Azərbaycan Teatr Xadimləri İttifaqı
Azərbaycan Teatr Xadimləri İttifaqı — Azərbaycan teatr xadimlərini və səhnə həvəskarını tərkibində birləşdirən ən böyük ictimai təşkilatı.
Teatr Xadimləri İttifaqı | |
---|---|
Azərbaycan Teatr Xadimləri İttifaqı | |
Növü | İctimai Təşkilat |
Yaranma tarixi | 1897 |
Rəsmi dili | Azərbaycan dili |
Mərkəzi | Bakı, Azərbaycan |
Sədr | Hacı İsmayılov (v.m.i) |
teatrittifaqi.az/index.p… |
Tarixi
1897-ci ildə "Artistlər İttifaqı" adı ilə yaranmış birlik 1917-ci ildən "Müsəlman Artistləri İttifaqı", 1920-ci ildən "Türk Aktyorlar İttifaqı", 1945-ci ildən "Azərbaycan Teatr Cəmiyyəti" kimi fəaliyyətini davam etdirmiş, 1987-ci il 27 fevral tarixli təsis konfransının qərarı ilə Azərbaycan Teatr Xadimləri İttifaqı adlandırılmışdır.
Sovet hakimiyyəti dönəminə qədərki illərdə Teatr Xadimləri İttifaqının sələfləri olan teatr birlikləri və cəmiyyətlərinə Sultan Məcid Qənizadə, Əbdürrəhim bəy Haqverdiyev, Həbib bəy Mahmudbəyov, Üzeyir və Zülfüqar Hacıbəyov qardaşları, Abbas Mirzə Şərifzadə kimi maarifpərvər ziyalılar başçılıq etmişlər. Sonralar isə Teatr Cəmiyyətinə xalq artistləri Şövkət Məmmədova, Rza Təhmasib, Mərziyə Davudova, Mustafa Mərdanov, Mehdi Məmmədov, Şəmsi Bədəlbəyli, Lütfiyar İmanov, Həsənağa Turabov rəhbərlik etmişlər. XIX əsrin sonlarında kiçik bir cəmiyyət kimi fəaliyyətə başlayan bu ictimai birlik ötən əsrin 50-ci illərindən etibarən artıq teatr prosesinə və onun inkişafına təkan verən, güclü potensiala malik bir təşkilat kimi formalaşmışdır. Milli teatr prosesində fəal iştirak edən Azərbaycan Teatr Xadimləri İttifaqı müstəqillik illərində müxtəlif formatlı teatr festivalları təşkil etmişdir. Bunlardan dörd "Monotamaşa", iki "Him-cim" (Pantomim), iki "Eksperimental tamaşalar", "Festivallar festivalı", "Milli klassika", Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Milli Teatr Gününə həsr olunmuş gənc rejissorların "Yeni teatr" Respublika Festivalı, Uşaq tamaşaları Festivalı, "Beynəlxaq Çexov Festivalının "İpək yolu" mərhələsi", "Boş məkanın dolğunluğu", "2+1" Eksperimental teatr festivalı kimi tədbirlər Azərbaycanın teatr həyatında xüsusi canlanma yaratmış, teatr sənətinin inkişafında böyük rol oynamışdır. Keçirilən festivallar Azərbaycanın teatr aləmində yeni-yeni adlar üzə çıxarmış, istedadlı gənclərin yetişməsində böyük rol oynamışdır. İttifaq son illərdə ölkədə bədii qiraət sahəsinə marağı artırmaq məqsədilə görkəmli qiraət ustaları Həsən Əbluc və Müxlis Cənizadənin xatirələrinə həsr edilmiş bədii qiraət müsabiqələri keçirmişdir. Teatr Xadimləri İttifaqı həmçinin Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə teatr rəssamlarının I Biyennal sərgisini də keçirmişdir. Özündə milli səhnəqrafiya sənətinin korifeylərindən tutmuş, sənətə yeni qədəm qoyan teatr rəssamlarının yaradıcılığınadək ehtiva edən bu sərgidə tarixi və müasir tamaşaların dekorasiya və geyim eskizləri, maketlər, orijinal səhnə geyimləri və kuklalardan ibarət zəngin ekspozisiya nümayiş olunmuşdur. Bu gün Teatr Xadimləri İttifaqı təməli ötən əsrin 60-cı illərində qoyulmuş, Heydər Əliyevin himayədarlığı, xalq artisti Mustafa Mərdanov və əməkdar incəsənət xadimi Zəfər Nemətovun təşkilatçılığı və gərgin zəhməti bahasına başa gəlmiş, İttifaqın vəsaiti hesabına tikilərək 1971-ci ildə istifadəyə verilmiş binada fəaliyyət göstərir.
