Talaq

Talaq – İslam dininə görə kişi ilə qadın arasında başlanmış nikaha son vermə.

Öz arvadına talaq verən kişi, gərək baliğ və aqil olsun, həmçinin kişi gərək öz ixtiyarı ilə talaq versin və əgər arvadına talaq verməyə onu məcbur etsələr, talaq batildir; və həmçinin gərək talaq vermək qəsdi olsun, əgər siğəsini zarafat ilə, yaxud sərxoş halda desə, səhih deyil.

Qadın gərək talaq vaxtında heyz və nifas qanından pak olsun və əri o paklıqda onunla yaxınlıq etməmiş olsun. Bu iki şərtin təfsili gələcək məsələlərdə deyiləcək.

Heyz və nifas halında qadına talaq vermək üç halda səhihdir: 1) Evlənəndən sonra əri onunla yaxınlıq etməmiş olsun; 2) Hamilə olmağı məlum olsun; əgər məlum olmasa və əri heyz halında təlağını versə və sonra başa düşsə ki, hamilə imiş, talaq batildir, hərçənd yaxşısı odur ki, ona talaq verməklə olsa belə ehtiyata riayət edilsin; 3) Kişi qayib olsa və ya hər hansı səbəbdən hətta qadının gizlənməsinə görə, arvadının heyz və nifas qanından pak olub-olmadığını başa düşə bilməsə; Bu halda vacib ehtiyat budur ki, arvadından ayrıldığı gündən ən azı bir ay keçənə qədər səbir edib sonra ona talaq versin.

Əgər qadını heyz halından pak olduğunu bilsə və təlağını versə, sonradan məlum olsa ki, talaq vaxtında heyz halında imiş, onun təlağı fərz olunan hal istisna olmaqla batildir. Əgər onun, heyz halında olduğunu bilsə və təlağını versə, sonradana məlum olsa ki, pak imiş, onun təlağı səhihdir.

Əgər bir şəxs arvadının heyz, ya nifas halında olduğunu bilə-bilə ondan ayrı düşsə, məsələn, səfərə çıxsa və ona talaq vermək istəsə, gərək arvadın heyz ya nifas qanından pak olduğuna yəqinlik, ya arxayınlıq hasil edənə kimi səbir etsin və sonra bilsə ki, pak olubdur, ona talaq verə bilər.

Əgər arvadından ayrı düşən kişi öz arvadına talaq vermək istəsə, belə ki, arvadının heyz və nifas halında olub-olmamasından xəbər tuta bilsə, hərçənd onun xəbəri qadının heyz adəti üzrə, ya şəriətdə müəyyən olunmuş başqa nişanələrdən olsa belə, əgər ona talaq versə və sonra məlum olsa heyz, ya nifas halında olub, o halda onun təlağı səhih deyil.

İstər heyz, ya nifas halında olan, istərsə pak olmuş əyalı ilə yaxınlıq etsə və talaq vermək istəsə, gərək təzədən heyz olub pak olana qədər gözləsin. Amma 9 yaşı tamam olmamış, yaxud qadının hamilə olması yəqin olsa, əgər yaxınlıq edəndən sonra talaq versə, həmçinin yaisə olsa da, işkalı yoxdur.

Əgər heyz və nifas qanından pak olan qadın ilə yaxınlıq etsə və həmin paklıqda onun talağını versə, sonradan isə məlum olsa ki, talaq vaxtı hamilə imiş, o talaq batildir, hərçənd talağın yenidən verilməsi ilə olsa belə ehtiyata riayət etmək daha yaxşıdır.

Əgər heyz və nifas qanından pak olmuş qadın ilə yaxınlıq etsə və sonra ondan ayrılsa, məsələn; səfərə getsə, belə ki, səfərdə təlağını vermək istəsə və onun halından xəbərdar ola bilməsə, gərək qadının o paklıqdan sonra qan görüb və təzədən pak olması qədər səbir etsin. Vacib ehtiyat odur ki, o müddət bir aydan az olmasın. Əgər qeyd olunanlara riayət etməklə talaq versə, sonra təlağın elə həmin paklıq dövründə baş verməsi məlum olsa, eybi yoxdur.

