Təsbeh

Təsbeh — dini ibadət zamanı işlədilən əşyadır. İslam aləmində zikir əşyası sayılan və ərəb dilində subha kəlməsindən (Sübhanallah sözünün qısaldılmış forması) törəyən təsbeh sözü yalnız fars və türk dillərində bu cür səslənir. Əfqanlar ona tisba, tatarlar isə dispe deyirlər. Lakin ortaq cəhət budur ki, bu sözlərin hamısının tərkibində "s-b-h" hərf birləşməsi mövcuddur və ərəbcə mənası Allahı mədh etmək, tərifləmək deməkdir. Müsəlman dünyasında təsbehdən istifadənin yaranma tarixçəsi haqqında tədqiqatçılar, əsasən, iki fikir yürüdürlər. Birincilər belə hesab edirlər ki, bir neçə hədisdə təsbeh haqqında az da olsa məlumat verilmiş və Həzrət Peyğəmbərin (s) bununla bağlı müəyyən təlimatları olmuşdur. Lakin bu fikir təsdiqini tam tapmamış və ona əks qüvvətli dəlillər gətirilmişdir. Hətta, dörd raşidi xəlifələr dövründə təsbeh haqqında hər hansı məlumata rast gəlinməmişdir.

Əslində bu əşyanın tarixçəsi elə din məfhumu qədər qədimdir desək yanılmarıq. Tarixi mənbələr bizə məlum ən qədim təsbehlərin e.ə. II minillikdə Hindistanda yarandığı məlumatını verirlər. Tədqiqatçılar salnamələrə əsaslanaraq belə fikrə gəlmişlər ki, Əməvilər zamanında hərbi əməliyyatların genişlənərək Hindistanı əhatə etməsi və iki sivilizasiyanın qarşılaşaraq bir-birindən təsirlənməsi nəticəsində təsbehlə tanışlıq baş vermişdir. Yəni, məhz o vaxt təsbehi müsəlmanlar hindli brahmanlardan əxz etmişlər. Digər tərəfdən Hindistanın fəthindən sonra mədəniyyətlərin qarşılıqlı mübadiləsi və hindlilərin İslamı qəbul etməsi təsbehin islamlaşmasına, yəni müsəlman təsbehlərinin yaranmasına səbəb olmuşdur. Çünki yeni dini qəbul edən hindlilər keçmiş adətlərindən tamamilə üz döndərməmiş, əksinə İslama tərs olmayanları yeni dinə uyğunlaşdırmışlar.

Konkret olaraq İslam mədəniyyətində və ibadətində təsbehin geniş tətbiq edilməsi isə Abbasilər dönəminə aiddir.

Səlcuq türklərinin zamanında (XI əsr) təsbeh təkcə türkdilli xalqlar deyil, Fələstin ərazisindəki qeyri-müsəlman millətlər arasında da yayılmağa başlamışdır. Həmin dövrdə ilk dəfə Şərq xristianları, əsasən, Fələstin, Suriya və Yunanıstan əhalisi təsbehi müsəlmanlardan götürüb öz mədəniyyətlərinə daxil etmişlər. Qərb xristianlarının dini ayin və ibadətlərində də təsbehdən istifadə olunmuşdur. Tədqiqatçılar bu məsələdə xaç yürüşlərinin də müəyyən təsirini istisna etmirlər.

Müsəlman təsbehləri 11, 33 və 99 muncuqdan ibarət olur və bu say Allahın doğsan doqquz adının rəmzi kimi qəbul edilir. Ümumiyyətlə isə, müsəlmanlar arasında iki təsbeh növü yayılmışdır. Biri ənənəvi formaya malik olub, sapa düzülmüş muncuq halqadan, digəri isə yastı düzbucaqlı dənələrdən yığılmış, iki başlıqlı aşırma təsbehlərdən ibarətdir. İkincisi, əsasən, Qafqazda yaşayan dağ xalqlarının nümayəndələri arasında geniş yayılmışdır. Birinci növ təsbehlərdən dindarlar ibadətlərin icrasından sonra dua və zikrləri saymaq məqsədilə istifadə edirlər.

XI–XII əsr qədim xristian kitab, freska və ikonalarında əllərində təsbeh tutan xristian müqəddəslərinin rəsmlərinə rast gəlmək mümkündür. Tədqiqatçılar bu və digər faktlara istinadla Xristianlıqda təsbehlərin yaranmasını məhz həmin dövrə aid etmişlər.

İlk xristian təsbehləri 33 muncuqdan ibarət olmuşdur. Çünki o dövrdə Fələstin xristianların arasında bu rəqəm İsa Məsihin bu dünyada 33 il ömür sürməsini xatırlatdığından müqəddəs sayılırmış.

