T-300 Qasırğa

T-300 Qasırğa raket sistemi (Həmçinin TRG-300 Tiger Missile, yəni pələng raketlər adı ilə də tanınır), Roketsan tərəfindən istehsal olunan türk reaktiv yaylım atəş sistemidir.[3] Sistemdə 300 mm-lik dörd raket buraxma borusu var və raketləri 120 km-lik bir uçuş məsafəsinə malikdir.[4][5]

T-300 Qasırğa
Qasırğa 1
Tipi Reaktiv yaylım atəş sistemi
Ölkə
İstismar tarixçəsi
İstifadə edilən döyüşlər İkinci Qarabağ müharibəsi[1]
İstehsal tarixçəsi
İstehsalçı Roketsan
Xüsusiyyətləri
Ekipaj 3 [2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xülasə

300 mm-lik T-300 raketi

Tipik Qasırğa batareyaları sistemləri, altı ilə doqquz fırlatma vasitəsindən (F-302T) və bərabər sayda tədarük və yenidən doldurma vasitəsi olan bir Komanda və İdarəetmə Vasitəsindən ibarətdir.[4] Hər bir raketin dörd sabit qanadı var və maksimum sürəti 4.2 Mach olmaq şərti ilə 30.000 m maksimum uçuş hündürlüyünə çatır. Raketlər kompozit qatı yanacaq sistemindən istifadə edir və ümumiyyətlə 26.000 polad topdan ibarət döyüş başlığı ilə təchiz olunur.[6] Sistem elektromexanik işə salma sistemi ilə aerodinamik nəzarətə malikdir.[7]

TRG-300 Qasırğa reaktiv yaylım atəş sistemi[8] dizaynında bəzi dəyişikliklərlə Çinin WS-1B raket qurğusunu əsas götürmüşdür.[9] Türk quru qüvvələrinin xidmətində olan 300 mm-lik TRG-300 sistemi uzun mənzilli atəş dəstəyi təmin edir.

TRG-300 Qasırğa reaktiv yaylım atəş sistemi iki əsas hissədən ibarətdir: Başlatma sistemi (T-300) və raket, TR-300. T-300 Alman MAN Dizel (6 × 6) ərazi yük maşını şassisinə əsaslanır. Dörd raketlə tamamlanan döyüş ağırlığı 23 tondur. Raketlərin atılmasından əvvəl fırlatma vasitəsinin kabin şüşələrində endirilmiş kepenklər olur.

Bu MAN (6 × 6) həmçinin, Türk Quru Qoşunları komandanlığı üçün T-122 buraxma platforması kimi də xidmət edir.

Tarixçə

1997-ci ildə en: CPMIEC (China Precision Machinery Import and Export Corporation - Çin Dəqiq Maşın İdxal və İxrac Korporasiyası) ilə WS-1 sisteminin bir qolunun birgə inkişafı və istehsalı üçün bir müqavilə imzalandı. Qasırğa sistemi ilk dəfə 2000-ci ildə istismara verilmişdir.[6]

2016-cı ildə Qasırğa raket sistemi Azərbaycana satılmışdır.[4]

ROKETSAN 2019-cu ilin mart ayında Banqladeşə orta mənzilli idarəolunan reaktiv yaylım atəş sistemi tədarükü üçün müqavilə imzaladı.[10]

Modelləri

Blok 1

Blok 1, Blok 2-dən daha kiçik döyüş başlığı ilə daha geniş mənzilə malikdir[3] :

  • Mənzili: 30 – 120 km
  • Çəki: 585 kq
  • Döyüş başlığının çəkisi: 105 kq
  • Döyüş başlığının effektiv radiusu: ≥ 70 m

Blok 2

Blok 2 döyüş başlığı dinamik effektivliyini artırdı[3] :

  • Mənzili: 20 – 90 km
  • Çəki: 670 kq
  • Döyüş başlığının çəkisi: 190 kq
  • Döyüş başlığının effektiv radiusu: ≥ 80 m