Əgər kişi xilqətindən, ya xəstəliyinə görə, ya süd verdiyinə görə, ya dərman qəbul etdiyinə görə və ya hansı başqa səbəbdən heyz görməyən arvadına talaq vermək istəsə və o halda onun yaşda olan qadınlar heyz görürlərsə, gərək öz arvadı ilə yaxınlıq etdiyi vaxtdan 3 (üç) ay müddətində onunla cima etməkdən çəkinsin və sonra ona talaq versin.

Talağın siğəsi gərək ərəbcə düz və "Taliq" kəlməsi ilə oxunsun, iki adil kişi də onu eşitsinlər. Əgər kişi özü talaq siğəsini oxumaq istəsə və arvadının adı məsələn; Fatimə olsa gərək desin: "Zovcəti Fatimətu taliqun" yəni mənim arvadım Fatimə azaddır. Əgər başqasını vəkil etsə, gərək o vəkil desin: "Zovcətu müvəkkili Fatimətu taliqun" və qadın müəyyən olan halda onun adını demək lazım deyil. Əgər orada hazır olsa və "hazihi taliqun" deyilərək ona işarə etsə və ya ona xitab edilərək ənti taliq deyilsə, kifayətdir. Əgər kişi talaq siğəsini ərəbcə oxuya bilməsə və ya vəkil tuta bilməsə, hansı dildə olursa olsun, ərəbcə oxunan siğənin mənasını deyib, talaq verə bilər.

Müvəqqəti əqd ilə siğə olunmuş qadının təlağı yoxdur. Onun azad olması, əqdin tamam olması ilə, yaxud kişinin ona "Müddəti sənə bağışladım" deyərək müddəti bağışlaması ilə olur. Şahid tutmaq və qadının heyzdən pak olması lazım deyil.

Talağin iddəsi

9 yaşı tamam olmamış, habelə yaisə qadının iddəsi yoxdur, yəni əri onunla yaxınlıq etsə də, talaqdan sonra dərhal ərə gedə bilər.

9 yaşı tamam olan və yaisə olmayan qadının əri onunla yaxınlıq edib təlağını versə, talaqdaq sonra gərək iddə saxlasın. İki heyzin arasındakı fasilə 3 aydan az olan qadının iddəsi odur ki, əri paklığında ona təlağını verəndən sonra o qədər gözləsin ki, iki dəfə heyz görsün və pak olsun. Üçüncü heyzi görən kimi onun iddəsi tamam olur və ərə gedə bilər, amma əgər yaxınlıq etməmişdən qabaq ona talaq versə, iddəsi yoxdur, yəni talaqdaq sonra dərhal ərə gedə bilər, amma əgər ərindən xaric olan məni, (cəzb və ya ona oxşar yol ilə) qadının fərcinə daxil olsa, bu halda gərək iddə saxlasın.

Heyz görməyən qadın əgər heyz görən qadınlar yaşda olsa, ya iki heyzi arasındakı zaman fasiləsi 3 aydan artıq olsa, belə ki, əri onunla yaxınlıq etdikdən sonra talaq versə, gərək talaqdaq sonra qəməri tarixlə üç ay iddə saxlasın.

İddəsi üç ay olan qadının əgər hilali ayın əvvəlində təlağını versələr, üç ay iddə saxlasın. Əgər ayın əsnasında təlağını versə, gərək ayın qalanını sonrakı iki ay ilə bərabər və birinci aydan, qalanını isə dördüncü aydan iddə saxlasın ki, üç ay tamam olsun. Məsələn, əgər ayın 20-ci gününün qürubunda təlağını versələr və o ay 30 gün olsa, onun iddəsi dördüncü ayın 20-ci günü qürub vaxtı tamam olur. Əgər ay 29 gün olsa, vacib ehtiyat odur ki, dördüncü aydan 21 gün iddə saxlasın ki, birinci aydan iddə saxladığı miqdarla 30 gün olsun.

