Teksel adasında gürcü üsyanı
Teksel adasında gürcü üsyanı (nid. Opstand der Georgiërs; gürc. ქართველთა აჯანყება ტექსელზე) - Gürcü legionu birliklərindən təşkil olunmuş Böyük Tamaranın adını daşıyan 822-ci piyada batalyonu tərəfindən Hollandiyanın şimalında yerləşən Teksel adasında başladılmış üsyan. Vermaxta qarşı başladılan üsyan hərəkatı 1945-ci ilin 5 aprelindən 20 may tarixinə qədər davam etmişdir. Avropa cəbhəsində son döyüş olaraq tarixə keçmiş üsyan nəticəsində Gürcü legionu məğlub edilmiş, 565 gürcü və 812 Vermaxt əsgəri həlak olmuşdur.[1][2]
Teksel adasında gürcü üsyanı ქართველთა აჯანყება ტექსელზე | |||
---|---|---|---|
Tarix | 5 aprel 1945 - 20 may 1945 | ||
Yeri | Teksel, Hollandiya | ||
Nəticəsi | Gürcü birlikləri məğlub oldu. Üçüncü Reyx əsgərləri Kanada qüvvələrinə təslim oldular. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
İtkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Arxa plan
Hollandiyanın şimal sahillərində yerləşən Teksel adası Adolf Hitler tərəfindən yaradılmış Atlantik divarının mühüm istinad nöqtələrindən biri idi. Müttəfiq qoşunların Normandiya sahillərinə qoşun çıxarmasının ardından adanın əhəmiyyəti azalmışdır. İkinci dünya müharibəsi dönəmində Tekseldə gürcülərdən ibarət 800 nəfərlik birlik saxlanılırdı. Şərq cəbhəsində aparılan hərbi əməliyyatlar zamanı Vermaxt qüvvələrinə əsir düşən gürcülərdən ibarət Gürcüstan legionu 1941-ci ilin dekabr ayında yaradılmışdır. Digər legion birləşmələrində olduğu kimi gürcülər də öz ölkələrinin sovet işğalından azad edilməsi üçün döyüşürdülər.
Legionun xidmətindən 1943-cü ilin iyun ayında Polşanın Radom şəhəri yaxınlığında yerləşən Krusznya bölgəsindəki meşəlik ərazidə partizanlarla döyüşdə istifadə olunmuşdur. Teksel adasındakı üsyanı təşkil etmiş 822-ci piyada batalyonu da həmin ildə Polşada yaradılmışdır. 1943-cü ilin 24 avqust tarixində Hind legionu qərb sərhədlərinə göndərilir. Gürcülərdən təşkil edilmiş batalyon 1943-cü ilin 30 avqust tarixində Hollandiyanın Zandvoort şəhərinə çatır. 1943-cü ilin sentyabrından 1945-ci ilin fevral tarixinə qədər batalyon Zandvoort şəhərində yaradılmış (alm. Unterabschnitt Zandvoort) adlı hissədə xidmət keçir. Batalyonun tərkibində gizli təşkilatın yaranmasından şübhələnən alman komandanlığı 822-ci piyada batalyonunu 1945-ci ilin 6 fevralında Teksel adasına göndərir.[3]
Üçüncü Reyxin SSRİ və müttəfiq dövlətlər qarşısında məğlub olacağını anlayan 822-ci piyada batalyonu 1945-ci ilin 5 aprel gecəsi Teksel adasında qaldıqları hərbi hissədə üsyan başlatdılar. Qısa zamanda ada tamamilə gürcülərin nəzarəti altına keçir. 400 nəfərə yaxın alman əsgərinin üsyanın ilk gecəsində yatdıqları zaman bıçaq və süngülərlə öldürüldüyü ehtimal edilməkdədir. Digər Reyx əsgərlərinin silahlı qarşıdurma və hazırlanan ani basqınlar zamanı öldürüldüyü güman edilir. Teksel adasının yerli sakinləri olan hollandlar da gürcülərə köməklik edirdilər.[4] Belə ki, Holland müqavimətçilər olaraq adlandırılan qüvvələr gürcülərlə planlı hərəkət etməklə Üçüncü Reyxin ada üzərində olan hakimiyyətinə faktiki son qoymuşdu.