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Türkiyənin ROKETSAN şirkətinə sifariş verdiyi “Kasirga” komplekslərinin çatdırılmasına 2014-cü ilin sentyabr ayından başlanılıb və proses 2016-cı ildə yekunlaşıb. Sistemlərin çatdırılması ilə yanaşı onu idarə edən heyətə də istehsalçı tərəfindən müvafiq təlimlər keçirilib. Bu YARS 8×8 təkər formulalı şassilərə yerləşdirilə bilər. Azərbaycana təqdim edilən vasitələr 8x8 “KamAZ 63502” şassisi üzərində quraşdırılıb. “KamAz” şassisindəki vasitələrin 2016-cı ildə Türkiyədə TRG-300 “Kasirga K+” adı ilə təqdim edilməsi, Azərbaycanın məhz bu versiyaları əldə etdiyini iddia etməyə əsas verir. Bu iki sistem arasındakı əsas fərqlərin yalnız sistemin şassisinin əvəzlənməsindən, atəş məsafəsinin 120 km-ə qədər artırılmasından və kilidlənən (adındakı G - hərfinə istinadən) raketlərə malik olması ehtimalından ibarətdir.

İstifadəçilər

Cari istifadəçilər

Təyinatı

300 millimetrlik “Kasirga” YARS-ı, 100 km-dən uzaq məsafədə düşmən qoşunlarının əməliyyat-taktiki dərinliyində açıq ərazi və sığınacaqda yerləşən qrup hədəflərini, hərbi obyektlərini, canlı qüvvəsini, zirehli, yüngül zirehli və zirehsiz texnikalarını məhv etmək üçün nəzərdə tutulan və artilleriya bölmələri tərəfindən istifadə olunan taktiki silah sistemidir.

Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasında mövcud olan T-300 “Kasirga” YARS-ı ilə işğalçı Ermənistan ordusunun müdafiə zolağının dərinliyində yerləşən və təhlükə yaradan istənilən hərbi obyekt və hədəfləri məhv etmək mümkündür. Naxçıvan ərazisində yerləşdirilən bu silahların spesifik vəzifələri sırasına əlavə olaraq hərbi əməliyyatların başlayacağı təqdirdə nəqliyyat dəhlizlərinin atəş altında saxlanılması və düşmənin ehtiyat qüvvələrinin hərəkətinin məhdudlaşdırılması da daxildir.

Yaranması

Hələ 90-cı illərin əvvəllərində Türkiyə YARS-ların yaradılması üçün Fransa, İsrail və Çin də daxil olmaqla, bir sıra ölkələrlə yeni texnologiyalarının əldə olunması və ortaq istehsal ilə bağlı danışıqlar aparırdı. Bu danışıqlarda Çinin təklifləri həm maliyyə, həm də texnoloji problemlərin həlli baxımından daha cəlbedici hesab edildi.

Nəticədə, 1997-ci ildə Türkiyənin ROKETSAN şirkəti Çinin CPMIEC (Chinese Precision Machinery Import and Export Company) şirkəti ilə “Kasirga” kodu altında Çinin WS-1B YARS-ının analoqunun birgə hazırlanması və istehsalı haqqında müqavilə imzaladı. T-300 prototip raketinin ilk sınaq buraxılışı 2000-ci ildə Türkiyədə baş tutdu.

İstehsalçı

ROKETSAN şirkəti 1988-ci il iyunun 14-də Türkiyə Müdafiə Sənayesi İcraiyyə Komitəsinin qərarı ilə TSQ-nin sursat və raket ehtiyaclarını qarşılamaq, ölkədə raket və sursat dizaynı, inkişafı və istehsalı sahəsində aparıcı bir quruma sahib olmaq məqsədi ilə qurulub. Beynəlxalq “Stinger Avropa Ortaq İstehsal Layihəsi” adlı proqram çərçivəsində TƏİRK-in kritik alt sistemlərindən olan kompozit yanacaqlı uçuş mühərriklərinin yerli istehsalı ilə ilk addımlarını atan ROKETSAN 2019-cu ilin yekunlarına görə artıq dünyanın tanınmış müdafiə sənaye şirkətləri sırasında 89-cu pillədə yerləşir.

