Tamamlıq

Tamamlıqikinci dərəcəli cümlə üzvlərindən biri. Adlıq və yiyəlik hallarından başqa, qalan halların suallarına cavab verir. Tamamlıq kimi? nəyi? nə? kimə? nəyə? kimdə? nədə? kimdən? nədən? kim ilə? nə ilə? kim üçün? nə üçün? kim haqqında? nə haqqında? nə barədə? suallarından birinə cavab verir. Tamamlıq adətən isim və əvəzliklərlə ifadə olunur. Məsdərlər və isimləşmiş başqa nitq hissələri də cümlədə tamamlıq olur. Nitq hissələri ilə ifadə olunan tamamlıqlar quruluşca sadə olur. Söz birləşmələri, mürəkkəb adlar, feli sifət və məsdər tərkibləri ilə ifadə olunanlar isə mürəkkəbdir.

Tamamlıq ikinci dərəcəli cümlə üzvüdür; üzərində iş icra olunan və ya hərəkətlə dolayı yolla əlaqələnən əşyanı, obyekti bildirir; cümlədə xəbər zonasına aid olub, xəbərlə birbaşa bağlı olur; adətən, xəbərlə mübtəda arasında, güclü pozisiyada - aktuallaşma məqamında cümlənin sonunda işlənir; əksərən xəbərlə idarə, bəzən yanaşma əlaqəsində olur.

Tamamlıq ifadə vasitələrinə görə mübtədanı xatırladır. Mübtəda kimi, tamamlıq da isim, sifət, say, əvəzlik, məsdər, feili sifət, bəzi zərflər, ismi birləşmələr, məsdər və feili sifət tərkibləri ilə ifadə olunur. Mübtəda vəzifəsində olduğu kimi, tamamlıq vəzifəsində də bunların bir qismi - sifət, say, işarə əvəzlikləri, feili sifətlər isimləşməli olur. Lakin tamamlığın ifadə imkanları daha genişdir: mübtəda yalnız adlıq halda olan sözlər və birləşmələrlə ifadə olunduğu halda, tamamlıq dörd halda — yönlük, təsirlik, yerlikçıxışlıq hallarında olan sözlər və birləşmələrlə ifadə olunur. Bundan əlavə, üçün, ötrü, ilə, qarşı, haqda, barədə, haqqında, barəsində və s. qoşmaların qoşulduğu sözlər və birləşmələr də qeyri-müstəqim obyekt bildirməklə cümlədə tamamlıq vəzifəsində işlənə bilir. Tamamlıq qeyd edilən nitq hissələri və söz birləşmələri içərisində daha çox isim, əvəzlik və məsdərlərlə ifadə olunur. Sifət, say, işarə əvəzlikləri və feili sifətlər tamamlıq vəzifəsində işlənmək üçün isimləşməli olur. Qoşmalı sözlər və birləşmələr tamamlıq vəzifəsində işlənməklə qeyri-müstəqim obyektlə hərəkət arasında əlaqə yaradır. Substantiv ismi birləşmələr, məsdər və feili sifət tərkibləri mürəkkəb tamamlığın əsas ifadə vasitələridir.

Tamamlığın növləri

Vasitəli tamamlıq

Vasitəli tamamlıq hərəkətlə birbaşa deyil, dolayı yolla əlaqələnən əşyanı, obyekti bildirir.İş və hərəkət vasitəli tamamlığın ifadə etdiyi obyekt üzərində icra edilmir, onunla zəif əlaqələnir. Ona görə də vasitəli tamamlıqlar yalnız feili xəbərlə deyil, həm də ismi xəbərlə bağlı olur.Vasitəli tamamlıqlar ismin yönlük, yerlik, çıxışlıq hallarında olub əşya məzmunu bildirən sözlər və birləşmələrlə, eyni zamanda üçün, ötrü, ilə, qarşı, haqqında, barəsində qoşmalarının qoşulduğu bir sıra sözlər və birləşmələrlə ifadə olunur.Yönlük halda olan sözlər və birləşmələrlə ifadə olunan vasitəli tamamlıqlar bənzəmə, oxşama, yönəlmə, istiqamət və məqsəd çalarına malik olur.Yerlik və çıxışlıq hallarında olan vasitəli tamamlıqlarda nisbi yer çaları olur.Qoşmaların qoşulduğu sözlər və birləşmələr əsasən vasitəli tamamlıq hallarının (yönlük, yerlik, çıxışlıq) mənalarına yaxın mənalar ifadə edir.İlə qoşmalı tamamlıqlar vasitə, alət, birgəlik, qarşılaşdırma, seçilmə və s. məna çalarına malikdir.Yönlük, yerlik və çıxışlıq hallarında olan sözlər və birləşmələr cümlədə tamamlıq da ola bilir, yer zərfliyi də; üçün, ötrü qoşmalı sözlər və birləşmələr tamamlıq da ola bilir, səbəb və məqsəd zərflikləri də; -la, -lə (ilə) qoşmalı sözlər və birləşmələr tamamlıq da ola bilir, tərz zərfliyi də.

