalileyi teleskopun ixtiraçısı saymaq olmaz, lakin şübhəsiz ki, elmi əsaslarla teleskopu düzəltmiş ilk alim də olur. Həm də Qaliley teleskopla baxarkən çoxlu yeni ulduz kəşf etdi. Çoxlarının yeddi ulduz birləşməsi hesab etdiyi Yeddiqardaşda, sən demə 30 ildir birləşibmiş, Orion ulduz birləşməsində isə səkkiz əvəzinə səksən ulduz varmış. Ayda isə Qaliley dağlar, dərələr, kraterlər müşahidə edir və hətta onların bəzilərinin kölgələri əsasında hündürlükləri də ölçülər.[4]

Qaliley 1632-ci ildə "Kainatın iki sistemi haqqında dialoq" əsərini yaradaraq burada polyak alimi Kopernikin Yerin Günəş ətrafında fırlanması fikrini müdafiə etdi. Bu ideya Roma katolik ilahiyyatçılarının kəskin qəzəbinə səbəb oldu. Kilsə təliminə qarşı çıxmaqda ittiham olunan Qaliley məhkum edildi.[3]

Artıq XX əsrə doğru gəlincə teleskopların yüksək inkişafını görürük. 1930-larda radioteleskoplar ixtira olunur, 1960-larda infraqırmızı teleskoplar da daxil olmaqla bir çox yeni teleskop növü ixtira edilir və təkmilləşdirilir.

Etimologiyası

Teleskop sözünün etimologiyası çox maraqlıdır. Belə ki, bu söz qədim yunan dilindəτῆλε, tele "uzaq" və σκοπεῖν, skopein "baxmaq və ya görmək"; τηλεσκόπος, teleskopos "uzağı görmək, uzağa baxış" mənasını verir. 1611-ci ildə, yunan riyaziyyatçısı Giovanni Demisiani tərəfindən Dei Linçei Akademiyasında Qalileo Qalileyin alətlərinin təqdim olunduğu bir ziyafətdə ortaya atılıb. Qalileo öz əsəri olan Ulduzlu elçidə bu sözü "perspicillum" olaraq işlədib.[5][6][7]

Teleskopun vəzifəsi

Nyutonun 1672-ci ildə hazırladığı reflektor teleskopunun maketi. Maket Tomas Hat tərəfindən 1766-cı ildə hazırlandıqdan sonra Kral Cəmiyyətinə təqdim edilmişdir. Nyutonun hazırladığı və planını verdiyi digər alətlərdən daha dəqiq çalışdığı deyilir[2]

Teleskopun 3 vəzifəsi var: obyektin xəyalını qurmaq, gözə nisbətən daha çox işıq seli toplamaq və gözlə ayırd edilə bilməyən 2 və daha çox sayda nöqtəvi obyekti (məsələn ulduzu) ayrılıqda müşahidə etmək.

Teleskopun əsas hissəsi onun obyektividir. Obyektiv qabarıq linza və ya çökük güzgü olur. Obyektivi linza olan teleskop refraktor, güzgü olan reflektor adlanır. Qalileyin ixtira etdiyi teleskopun linzasının diametri cəmi 5 sm olmuşdur. İlk reflektor 1671-ci ildə Nyuton tərəfindən hazırlanmışdır. Bu teleskopun güzgüsünün diametri 3 sm olub.[2][3]

Sonrakı yüz illiklərdə hər iki növ teleskopun istər obyektivlərinin ölçülərində, istərsə də ümumi konstruksiyasında böyük inkişaf olub. İndi linzanın diametri 1 metr olan refraktor, güzgünün diametri 6 metr olan reflektor var. Daha böyük obyektivli teleskoplar üzərində işlər aparılır.

Göy cisminin parlaq şüaları hər 2 üzü qabarıq linza olan obyektivə düşür. Onun vasitəsilə teleskopun fokal müstəvisində göy cisminin xəyalı alınır. Xəyala hər 2 üzü qabarıq linza olan və okulyar adlanan lupa vasitəsilə baxılır. Yaxud fotoemusiya vasitəsilə xəyalın foto şəkli alınır. Göy cisimləri çox uzaqda olduqlarından şüaları obyektivə paralel düşür. Buna görə də xəyal fokal müstəvidən alınır. Digər şəkildə reflektorun sadə sxemi Nyuton sxemi də adlandırılır. Burada göy cismindən gələn paralel şüalar əvvəlcə çökük güzgü olan obyektivdən əks olunur və fokal müstəvidə toplanır. Sonra yardımçı güzgüyə düşür və yardımçı güzgüdən əks olunaraq okulyara verilir. Teleskopun vəzifələrindən biri də gözə nisbətən daha çox işıq toplamaqdır. Toplanan işıq seli obyektivin sahəsi ilə, sahə isə obyektivin diametrinin kvadratı ilə mütənasibdir. Obyektivin diametrini D, Göz bəbəyinin diametrini isə d ilə göstərsək obyektivin topladığı işıq seli gözün topladığı işıq selindən (D/d)2 dəfə çox olar . Məsələn, obyektivinin diametri 6 metr olan teleskop bəbəyinin diametri 6 mm olan gözdən 1 000 000 dəfə çox işıq seli toplayır.[3]