Sursat və raket istehsalında Türkiyə lideri olan Roketsan şirkəti istehsal etdiyi məhsulların çeşidini quru, hava və dəniz silah sistemlərini əhatə etməklə genişləndirərək hazırda raketlər, idarəolunan döyüş sursatları, atıcı qurğular, yaylım atəşli sistemləri, raket yanacaqları, aşkarlama, tuşlama və idarəetmə sistemləri, döyüş başlıqları, mexaniki hissələr və s. istehsal edir, həmçinin alqoritmləri, sistemlərin proqram təminatını, silah və sistemlərin quru, hava, dəniz və sualtı platformalarına inteqrasiyasını, logistika xidmətlərini, peyk buraxma sistemlərinin inkişafını və s. həyata keçirir.

Konstruksiyası

İstehsalçının rəsmi məlumatında T-122 və T-300 YARS-ları eyni şassiyə və platformaya malik olduğu üçün T-122/300 kimi təsnifatlandırılıb.

T-300 bir yaylım atəşi ilə 4 ədəd 300 mm raketi buraxmaq qabiliyyətinə malik YARS platformasıdır. YARS-ın fəaliyyəti üçün heç bir hava, iqlim və əlverişsiz ekoloji şərait maneə hesab edilmir. Bu xüsusiyyətlərin sayəsində istənilən şəraitdə YARS-ın ən qısa müddət ərzində sursatla yüklənməsi və döyüşə hazır vəziyyətə gətirilməsini, həmçinin hədəflərə sarsıdıcı zərbə endirməsini həyata keçirmək mümkündür.

Bir neçə sursat növündən istifadə edə bilən T-300 sisteminin F-302T Atıcı Qurğusuna mövcud təhdid və yerinə yetiriləcək vəzifələrə görə müvafiq tipli raketlər yüklənə bilər. T-300 YARS-ları yaxın döyüş zonasından düşmən müdafiəsinin uzaq dərinliyində yerləşən kritik hədəflərə dəqiq və vaxtında atəşi təmin etmək üçün 300 mm çapa malik raketlərdən yaylım atəşi açılmasını təmin edə bilir. Bu YARS gələcəkdə ROKETSAN tərəfindən silahlanmaya təhvil veriləcək eyni çaplı raketlərdən də istifadə etmək üçün universal konstruksiyada hazırlanıb.

T-300 YARS-ın tam məhsuldarlıqla istifadə olunmasına şərait yaratmaq üçün batareyalar Atıcı Qurğulardan başqa Komanda İdarəetmə, Sursat Təchizatı, Meteorologiya və Təmir-Bərpa Vasitələri ilə təchiz edilir. Bu köməkçi elementlər sistemin vəzifələrini həm batareya, həm divizion tərkibində yerinə yetirməklə bərabər müştərilərin YARS-a qarşı irəli sürdüyü ən kritik tələbləri belə qarşılamağa imkan verir.

Komanda İdarəetmə Məntəqəsinin silahlara nəzarət sistemi, T-300 batareyasını həm digər müasir artilleriya sistemləri, həm də digər döyüşü idarəetmə məntəqələri ilə inteqrasiya etməyə imkan verən infrastruktura və interfeysə malikdir. T-300 sistemi xüsusi hədəf aşkarlama RLS-ləri və müxtəlif tipli PUA-larla birlikdə fəaliyyət göstərə bilir.

YARS və raketləri

Türkiyə Müdafiə Sənayesinin əsas oyunçularından olan ROKETSAN şirkəti tərəfindən hazırlanan T-300 “Kasirga” Yaylım Atəşli Reaktiv Sistemi 100 km-dən uzaq məsafədə və 70 metr radiusda düşmən hədəflərini məhv etmək qabiliyyətinə malikdir. 8x8 formulalı taktiki təkərli yük maşını şassisi üzərinə quraşdırılan 4 lüləli (iki paketin hər birində iki lülə) “Kasirga” sisteminin tam döyüş vəziyyətində kütləsi 23 tondur. YARS-ın tam uzunluğu 9.20 m, eni 2.50 m, hündürlüyü isə 3.10 metrdir.