Əgər hamilə qadına talaq versələr, iddəsi uşaq dünyaya gələnə qədər, ya səqt olana qədərdir. Buna görə də əgər talaqdan bir saat sonra uşaq dünyaya gəlsə, iddəsi tamam olar, amma bu o haldadır ki, uşaq ərinin şəri övladı olsun. Buna əsasən əgər qadın zinadan hamilə olsa və əri ona talaq versə, onun iddəsi, uşağa hamiləlik dövrü ilə tamam olmur.

9 yaşı tamam olmuş və yaisə olmayan qadın əgər siğə olunsa, belə ki, əri onunla yaxınlıq etsə və o qadının müddəti tamam olsa, ya əri müddəti ona bağışlasa, gərək iddə saxlasın. Əgər heyz görürsə, gərək iki heyz miqdarında iddə saxlasın və ərə getməsin, vacib ehtiyata görə bir dəfə heyz görməsi kifayət deyil və əgər heyz görmürsə 45 gün ərə getməkdən özünü çəkindirsin. Hamilə olan halda onun iddəsi uşaq dünyaya gələnə qədər, ya səqt olana qədərdir, hərçənd müstəhəbb ehtiyat odur ki, doğuş və 45 gün arasında hansı daha çox olsa, onu daha çox iddə saxlasın.

Talaq iddəsinin əvvəli talaq siğəsi oxunub tamam olandan sonra başlayır, istər qadın ona talaq verdiyini bilsin, ya bilməsin. Əgər iddə tamam olandan sonra ona talaq verildiyini başa düşsə, təzədən iddə saxlamağı lazım deyil.

Əri ölmüş qadinin iddəsi

Əri ölmüş qadın hamilə olmasa, gərək 4 ay 10 gün iddə saxlasın, yəni ərə getməkdən çəkinsin, hərçənd səğirə, ya yaisə, ya siğə olsa, ya kafir, ya rici talaq verilmiş, ya iddə halında olsun, əri onunla yaxınlıq etməsə də, hətta əri uşaq və ya dəli də olmuş olsa, hökm eynidir. Əgər hamilə olsa, gərək doğana qədər iddə saxlasın. Amma əgər 4 ay 10 gün keçməmişdən qabaq dünyaya gəlsə, gərək ərinin ölümündən sonra 4 ay 10 gün gözləsin. Bu iddəyə, vəfat iddəsi deyərlər.

Vəfat iddəsində olan qadına zinət libasları geymək və sürmə çəkmək haramdır. Həmçinin zinət hesab olunan başqa işlər də ona haram olar. Amma evdən çölə getmək ona haram deyil.

Əgər bir qadın ərinin öldüyünü yəqin etsə və vəfat iddəsi tamam olandan sonra ərə getsə, əgər məlum olsa ki, onun əri sonradan ölüb, ikinci əqd də birinci ərinin sağlığında və ya həqiqi vəfat iddəsi dövründə baş veribsə, gərək ikinci ərindən ayrılsın və vacib ehtiyata görə iki iddə saxlasın. Əgər ikinci ərindən hamilə olubsa, bu halda doğana qədər ikinci ər üçün (eynilə talaq iddəsi kimi olan) vəty-şübhə iddəsi, ondan sonra isə birinci ər üçün vəfat iddəsi saxlasın, ya da əvvəlki iddəsini təkmil etsin. Əgər hamilə olmasa və birinci əri ikinci ərinin yaxınlıq etməsindən qabaq ölmüş olsa, əvvəlcə birinci ər üçün vəfat iddəsi, ondan sonra isə ikinci əri üçün vəty-şübhə iddəsi saxlasın. Əgər yaxınlıq vəfatdan qabaq olubsa, onun iddəsi irəlidir.

