Tbilisi Azərbaycan Teatrı
Tbilisidə Azərbaycan teatrı | |
---|---|
Yerləşməsi | |
41°41′22″ şm. e. 44°48′35″ ş. u. | |
Ölkə | |
Ünvan | Tbilisi |
|
Yaranması
1873-cü ildə yaranıb. İctimai teatr kimi fəaliyyətə başlayan mədəniyyət ocağı ötən illər ərzində ətrafında peşəkar aktyor ordusu birləşdirməyə müvəffəq olub. Kadr potensialı, ustalıqla səhnələşdirilən tamaşalar - bütün bunlar Azərbaycan-Tbilisi teatrına yeni-yeni uğurlar gətirib. Qısa müddət ərzində geniş auditoriya kütləsi toplayıb. Teatra kütləvi axın isə incəsənət ocağının maddi təminatının qarantına çevrilib. Hətta fəaliyyəti dövründə Tbilisinin bir sıra teatrlarını maliyyələşdirib. Mədəniyyət ocağı Azərbaycan teatr sənətinin inkişafına da töhfələr verib. Görkəmli kino və teatr xadimlərimiz Möhsün Sənani, Mustafa Mərdanov da məhz bu teatrın yetirmələridir. 1947-ci ildə fəaliyyəti dayandırılan teatr böyük fasilədən sonra 1998-ci ildə yenidən bərqərar olunur. 2004-cü ildə Tbilisi Azərbaycan Teatrına dövlət statusu verildi. Qərar, teatrın inkişafının yeni mərhələsinin əsasını qoydu. Paralel olaraq Azərbaycan-Gürcüstan dostluq əlaqələrinin möhkəmlənməsi teatrın inkişafına təsirsiz ötüşmədi.
Fəaliyyəti
Qafqazın böyük şəhərlərindən olan, vaxtilə azəri türklərinin sıx yaşadıqları Tiflis şəhərində Azərbaycan teatrının fəaliyyətini iki qola ayırmaq olar:
a) Tiflisdə peşəkar Azərbaycan teatrının təşəkkülü və müxtəlif teatr dəstələrində, truppalarda onun inkişaf mərhələləri (1873-1922-ci illər);
b) Teatrın institusional mədəniyyətin faktı olduğu və Tiflis Dövlət Azərbaycan Teatrı adı altında fəaliyyət göstərdiyi dövr (1922-1947-ci illər).
Tamaşalar
"Kafkaz" qəzetinin 1873-cü il 25 mart tarixli sayında yazıldığına görə, Novruz bayramı münasibətilə Tiflisin "Cəmiyyət yığıncağı" zalında şəhərin azərbaycanlı ziyalıları teatr tamaşası oynamışlar. Oynanılan tamaşa Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" komediyasının bir neçə şəkli olub.
Tiflis şəhəri XIX əsrdə Qafqazın mərkəzi sayılırdı. Canişinliyin burada yerləşməsi Tiflisi həm siyasi, həm iqtisadi, həm də maarif və mədəniyyət baxımından müəyyən inkişaf yoluna çıxarınışdı. Milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadə burada yaşayırdı və onun komediyaları rus, fars, gürcü dillərinə, osmanlı türkcəsinə məhz Tiflisdə tərcümə edilmişdi. Hətta zadəgan evlərində dramaturqun əsərləri 1850-ci illərin sonlarında rus və gürcü dillərində tamaşaya qoyulub.
Azərbaycanın teatr həvəskarları 1880-1900-cü illərdə, əsasən, Novruz, Orucluq, Qurban bayramlarında, ayrı-ayrı məktəblərin müxtəlif müsamirələrinə həsr olunmuş tədbirlərdə teatr tamaşaları göstəriblər. Tamaşalar Tiflisin müxtəlif klublarında, daha çox Zadəgan banki binasının salonunda və Artsruni teatrında göstərilib. Teatr tamaşalarını ziyalılar və tələbələr hazırlayırdılar. Səhnə əsərlərinin fasilələrində klassik Şərq üçlüyünün konsertləri də olurdu. Əlbəttə ki, bu tamaşalar ilk növbədə əyləncə məqsədi ilə göstərilirdi. Lakin onun kökündə açıq və ya dolayı şəkildə maarifləndirmə ideyası, maarifləndirmə ruhu əsas idi.