Təsbehin dindar xristianların həyat tərzinə geniş daxil olması isə Afon dağı rahiblərinin adı ilə bağlıdır. Onlar bu əşyaya dini-fəlsəfi yöndən yanaşıb, muncuqlarının sayını 100-ə çatdıraraq duaların və təzimlərin daha rahat sayılmasını təmin etmiş və beləliklə, xristian ənənəsinə yenilik gətirmişlər. Bu ənənə daha sonra digər Pravoslav xristianlarına da sirayət etmişdir. Hazırda Pravoslavlıqda rahiblərə təsbeh "saç qırxma" ayini zamanı təqdim olunur və bu əşya məcazi mənada "Tanrı qalxanı" kimi qəbul edilir.

Katolik ənənəsində təsbehin yaranması isə səhra rahibi Pyotorun (Yeremit) 1099-cu ildə Qüdsü ziyarət etməsi ilə əlaqələndirilir. O, müqəddəs məkanları ziyarət edərkən, oradakı xristianlarda təsbehi görmüş və geri dönərkən onu özü ilə Qərb kilsəsinə gətirmişdir. Katoliklər arasında bu əşya xristian müqəddəslərindən sayılan Dominikin "Təsbeh qardaşlığı" təşkilatı yaratmasından sonra daha da məşhurlaşmışdır. Təsbehlə xüsusi dua növü icad edən Dominik haqqında hətta əfsanə yaranmışdır. Əfsanəyə görə Müqəddəs Məryəm 1214-cü ildə onun gözünə görünərək, təsbeh bağışlamışdır. Katoliklər o dövrdə təsbehlə bağlı bayram da qeyd edirmişlər. Alman rəssamı Albrext Dürerin bunu əks etdirən "Təsbeh bayramı" adlı rəsm əsəri də vardır.

XI əsrdə Qərb xristianları təsbehi latınca "sphacrulae precatoriae" yəni, "dua dairəcikləri" adlandırırmışlar. Sonralar isə ona "pater noster", "rozarium" və digər adlar verilmişdir.

Buddizmdə təsbeh məfhumu təlimin qurucusu Sakya Muni Buddanın dövrünə gedib çıxır. Hindistan vedalarından məlumdur ki, təsbehi Budda ixtira etməmişdir. Onu Brahmanizmdən götürüb öz təliminə uyğunlaşdırmışdır. Ənənəvi Buddizmdə təsbeh "capa mala" adlanır və 108 muncuqdan ibarətdir. Bu say Budda tərəfindən müəyyən edildiyindən müqəddəs sayılır. Lakin buna baxmayaraq, Buddizimin müxtəlif qollarında – hinayana, mahayana, tantra və s. özlərinə xas, yəni müxtəlif saylı muncuqdan ibarət təsbehlər mövcuddur.

Yapon buddist rahiblərinə (so) təsbeh, çinli rahiblərdən (bonza) keçmişdir. Vaxtilə ona "diqqət kürrəcikləri" mənasına gələn müxtəlif adlar – "dzyu-dzu", "nen-dzyu" vermişdilər. Hazırda Yaponiyada təsbehə "omoy no tama", yaxud "omoye tama", yəni "yaddaş kürələri" deyirlər. Buddist ölkələrdə əl təsbehləri ilə yanaşı, yekə məbəd təsbehləri də mövcuddur. Onların ipinin uzunluğu beş metr, taxtadan olan dənələrinin böyüklüyü isə dəvəquşu yumurtası boydadır. Onlardan yalnız xüsusi bayram və mərasimlərdə istifadə edilir.

Brahmanizmdə təsbehin fəlsəfi mənası kainatın dövrü və dünyaya yenidən gəlmə təlimi ilə bağlıdır. Buna görə də brahman təsbehləri digər din mənsublarının təsbehlərindən fərqlənir. Çünki ən qədim təsbeh ənənəsinə mənsub Brahmanizmdə o zamanlar yalnız kahinlər onu gəzdirmək hüququna sahib idi. "Rudrakşas" (Rudranın gözləri) adlanan bu əşya ilə bağlı ənənəni brahmanlar öz tanrılarının təsvirlərindəki boyunbağılara uyğun yaratmışdılar. Bu boyunbağılar fövqəltəbii qüvvə olduğuna inanılan Günəşə pərəstişin simvolu sayılırmış. Brahmanlar özlərini tanrılar deyil, onların kahinləri saydıqlarından, təsbehləri əllərində gəzdirərmişlər. Çünki təsbehdən boyunbağı kimi yalnız tanrıların istifadə etdiyinə inanılırdı. Təsbeh brahmanlara təkcə dini əşya kimi deyil, Günəşin hərəkətinin hesablanması üçün də lazım idi.

Həmçinin bax

Mənbə

  • Müəllif: Əliheydər Zülfüqar- "Cəmiyyət və Din" qəzeti
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.