Tabesiz mürəkkəb cümlələr

Tabesiz mürəkkəb cümlələr iki və daha artıq sadə cümlənin məna və qrammatik cəhətdən bərabər hüquq əsasında vahid bir tam kimi birləşməsi yolu ilə əmələ gələn sintaktik vahiddir.

Quruluş xüsusiyyətləri

Tabesiz mürəkkəb cümlələrin səciyyəvi quruluş xüsusiyyətləri vardır. Çox zaman tərkib hissələrində bir paralellik olur; bu xüsusiyyət atalar sözləri və məsəllərdə özünü daha çox göstərir; məs.: Lələ var, yurdu yox. Xalq qız alır – quda qazanır, mən qız aldım, qada qazandım. Xalq gedər quş gətirər, Xanalı bayquş gətirər. Bu gün sən deyirsən, sabah sənə deyərlər. Artıq tamah daş yarar, daş qayıdar baş yarar və s. Belə cümlələr üçün komponentlərdən ikincisinin (və ya hər ikisinin) natamamlığı, yarımçıqlığı, cümlənin ümumi mənası əsasında bərpa oluna bilməsi də səciyyəvi hallardandır: Xəbərçi yalançı olar, yalançı – xəbərçi. Rəhmət yazana, lənət pozana! Sözlərdə qonaq sözü, səslərdə kəfkir səsi. Söhbət üçün çənə, saqqal üçün həna və s.

Tərəflərin paralelliyi tərəfləri əlaqələndirən mühüm vasitələrdəndir. Belortaqlı söz və birləşmələrin – determinantların işlənməsidir. Bu xüsusiyyət ikinci dərəcəli üzvlərdən tamamlıq və zərfliyə aiddir; məsələn: Kim becərəcək, kim yığacaq onu? Bu kənddə bir yekə kolxoz vardı, bu kolxozun da Kamandar adında bir yekə sədri vardı. Qorxudan arvadın boğazı qurumuşdu, dili-dilçəyi göynəyirdi. Yaxşını-pisi ağlı kəsəndən bəri sırğa taxmırdı, üzüyü-filanı da yox idi – cümlələrində tamamlıq, yer, səbəb və zaman zərflikləri determinant kimi işlənmiş, tərkib hissələri əlaqələndirmişdir. Cümlə üzvləri ilə yanaşı, xitablar və ara sözlər də ortaqlı olmaqla tərkib hissələri əlaqələndirir; məs.: Məsləhət sənindi, a tanrı, özün bilən yaxşıdı. Ay bacı, urusun hörüklərinə bax, gör nə yoğunluqdadır! Görəsən, bunların beyinlərində nə çatmır, hansı damar düyün düşüb? Bəlkə də, yağış yağır, sel-su aləmi bürüyüb[1].

Tabesiz mürəkkəb cümlələr iki komponentdən (iki predikativ mərkəzdən) ibarət olduğu kimi, sadalama yolu ilə qurula bilir və daha çox tərkib hissədən ibarət olur; məs.: Al rəngli səhər şəfəqləri ətrafı bürüyür, hər tərəfdə quşların nəğməsi eşidilir. Qəhrəmanın bədəni əsir, vücudu titrəyirdi. Prometey can verdi o daş qəfəsdə, Yaşadı ağalar, qullar dünyası. Hamı üşüyürdü, heç kəs cıqqırını çıxarmırdı. Rayon mərkəzindən bu balaca meydançaya hər iki saatdan bir avtovbus gələrdi, neçə gündür o da gəlmir. – cümlələri iki; Fasilə qurtarmışdı, meydançada tamaşanın ikinci hissəsi başlamışdı və mənim ürəyimin o işıqlı sirk sevinci yenə də qayıdıb gəlmişdi. Taxıl vağamlayıb tökülür, bostanı alaq basır, bağlar suvarılmır, tədarük dəmir yol stansiyasına aparılıb təhvil verilmirdi (Ə.Vəliyev) – cümləsi dörd tərkib hissədən əmələ gəlmişdir. Bu sonuncu halda sadalama intonasiyası tərkib hissələri əlaqələndirən əsas vasitə kimi çıxış edir.

Bütün bu qeyd edilənlərin (ortaq üzvlərin, tərkib hissələrin paralelliyinin, əvəzliklərin, mənsubiyyət şəkilçilərinin və s.) tabesiz mürəkkəb cümlələrin tərtibində mühüm rolu vardır. Lakin tərkib hissələri əlaqələndirən əsas vasitələr intonasiya və tabesizlik bağlayıcılarıdır.

Tabesiz mürəkkəb cümlələrin tərkib hissələri bağlayıcıların iştirakı olmadan əlaqələndikdə bağlayıcısız tabesiz mürəkkəb cümlələr əmələ gəlir; məs.: Küçədən arabir maşın ötür, motor, təkər səsi daş-divara çalınmış dəmir qırıqlarını sızladırdı. Sevda baş tutmamış, gələnlər çıxıb getmişdi. Arabir göy guruldayır, yağış güclənirdi. Çax-çuxun özü getdi, qatran qoxusu qaldı. Bu cür cümlələr şifahi nitqdə intonasiyanın köməyi ilə qurulur.

