Tanqut rəvəndi

Rheum tanguticum (lat. Rheum tanguticum)[1]rəvənd cinsinə aid bitki növü.[2]

Tanqut rəvəndi
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Klad:
Eudicots
Klad:
Core eudicots
Klad:
Superasterids
Yarımfəsilə:
Polygonoideae
???:
Tanqut rəvəndi
Beynəlxalq elmi adı
  • Rheum tanguticum
Vikianbarın loqotipi
Şəkil
axtarışı
NCBI  137226
EOL  2908120

Rheum palmatum L.- Ovucabənzər Tanqut rəvəndi var. tanguticum Maxim (Tanqut rəvəndi, rəvənd)

Botaniki xarakteristikası

Çoxillik ot bitkisi olub, hündürlüyü 1,5–2,5m-ə bərabərdir. Gövdəsi düzqalxan zəif budaqlanan, dolğun (4–5 sm diametrli), çılpaq, şirəli, silindrik, daxili içiboş oyuqlu olub, yuxarı hissəsi kiçik şırımlıdır. Kökətrafı yarpaqları iri, yumurtaşəkilli, 5–7 pərli, uzun saplaqlı olub, uzunluğu 1m-ə bərabərdir. Saplağı lətli olub, uzunluğu 30 sm-dir. Gövdə yarpaqları kiçik, növbəli, saplaqlı, yumurtavaridir. Çiçəkləri düzgün, kiçik, yaraşıqsız, düzqalxan, piramidal, çoxçiçəkli olmaqla, süpürgə çiçəkqrupunda toplanmışdır. Çiçək yatağı sadə, tacabənzər, 6 bölümlü, ağımtıl-çəhrayı və ya qırmızı rənglidir. Meyvələri 3 tilli, uzunluğu 6–9 mm, qırmızı-qonur rəngli olub, qabırğalıdır. İyun ayında çiçəkləyir, iyul ayında isə meyvələri yetişir.[3]

Açıq və gübrələnmiş yerlərdə daha çox rast gəlinir.

Kökləri Tyan-Şanda erkən yazda və ya payızda 4–5 yaşında, Çində isə 8–12 yaşında toplanılır. Bu halda 4–9 kq xammal (kök) toplamaq mümkündür. Kökləri soyuq suda yuyulur, odunlaşmış, xarab olmuş, korlanmış, zədələnmiş hissələri təmizlənilir və uzunluğu 15 sm, qalınlığı isə 3 sm olan hissələrə bölünərək, yaxşı havalı yerlərdə və ya 60°С temperaturda quruducu şkafda qurudulur.[4]

Özünəməxsus iyli, acı dadlı və büzücüdür. İşıqdan qorumaqla quru, havalı yerlərdə saxlanılmalıdır. Saxlanılma müddəti 5 ildir.[5]

Tərkibi və təsiri

Tərkibində antraxinon, antraqlükozidlər (6%), sərbəst aqlikon (reumemodin, xrizofenol, rein), aşı maddələr (6,7–10,6%), qatran, tannoqlükozidlər (10%), rutin, üzvi turşular və katexin maddələri vardır. Tərkibində antrosen törəmələri rein, aloeemodin, franqulaemodin, xrizafanol, fisçion, antron, antronol, hetero və diantronlar (palmidin А, В, С, D, reidin А, В, С, sennidin С) tapılmışdır. Bundan başqa köklərində flavonoidlər, acı qlükozidlər, pektin maddələri, qatran və nişasta vardır.[6]

İşlədici (büzücü) dərmandır. Tərkibindəki antrasen törəmələri işlədici kimi bağırsaq peristaltikasını artırır, aşı maddələri isə büzücü, iltihabsorucu və ishaləleyhinə, qatranlı maddələr də işlədici təsir göstərir. Kökləri yüksək dozalarda (0,5–2 q) keyfiyyətli işlədici dərman kimi, kiçik dozalarda (0,05–0,2 q) büzücü və iştahartırıcı dərman kimi işlədilir. İşlədici vasitə kimi təsiri qəbulundan 8–10 saat sonra başlayır. İşlədici təsir başlıca olaraq antrasen törəmələrinin təsirinə görə yaranır. Köklərinin sulu ekstraktında çoxlu miqdarda antraqlükozidlər, spirtli çıxarışında zəngin aşı maddələri vardır.[7]

Rəvənd kökü xammalı. İşlədici dərmandır.

