Tağı Ərani

Tağı Əbülfət oğlu Ərani (5 sentyabr 1902, Təbriz[1]4 fevral 1940[1], Tehran[1]) — İran inqilabçısı və milliyətçisi, fars dilində nəşr olunan "Dünya" marksist jurnalının təsisçisi və redaktoru.

Tağı Ərani
Doğum tarixi 5 sentyabr 1902(1902-09-05)
Doğum yeri
Vəfat tarixi 4 fevral 1940(1940-02-04)[1] (37 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti jurnalist
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Uşaqlıq və yeniyetməlik illəri

Tağı Ərani 1902-ci il sentyabrın 5-də Təbriz şəhərində, məmur ailəsində anadan olmuşdur. Atası Əbülfət Ərani İranın maliyyə nazirliyində vergi yığan idi. Bu vəzifə az müddətdə xeyli var-dövlət toplamaq imkanı verirdi. Bir çox mə'murlar belə də edirdilər: onlar soyğunçuluq və aldatma yolu ilə dövlət yığır, özləri üçün mənsəb və rütbə satın alırdılar. Lakin Əbülfəth Ərani bu yol ilə gedə bilmirdi; o, öz vəzifəsini namus və vicdanla yerinə yetirir, yeri düşəndə zəhmətkeşlərin ağır vəziyyətini yüngülləşdirirdi.

1907-ci ildə Ərani ailəsi Tehrana köçdü. Bundan sonra Əbülfət Ərani öz xidmətinə görə tez-tez və uzun müddətə əyalətlərə getməli olurdu. Evi dolandırmaq və uşaqları böyüdüb tərbiyələndirmək dərd–sərini Tağının anası çəkirdi. Bu zəhmətsevən, xeyirxah və mehriban qadın evi bacarıqla dolandırır, uşaqları–bircə oğlunu və iki qızını nəvazişlə tərbiyələndirirdi.

Tağı zehinli, hər şeyi bilmək istəyən bir uşaq idi. Atası axşamlar evdə olan zaman Tağı ondan İranın digər rayonlarında gördüklərini xəbər alırdı. Atasının söhbətləri kədərli olurdu. O, xalqın dərin ehtiyacı və müsibətləri, feodalların və məmurların işgəncələri və zorakılıqları haqqında danışırdı. Bütün eşitdikləri nazik ürəkli, həssas uşağın qəlbinə dərindən tə'sir edirdi.

Tağı məktəbdə özünü çalışqan və çox fərasətli bir şagird kimi tanıtdırdı. Onda fövqəl'adə qabiliyyət var idi. O, təbiiyyat elmlərinə xüsusi maraq bəsləyirdi.

Siyasi fəaliyyəti

Ərani 1920-ci ildə Tehranda orta məktəbi müvəffəqiyyətlə qurtarıb, Tehran tibb institutuna daxil oldu,[2] ali təhsilə başladığı dövrdə İran milliyətçiliyinin hərəkatına cəlb olundu. Bir yandan İranda sürətli müasirləşmənin tərəfdarı olan Ərani, digər yandan fars dilinin qeyri-fars mənşəli sözlərdən təmizlənməsini, zərdüştilik dininin dəyərlərinin dirçəldilməsini və, Sasanilər imperiyasında belə bir idari sistemin mövcud olduğunu iddia edərək, mərkəzləşmiş bir dövlətin yaradılmasını dəstəkləyirdi.

1922-ci ildə məzun olandan sonra Ərani, dövlət təqaüdü qazanaraq Almaniyanın paytaxtı Berlinə kimya təhsili almağa getdi. Burada təhsil aldığı dövrdə sosializmsolçuluğa, həmçinin sürgündə olan İran Kommunist Partiyasına maraq göstərməyə başladı. Doktoranturada oxuduğu müddətdə universitetdə ərəb dilini tədris etmiş, İran mədəniyyəti mövzusunda Ömər Xəyyam, Sədi ŞiraziNasir Xosrov haqqında üç qısa kitab yazmış və ətrafına sosializmlə maraqlanan digər iranlı tələbələri cəlb etmişdir.

İranın dil məsələsi barəsində milliyətçi görüşlərə sahib olan Ərani, 1924-cü ilin sentyabr ayında Berlində iranlı tələbələr tərəfindən buraxılan "Fərəngistan" qəzetinin 1-ci sayında müəllifi olduğu "Azərbaycan, və ya İran üçün bir ölüm-dirim məsələsi" (Azərbaycan ya yek məs‘əle-ye həyati və məmati-ye İran)(آذرﺑﺎﻳﺠﺎن ﻳﺎ ﻳﻚ ﻣﺴﺌﻠﻪ حياتي و ﻣﻤﺎﺗﻲ اﻳﺮان) başlıqlı məqaləsində İranda Azərbaycan türkcəsinin haqqında aşağıdakıları yazmışdır:[3]

ما در اینجا توجه تمام ایرانیان را به این نکته مهم جلب می کنیم که مسئله آذربایجان یکی از مهم ترین و قضایای حیاتی و مماتی ایران است ... پس در این مسئله باید افراد خیراندیش ایرانی فداکاری نموده و برای از بین بردن زبان ترکی و رایج کردن زبان فارسی در آذربایجان بکوشند. مخصوصا وزارت معارف باید عده زیادی معلم فارسی بدان نواحی در آذربایجان فرستاده، کتب و رسال ها و روزنامه جات مجانی و ارزان در آنجا انتشار دهد و خود جوانان آذربایجانی باید جانفشانی کرده متعد شوند تا می توانند زبان ترکی تکلم نکرده، به وسیله تبلیغات عاقبت وخیم آن را در مغز هر ایرانی جایگیر کنند.