Adanın cənub və şimal sahillərinin qorunması uğursuzluqla nəticələnmişdir. Tekselin şimal bölgəsində yerləşən alman topçu batareyası adada mövcud olan tək alman qüvvəsi idi və həmin birlik belə gürcü-holland müqavimətçilərinə qarşı istənilən mübarizəni göstərə bilmirdi. Mərkəzdən adanın gürcülər tərəfindən ələ keçirilməsi xəbəri gəldikdən sonra Tekselin şimalında yerləşən topçu batareyasına (alm. Unterabschnitt Zandvoort) istiqamətində atəş açmaq əmri verilir. 2.000 silahlı[5] və 163-cü Marine-Schützenregiment adlı birlik qısa zamanda Tekselə göndərilir. Növbəti beş həftə ərzində Tekselə nəzarət uğrunda tərəflər arasında döyüş başlanır. Eierland və ada mayakı ətrafında şiddətli döyüşlər yaşanır.[6]
Aparılan döyüşlərdə gürcülərə Şalva Loladze komandanlıq edirdi. Üçüncü Reyx qüvvələrinin komandanı isə Klaus Breitner olmuşdur. Ada yerliləri tərəfindən yaradılmış və gürcülər tərəfdən döyüşən Holland müqavimətçilərin komandanı Kelder idi. Şalva Loladze 25 aprel tarixində baş tutan döyüş zamanı öldürülür. Almanların müqavimətinə 20 may tarixinə qədər davam gətirə bilən gürcülər həmin tarixdə məğlub oldular. Adada yaşayan hollandlar bəzi gürcüləri gizlətməyə nail olmuşdu. Alman birliklərin rəhbəri mayor Klaus Breitner baş verənləri xəyanət, başqa heçnə olaraq şərh etmişdir. Öldürülən gürcülərin bir çoxu döyüş zamanı, bir qismi isə döyüşdən sonra sıraya düzülərək güllələnmişdir.
45 gün davam edən üsyan nəticəsində 565 gürcü, 812 alman və 120 nəfər Teksel adasında yaşayan holland öldürüldü. Ən böyük zərərlərdən biri də adanın kənd təsərrüfatına dəymişdi. Onlarla ferma və ev gürcülərin gizlədilməsi bəhanəsi ilə almanlar tərəfindən yandırıldı. Ümumiyyətlə, adaya 3.77 milyon dollar həcmində ziyanın dəydiyi təxmin olunur. 9 may tarixində Berlin əməliyyatın qələbə ilə başa çatdırılmasının ardından Avropanın bir çox bölgələrində olduğu kimi Teksel adasında yerləşən alman qüvvələr də təslim olmağa başladılar. Təslim olma prosesi 1945-ci ilin 20 mayına qədər davam etdi və qısa bir alman idarəsinin ardından ada Kanada qüvvələrinin nəzarəti alına keçdi.
Nəticə
Baş verən üsyanda öldürülən gürcülər Teksel adasının kiçik Ouderxild şəhərində salınan fəxri məzarlıqda dəfn edildilər. Sağ qalan şəxslərin SSRİ-yə qaytarılması və ya Avropada nasistlər üçün yaradılmış həbs düşərgələrində saxlanılması planlaşdırılırdı. Gürcü əsirlərin sovetlərə təhvil verilməsi ilə bağlı qərar Yalta şəhərində keçirilən konfransda əldə olundu. Beləliklə Teksel adasında baş vermiş gürcü üsyanında sağ qalan 228 nəfər gürcü əsilli şəxs SSRİ-yə təhvil verildi. Sağ qalanların demək olar ki, hamısı ada sakinlərinin evlərində və fermalarında gizlədilmiş gürcülər idi. Üçüncü Reyx tərəfindən döyüşmüş gürcülərə qarşı münasibət birmənalı şəkildə mənfi idi. Bu səbəbdən gürcü əsirlər rejimə qarşı gələn şəxslərin toplandığı Qulaq əmək düşərgələrinə göndərildi.
