Tayka islahatı
Tayka islahatı (大化の改新, Tayka no Kayşin) – 645-ci ildə Yaponiyada həyata keçirilmiş bir sıra siyasi innovasiyalar. Tayka islahatı Şahzadə Nakano Oe (daha sonra İmperator Tenci) və Nakatomi no Kamatari (daha sonra Fucivara no Kamatari) tərəfindən 645-ci ildə Soqa klanı hakimiyyətinə qarşı olan çevrilişdən sonra baş tutmuşdur.[1]
Tayka islahatı imperator ailəsinin bütün Yaponiya boyunca mütləq hakmiyyətini bərqərar etmək və Çindəki Tan sülaləsinin dövləti əsasında hökumət qurmaq üçün həyata keçirilmişdi. Çindən götürülən yeniliklərdən biri imperator dövrlərini adlandırmaq idi və taxta çıxmış İmperator Kotoku hakimiyyətinin birinci yarısını Tayka dövrü ("Böyük dəyişiklik") adlandırmışdır. Tayka islahatını araşdıran alimlər onu Meyci islahatı ilə müqayisə etsələr də, ondan fərqli olaraq, Tayka islahatı diqqətlə planlaşdırılmış və elan olunmuş islahatdır.[1]
Arxaplan
Tayka dövründən əvvəl Yaponiya müxtəlif klanlar tərəfindən idarə olunurdu və imperatorluq sarayı 50 il boyunca Soqa klanının təsiri altında olmuşdur. Soqa klanı intriqa, manipulyasiya və qətlərlər hakimiyyətdə qalırdı. Soqa klanının son lideri olan Soqa no İrukanın qurbanlarından biri 643-cü ildə öldürülmüş Şahzadə Yamaşiro Oe idi. Bu qətldən sonra İruka öz malikanəsini saraya çevirmiş və oğullarını şahzadə adlandırmışdır.[1]
645-ci ildə Şahzadə Nakano Oe və Nakatomi no Kamatari Nakanonun anası olan İmperatriça Koqyokunun sarayında İrukanı öldürmüşdürlər. Bu hadisə İşşi insidenti adını almışdır. İmperatriça Koqyoku taxtı Nakanonun dayısı İmperator Kotokuya buraxmış və islahatların həyata keçirilməsi üçün zəmin yaranmışdır.[1]
Cəmi 20 yaşında olmasına baxmayaraq Nakanonun taxta böyük təsiri var idi və vəlihəd şahzadə olmuşdur. Nakatomi no Kamatari isə daxili işlər naziri seçilmişdir. Nakano Oe və Kamatari Tayka islahatının memarları hesab olunurlar. Çindəki Tan sülaləsinin intizamlı hökuməti yaponlara çoxdan məlum olsa da, məhz Nakano və Kamatarinin həyata keçirdiyi islahatlar Yaponiyada effektiv, mərkəzi hökumətin qurulmasına gətirib çıxarmışdır.[1]
İslahatların məzmunu
Tayka dövrünə aid edilən bəzi islahatların daha sonra həyata keçirildiyi güman edilsə də, çoxu Kotokunun ilk hakimiyyət illərində baş tutmuşdur. 646-cı ilin əvvəlinə aid bir fərman islahatlar dalğasını başlatmışdır. Fərman dörd əsas müddəadan ibarət idi:[1]
- torpağın və təhkimli kəndlilərin şəxsi mülkdən çıxıb imperatora məxsus olması.
- paytaxtda və əyalətlərdə imperatora tabe olan yeni inzibati və hərbi quruluşların yaradılması.
- əkinə yararlı torpaqların siyahıya alınması.
- yeni və bərabər vergi sisteminin təşkil olunması.
Mart ayında Şahzadə Nakano öz mülklərini və təhkimlilərini dövlətə təhvil etmişdir və digər zadəganlar da onu izləmişdir. Avqust ayında çıxarılan hökmdən sonra bu cür təhvil məcburi və universal olmuşdur. Əhalinin və istifadə olunan torpağın qeydiyyatı aparılmış, torpağın istifadəsinə görə yox, əhalinin sayına əsaslanan yeni vergi sistemi yaradılmışdır. Omidə Çin stilində imperatorluq sarayı yaradılmışdır. Paytaxt ərazisində böyükmiqyaslı torpaq paylanması proqramı başlamışdır.[1]
Qanunlar ilk dəfə sistemləşdirilmiş və yenilənmişdir. Tan sülaləsindən nümunə götürülərək yeni hökumət orqanları yaradılmış və məmurlar Çində təhsil almış şəxslərdən dərslər almışdır. Ölkə boyunca uzanan yeni yol sisteminin tikintisi başlamışdır.[1]
Həmçinin bax
İstinadlar
- Tayka islahatı Encyclopædia Britannica Online ensiklopediyasında