Tərcüməsi:

Biz burada bütün iranlıların diqqətini bu mühüm məqama çatdırırıq ki, Azərbaycan məsələsi İranın ən mühüm və ölüm-dirim işi olan məsələlərindən biridir. ... Buna görə də bu məsələdə İranın xeyrini diləyənlər fədakarlıq göstərməli və türk dilinin aradan götürülməsi fars dilininin Azərbaycanda yayğınlaşdırılması üçün çalışmalıdırlar. Xüsusilə Təhsil Nazirliyi Azərbaycanın müxtəlif nahiyələrinə (bölgələrinə) çox sayda fars dili müəllimləri göndərməli, orada (fars dilində) pulsuz və ucuz kitablar, jurnallar və qəzetlər nəşr etməlidir, və azərbaycanlı gənclərin özləri gərək türk dilində danışa bilməyəcəkləri vaxta qədər canfəşanlıq etməlidirlər. Bu fikirlər təbliğat yoluyla hər bir iranlının beyninə düşəcək.

1930-cu ildə təhsilini başa çatdırdıqdan sonra marksizmin İranda yayılması üçün səy göstərmək niyyətində olan Ərani İrana qayıdaraq Tehran Texniki Kollecində işə düzəlir. 1931-ci ildə İranda "iştirakiyyə" (اشتراکیه), yəni sosializm və kommunizm fikirlərinin təbliğatını qadağan edən qanunun keçməsinə baxmayaraq, Ərani fars dilində gizli şəkildə nəşr etdiyi "Dünya" marksist jurnalının təsisçisi və redaktoru olur. O, Almaniyadan qayıdan bir neçə həmfikiri ilə birlikdə gizli müzakirə qrupları təşkil edir. Bu qruplarda sosialist klassiklərinin əsərləri oxunur və tərcümə olunur, "Dünya" jurnalı üçün isə sosial siniflərin mücadiləsi, tarixi materializm və ictimai elmlər haqqında məqalələr hazırlanır. Jurnalda ayrıca olaraq tez-tez elmi mövzulara toxunulur.

Həbsi və vəfatı

Jurnalın fəaliyyəti tezliklə Pəhləvi hökumətinin narahatçılığına səbəb olur. 1937-ci ildə Tehran Universitetində tələbələr tərəfindən aksiyanın keçirilməsinin nəticəsində polis Əraninin və onun həmkarlarının fəaliyyətinin üstünü açaraq, Əraninin özü də daxil olmaqla toplamda 53 şəxsi həbs edir. Qısa bir zaman ərzində onlardan bəziləri azadlığa buraxılır. Buna baxmayaraq, bu qrupa Tağı Əraninin yaxın şəriki və həbs olunan şəxslərdən biri, 18 sentyabr 1941-ci ildə azadlığa buraxılan iranlı şair Bozorg Ələvinin öz məhbusluq dövrü haqqında yazdığı memuarın başlığının adı ilə sonralar "53 nəfər" (پنجاه و سه نفر) adı verilir.

16 ay sürən istintaqın nəticəsində onlardan 48 nəfəri məhkəmə önünə çıxır. Həbs olunanların arasında 2 professor, 4 həkim, 3 vəkil, 1 mühəndis, 3 orta məktəb müdiri, 4 orta məktəb müəllimi, 11 dövlət qulluqçusu, 11 tələbə, 8 fəhlə və 1 kəndli var idi. Onlardan 42 nəfəri Tehran, 3 nəfəri Mazandaran, 2 nəfəri Abadan və 1 nəfəri İsfahan sakini idi, və onların hamısı (bir nəfər bəhai istisna olmaqla) müsəlman ailələrdən idilər. Onların 26 nəfəri ali təhsilli idi, və bu 26 nəfərdən 6 nəfəri ali təhsillərini Qərbi Avropada başa çatdırmışdı. Onların əksəriyyəti paytaxtda yaşayan fars və Ərani kimi farslaşmış ziyalı təbəqənin nümayəndələrindən ibarət idi. Onların 33 nəfəri farsdilli bölgələrdə doğulmuşdu, lakin Ərani kimi qalanların bir çoxu İranın milli təhsil sisteminin sayəsində fars mədəniyyətinə assimilyasiya olmuşdu. Bu şəxslərin arasında Azərbaycanda (5 nəfəri Təbrizdə, 1 nəfəri Xalxalda) doğulmuş 6 nəfər var idi. Bununla yanaşı, Tehranın özündə doğulmuş 2 nəfər azərbaycanlı, o cümlədən (1 nəfəri Qəzvində, 1 nəfəri Tehranda doğulmuş) qacar soyunun nümayəndələri və Tehranda doğulmuş 1 nəfər əfşar soyunun nümayəndəsi də var idi. Həbs olunanların ortalama yaşı 30-40 arası idi.