Azərbaycan Teatr Xadimləri İttifaqı bu gün
Bu gün Azərbaycan Teatr Xadimləri İttifaqı ölkəmizdə fəaliyyət göstərən ən fəal yaradıcı təşkilatlardan biridir. AzTXİ dünyanın nüfuzlu teatr qurumlarının: YUNESKO-nun Beynəlxalq Teatr İnstitutunun və Beynəlxalq Teatr Xadimləri İttifaqları Konfederasiyasının həqiqi üzvüdür. Hazırda Teatr Xadimləri İttifaqına Xalq Artisti, professor Azər Paşa Nemət rəhbərlik edir. Ətrafında 800-ə yaxın üzvü birləşdirən Teatr Xadimləri İttifaqının Naxçıvan, Gəncə, Lənkəran, Sumqayıt şöbələri də milli teatr prosesinə fəal təsir göstərir. Milli teatr prosesində fəal iştirak edən İttifaq tarixi ənənəsinə sadiq qalaraq, bu gün də mütəmadi şəkildə yaradıcılıq gecələri, görüşlər, xatirə gecələri, müsabiqələr, konfranslar, seminarlar, ustad dərsləri, brifinqlər, mətbuat konfransları və təqdimat mərasimləri keçirir. Teatr Xadimləri İttifaqı kitab nəşrlərinə də xüsusi önəm verir. AzTXİ üç dildə (Azərbaycan, rus və ingilis dillərində) nəşr olunmuş "Azərbaycan teatr dünyası", görkəmli rejissorlar, xalq artistləri Şəmsi Bədəlbəyli, Məhərrəm Haşımovun, Hökümə Qurbanovanın, Qəmər Almaszadənin 100 illiyik yubileylərinə həsr edilmiş "Ömrün səhifələri", Arif Əbdürrəhmanovun "Teatrda rəssamın rolu" kitablarını və Ukraynada və MDB məkanında tanınmış teatrşünas-alim Nelli Korniyenkonun bir çox xarici dillərə tərcümə olunmuş "Ukrayna teatrı üçüncü minilliyin astanasında. Axtarış" adlı monoqrafiyasını çap etdirmiş, beynəlxalq təşkilatlara, o cümlədən ölkə kitabxanalarına təqdim etmişdir. Teatr Xadimləri İttifaqı hər zaman yeni yaradıcılıq başlanğıclarına təkan verərək, gənc istedadların öz yaradıcılıq potensialını nümayiş etdirməsinə imkan yaradır. İttifaqın keçirdiyi I "Him-Cim" Pantomim festivalında sənət meydanına atılmış "Dəli yığıncağı" teatr studiyasının əsasında Dövlət "Pantomim" teatrı yaranmış, "Yuğ", "Gənclər" teatrlarında çalışan gənc sənətçilər İttifaqın keçirdiyi festivallarda xüsusi fəalllıq göstərmişlər. İttifaqın nəzdində fəaliyyət göstərən Yaradıcı Gənclər Laboratoriyası və "Zəfər" teatr studiyasında gənc sənətçilərin iştirakı ilə V. Şekspirin "12-ci gecə", "Afinalı Timon", Q. Səidin "Əli və Nino" əsərlərinə səhnə həyatı verilmişdir. Yaradıcı Gənclər Laboratoriyası M. F. Axundzadənin 200 illiyi ilə əlaqədar "Axundzadə dərsləri" keçirərək, nəsrlə məşğul olan gəncləri ətrafına toplamış və onları dramaturgiya sahəsinə cəlb etməyə çalışmışdır. Həmin dərslərdə tanınmış dramaturqlar gənclərə "ustad dərsləri" keçir, onlara bu çətin sənətin sirlərini öyrədirlər. Bunun nəticəsi olaraq artıq 4 gənc dramaturqun, 3 teatrşünasın, 2 rejissorun əsərləri Beynəlxalq Teatr Xadimləri Konfederasiyasının keçirdiyi "MDB, Gürcüstan və Baltikyanı ölkələrin gənc teatr xadimlərinin işlərinə baxış" müsabiqəsinə göndərilib. Bu əsərlərin beynəlxalq teatr məkanına çıxışı gözlənilir. 2013-cü ilin mart ayından etibarən İttifaqda xalq artisti, professor Cənnət xanım Səlimovanın rəhbərliyi ilə gənc rejissorların laboratoriyası fəaliyyət göstərir. Hər həftə keçirilən məşğələlərdə Cənnət xanımın ustad dərsləri ilə yanaşı praktik məşğələlər də keçirilir. Özünün əsas vəzifəsini teatr prosesini canlandırmaqda, bütün yeni başlanğıclara təkan verməkdə, milli teatr sənətimizi çağdaş dünya teatr prosesinə qovuşdurmağa çalışmaqda və bunun üçün bütün imkanlardan istifadə etməkdə görən Azərbaycan Teatr Xadimləri İttifaqı bu məqsədlə gələcəkdə də özünün proqram xarakterli layihələrini həyata keçirmək niyyətindədir.
Təsis etdiyi mükafatlar
- "Qızıl Dərviş" mükafatı
- "Teatr Xadimi" qızıl medalı
- "Teatr Xadimi" gümüş medalı
- "Sənətkar" medalı
- "Səhnə işığı" prizi
- "İrs" mükafatı
- "Teatr Xadimləri İttifaqının fəxri fərmanı"