Onun raketləri hava və ətraf mühit şəraitindən asılı olmayaraq yüksək qorunmanı təmin edən sabit polad platfomalı konteynerdən buraxılır. Raketlər qatı kompozit yanacaq texnologiyasına sahibdir, asan və daha sürətli təkrar doldurulma və atəş açma imkanları ilə təmin edilir.

“Kasirga” sisteminin üzərində 4 ədəd TR-300 raketinə malik F-302T Atıcı Qurğusu yerləşdirilib. GPS və İNS naviqasiyasına malik bu raketin dəqiqliyi maksimum məsafədə 30 metr təşkil edir. TR-300 raketlərinin “E” və ya “S” versiyalarının çapı 300– 302 mm, uzunluğu 4.75- 5.24 metr, kütləsi isə isə 525-590 kiloqram arasında dəyişir.

Bu raketlərin 150 kq kütləyə malik döyüş başlığı düşmənin istehkam qurğularının, rabitə qovşaqlarının, zirehli və zirehsiz maşınlarının, hərbi obyektlərinin, canlı qüvvəsinin və s. kimi müxtəlif hədəflərinin məhv edilməsini təmin edən 26000 polad kürələrdən ibarətdir.

Çoxməqsədli TR-300 raketlərində yenə də ROKETSAN tərəfindən polibutadien və ya HTPB (hydroxyl-terminated polybutadiene) əsasında hazırlanan kompozit qatı raket yanacaq texnologiyasından istifadə edilir. İstənilən hava şəraitinə və digər ətraf mühit şərtlərinə qarşı olduqca davamlı olan T-300 “Kasirga” sisteminin döyüş sursatlarının yüklənməsi krana malik xüsusi vasitə ilə həyata keçirildiyinə görə, heyətin üzərinə düşən fiziki yük minimuma qədər azalır.

Raketdə müəyyən bir sürətlə fırlanma hərəkətini təmin etmək üçün raketin uzununa oxu istiqamətinə bucaq altında 4 ədəd sabitləşdirici quraşdırılıb. Atıcı Qurğunun atəş üçün hazırlanmasına 20 dəqiqədən az vaxt tələb olunur.

YARS-ın MAN şassisi üzərindəki standart versiyasında maşının kabinəsi üzərində pulemyot və ya 40 mm-lik avtomatik qumbaraatan quraşdırıla bilər.

Batareyanın tərkibi

Standart T-300 “Kasirga” batareyasının üzərinə düşən vəzifələri avtonom şəkildə yerinə yetirməsi üçün tərkibinə aşağıdakılar daxil edilib:

  • 1 ədəd C-300 Komanda İdarəetmə Vasitəsi;
  • 6 ədəd F-302T Atıcı Qurğusu;
  • 6 ədəd L-300 Sursat Təchizat Vasitəsi;
  • 1 ədəd M-300 Meteorologiya Vasitəsi;
  • 1 ədəd R-300 Təmir Bərpa Vasitəsi.

Batareyada mövcud olan döyüş və təminat vasitələrinin həm sayı, həm də tərkibi yerinə yetiriləcək vəzifələrin xarakterindən və həcmindən asılı olaraq dəyişdirilə bilər. Standart versiyada bir T-300 “Kasirga” reaktiv artilleriya batareyası minimum 15 ədəd ərazi yük maşınına malik olmalıdır.

C-300 Komanda İdarəetmə Vasitəsi

C-300 Komanda İdarəetmə Vasitəsi yuxarı Komanda Məntəqəsi ilə batareyanın əlaqəsini təmin edir, atəşin texniki idarəetməsini, batareyanın yerləşdirilməsi və idarəedilməsi üçün zəruri olan fəaliyyətləri həyata keçirir. Divizion səviyyəsində isə divizionun Komanda İdarəetmə Vasitəsi olaraq istifadə edilir.