Tamaşaların göstərildiyi binalar
1900-1920-ci illərdə Azərbaycan teatr həvəskarlarının hazırladıqları tamaşalar aşağıdakı binalarda oynanılıb:
"Gürcü zadəgan teatrı" (bir adı da "Artsruni teatrı "dır). Bu bina 1914-cü ildə yaranıb. Onun yerində təzə bina tikilib və hazırda Gürcüstan Dövlət Rus Dram Teatrının binasıdır.
"Artistlər cəmiyyəti". Hazırda Şota Rustaveli adına Gürcüstan Dövlət Akademik Dram Teatrı həmin binada fəaliyyət göstərir.
"Kazyonnı teatr". İndiki Zaxari Paliaşvili adına Gürcüstan Dövlət Akademik Opera və Balet Teatrının binası.
"Zubalov adına Xalq evi" ("Xalq evi"). Konstantin Marcanaşvili adına Gürcüstan Dövlət Dram Teatrı indi həmin binada yerləşir.
"Mir", "Araks", "Avlabar-Palas", "Auditoriya" adlanan mədəniyyət ocaqlarında, azəri türklərinin sıx yaşadıqlan Ortaçala, Şeytanbazar, Havlabar məhəllələrindəki münasib binalarda da tamaşalar oynanılıb.
Tiflis Azərbaycan Teatrı mətbuatda
1875-ci ildə "əkinçi", bir qədər sonra "Ziya" qəzetlərinin nəşri, Tiflis mədəni mühitinin tərəqqisi, əcnəbi teatr truppalarının buraya müntəzəm qastrolları XIX əsrin sonlarında və XX əsrin ilk onilliyində Azərbaycan səhnə sənətinin inkişafına güclü təkan verib. Tiflisdə daimi olmasa da, vaxtaşırı birləşib tamaşalar hazırlayan fədakar teatr həvəskarlarının yığcam dəstəsi yaranmışdı. Həmin dəstəyə Mirzəli Abbasov, Mirzəxan Quliyev, Paşa bəy Hüseynov, Osmanağa Qabulov, Mirzə Abdulla Abdullazadə, Müslüm İbrahimov, Hüseyn Minasazov, Qulam Vahabov, Məşədi Yusif, Hüseyn Çıldırov, Məmmədtağı Ələsgərov, Ağasəf Axundzadə daxil idilər. Müxtəlif sahələrdə çalışan ziyalılardan Mirzə Seyfəddin, Eynalı bəy Sultanov, Məhəmməd ağa Şahtaxtlı, Behbud Şahtaxtlı, Cəlil Məmmədquluzadə, Firudin bəy Köçərli teatr tamaşalarının hazırlanmasma yaxından köməklik və diqqət göstərirdilər.
Truppalar
1908-1920-ci illər arasında Bakının Hüseyn Ərəblinski, Sidqi Ruhulla, Mirzağa Əliyev, Hüseynqulu Sarabski, Əhməd Ağdamski, Əbülfət Vəli kimi şöhrətli aktyorlarının Tiflisə vaxtaşırı qastrolları şəhərdə milli teatr sənətimizin tərəqqismə təkan verib. Bu dövrdə Tiflisdə əvvəlcə "Müsəlman teatr artistləri cəmiyyəti", az sonra "Səadət", "İttihad" və "İbrət" teatr dəstələri fəaliyyət göstəriblər. Truppalara Həbib bəy Köçərlinski, Əşrəf Yüzbaşov, Mirseyfəddin Kirmanşahlı Panfiliya Tanailidi, Rza Təhmasib, Mustafa Mərdanov, Möhsün Cəfərov (Sənani), İbrahim İsfahanlı, Əli Qurbanov, Ələkbər Seyfi kimi istedadlı gənclər üzv olublar.