Vəfat iddəsinin əvvəli əri qayib, ya qayib hökmündə olan halda, ərin ölümündən sonra yox, qadının ərinin ölümündən xəbərdar olmasından başlayır, amma bu hökm əgər qadın həddi-büluğa çatmamış, ya divanə olan surətdə məhəlli-işkaldır, ehtiyata riayət etmək vacibdir.

Əgər qadın desə ki, "iddəm tamam olub", ondan qəbul olunar, amma əgər qadın töhmət vurulan bir məqamda olsa, bu halda vacib ehtiyata görə ondan qəbul olunmaz, məsələn, əgər iddia etsə ki, bir ayda 3 dəfə heyz görüb, onun iddiası təsdiq olunmaz. Amma əgər ona yaxın olan qadınlar onun bu adət üzrə heyz görməsini təsdiq etsələr, bu halda ondan qəbul olunar.

Rici və bain talaği

Bain talaq odur ki, talaqdan sonra kişinin öz arvadına rücu etməsinə haqqı yoxdur, yəni əqdsiz onu arvadlığa qəbul etməyə haqqı yoxdur və o, 6 qismdir.

1. 9 yaşı tamam olmayan qadının təlağı.

2. Yaisə olan qadının təlağı.

3. Əqddən sonra əri onunla yaxınlıq etməmiş olan qadının talaqı.

4. Üç dəfə boşanmış bir qadının talaqı.

5. Xüli və mübarat təlağı.

6. Şəriət hakiminin, ərinin nə nəfəqəsini təmin etməyə və nə də boşamağa hazır olduğu bir qadına verdiyi talaq.

Bunlarla bağlı hökmlər sonrakı məsələlərdə açıqlanacaqdır. Bunlardan başqa olan talaqlar isə rici talaqdır. Yəni qadının iddədə olduğu müddətdə əri yenidən ona rücu edə bilər.

Arvadını rici talaqla boşayan şəxsə arvadını, boşanma zamanı yaşadığı evdən çıxarması haramdır. Amma bəzi zamanlarda ki, qadının zina etmiş olması bunlardan biridir, qadını evdən çıxarmasının eybi yoxdur. Həmçinin qadının ərindən icazəsiz lazımsız işlər üçün evdən çıması haramdır. Kişiyə də vacibdir ki, iddə dövründə onun xərclərini təmin etsin.

Rücu etməyin hökmləri

Rici talaqda kişi iki yolla öz arvadına rücu edə bilər:

1. Qadını, yenidən öz arvadı qərar verməsini bildirən bir söz desin.

2. Bir iş görsə ki, o iş ilə rücu qəsdi olsun. Yaxınlıq etməklə rücu gerçəkləşir, hərçənd rücu qəsdi olmasa da; amma şəhvətli ləms və öpüş ilə rücunun gerçəkləşməsi məhəlli işkaldır. Vacib ehtiyata görə əgər rücu etmək istəməsə, gərək yenidən talaq versin.

Rücu etmək üçün kişinin şahid tutması, ya da arvada xəbər verməsi lazım deyil. Hətta əgər heç kəs bilmədən özü rücu etsə, rücu etməyi düzdür. Amma əgər iddədən sonra kişi desə ki, iddə içərisində rücu etmişəm, qadın onu təsdiq etməsə, kişinin öz iddasını isbat etməsi lazımdır.

Öz arvadına rici talaq verən kişi əgər ondan bir mal alsa və onunla sülh etsə ki, bir daha ona rücu etməsin, hərçənd bu müsalihə düz olsa da və rücu etməməsi vacib olsa da, amma onun rücu etmək haqqı aradan getmir və rücu etdiyi surətdə, yenidən izdivac bərqərar olur.

Əgər bir qadına iki dəfə talaq verib ona rücu etsə, ya iki dəfə ona talaq verib və hər talaqdan sonra əqd etsə, ya bir talaqdan sonra rücu etsə, o biri talaqdan sonra əqd etsə, üçüncü talaqdan sonra o qadın ona haramdır. Amma əgər üçüncü talaqdan sonra başqasına ərə getsə, beş şərt ilə birinci ərinə halal olar, yəni o qadını təzədən əqd edə bilər:

1. İkinci ərin əqdi həmişəlik olsun. Əgər onu siğə etsə, ondan ayrılandan sonra birinci ər onu əqd edə bilməz.