5 nəfərlik heyətə malik C-300 Komanda İdarəetmə Vasitəsi aşağıdakı alt sistemlər və avadanlıqlarla təchiz edilir:

  • - 4x4 və ya 6x6 taktiki təkərli vasitəyə;
  • - kondisioner sistemi və EMI/EMC qorunmasına;
  • - NATO standartlarına uyğun Komanda İdarəetmə Sisteminə;
  • - naqilli/naqilsiz rabitə vasitələrinə;
  • - yerüstü meteorologiya sisteminə;
  • - enerji İstehsalı və paylanması avadanlığına.

F-302T Atıcı Qurğusu

F-302T Atıcı Qurğusu, 4 ədəd 300 mm-lik raketin çox qısa müddət ərzində buraxılması üçün nəzərdə tutulan, yüksək hərəkətliliyə və üstün atəş gücünə malik vasitədir. 2 nəfərdən ibarət heyət komanda aldıqdan maksimum 5 dəqiqə ərzində ilk raketi buraxmağa hazır olur. Buraxılışı kabindən və ya 150 metr məsafədən həyata keçirmək mümkündür.

Bu qurğu aşağıdakı alt sistemlərə və avadanlıqlara malikdir:

  • - 6x6 və ya 8x8 taktiki təkərli nəqliyyat vasitəsi;
  • - raket konteynerləri;
  • - hər birində 2 ədəd raket olmaqla, 2 ədəd (cəmi 4 ədəd) 300 mm-lik konteyner paketi;
  • - Silahların İdarəetmə Sistemi;
  • - Avtomatik Tuşlanma Sisteminə və uyğunlaşdırılan interfeys;
  • - raketlərin ətraf mühitin əlverişsiz şərtlərində saxlanmasını, daşınmasını və istifadəsi zamanı maksimum qorunmasını təmin edən izolyasiyalı konteynerlər;
  • - Qlobal Naviqasiya Sistemi (GPS);
  • - Ətalətli Naviqasiya Sistemi (INS)[7];
  • - enerji istehsalı və paylanma sistemi;
  • - hidravlik sabitləşdirmə sistemi;
  • - telefon, radiostansiya, şifrəli məlumat ötürmə imkanlarına malik rabitə vasitələri;
  • - inteqrasiya edilən metroloji cihazlar;
  • - kabindən və ya uzaqdan atəşi idarəetmə sistemi.

F-302T Atıcı Qurğusunun Taktiki Texniki-Xüsusiyyətləri

  • Təkər formulası: 6x6 və 8x8;
  • F-302-nin döyüş kütləsi: 20 ton (raketlərlə 25 ton);
  • Atıcı qurğunun ölçüləri:
    • uzunluğu: 9.20 m;
    • eni: 2.50 m;
    • hündürlüyü: 3.10 m.
  • Sabitləşdirmə: hidravlik, 4 dayaqlı;
  • Atıcı konteynerlərin sayı: 4 ədəd;
  • Atıcı konteynerlərin diametri: 300–302 mm;
  • Atıcı konteynerlərin uzunluğu: 5 m;
  • Atəşarası interval: 6 saniyə;
  • Şaquli atəş bucağı: 0-60°;
  • Azimutda atəş bucağı: 30°;
  • TR-300 raketinin uzunluğu: 4.75-5.24 m;
  • TR-300 raketinin kütləsi: 525-590 kq;
  • TR-300 raketinin döyüş başlığının kütləsi: 150 kq;
  • Canlı qüvvənin məhvetmə radiusu: 1000 m;
  • Canlı qüvvənin zəmanətli məhvetmə radiusu: 70 m;
  • Raketin hədəfə maksimal uçuş vaxtı: 170 saniyə.

Atəş zamanı Atıcı Qurğunun sabitliyi 4 ədəd hidravlik ayaq hesabına təmin edilir.