Rejissor işi
1900-1920-ci illərdə göstərilən tamaşalara rejissorlugu, əsasən, Mirzəli Abbasov, Mirzəxan Quliyev, Məmmədtağı Ələsgərov, Mirseyfəddin Kirmanşahlı, Mustafa Mərdanov ediblər. Daha tez- tez Mirzə Fətəli Axundzadənin "Hacı Qara", "Lənkəran xanının vəziri", Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər", "Müsibəti-Fəxrəddin", "Daldan atılan daş topuğa dəyər", Səkinə Axundzadənin "Zülmün səmərəsi", Nəriman Nərimanovun "Dilin bəlası" ("Şamdan bəy"), "Nadir şah", Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq", "Ağa Məhəmməd şah Qacar", "Millət dostları", Rəşid bəy Əfəndiyevin "Qan ocağı", "Qonşu qonşu olsa, kor qız ərə gedər", Sultannıəcid Qənizadənin "Xor- xor", "Dursunəli və ballıbadı" komediyaları, faciələri və məsxərələri tamaşaya qoyulub.
Tərcümə əsərlərindən tamaşaçılar Vilyam Şe kspirin "Otello" (Otello - Mirzəli Abbasov), Namiq Kamalın "Akif bəy", "Vətən", "Bəxtsiz bala", Şəmsəddin Saminin "Dəmirçi Gavə", Jan Batist Molyerin "Jorj Danden", "Zorən təbib", Henrix Heynenin "Əl Mənsur", Nadejda Loxmanovanın "Napoleon Bonapartın ölümü", İvan Turgenevin "Pulsuzluq", Vano Mçedaşvilinin "Qaçaq Kərəm", Fransua Volterin "Sultan Osman, Beytülmüqəddəs hökmdarı", S.Lanskoyun "Qəzavat", Fridrix Şillerin "Qaçaqlar", "Məkr və məhəbbət", Niko-lay Qoqolun "Müfəttiş" pyeslərinin səhnə həllinə daha çox maraq göstərirdilər.1909-cu ildən başlayaraq müxtəlif teatr dəstələri Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun", "Şeyx Sənan", "Şah Abbas və Xurşid banu", "Əsli və Kərəm", "Ər və arvad", "Məşədi İbad", "Arşın mal alan", Zülfüqar bəy Hacıbəyovun "Aşıq Qərib", "Evliykən subay", "Əlli yaşında cavan" opera yə operettalarını öz repertuarına daxil edib. 1918-1921-ci illərdə Tiflisdə yerli teatr həvəskarları "Ittihad" və "İbrət" dəstələrinin ətrafında cəmləşiblər. Onların müxtəlif səhnə fədailəri İrana və Türkiyəyə qastrollara gediblər. Tamaşalar daha tez-tez göstərilib. Repertuara Cəfər Cabbarlının "Ədirnə fəthi", "Trablis müharibəsi", "Bakı müharibəsi", Cəlil Məmmədquluzadənin "Ölülər", Rza Zaki Lətifbəyovun "Köhnə Türkiyə", İsa bəy Aşurbəylinin "Azərbay və Can" əsərlərinin tamaşaları daxil edilib."İttihad" və "İbrət" o vaxt Gürcüstanda işləyən Əbdürrəhim bəy Haqverdiyevin təşəbbüsü ilə birləşəndən sonra azərbaycanlı teatr həvəskarlarının tamaşa afişalarına bu adlar yazılıb: "Tiflis türk dram cəmiyyəti aktyorları", "Tiflis tünc aktyorları".1921-ci ilin axırlarında get-gedə güclənən Tiflis Azərbaycan teatrı özünə dövlət statusu almaq üçün səylə çahşıb. Kollektiv hökumət komissiyasma