Tacikistan mətbəxi

Tacikistan mətbəxiOrta Asiyada yerləşən Tacikistan Respublikasının mətbəxi.

Çörək satan tacik qadın

Tacik xalqının müasir həyatında cəlbedici məqamlardan biri onların bugünkü dövrdə də məişətdə öz milli adət-ənənələri və geyimləri ilə yanaşı milli mətbəxlərini qoruyub saxlamasıdır. Bu gün də taciklər milli yeməklərə üstünlük verirlər.[1]

Tacik xalqının kulinariya incəsənəti əsrlər boyu formalaşmışdır. Tacik milli mətbəxi digər Orta Asiya milli mətbəxi ilə eynilik təşkil etsə də, öz xüsusiyyəti, özünəməxsus texnologiyası ilə digərlərindən fərqlənir. Tacik mətbəxinin xarakterik xüsusiyyəti burada böyük miqdarda ət məhsullarından və balıqdan istifadə olunmasıdır. Daha çox qoyun və keçi ətindən istifadə olunur. Toyuq ətindən yeməklər azlıq təşkil edir, ördək və qaz ətindən isə, demək olar ki, istifadə olunmur. Tacik milli mətbəxinin digər xüsusiyyəti yüksək səviyyədə düyü və lobyadan istifadədir. Qida rasionuna un məmulatları: qoğal, kökə və başqaları daxildir. Souslara, xüsusilə də ət souslarına üstünlük verilir.[1]

Taciklərin əsas sevimli içkiləri yaşıl çaydır. Yaşıl çay həm isti, həm də soyuq halda içilir. Demək olar ki, heç bir qonağın qəbulu, heç bir dost görüşü və söhbətlər bu içkisiz ötüşmür. Hətta nahara da çayla başlayırlar. İlin sərin vaxtlarında isə əsasən qara çay içilir. Çay dolu piyalələr sinidə gətirilir. Sinidə xüsusi şirniyyatlar, meyvələr verilir. Sonra böyük piyalələrdə şorba, böyük dairəvi boşqablarda ikinci yemək gətirilir. Tərəvəzdən hazırlanan salatlar kiçik boşqablarda süfrəyə verilir. Bu xalqın yeməyə, xüsusilə də çörəyə olan xüsusi hörmətini də qeyd etmək lazımdır: hətta çörəyi ehtiyatla doğrayırlar. Salat və soyuq qəlyanaltılar tərəvəzdən hazırlanır və ikinci yemək - plov, kababla birlikdə verilir. Soyuq yeməkləri göyərti əlavə etməklə ət məhsullarından, o cümlədən quş ətindən hazırlayırlar. Tacik milli mətbəxində şorbalar xüsusi yer tutur. Bu sırada mastoba, uqro, karuma-şurbo, xom-şurbo, şalqam-şurbo şorbaları geniş yayılıb. Yay fəslində süddən soyuq şorba - çolob hazırlayırlar. Tacik milli mətbəxində ən çox yayılmış ət yeməkləri müxtəlif kabablardır.[1]

Tacik aşpaz plov hazırlayarkən

"Oşi plav" adlanan tacik plovu bu xalqın ən sevimli yeməklərindəndir. Bu yeməyi hazırlamaqdan ötrü onlarla resept mövcuddur. Plovların hazırlanma texnologiyası ilkin xammaldan, isti emaldan, quruluşunun xüsusiyyətləri və süfrəyə verilməsindən asılıdır. Adətən plov çuqun qazanlarda hazırlanır. Bu zaman isti qoyun piyindən, bitki və heyvan yağlarından istifadə olunur. Ət məhsullarından qoyun və quşlardan (toyuq-cücə) istifadə edilir. Düyü əvvəlcədən təmizlənir, yuyulur və düz tökülmüş isti suda 2-3 saat saxlanılır. Kök təmizlənir, yuyulur. Plov üçün döyülmüş qara və qırmızı istiotdan, kişmiş, sarımsaqdan istifadə olunur. Plovun süfrəyə verilməsi zamanı təzə tərəvəzlərdən hazırlanmış müxtəlif salatlar da qoyulur. Xəmirdən xörəklər və məmulatlar tacik mətbəxində əhəmiyyətli yer tutur. Xəmir xörəkləri arasında mantı, şima, düşbərə və başqaları geniş yayılıb. Onların tərkibinə un, ət, tərəvəz, göyərti, süd məhsulları və yumurta vururlar. Taciklərin çaydan savayı üstünlük verdiyi digər içkilərdən meyvə suyu, şirə və şərbətlər də geniş yayılıb.[1]

İstinadlar

  1. Mehparə. Taciklər haqqında bildiklərimiz və bilmədiklərimiz Arxivləşdirilib 2011-11-27 at the Wayback Machine medeniyyet.az, 18.02.2011  (az.)

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.