L-300 Sursat Təchizat Vasitəsi

L-300 Sursat Təchizat Vasitəsi üzərində quraşdırılan müasir kran sayəsində istənilən hava şəraitində döyüş bölgəsində yerləşən F-302T Atıcı Qurğularına sursat daşımaq və onları raketlərlə təmin etmək üçün nəzərdə tutulub.

3 nəfərlik heyətə malik L-300 Sursat Təchizat Maşını aşağıdakı qurğu və alt sistemlərlə təchiz edilir:

  • - 6x6 və ya 8x8 taktiki təkərli nəqliyyat vasitəsinə;
  • - inteqrasiya olunan sursat təchizat kranına;
  • - hidravlik sabitləşdirmə sisteminə;
  • - rabitə vasitələrinə.

M-300 Meteorologiya Vasitəsi

M-300 Meteorologiya Vasitəsi yüksək hündürlükdə meteoroloji ölçmə sisteminə və yer meteoroloji ölçmə cihazlarına malikdir.

M-300 atəşdən əvvəl ballistik hesablamalar üçün zəruri olan yüksək hündürlük meteoroloji ölçmələrini həyata keçirir və bu barədə məlumatları Komanda İdarəetmə Məntəqəsinə və Arıcı Qurğulara ötürür.

M-300 Meteorologiya Vasitəsi aşağıdakı alt sistem və xüsusiyyətlərə malikdir:

  • - 4x4 və ya 6x6 taktiki təkərli vasitə;
  • - kondisioner sistemi və EMI/EMC qorunması;
  • - NATO standartlarına uyğun avadanlıqlar;
  • - enerji istehsalı və paylanması sistemi;
  • - rabitə vasitələri.

R-300 Təmir və Bərpa Vasitəsi

R-300 Təmir və Bərpa Vasitəsi T-300 batareyasında vəzifələrini yerinə yetirən bütün maşın və avadanlıqların ərazidə təmir və bərpa işlərini həyata keçirmək üçün nəzərdə tutulur. Divizion səviyyəsinə isə ikinci dərəcəli texniki vasitə kimi daxil edilir.

3 nəfərdən ibarət heyətə malik R-300 Təmir və BərpaVasitəsinin tərkibinə aşağıdakı alt sistem və xüsusiyyətlər daxildir:

  • - 4x4 və ya 6x6 taktiki təkərli vasitə;
  • - kondisioner sistemi və EMI/EMC qorunması;
  • - NATO standartlarına uyğun avadanlıqlar;
  • - hidravlik kran;
  • - xilasetmə qurğusu;
  • - enerji İstehsalı və paylanması sistemi;
  • - rabitə vasitələri;
  • - təmir və bərpa avadanlıqları.

Şassi

ROKETSAN istehsalı olan YARS-ların bəzi versiyaları, o cümlədən də “Kasirga” sistemləri Azərbaycanda istehsal olunan “KamAZ 63502” şasisləri üzərində quraşdırılır. Çətin keçilən ərazilərdə yüklərin və şəxsi heyətin daşınması üçün nəzərdə tutulan, 8x8 təkər formulasına malik yerli istehsal “KamAZ” maşınları xüsusiyyətlərinə görə heç də standart versiyanın MAN şassisindən zəif hesab edilmir. Kifayət qədər etibarlı, qənaətçil və dözümlü olan “KamAZ” maşınları ressor tipli müstəqil olmayan asqı ilə təchiz edilir.

Diferensialın söndürülməsi funksiyasına malik “KamAZ 63502” 425/85R21 ölçüdə xüsusi şinlər ilə təchiz edilir. Avtomobilin şinlərin təzyiqinə nəzarət edən məkəzi sistemi, təkərlərdən birinin deşilməsi vəziyyətində belə maşının hərəkətinə davam etməsinə şərait yaradır. Maşının konstruksiyası böyük kütləli yükləri kobud və dağlıq ərazilərdə rahatlıqla daşımağa imkan verir.