göstərmək üçün türk ədibləri Hüseyn Bədrəddinlə Məhəmməd Rüfətin "Əmir Əbül Üla" dramını seçmişdi. Tamaşanın quruluşçu rejissoru Mirseyfəddin Kirmanşahlı idi və Əbül Ülanı da özü oynayıb. Sınaq tamaşasında digər əsas rolları İbrahim İsfahanlı (Əbu Dəyyab), Tərlan xanım (Zübeydə), Mirzəli Abbasov (Səyyah), İsmət xanım Əliyeva (Rəbiyyə), Əhməd Salahlı (Məsud), Əsgər Naxçıvanlı (Sərkərdə) ifa ediblər.Zövq və peşəkarlıqla hazırlanmış "Əmir Əbül Üla" tamaşası Rustaveli teatrının binasında göstərilib. Tamaşaya hökumət nümayəndələri, həmçinin gürcü, rus, abxaz, acar ziyalıları baxıblar. 1922-ci ilin əvvəllərində kollektivə Mirzə Fətəli Axundzadə adına Tiflis Dövlət Türk Dram Teatrı (TDTDT) adı verilib. Teatr uzun illər öz tamaşalarını cümə günləri Rustaveli teatrında, sonralar Nəriman Nərimanov klubunda göstərib.Tiflis Dövlət Türk (Azərbaycan) Teatrı özünün 25 illik fəaliyyətində ziddiyyətli, tərəddüdlü və əsasən, uğurlu, səmərəli yaradıcılıq yolu keçib. Teatr daim əlvan və zəngin repertuar uğrunda axtarışlar aparıb, dram, komediya və faciə janrlarında dəyərli tamaşalar hazırlaya bilib. Müxtəlif illərdə bu sənət ocağında İbrahim İsfahanlı, Aleksandr Tuqanov, Yusif Yulduz, Əli Şahsabahlı, İsfəndiyar Hüseynov, Mirseyfəddin Kirmanşahlı, Aşır Bilalov, Əlihüseyn Rzayev baş rejissor və quruluşçu rejissor kimi çalışmışlar.
Yaradıcılıq fəaliyyəti
Tiflis Dövlət Azərbaycan Dram Teatrının yaradıcılığını iki dövrə bölmək olar.Birinci dövrdə (1922-1930) teatr, əsasən, romantik üslubda inkişaf edib və bu sənət estetikasının prinsiplərini poetika göstəriciləri kimi formalaşdırmağa çalışıb.İkinci dövrdə (1931-1947) isə sənət ocağı romantik üslubunu realizmə qovuşdurmağa çalışıb və yeni teatr poetikasını yaratmaq yolunda səy və cəsarətlə addımlayıb.Birinci dövrdə TDAT öz repertuarının aparıcı mövzu və üslub xəttini Hüseyn Cavidin "İblis", "Şeyx Sənan", "Knyaz", "Afət", "Uçurum", "Topal Teymur", Cəfər Cabbarlının "Od gəlini", "Aydın", "Oqtay Eloğlu", "Sevil", Cəlil Məmmədquluzadənin "Ölülər", Süleyman Sani Axundovun "Eşq və intiqam", Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin", Vilyam Şekspirin "Hamlet", "Otello", Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu", Leonid Andreyevin "Həyati-bəşər", Adolf D'Enneri və Germonun "İki yetimə", Fridrix Şillerin "Məkr və məhəbbət", Aleksandr Ostrovskinin "Gəlir mənbəyi", Boris Lavrenyovun "Hücum", Vasili Şkvarkinin "Casus", Konstantin Trenyovun "Düşmənlər" ("Lyubov Yarovaya"), Karl Qutskovun "Uriel Akosta", Anatoli Lunaçarskinin "Şahın bərbəri", Şəmsəddin Saminin "Dəmirçi Gavə", Biçer Stounun "Tom dayının koması", Nəriman Nərimanovun "Nadir şah" əsərlərinin tamaşaları əsasında qurub. Eyni zamanda Mirzə Fətəli Axundzadənin komediyaları, Üzeyir bəy Hacıbəyovun operaları və operettaları oynanılıb.