2. İkinci ər onunla yaxınlıq etsin və düxul olsun və vacib ehtiyat odur ki, yaxınlıq qadının fərcindən olsun.

3. İkinci ər təlağını versin, ya ölsün.

4. İkinci ərin talaq, ya vəfat iddəsi tamam olsun.

5. Vacib ehtiyata görə ikinci ər yaxınlıq zamanı baliğ olsun.

Xül talaği

Ərinə meyli olmayan və ya ona kərahəti olan qadının mehrini və ya özünə aid olan başqa malını özünün boşanması üçün ərinə bağışlayarsa, buna, xül talaqı deyilir. Xül talaqında qadının ərinə qarşı olan meylsizliyi o həddə olmalıdır ki, onun evlilik haqqını riayət etmədiyini təhdid etsin.

Əgər talaq siğəsini ər özü oxumaq istəsə, belə ki, qadının adı Fatimə olsa qərara alınmış şey verildikdən sonra, gərək desin:

"Zovcəti Fatimətu xalətuha əla ma bəzələt" və ehtiyat müstəhəbbə görə həmçinin desin: "hiyə taliqun" yəni arvadım Fatiməni verdiyi şey müqabilində xül təlağı verdim və o azaddır. Qadın müəyyən olan halda bu talaqda və mübarat təlağında onun adını demək lazım deyil.

Əgər bir qadın bir kəsi vəkil etsə ki, onun mehrini ərinə bağışlasın və ər də həmin adamı vəkil etsə ki, arvada talaq versin, belə ki, ərin adı Muhəmməd və qadının adı Fatimə olsa, vəkil talaq siğəsini bu cür oxuyacaq:

"Ən muvəkkiləti Fatimətə bəzəltu məhrəhə limuvəkkili Muhəmmədin liyəxləəha ələyhi", ondan sonra deyəcək: "zovcətu muvəkkili xalətuha əla ma bəzələt fə hiyə taliqun", əgər bir qadın bir kəsi vəkil etsə ki, mehrdən başqa bir şeyi onun ərinə bağışlasın ki, ona talaq versin, vəkil gərək "məhrəha" sözünün yerinə o şeyi desin. Məsələn; 100 tümən versə gərək desin: "bəzəltu miətə tuman".

Mübarat talaği

Əgər ər və arvad bir-birlərini istəməsələr, bir-birlərindən ikrah etsələr və qadın bir malı ona talaq verməsi üçün kişiyə versə, bu təlağa mübarat təlağı deyilir.

Əgər ər mübarat siğəsini oxumaq istəsə, belə ki, qadının adı Fatimə olsa, gərək desin: "barətu zovcəti Fatimətə əla ma bəzələt" və lazım ehtiyata görə həmçinin desin "fəhiyə taliqun", yəni mən və arvadım Fatimə, onun verdiyi şeyin müqabilində bir-birimizdən ayrıldıq və o azaddır. Əgər başqasını vəkil etsə, vəkil gərək desin:

"Ən qibəli müvəkkili barətu zovcətəhu Fatimətə əla ma bəzələt fəhiyə taliqun", hər iki halda əgər "əla ma bəzələt" kəlməsinin yerinə, "bima bəzələt" desə, eybi yoxdur.

Xül və mübarat təlağının siğəsi gərək imkan olan halda ərəbcə səhih oxunsun və əgər mümkün olmasa, onun hökmü 2465-ci məsələdə olan təlağın hökmüdür, amma əgər qadın öz malını ərinə bağışlamaq üçün məsələn, azərbaycanca desə ki, talaq üçün filan malı sənə bağışladım, eybi yoxdur.

Əgər qadın xül, ya mübarat təlağının iddəsinin əsnasında bəxşiş fikrindən qayıtsa, ər rücu edə bilər və əqdsiz təzədən onu öz arvadı edə bilər.