Həbs edilmiş şəxslərin hamısı sosializm və kommunizm fikirlərinin təbliğatını qadağan edən qanuna əsasən cinayət məsuliyyətinə cəlb olundu və "kommunist təşkilatın üzvləri" olmaqda təqsirləndirildi. Bundan əlavə, onların bir çoxu "kommunist", "sosialist", "materialist" və hətta "ateist" bir məfkurənin təbliğatında ittiham edildi. Onların az bir qismi həmçinin sürgündə olan kommunistlərlə əlaqədə olmaqda, Tehranda tələbə aksiyası təşkil etməkdə və İsfahanda parça fabriklərinin fəaliyyətinə ziyan verməyi planlaşdırmaqda ittiham edilmişdi.

Məhkəmə prosesində cavabdehlərin bəziləri marksizmə maraq göstərdiklərini, bir çoxu isə sosialist olduqlarını boyunlarına almış olsa da, hamısı kommunist olduqlarını inkar edirdi. Məhkəmə qarşısında müdafiəsinin bir hissəsi olaraq Ərani, Qərb sivilizasiyasının bir hissəsi olduqlarına görə sosializm və kommunizmin qadağan edilməsinin qəbuledilməz olduğunu və İranın zərurət səbəbilə qərbləşməli olduğunu iddia edirdi.

Məhkəmə məhbuslardan 45 nəfərin mühakimə olunması ilə sona çatdı. Ərani və digər aparıcı fəallar ən çox 10 il həbs cəzası aldılar, digərlərinə isə 3 ildən 7 ilədək müxtəlif həbs cəzaları verildi. Bundan əlavə, Ərani həm də təcridxanada həbs olunmağa məhkum edilmişdi. Tehran yaxınlığında bir həbsxanada məhbus olan Ərani və yoldaşları orada digər siyasi məhbuslarla əlaqəyə girdilər. Onların arasında Cəngəli qiyamından xilas olan kommunistlər, Tehrandakı keçmiş həmkarlar ittifaqı hərəkatının çoxu Gilandan olan azərbaycanlı kommunist veteranları, faşist olmaqda günahlandırılan ordu zabitləri, hökumətə qarşı üsyan qaldırdıqlarına görə məhkum edilmiş tayfa böyükləri, və şaha qarşı çıxdıqlarına görə məhkum edilmiş bir neçə tanınmış siyasətçi var idi.

Tağı Ərani məhkəmədən 16 ay sonra, 1940-cı il fevralın 4-də, həbsxananın xəstəxanasında vəfat etdi. Onun həmkarları həbsxana nəzarətçilərinin ona zəruri tibbi müalicə almasına yol vermədiklərinə görə ölümündə məsuliyyət daşıdıqlarını, ya da polisin Əranini qəsdən öldürdüyünü iddia etdilər, lakin rəsmi açıqlamaya əsasən, o sağalmayan tif (yatalaq) xəstəliyinə yoluxmasından vəfat etmişdi.

18 sentyabr 1941-ci ildə, Rza şah Pəhləvinin taxtdan enməsindən cəmi 2 gün sonra, məhbuslardan 27 nəfər azadlığa buraxıldı. Siyasi baxışlarına sadiq qalan keçmiş məhbuslar, azadlığa buraxılandan bir neçə həftə sonra, 2 oktyabr 1941-ci ildə İranın Tudə Partiyasının əsasını qoydular. Partiyanın əsasının qoyulmasında həlledici rolu oynayanlar Ərani ilə Avropada təhsil almış digər keçmiş məhbuslar idi: ruhani ailəsindən olan və ali təhsilini Əraniylə birlikdə Berlində almış yəzdli cərrah Dr. Murtuza Yəzdi, ali təhsilini Fransanın Qrenobl şəhərində almış və qacar soyundan gələn tehranlı ziyalı və vəkil İrəc İskəndəri, ali təhsilini Fransanın paytaxtı Parisdə almış və Tehran Universitetində fizika professoru kimi çalışmış lahicanlı Dr. Rza Radməniş, və yenə Berlində oxumuş tehranlı şair Bozorg Ələvi. Partiyanın rəhbərliyini İrəc İskəndərinin əmisi Süleyman İskəndəri (hansı ki həbs olunmamışdı) öz öhdəsinə götürmüşdü. Oktyabr ayında qalan məhbuslar da onlara amnistiyanın verilməsindən sonra azadlığa buraxıldı və Tudə Partiyasına qoşuldu.

İstinadlar

  1. Эрани Таги // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. Mübarizəyə həsr edilmiş ömür. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı–1967, səh. 69-75.
  3. "Arxivlənmiş surət". 2021-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-20.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.