347 at gücünə, dörd oxa və səkkiz təkərə malik “Avro-3” standartlı “KamAZ-740.50-360” mühərriki ilə təchiz edilən “KamAZ 63502”, 9 pilləli ZF9 sürətlər qutusundan istifadə edir. 90 km/saat maksimum sürət inkişaf etdirən mühərrik 31500 kq-a qədər yükü daşımağa qadirdir. Bu yükün 13500 kq-ı ön, 18000 kq-ı isə arxa oxlara düşə bilər. Dönmə radiusu 15 metrdir. Yanacaq çəninin həcmi 350 litrdir. Yüklü maşının yanacaq sərfiyyatı ərazidən asılı olaraq 32-35 litr arasında dəyişir.

Döyüş tətbiqi

T-300 YARS-larının hansısa döyüş əməliyyatlarında tətbiqini təsdiq edən görüntülərə malik deyilik, lakin bu silah sistemlərinin Suriya sərhəddində yerləşdirilməsi məlumdur. Fevral ayının sonunda rejim gücləri ilə TSQ arasında İdlib ətrafında baş verən son qarşıdurmada bu YARS-ın tətbiq olunduğu ehtimal edilir.

İstifadəçiləri

T-300 “Kasirga” YARS-ın aktiv istifadəçiləri arasında hələlik Türkiyə və Azərbaycandan başqa digər ölkələr mövcud deyil. Bunun isə daxili tələbatın tam ödənilməməsi ilə bağlı olduğu ehtimal edilir. Azərbaycanın ilk partiyada əldə etdiyi “Kasirga” reaktiv artilleriya divizionunun 16 ədəd atıcı qurğuları və digər köməkçi vasitələri üçün ödədiyi məbləğ, qeyri-rəsmi məlumatlara gorə 244 milyon dollar olub. Bu divizonun tərkibində hər birində 4 atıcı qurğu olmaqla, 4 artilleriya batareyası mövcuddur. Sonrakı təchizat barədə məlumat mövcud deyil.

Nəticə

Bir atıcı qurğu üzərində olan 4 raketdən həm tək, həm də yaylım atəşi aça bilər. 6-9 ədəd atıcı qurğudan ibarət bir batareya, yaylım atəşi ilə bir kilometr radiusda düşmənin canlı qüvvəsinin zəmanətli məhv edilməsini təmin edir. Hazırda Türkiyə Silahlı Qüvvələrində ən azı 12 ədəd, Azərbaycan Silahlı Qüvvələrində isə 3 ədəd “Kasirga” batareyasının mövcud olduğu ehtimal edilir.

T-300 YARS-ın əsas elementi olan F-302T atıcı qurğusu tam avtomatik naviqasiyaya sisteminə malik olmaqla bir nəfər sürücü və bir nəfər qurğu komandiri tərəfindən minimal heyətlə idarə olunur. Komandanlığın qərarından və heyətin təcrübəsindən asılı olaraq heyətin tərkibinin artırılması mümkündür. Sistemin istifadəsinin rahat və asan olması, onu əhəmiyyətli atəş dəstək vasitəsinə çevirir. Atıcı qurğusunun digər çaplı qurğu ilə əvəz edilməsi, hər atıcı qurğuda bir neçə növ sursatdan istifadə edilməsi, maksimum atəş məsafəsi, minimum hədəfdən yayınma, ərazidə təmirin mümkün olması, minimum heyət, yüksək manevr imkanları və s. “Kasirga”nın digər analoqlarının qarşısındakı üstünlüklərinin yalnız bir hissəsidir.

YARS atəşdən əvvəlki hazırlıq, planlaşdırma, meteoroloji ölçmələr, ballistik hesablamalar və s. kimi fəaliyyətlər üçün zəruri mexaniki və elektron alt sistemlərlə təchiz edilir. Fərqli marka və modellərdə olan nəqliyyat vasitələri üzərinə quraşdırılan T-300 sisteminin radio, enerji, naviqasiya və s. kimi sistemləri müştərinin sifarişi ilə dəyişdirilə bilər.