Teleskopun 3-cü vəzifəsi ayırdetmə qabiliyyətidir. İnsan gözünün iki yaxın nöqtəvi obyekti, məsələn iki yaxın ulduzu, ayrı ayrılıqda görməsi üçün onlar arasındakı bucaq məsafəsi 2″-dən kiçik olmamalıdır. Ayırdetmə göz bəbəyinin diametri ilə mütənasib olduğu üçün obyektivinin diametri D olan teleskopun ayırdetməsi, bəbəyinin diametri d olan gözün ayırdetməsindən D/d dəfə çoxdur. Məsələn, obyektivinin diametri 6 metr olan teleskopun ayırdetmə qabiliyyəti gözün ayırdetmə qabiliyyətindən 1 000 dəfə çox alınır. Yəni belə teleskopla bir-birindən 2″ məsafəsində yerləşən obyektlərlə, 0.12″bucaq məsafəsindən kiçik olmayan obyektləri ayrı-ayrı görmək olmur. Bu hesablamamız nəzəridir, lakin atmosfer teleskopda alınan xəyalları korlayır. Odur ki, ən yaxşı halda ayırdetmə 1″ olur. Bu da gözün ayırdetməsindən 100 dəfə böyükdür. Teleskopu səciyyələndirən parametrlərdən biri onun böyütməsidir. Teleskopun böyütməsi obyektivin və okulyarın fokus məsafələrinin nisbətinə bərabərdir. Teleskopun böyütməsinin 500 dəfədən çox olması məsləhət deyil. Əks halda xəyalın keyfiyyəti azalır.[3]

Fotoqrafik müşahidələrdə böyütməni xəyalın miqyası əvəz edir. Xəyalın miqyası teleskopun fokus məsafəsi ilə tərs mütənasibdir. Deməli böyük miqyaslı xəyal almaq üçün kiçik fokuslu teleskopdan istifadə edilir.[3]

Teleskopun daha bir parametri görüş sahəsidir:teleskopun görüş sahəsi onda görünən göy hissəsinin ölçüsüdür. Qövs dəqiqələri ilə görüş sahəsi 2000"f/F dir. Beləliklə görüş sahəsinin böyük olması üçün kiçik fokuslu teleskopdan istifadə etmək lazımdır.ona görə də ulduz göyünün böyük sahəsinin xəyalını qısa fokuslu teleskopla alırlar.[3]

Teleskoplarda alınan xəyalların bir sıra nöqsanları da var. Məsələn, adi, yəni obyektivi bir linzadan ibarət refraktor xəyalların kənarları rəngli və təhrif olunmuş alınır. Bunun səbəbi müxtəlif rəngli şüaların linzada müxtəlif bucaqlar altında sınmasıdır. Sınma bucağı qırmızı rəngdən maviyə doğru böyüyür. Nəticədə obyektivə yaxın mavi, uzaqda qırmızı rəngə uyğun şüalar toplanır. Linzaların digər nöqsanı optik oxa yaxın olan şüaları uzaq olanlara nisbətən daha uzaqda toplanması və xəyalın təhrif olunmasıdır. Bu nöqsanları azaltmaq və ya aradan qaldırmaq üçün, astronomik cəhətdən zəruri olan hallarda, refraktorun obyektivi 2–3 cür əyriliyə malik müxtəlif növ şüşələrdən hazırlanır.[3]

Refraktorlarda xəyal rəngli olmasa da, güzgüdən əks olunan paralel şüaların optik oxa yaxın olanları linzada olduğu kimi daha uzaqda toplanır. Xəyalın təhrif olunur, bir yox, bir neçə xəyal alınır. Xəyalın dəqiq alınması üçün çökük güzgü əvəzinə obyekyivi parabolik güzgüdən düzəldirlər. Astronomiya optikası sahəsində məşhur alim Maksudov meniskli teleskop adlanan teleskop kəşf etdi. Bu teleskopda refraktorun və reflektorun əsas nöqsanları aradan qaldırır. Belə ki, obyektdən gələn paralel şüalar çökük güzgüyə birbaşa deyil, menisk adlanan çökük-qabarıq linzadan keçərək düşür və bu çökük güzgüdən qayıdan şüaların bir fokusda toplanmasını təmin edir;digər tərəfdən başqa linzalardan fərqli olaraq meniskdə bütün rənglərə məxsus şüaların sınması eynidir. Beləliklə, meniskli teleskopda xəyal bir dənə və rəngsiz alınır.[3]