İkinci dövrdə teatr birinci mərhələdə hazırladığı tamaşaların əsaslarını yeni quruluşda hazırlayıb. Mirzə Fətəli Axundzadənin, Jan Batist Molyerin, Nəcəf bəy Vəzirovun komediyalarına üstünlük verilib. Müasir mövzulu pyeslərin tamaşası teatrın diqqət mərkəzində durub. Üslub və forma axtarışlarında reJissura konsepsiyası ilk növbədə Cəfər Cabbarlının "Sevil", "Almaz", "Yaşar", Mirzə İbrahimovun "Məhəbbət", "Həyat", kabit Rəhmanın "Toy", "Xoşbəxtlər", "Aşnalar", yerli dramaturq Rza Şahvələdin "Dağlılar", "Kamal", "Gülşən ana", Rəsul Rzanın "Vəfa" kimi müasir həy atdan, dövrün müxtəlif ictimai-sosial, mənəvi-əxlaqi problemlərindən bəhs edən pyeslərin səhnə təcəssümündə bədii həllini tapıb. Tərcümə əsərlərindən Lope de Veqanın "Qoyun bulağı", Tur qardaşlarının "Üzləşdirmə", Georgi Mdivaninin "Vətən namusu", Şalva Dadianinin "Qığılcım", Aleksandr Korneyçukun "Platon kreçet", Avksenti Saqarelinin "Kinto", Konstantin Simonovun "Bizim şəhərli oğlan", Sandro Şanşiaşvilinin "Anzor", tarixi mövzuda yazılmış Səməd Vurğunun "Vaqif", "Fərhad və Şirin", Süleyman Rüstəmin "Qaçaq Nəbi", Heydər İsmayılovun "Koroğlu", Əli Şahsabahlının "Rüstəm və Söhrab", Zeynal Xəlilin "Qatır Məmməd", Mehdi Hüseynin "Nizami" əsərlərinin tamaşaları da repertuara mövzu əlvanlığı gətirib. Teatr bu illərdə Üzeyir bəy Hacıbəyovun muğam operalarından əlavə, bəstəkarın "Koroğlu" əsərini də oynayıb.Rejissor Yusif Yulduzun quruluş verdiyi Hüseyn Cavidin "Səyavuş" (1936, 11 oktyabr) və Vilyam Şekspirin "Otello" (1936, 16 oktyabr) faciələrinin tamaşaları monumental romantizın üslubunda hazırlanmış parlaq sənət nümunələri olub. "Səyavuş "da əsas obrazları Bakıdan dəvət olunmuş Ülvi Rəcəb (Səyavuş), Mərziyə Davudova (Südabə), "Otello"da baş rolları Ülvi Rəcəb (Otello), Əsgər Babayev (Yaqo), Reyhan Tağıyeva (Emiliya), Nübar (Nvard) Əlixanova (Dezdemona), Ağa Məmmədov (Montano) ifa ediblər.Tiflis teatrının səhnəsində göstərilən ayrı-ayrı tamaşalarda əsas rolları oynamaq üçün Bakıdakı AMDT-dən Abbasmirzə Şərifzadə, Mirzağa Əliyev, Mərziyə Davudova, Möhsün Sənani, Rza Əfqanlı kimi şöhrətli aktyorlar dəvət olunublar. Teatrın truppasında müxtəlif illərdə tanınmış aktyorlardan Ülvi Rəcəb, Panfiliya Tanailidi, Əli Qurbanov, Əli Şahsabahlı, Reyhan Tağıyeva, İbrahim İsfahanlı (Gürcüstanın xalq artisti), Ağa Məmmədov, Nəcibə Məlikova, Əhməd