Vasitəsiz tamamlıq

Vasitəsiz tamamlıq hərəkətlə bilavasitə, birbaşa əlaqəli olan, üzərində iş icra olunan əşyanı, obyekti bildirir.Vasitəsiz tamamlıq təsirli feili xəbərlə ifadə olunan işin icrası nəticəsində yeni yaranan, tam və ya qismən dəyişikliyə uğrayan, məkan dəyişikliyinə uğrayan və ya sadəcə olaraq hərəkətin təsirinə məruz qalan əşyanı, obyekti bildirir. Vasitəsiz tamamlıqlar ismin təsirlik halında olan sözlər və birləşmələrlə ifadə olunur, təsirli feili xəbərlə əlaqələnir. İsmin təsirlik halı iki cür olduğundan, yəni müəyyənlik və qeyri-müəyyənlik ifadə etdiyindən vasitəsiz tamamlıqlar da iki cür olur: müəyyənlik bildirən vasitəsiz tamamlıqlar, qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıqlar. Müəyyənlik və qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıqların forma və məzmun fərqləri göz qabağındadır: müəyyənlik bildirən vasitəsiz tamamlıqlar təsirlik hal şəkilçisinin iştirakı ilə formalaşır və müəyyən, konkret əşya bildirir. Qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıqlar təsirlik hal şəkilçisi olmadan formalaşır və qeyri-müəyyən, ümumi əşya bildirir.

Müəyyənlik və qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıqların aşağıdakıları xəbər arasında idarə, qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıqla təsirli feili xəbər arasında yanaşma əlaqəsi olur:

  • Müəyyənlik bildirən vasitəsiz tamamlığın cümlədə yeri sərbəstdir: xəbərlə mübtəda arasında, cümlənin əvvəlində, aktuallaşdırma prosesində xəbərdən sonra da işlənə bilir.Qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıqların yeri sabitdir; onlar yalnız təsirli feili xəbərin yanında işlənir və xəbərlə onların arasına müstəqil mənalı söz daxil ola bilmir.
  • Müəyyənlik bildirən vasitəsiz tamamlıqlardan əvvəl o, bu, həmin, haman və s. kimi müəyyənləşdirici sözlər işlənə bilər.Lakin qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıqlardan əvvəl belə sözlər işlənməz.
  • Müəyyənlik bildirən vasitəsiz tamamlıqlar kimi? nəyi? haranı? suallarına, qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıqlar isə yalnız nə? sualına cavab verir (buradakı nə? sualını mübtədanın nə? sualı ilə eyniləşdirməməli).
  • Bunlar ifadə vasitələrinə görə də fərqlənir. Müəyyənlik bildirən vasitəsiz tamamlıqların ifadə imkanları çox zəngindir. Xüsusi və ümumi isimlər, şəxs əvəzlikləri, substantivləşmiş işarə əvəzlikləri, yer zərfləri, -dakı, -dəki şəkilçili sözlər, ismi birləşmələr və s. - hallana bilən hər cür söz və söz birləşmələri cümlədə müəyyənlik bildirən vasitəsiz tamamlıq vəzifəsində işlənə bilir.Qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıqların isə ifadə vasitələri məhduddur. Bunlar, başlıca olaraq, ümumi isimlərlə ifadə olunur.Nə sual əvəzliyi, heç nə inkar əvəzliyi, yanaşma-uzlaşma əlaqəli ismi birləşmələr də qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıq vəzifəsində işlənə bilir.

Təsirli feili xəbərlə ifadə olunan işin icrası nəticəsində vasitəsiz tamamlıqla ifadə olunan obyektdə bir sıra dəyişikliklər baş verir. Bu dəyişikliklər təsirli feili xəbərlə vasitəsiz tamamlığın əlaqəsi əsasında dərk olunur.

  • Obyekt əvvəlcədən mövcud olmur, işin icrası nəticəsində yaranır (və ya yarana bilir).
  • Obyekt əvvəlcədən mövcud olur, işin icrası nəticəsində məhv olur, yox olur.
  • İşin icrası nəticəsində obyekt qismən dəyişikliyə uğrayır.
  • İşin icrası nəticəsində obyekt məkan dəyişikliyinə uğrayır.
  • Obyekt sadəcə olaraq hərəkətin təsirinə məruz qalır, lakin heç bir dəyişikliyə uğramır.

Təsirlik halda olan sözlər üzərində iş icra olunan obyekti bildirdiyindən vasitəsiz tamamlıq kimi izah olunur. Ona görə də bu cür sözlər hətta haranı? sualına cavab verdikdə də vasitəsiz tamamlıq sayılır.[1]

İstinadlar

  1. Qəzənfər Kazımov. Müasir Azərbaycan dili.Sintaksis. Bakı,2000.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.