Qulaq düşərgələrində üsyanda iştirak etmiş 26 gürcü müəmmalı şəkildə itkin düşdü. Sağ qalmağı bacaranlara sadəcə 1950-ci ildə evlərinə qayıtmağa icazə verildi. 1991-ci ilə qədər SSRİ-nin Niderlandda yerləşən səfirliyi tərəfindən Teksel adasında yerləşən gürcü toplu məzarlığı hər ilin 4 may tarixində düzənli şəkildə ziyarət olunmuşdur. 2005-ci ilin 4 may tarixində isə dönəmin Gürcüstan prezidenti Mixail Saakaşvili adanı ziyarət etməklə məzarlığı ziyarət etmiş ən yüksək rütbəli gürcü məmuru olmuşdur.
Öldürülən almanların bir qismi adada yerləşən kiçik Den Burq qəsəbəsinin məzarlığında dəfn edildilər. Daha sonra məzarların bir qismi Niderlandın Limburq şəhəri yaxınlığında yerləşən Ysselsteyn hərbi məzarlığına köçürüldü. Tekseldə baş verən üsyandan sağ çıxan şəxslər Qulaq düşərgələrində öz cəzalarını çəkdikdən sonra Gürcüstanda yaşamağa başladılar. Üsyanın son iştirakçılarından biri 2007-ci ildə Gürcüstanın Zuqdidi şəhərində ahıl yaşında vəfat etdi.[7] Bir digər üsyan iştirakçısı və eyni zamanda üsyanın təşkilatçılarından olan Eqeny Artamidze 2010-cu ilin 22 iyun tarixində 90 yaşında vəfat etdi. Teksel adasında baş vermiş gürcü üsyanın tək şahidi Qrişa Bainduraşvilidir. 88 yaşlı qoca bu gün Tbilisi şəhərinin 40 km qərbində yerləşən Kaspi kəndində yaşamaqdadır.
İtkilər
Kanada birlikləri 1945-ci ilin 20 may tarixində Teksel adasına tam nəzarəti ələ aldılar. İki gün ərzində 1.535 alman əsgəri silahsızlaşdırıldı. SSRİ Smerç qüvvələri adaya gələn zaman kanadalılar tərəfindən əsir götürülmüş 228 nəfər gürcü ilə qarşılaşdılar. Smerç qüvvələrinin komandiri üçün hazırlanmış raportda aprel-may ayları arasında baş vermiş üsyan zamanı 470 gürcü və 2.347 almanın öldürüldüyü göstərilmişdir. 1949-cu ildə Alman Müharibə Məzarları Komitəsi təkrar dəfn prosesi üçün Tekseldə açılmış məzarlarda 812 alman əsgərinin qalıqlarına rast gəldiyini qeyd etmişdir.[8] Cənazələr təkrar dəfn edilməkləri üçün Ysselsteyn hərbi məzarlığına göndərilmişdir. Teksel adasında yerləşən hesablama bürosunun qeydlərinə, əsasən üsyan nəticəsində 565 gürcü, 120 ada sakini olan holland və 800 nəfərə yaxın alman öldürülmüşdür.[9]
Ehtimallara görə Smerç qüvvələrinin komandiri üçün hazırlanmış raportda göstərilən 2.347 ölü alman sayısı şişirdilmişdir. Əsas versiya öldürülən almanlarla (812 nəfər) silahsızlaşdırılmış almanların (1.535) ümumi sayının ölü sayısı kimi təqdim olunması ilə bağlıdır. Theo Smit adlı üsyançıları dəstəkləyən və adada yaşayan holland çörəkçinin səhvən gürcü bir əsgəri öldürdüyü də raportda qeyd olunmuşdur.[5]
İstinadlar
- BBC "Coast" programme, 19 October 2012
- Zaloga, Steven J. The Atlantic Wall (2): Belgium, The Netherlands, Denmark and Norway. Osprey Publishing. 2011. səh. 57. ISBN 1780961456.
- Der Spiegel, 20/1995. "Der Geburtstag des Todes The Birthday of Death", p. 188
- Der Spiegel, p. 189
- Der Spiegel, p. 190
- "History at texel.net". 2011-07-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-07-05.
- "President Respects Georgian Hero" Arxivləşdirilib 2012-02-06 at the Wayback Machine. Daily Georgian Times, 18 July 2007.
- The German War Graves Commission called the event Umbettung, roughly "exhumation and reburial"
- http://vvv.texel.net/mooi_texel/historie/opstandgeorgiers&lng=de Arxivləşdirilib 2009-09-24 at the Wayback Machine, See History section