Dünyada ən böyük refraktorun lizasının diametri 1m-dir. Bu teleskop Çikaqo yaxınlığında İyersk rəsədxanasındadır. Ən böyük reflektorun güzgüsünün sahəsi 6m-dir və o Şimali Qafqaz Xüsusi Astrofizika Rəsədxanasındadır.[3]

İsveç günəş teleskopu

Ən böyük teleskoplar

Dünyada ən böyük teleskop İspaniyanın La Palma adasında 7 ilə və 180 milyon ABŞ dollarına düzəldilən "Böyük Kanar Teleskopu"dur (2007-ci il). İkinci ən böyük teleskop Havay adalarındakı "Keck II", üçüncüsü isə CAR-dakı SALT teleskopudur.[8]

Rentgen teleskopu

Rentgen teleskopu , Rentgen şüası oblastında şüalanan uzaq obyektləri müşahidə etmək üçün nəzərdə tutulmuş bir teleskopdur. Rentgen şüalarına qeyri-şəffaf olan Yer kürəsi atmosferinin üzərinə çıxa bilmək üçün, Rentgen teleskopları raketlər, şarlar və ya süni peyklərin üzərinə quraşdırılmalıdır.

Teleskopun əsas elementləri, teleskopa girən radiasiyanı yığan optik (fokuslama və ya kollimasyon) və radiasiyanın toplandığı və ölçülən detektörüdür. Bu elementlər üçün müxtəlif dizayn və texnologiyalar istifadə edilmişdir.

Optik Teleskop

Optik teleskop, əsasən birbaşa müşahidə üçün böyüdülmüş xəyal yaratmaq, göy cismindən gələn elektomaqnit şüalarını toplamaq və ya obyektin fotoşəkilini əldə etmək üçün istifadə olunan teleskop növüdür.

Teleskopun əsas optik hissəsi obyektivdir. Obyektiv adətən xüsusi boruda yerləşmişdir, cihazın digər hissələri, o cümlədən, qəbuledici sistem müəyyən qurğuda cəmləşdirilir. Obyektiv linzadan, güzgüdən və bunların kombinasiyasından ibarət olur.

Optik teleskopun 3 əsas növü vardır:

Obyektivi linza olan teleskop-refraktor (dioptrik)

Obyektivi çökük və ya qabarıq güzgü olan teleskop-reflektor (katoptrik)[9]

Obyektivi linza və güzgülərin kombinasiyasından ibarət olan katadioptrik teleskop

İnfraqırmızı teleskop

İnfraqırmızı teleskop, göy cisimlərini infraqırmızı oblastda müşahidə etmək üçün istifadə edilən teleskopdur. İnfraqırmızı şüalanma işıq şüalanmasının bir növüdür.

Temperaturu mütləq sıfırdan böyük olan bütün göy cisimləri, bu və ya digər oblastda işıq şüalandırır. Kainatı araşdırmaq üçün elm adamları fərqli oblastlarda işləyən teleskoplardan istifadə edirlər. Bunlardan bəziləri qamma teleskopları, rentgen teleskopları, ultrabənövşəyi, optik teleskoplar və infraqırmızı teleskoplardır.

Xarici keçidlər

İstinadlar

  1. Monumentnummer: 530829 — radiotelescoop [link müvəqqəti açılmır], Rijksdienst voor het Cultureel Erfgoed. Retrieved 20 January 2016.
  2. An account of the Royal Society's Newton Telescope, A. Rupert Hall and A. D. C. Simpson Notes Rec. R. Soc. Lond. ,1996 \ 50 1–11
  3. "Arxivlənmiş surət". 2020-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-13.
  4. http://tarix.info/uploads/posts/2011-10/1318964921_four_foot_schmidt.jpg
  5. archive.org "Galileo His Life And Work" BY James La Rosa "Galileo usually called the telescope occhicde or cannocchiale ; and now he calls the microscope occhialino. The name telescope was first suggested by Demisiani in 1612"
  6. Sobel (2000, p.43), Drake (1978, p.196)
  7.  Rosen, Edward, The Naming of the Telescope (1947)
  8. "Arxivlənmiş surət". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-26.
  9. (#empty_citation)

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.