İntonasiyamürəkkəb cümlənin tərkib hissələrini əlaqələndirən ilk və ən qədim vasitədir. İntonasiya şifahi nitqdə öz böyük rolunu indi də saxlamaqdadır. Yazıda bağlayıcılara üstünlük verildiyi halda, şifahi nitqdə intonasiyanın köməyi ilə fikri daha sürətlə, daha asan və emosional ifadə etmək olur. Mürəkkəb cümlənin tərkib hissələrini əlaqələndirmək üçün başqa vasitələr olduqda da şifahi nitqdə intonasiyadan istifadə edilir, lakin heç bir başqa vasitə olmadıqda tərkib hissələri əlaqələndirmək üçün əsas yük intonasiyanın üzərinə düşür; məs.: Vaxt gələndə qoyun dibəyə sağılır, ilan südü içir, yerinə qızıl qoyub gedirdi. Get-gedə ehtiras artdı, tamah güc gəldi. İntonasiya ilə qurulmuş bu cümlələrin tərkib hissələri arasına və bağlayıcısını da artırmaq olar.

Sadə cümlədə olduğu kimi, mürəkkəb cümlədə də intonasiya söyləmin məqsədini aydınlaşdırmağa xidmət edir. Lakin mürəkkəb cümlədə intonasiyanın imkanları daha geniş və rəngarəngdir.

Əksərən tabesiz mürəkkəb cümlələrin tərkib hissələri eyni tipli intonasiya ilə – ya nəqli, ya sual, ya da əmr intonasiyası ilə tələffüz edilir; məs.: Dediyi dedik, çaldığı düdük, yediyi hədik! Bir də bunları bir yerə cəm eləmək mümkün olacaqmı, belə girəvə ələ düşəcəkmi? (İ.Məlikzadə) Haradasa lap yaxında at kişnədi, bir-birinin ardınca iki güllə açıldı. Birinci cümlə nida cümləsi, ikincisi sual cümləsi intonasiyası ilə, üçüncü cümlə isə nəqli cümlə intonasiyası ilə formalaşmışdır.

Mürəkkəb cümlənin tərkib hissələri müxtəlif funksiya yerinə yetirdikdə intonasiya fərqlənə bilir. Bu cür hallarda birinci tərkib nəqli, ikincisi sual; birinci tərkib hissə nəqli, ikincisi əmr intonasiyası ilə tələffüz edilə bilər; məs.: Mən çoban olmaq istəyirəm, bunun kimə dəxli qalıb? Laçın ev tikmək istəyir, bu da olmaz! Abbasqulu bəy xahişə gəlib, sən nə deyirsən? İntonasiyanın quruluşu başqa şəkillərdə də ola bilər[2].

Bağlayıcılı cümlələr

Tərkib hissələri bağlayıcıların iştirakı ilə əlaqələnən tabesiz mürəkkəb cümlələr bağlayıcılı tabesiz mürəkkəb cümlələr adlandırılır.

Bağlayıcılar tarixən intonasiyaya nisbətən sonrakı hadisə olsa da, tədricən o qədər zənginləşmiş, artıb-çoxalmışdır ki, indi çox zaman mürəkkəb cümlənin tədqiqinə bağlayıcılı mürəkkəb cümlələrdən başlanılır. Çünki bağlayıcılar tabesiz və tabeli olmaqla, mürəkkəb cümlələrin növünü müəyyənləşdirmək işini asanlaşdırır; məs.: Ağa, sən mənim atamsan və sənə hörmət eləmək mənim borcumdur. Min il yola baxdı qulağı səsdə, Ancaq dəyişmədi ömrün mənası! Atan yazır ki, Şahmar dediklərimi unutmasın. Hacı bilirdi ki, Gər Xəlilin evdə xörək verəni yoxdur – cümlələrindən əvvəlki ikisinin tərkib hissələri tabesizlik bağlayıcıları ilə, sonrakıların tərkib hissələri tabelilik bağlayıcıları ilə əlaqələnmişdir. Ona görə də əvvəlki iki cümlə tabesiz, sonrakılar tabeli mürəkkəb cümlələrdir.

Bağlayıcılar hətta bəzən tabesiz və tabeli mürəkkəb cümlələrin daxili növlərini də müəyyənləşdirməyə kömək edir; məs.: Çiçək çoxdur, ancaq solmayanlarını görməmişəm. Orucəliyevin daha harasından yaralandığını təyin etmək çətin idi, çünki bütün paltarı qan içində idi – cümlələrindən birincisi qarşılaşdırma bağlayıcılı, ikincisi səbəb bağlayıcılı mürəkkəb cümlədir. Ancaq bağlayıcısı göstərir ki, birinci cümlə tabesizdir, həm də qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlədir; çünki bağlayıcısından aydın olur ki, ikinci cümlə tabeli, həm də səbəb budaq cümləli tabeli mürəkkəb cümlədir.