Salahlı, həmçinin sona qədər Tiflisdə işləyən Abbas Qurbanov, Əli Bayramov, Muqu Zamanov, Sara Zeynalova, Qara Nəzərli, Srubi Qaraqaş, Baba Zeynallı, İbrahim Azəri, Kazım Zeynallı, Osman Həqqi, Məmmədağa Rzayev, Nəso Məmmədov, Nurəddin Rzayev, İsrafil Qarayev, Fərrux Qurbanov, Fatma Gəncinskaya, Əbiş Qasımov və başqaları işləyiblər.1934-cü ildə Tiflis teatrının böyük bir qrupu Gürcüstanın türklər yaşayan Adıgün şəhərində səyyar Kolxoz və Sovxoz Teatrı yaratmağa ezam olunublar. Səyyar truppaya İbrahim İsfahanlı rəhbərlik edib. Adıgün Səyyar Kolxoz və Sovxoz Teatrı 1936-1937-ci il teatr mövsümündə Tiflisə köcürülüb və bir müddət sonra bağlanıb. Onun aktyorları yenidən Tiflis Dövlət Azərbaycan Teatrının truppasına qəbul olunublar.
Yaranan problemlər
1945-ci ildən sonra bir növ yarı səyyar fəaliyyət göstərən Tiflis teatrı "Jantaberinin qızı", "Ünzülə", "Dağlılar", "Evlənmə", "Fövqalədə qanun", "Arşın mal alan", "Məşədi İbad", "Əsli və Kərəm", "Aşıq Qərib"... tamaşalarının bəzilərini təzə, bir qisınıni təkrar quruluşda hazırlasa da, ciddi sənət nailiyyətləri qazana bilmirdi. Kollektivin yaradıcı heyəti dövlət himayəsindən məhrum olduğuna görə dağılmışdı. 1946-cı ilin 25 aprelində sənət ocağının cəmi 25 ştatı vardı. Teatrın əksər aktyorları Azərbaycanın əyalət teatrlarına səpələnmişdilər. Gürcüstan Respublikasının kollektivə göstərdiyi laqeyd münasibət gündən-günə daha da artırdı. Buna görə teatr, demək olar, Tiflisin özündə nadir hallarda tamaşa oynaya bilirdi. Neçə illərdən bəri dövlət teatrının klub səviyyəsində olan binası yarıtmaz hala düşmüşdü və truppanı oradan əlverişli binaya köçürmək şəhər məmurlarından kimsəni maraqlandırmırdı. Ciddi müqavimətlərə rast gələn, inzibati çətinliklərə düçar olan Tiflis Azərbaycan Dövlət Dram Teatrı 2 yanvar 1947-ci ildə öz fəaliyyətini dayandırmaq məcburiyyətində aldı.Uzun fasilədən sonra 1998-ci il mayın 17-də Gürcüstan Respublikasının prezidenti Eduard Şevardnadze Tiflisdə Azərbaycan Dövlət Dram Teatrının bərpası üçün fərman imzaladı. Ancaq Gürcüstan Respublikasının əlaqədar nazirliklərdə çalışan məmurlarının laqeydliyi ucbatından bu teatr indiyədək bərpa olunmayıb.
Ədəbiyyat
Hacıyev Abbas. Tiflis ədəbi mühiti. Bakı, Yazıçı, 1980. 183 səh.
Hacıyev Abbas. TİFLİS AZƏRBAYCAN TEATRI. Bakı, İşıq, 1984. 160 s.
Hacıyev Abbas. Tiflis Azərbaycan və Adıgün türk teatrı. Bakı, “Borçalı” NPM, 2006. 32 səh.
İlham Rəhimli - AZƏRBAYCAN TEATR TARİXİ, D ə r s l i k, Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü il tarixli 816 saylıəmri ilə təsdiq olunub, ÇAŞIOĞLU ,2005