Mübarat təlağı üçün ərin aldığı mal gərək mehrdən çox olmasın, hətta vacib ehtiyata görə gərək mehrdən az olsun, amma xül təlağında çox olsa, eybi yoxdur.

Talağin müxtəlif hökmləri

Əgər bir kişi naməhrəm qadını öz əyalı güman edib, onun ilə yaxınlıq etsə, istər o qadın əri olmadığını bilsin, istərsə də əri olduğunu güman etsin, gərək iddə saxlasın.

Bir kişi öz arvadı olmadığını bildiyi bir qadınla zina etsə, əgər qadın onun əri olmadığını bilsə, iddə saxlaması lazım deyil, amma əri olduğunu güman etsə, vacib ehtiyata görə iddə saxlamalıdır.

Əgər bir kişi, bir qadını onunla evlənməsi üçün ərini boşama məcburiyyətində qoymaq məqsədiylə evlilik hüquqlarına riayət etməməsi üçün aldadarsa, o qadının təlağı və əqdi səhihdir. Amma hər ikisi də böyük günah etmiş olurlar.

Əgər qadın əqdin zimnində əri ilə şərt etsə ki, xüsusi şərait irəli gəlsə, məsələn, əgər ər uzun müddətli səfərə getsə, ya məsələn, 6 ay onun xərcini verməsə, ya uzun müddət həbsə məhkum edilsə, təlağın ixtiyarı onunla olsun, bu şərt batildir, amma şərt etsə ki, ərinin tərəfindən xüsusi şərtlərdə və ya heç bir qeyd-şərt olmadan özünə talaq vermək üçün vəkil olsa, şərt düzdür və əri sonradan onu vəkillikdən əzl edə bilməz, əgər bu halda (vəkil olduğu halda qadın) özünə talaq versə talaq səhihdir.

Əri itmiş qadın, əgər başqasına ərə getmək istəsə, gərək adil müctəhidin yanına getsin və "Minhacus-sadiqin" kitabında qeyd etdiyimiz xüsusi şərtlər daxilində müctəhid ona talaq verə bilər.

Dəlinin ata və ata tərəfindən olan babası, onun arvadına onun məsləhətinə olsa, talaq verə bilərlər.

Əgər ata, ya ata tərəfindən olan babası öz uşağı üçün bir arvadı siğə etsə, uşağın mükəlləf olan vaxtından bir qədəri siğənin müddətində olsa belə, məsələn, 14 yaşlı oğlan üçün bir qadını iki illik siğə etsə, belə ki, uşağın xeyrinə olsa, o qadının müddətini bağışlaya bilər. Amma onun daimi arvadına talaq verə bilməz.

Əgər şəri höccət üzündən kişi iki nəfəri adil bilsə və öz arvadına onların qarşısında talaq versə, bir başqası ki, onların ədaləti onun yanında sübut deyil, əgər ehtimal versə ki, onların ədaləti talaq verənin yanında sabitdir, o qadını iddə tamam olandan sonra özü üçün, ya başqa adam üçün əqd edə bilər. Amma onların ədalətli olmadığına yəqin etsə, o qadını əqd edə bilməz.

Kişinin rici talaq verdiyi qadın, iddəsi tamam olana qədər onun şəri həyat yoldaşı hökmündədir. Belə ki, ərinin ondan hər növ cinsi ləzzət almasına mane olmağa haqqı yoxdur. Caiz və hətta müstəhəbdir ki, qadın özünü onun üçün bəzəsin. Onun icazəsi olmadan evdən çıxması caiz deyil. Əgər naşizə olmasa, (itaətdən boyun qaçırmasa) nəfəqəsini vermək ərinə vacibdir, eləcə də kəfəni, fitrə zəkatı da ərin öhdəsinədir. Hər biri ölərsə, digəri ondan irs aparır. Kişi, arvadının iddədə olduğu zaman onun bacısını ala bilməz.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.