Rəvənd siropu işlədici dərmandır.

Rəvənd həbi və poroşoku 0,3 və 0,5q. İşlədici dərmandır.

Rəvəndin quru ekstraktı toz və həb.

Bitkinin istifadə orqanı kök və kökümsovlarıdır.[8]

Tərkibində antraqlükozidlər olduğundan qəbul olunduqdan 8–10 saat sonra yoğun bağırsağın peristaltikasını artıraraq işlədici təsir göstərir. Tannoqlükozidlər büzücü və antiseptik təsir göstərir. Rəvəndı az dozada tətbiq etdikdə büzücü, yüksək dozada isə işlədici təsir edir. Başlıca olaraq güclü sakitləşdirici təsir göstərir. İltihabsorucu, antiseptik, ödqovucu, yelqovucu, möhkəmləndirici və büzücü təsir edir. Xroniki qəbizlik və hemorroyda qəbul edilməsi əks göstəriş sayılır. Adətən spastik qəbizlikdə, bağırsaq atoniyasında, menstruasiya və hamiləlikdə, düz bağırsağın çat və hemorroyunda tətbiq edilir. Hazırlanması yalnız apteklər tərəfindən aparılır.[9]

Rəvənd həbi (Tab. Radicis Rhei) 0,3–0,5 q olub, gündə 2–3 dəfə qəbul edilir.

Quru rəvənd ekstraktı (Extr. Rhei siccum). 0,1 −1,0 dozada qəbul edilir.

Rəvənd tozu (Pulv. Radicis Rhei). Böyüklər üçün 0,5–2q, uşaqlar isə 0,1 q dozada qəbul edirlər.

Kökətrafı yarpaqlarının tərkibində franqulaemodin-antranol və xrizofan turşusu, meyvələrinin tərkibində p aminoçitrin, ksantoramnetin, kverçitrin, ramnetin, kverçetin, kempferol, triterpen törəmələri, qatran, üzvi turşular, pektin və digər maddələr vardır.

Fotoelektrokolorimetrik metodla tərkibində antrasen törəməsi olan istizin ən azı 2%, rütubət 12%, ümumi kül 8%, 10% xlorid turşusunda həllolunmayan kül 1%, yetişməyən və inkişaf etməyən meyvələri və kökləri 5%, üzvi maddələri 0,5%, mineral maddələri isə 0,5%-dən çox deyildir.[10]

Tərkibində antrasen törəməsi olan istizin 2%, rütubət 9%, ümumi 8%, 10% xlorid turşusunda həllolunmayan kül 1%, sınmış meyvələri və 0,16 mm ölçüsündə olan hissəcikləri 3%-dən çox deyildir.[11]

Əks göstəriş – Yoxdur. Uzun müddət bu bitki ilə müalicə apardıqda bitkiyə qarşı adaptasiya yaranır və müalicəvi təsiri aşağı düşür.

İstinadlar

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  3. S. C. İbadullayeva, M. C. Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  4. S. C. İbadullayeva, M. C. Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  5. S. C. İbadullayeva, M. C. Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  6. S. C. İbadullayeva, M. C. Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  7. S. C. İbadullayeva, M. C. Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  8. S. C. İbadullayeva, M. C. Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  9. S. C. İbadullayeva, M. C. Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  10. S. C. İbadullayeva, M. C. Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  11. S. C. İbadullayeva, M. C. Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.