Atəş mövqeyində yerləşəndən maksimum 5 dəqiqə sonra atəş açmağa hazır olan T-300, atəşdən sonra da eyni müddətdə mövqeyini tərk edə bilir. YARS özüyeriyən şassisi bu hərəkətlilik sayəsində “At və qaç” taktikasını uğurla tətbiq edərək düşmən atəşindən qorunmanı uğurla təmin edə bilər.

Təkərli şassiyə malik özüyeriyən təkərli vasitələr, tırtıllı şassilərdə yerləşdirilən rəqiblərindən, mühafizə səviyyəsi istisna olmaqla, digər göstəricilərə görə heç də geri qalmır. Lakin bu istisnalar düşmənlə təmas xəttindən uzaq, müdafiə dərinliklərindən atəş açan uzaq mənzilli artilleriya sistemləri üçün ciddi çatışmazlıq hesab edilə bilməz.

Maşınlarda quraşdırılan kompüter sistemi “Kasirga”nın Azərbaycan Silahlı Qüvvələrinin mövcud batareya atəşinin idarə edilməsi sistemlərinə inteqrasiyasına imkan verir. Atəş koordinatları kompüter sisteminə həm batareyanın (divizionun) Komanda İdarəetmə Məntəqəsindən, həm üst komandanlıq qərargahından, həm kəşfiyyat məntəqəsindən, həm PAU-dan, həm də heyət komandiri tərəfindən daxil edilə bilər.

T-300 artilleriya vasitlərinin atəş məsafəsi döyüş əməliyyatlarında birliklərin ikinci eşelonundan həm açıq, həm də qapalı mövqelərdə yerləşən düşmən obyektlərinə sarsıdıcı və kilidlənən raket zərbəsinin endirilməsini təmin edir.

F-302T Atıcı Qurğusu kobud ərazilərdə üstün hərəkət imkanları ilə bərabər yüksək sürətə də malikdir. T-300 YARS quru nəqliyyatından başqa, dəniz, hava və dəmir yolu ilə də asanlıqla nəql edilə bilir. Demək olar ki, onu bütün yük təyyarələri ilə daşımaq mümkündür. Bu isə YARS-ın digər münaqişə ocaqlarına mxtəlif yollarla və qısa müddətdə çatdırılmasına imkan verir.

T-300 “Kasirga” sisteminin uzaqməzilli atəş məsafəsini, yüksək manevr, ciddi atəş və məhvetmə imkanlarını nəzərə alsaq, onu rahatlıqla Azərbaycan Ordusunun çəkindirmə silahları sinifinə aid edə bilərik.

İstinadlar

  1. "Missiles, rockets and drones define Azerbaijan-Armenia conflict". The Jerusalem Post. 16 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 October 2020.
  2. "Turkish company Roketsan presents its TGR-300 TIGER artillery missile at IDEF 2017 21005176". Army Recognition. 9 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 October 2020.
  3. "TRG-300 TIGER MISSILE". Roketsan. 30 November 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 October 2020.
  4. "Turkey supplies T-300 Kasirga rocket system to Azerbaijan". AzerNews. 21 September 2016. 21 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 October 2020.
  5. Gao, Charlie. "The Big Guns: NATO's 5 Deadliest Rocket Artillery Systems". Center for the National Interest. 6 January 2019. 28 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 October 2020.
  6. "ROKETSAN: T-300 Kasirga (Hurricane)". Pakistan Defence. 4 Feb 2009. 9 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 October 2020.
  7. "TRG-300 TIGER Missile(PDF)" (PDF). Roketsan. 11 April 2020 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 18 October 2020.
  8. "Archived copy". 2018-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-09.
  9. "Login to read". 2013-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-06.
  10. Selçuk Colakoğlu. "Turkey-Bangladesh Relations: A Growing Partnership between Two Friendly Nations". Washington D.C. 2019-06-25. 2020-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-07.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.