Tailandın dövlət quruluşu
Tailandın dövlət quruluşu - 2007-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi.
Tailandın dövlət quruluşu | |||||
---|---|---|---|---|---|
Tailand | |||||
| |||||
Himn: เพลงชาติ |
|||||
Paytaxt | Banqkok | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Dövlət quruluşu
Tailand Parlament formasında idarəetmə üsuluna malik konstitusiyalı monarxiyadır. Milli bayram günü olan konstitusiya günü (1932) 10 dekabrdan qeyd olunur. Tailandın Konstitusiyası 2007-ci ilin noyabr ayından qüvvədədir.
İnzibati bölgüsü
Tailand 878 rayondan ibarət 76 əyalətə (Lampanq, Lampxun, Çianqmay, Çianqray, Mexonqson, Nan, Tak, Uttaradit, Pxre, Buriram, Kxonken, Nakxonratçasima, Samutpraxan, Çonburi, Sonqkxla, Amnatçaren, Yasotxon, Surin, Sisaket, Nonbualampxu, Maxasarakam, Mukdaxan və s.) və Banqkok paytaxt bələdiyyəsinə bölünür.
Dövlət başçısı
Ölkədə milli birliyin rəmzi və buddizmin müdafiəçisi sayılan Kral - dövlətin başçısı və silahlı qüvvələrin ali baş komandanıdır. Siyasətin fövqündə duran Tailand Kralı mütləq hakimiyyətə malik olmasa da, ölkədə vaxtaşırı baş verən siyasi böhranlar zamanı müxtəlif siyasi qüvvələr arasında balansı qoruyub saxlamaq, habelə dövləti əhəmiyyət kəsb edən bir çox mühüm qərarların qəbulunda bilavasitə iştirak edir.
Mövcud Konstitusiyaya görə beynəlxalq müqavilələr bağlamaq, yüksək hərbi və mülki vəzifələrə təyinat, hərbi vəziyyət elan və ya ləğv etmək, veto hüququnun tətbiqi, əfv fərmanı vermək, dekret və fərmanlar dərc etmək, Parlamenti buraxmaq və erkən seçkilər təyin etmək və s. məsələlər Kralın birbaşa səlahiyyətlərinə aid olsa da, dövlət üçün çox vacib və həlledici qərarların qəbulunda Baş nazirin və Parlamentin razılığı mütləqdir.
Tay cəmiyyətinin bütün təbəqələrində yüksək nüfuza malik olan Kralın siyasi həyatdakı rolu, eyni idarəetmə-üsullu qərb dövlətlərindən fərqli olaraq formal xarakter daşımır.
Qanunvericilik hakimiyyəti
İkipalatalı Parlamentdən: 150 yerlik Senatdan (Yuxarı Palataya 75 üzv Kral tərəfindən təyin edilir, senatorların digər 50%-i isə ümumxalq səsverməsi yolu ilə 6 il müddətinə seçilirlər) və 500 yerlik Nümayəndələr Palatasından (Aşağı Palataya deputatlar ümumxalq səsverməsi yolu ilə 4 il müddətinə seçilirlər) ibarətdir.
Əsas funksiyası qanunvericilik aktlarını qəbul və illik dövlət büdcəsini təsdiq etməkdən ibarət olan ölkə Parlamenti, eyni zamanda qanunlarla bağlı Kralın vetosunu hər iki palatada 2/3 səs çoxluğu ilə dəf etmək, Hökumətin fəaliyyətinə nəzarət etmək və zəruri hallarda etimadsızlıq göstərməklə onu tam tərkibdə istefaya göndərmək səlahiyyətinə malikdir. əldə etmişdir.
İcraedici hakimiyyət
Nümayəndələr Palatasında daha çox mandat əldə etmiş siyasi partiyanın və ya fraksiyanın lideri olan Baş nazir və onun rəhbərlik etdiyi Nazirlər Kabineti ölkədə icra hakimiyyətini həyata keçirilir. Baş nazir Aşağı Palatanın deputatlarının səs çoxluğu ilə, növbəti çağırışın ilk sessiyasının açılışından ötən 30 gün ərzində təsdiq olunmalıdır. Bir qayda olaraq, Parlament seçkilərində qalib gəlmiş partiyanın üzvlərindən formalaşan və ali qanunverici orqan qarşısında birbaşa məsuliyyət daşıyan Nazirlər Kabinetinin tərkibi, Baş nazirin təqdimatı ilə Kral tərəfindən təyin və ya azad edilir.
Məhkəmə hakimiyyəti
Tailandın qarışıq hüquq sistemi fransız və alman məcəllələrinin nümunələrinə əsaslanır.
Mövcud Konstitusiyaya görə, məhkəmə hakimiyyəti ölkədə ən yüksək məhkəmə instansiyası sayılan Ali Məhkəmə, Apelyasiya Məhkəməsi və birinci instansiya məhkəmələri tərəfindən həyata keçirilir.
Mənbə
- К. Кинель, Д. Мишукова. Таиланд. Королевство храмов и дворцов. М., Вече, 2011 (Исторический путеводитель).
- Погадаев, В. Страна королевских слонов — в: Азия и Африка сегодня. — 2003. — N9