Onu da qeyd etmək lazımdır ki, tabesizlik bağlayıcıları bütün hallarda cümlənin leksik semantikası əsasında tabesiz mürəkkəb cümlənin məna növünü dəqiqləşdirməyə imkan verir, lakin tabelilik bağlayıcılarının hamısında bu xüsusiyyət yoxdur, xüsusən ki bağlayıcısı universal bağlayıcı kimi əksər budaq cümlə növlərini baş cümləyə bağlayır.

Tabesiz mürəkkəb cümlələrin tərkib hissələrini əlaqələndirən bağlayıcılar həmcins üzvlər arasında işlənən tabesizlik bağlayıcılarıdır. Fərq buradadır ki, həmin bağlayıcılar sadə cümlədə cümlə üzvlərini (cümlənin həmcins üzvlərini), burada isə sadə cümləyə uyğun gələn komponentləri (mürəkkəb cümlənin tərkib hissələrini) əlaqələndirir.

Tabesiz mürəkkəb cümlələrin tərkib hissələrini əlaqələndirən bağlayıcı qrupları aşağıdakılardır: 1.Birləşdirmə bağlayıcıları: və, ilə (la:lə) ; məs.: Mən ona qulaqburması verərəm və sənin qızın da qayıdar gələr atasının evinə. Hər dəfə binadan bir adam çıxanda Xanım xala köşkün pəncərəsinə tərəf baxırdı və hər dəfə milisioner yüngülcə başını tərpədirdi.Dünyada bir təmənnan qalmasın və beş adam da sənə rəhmət oxusun. Həm Əzizə öskürüb yuxumu qaçırmışdı, həm də planlarım alt-üst olmuşdu. Üstümdə allah da var, peyğəmbər də var. Daha nə o çəm-xəm elədi, nə də Qəmlo ağaca əl atdı.

Birləşdirmə bağlayıcıları zaman, ardıcıllıq, səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələrini əlaqələndirir.

Qarşılaşdırma bağlayıcıları

- amma, ancaq, lakin, fəqət, halbuki, yoxsa, isə və s. ; məs.: Başına dönüm, sən dövlətli kimsənəsən, amma bu saat mənə fitrə vacibdir.Sən yaratdığın Firəngiz indi yoxdur, fəqət mən yaratdığım Firəngiz əbədidir. Mal-qara üçün bol yem tədarükü lazımdır, yoxsa heyvanı qışdan çıxarmaq olmaz. Nağdalı dünya görmüşdü, Bulud isə təcrübəsiz idi.

Bu bağlayıcılar qarşılaşdırma mənalı tabesiz mürəkkəb cümlələrin tərkib hissələrini əlaqələndirir.

Aydınlaşdırma bağlayıcıları

- yəni, məsələn və s. ; məs.: Səriyyəgil fəaliyyətdə idi, yəni özfəaliyyət dərnəyi artıq işə başlamışdı. Uşaqların bir qismi sözə baxmır, məsələn, Əhəd dediyindən dönmürdü ki dönmürdü.

Bu bağlayıcılar nisbətən az işlənir və təsadüfi hallarda aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında görünür[1].

Bölüşdürmə bağlayıcıları

-ya... ya da, gah.... gah da... gah da ki və s.; məs.: Ya uşaqlar kəndə gələcək, ya da mən onları görməyə gedəcəyəm. Gah traktor təmirə dayanır, gah da traktorçu xəstələnirdi.

Bu bağlayıcılar bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələrini əlaqələndirir.

Qoşulma bağlayıcıları

-özü də, həm də və s. ; məs.: Rəsul Səlim Sultanovun fermasında işləyirdi, özü də, deyəsən, xalaoğlu idilər. Onun birmərtəbəli, yaraşıqlı bir evi vardı, həm də belə yaşıllıq, bağ-bağat içərisində tikilmişdi.

Qeyd: Bağlayıcıların bir çoxunun başqa variantları istisna olunmur.

Məna əlaqələri

Quruluş xüsusiyyətlərinə, qrammatik mənasına, bağlayıcıların və intonasiyanın xarakterinə görə tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında bir sıra məna əlaqələri vardır. Bunlar aşağıdakılardır:

  • Birləşdirmə əlaqəsi
  • İştirak əlaqəsi
  • Aydınlaşdırma əlaqəsi
  • Qarşılaşdırma əlaqəsi
  • Bölüşdürmə əlaqəsi
  • Qoşulma əlaqəsi

Bu əlaqələrin bir qismi həm intonasiyanın, həm də bağlayıcıların iştirakı ilə yaranır; aydınlaşdırma əlaqəsi əksərən bağlayıcısız, bölüşdürmə əlaqəsi həmişə bağlayıcılı olur. Bu cəhətləri nəzərə alaraq, bağlayıcılı və bağlayıcısız tabesiz mürəkkəb cümlələrdə qrammatik məna münasibətlərini birlikdə nəzərdən keçirmək lazım gəlir[2].

İstinadlar

  1. Buludxan Xəlilov "Müasir Azərbaycan Dili" Bakı,"Adiloğlu" 2017
  2. Əlövsət Abdullayev, Yusif Seyidov, Ağamalı Həsənov "Müasir Azərbaycan dili" ŞƏRQ-QƏRB, 2007.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.