Təlatüm (film, 2006)
Təlatüm | |
---|---|
Janr |
detektiv triller |
Rejissor | Məhərrəm Bədirzadə |
Əsərin müəllifləri | Ənvər Seyidov |
Ssenari müəllifləri | Ənvər Seyidov, Məhərrəm Bədirzadə |
Baş rollarda |
Nurəddin Mehdixanlı — hakim Rəfael Dadaşov — prokuror Ramiz Məmmədov — rəis müavini Əjdər Həmidov — Kamil Şabanov Mehriban Xanlarova — Nəcibə Müdhət Aydın — Həmid |
Operator | İzzət Əzizov |
Rəssam | Rəfael Əlizadə |
İstehsalçı | Azərbaycan Televiziyası |
İlk baxış tarixi | 2006 |
Filmin növü | tammetrajlı bədii televiziya filmi |
Müddət | 83 dəq. |
Ölkələr | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2006 |
Rəng | rəngli |
Məzmun
Filmdə hadisələr 1993-cü ildə baş verir. Telefilm orijinal formada başlayır. Törətdikləri cinayət əməllərinə görə məhkəmənin hökmü ilə cəza çəkənlər dövlət başçısının verdiyi ilk əfv fərmanından sevinirlər. İkinci dəfə həbsxana taleyi yaşayan Kamil Şabanov (Əjdər Həmidov) deyir: "Heç inana bilmirəm ki, bu gün azadlığa çıxıram... Doğrudan da, bağışlamaq qəlbin böyüklüyüdür". Məhbus-aktyorun tərəf-müqabili isə onun sevincini kədərə çevirmək istəyir: "Çıxıb neyləyəcəksən, onsuz da tezliklə yanımıza qayıdacaqsan. Bura artıq sənin doğma evindir". Lakin Kamil həvəsdən düşmür. O, həbsxananın dəmir qapısından çıxanda sanki işıqlı dünyanı təzəcə görür. İllər boyu intizar çəkən ana (Şəfiqə Qasımova) balasını köksünə sıxır, onun üzünə, saçlarına sığal çəkir. Təəssüf ki, müəyyən müddətdən sonra Kamilin yenidən müttəhimlər kürsüsündə dayanmaq təhlükəsi yaranır.
Kamil azadlığa çıxsa da, dövrün qeyri-qanuni hadisələri onun ətrafında cərəyan edir. Çox çəkmir ki, o, əvvəlcədən planlaşdırılmış "tələ"yə düşür. Baş verən ölüm hadisəsinə səbəbkar qüvvələr isə müvəqqəti olsa da kənarda qalır, əməllərini ört-basdır etməyə cəhd göstərirlər. Belə çətin ərəfədə haqqın təsdiqini sübuta yetirmək üçün Bakıdan hakim İlyas Şahdağlı (Nurəddin Mehdixanlı) məhkəmə prosesini aparmağa gəlir. Cinayətkarlar onu yolda saxlayırlar. Lakin o öz qürurundan, əqidəsindən, saf düşüncəsindən dönmür. Rayon prokuroru Səməd Məmmədli (Rəfael Dadaşov), milis rəisinin müavini Emin Yusifli (Ramiz Məmmədov) qatillərlə əlbir olduqlarından əsil həqiqətin aşkarlanmasına imkan vermirlər. Hakimin isə mövqeyi qətidir.
Telefilmdə hadisələr tədricən kuliminasiya zirvəsinə yüksəlir. 82 yaşlı qadının qız övladı qatillərə istiqamət verir ki, anasını öldürsünlər. Tədricən cinayətin üstü açılır. Hakimin qəti mövqeyi hadisələrin inkişafına marağı daha da artırır. Rejissorun verdiyi ikili kadr dəyişikliyində ekranda olmuş əhvalatın həqiqi təsvirləri görünür. Pakizə nənəni (Səmayə Musayeva) qətlə yetirənlərin kimliyi aydınlaşır.
Məhkəmə prosesi başlayır. Hakim haqqı nahaqdan seçməyə, kimin təqsirkar olduğunu aydınlaşdırmağa çalışır. Qəddarlıqla qətlə yetirilən Pakizə nənənin qızı, cinayətin əsas iştirakçısı Nəcibə (Mehriban Xanlarova) əsl qatilə (Müdhət Aydın) müraciətlə deyir: "Siz nə danışırsız? Mən öldürmüşəm anamı? Yox, möhtərəm hakim (huşunu itirib yıxılır)..." Nəticədə bir çox mətləblər açıqlanmır. Bəzi məqamlar üstüörtülü qalır...
Peşəkar rejissor Məhərrəm Bədirzadənin "Təlatüm" televiziya filmi 15-16 il əvvəlki hadisələrin təsviri kimi yaddaşlarda qalır. Bəzi qüsurlarına, xüsusən tələsiklikdən irəli gələn lüzumsuz dialoqlara, deyimlərə, müraciətlərə baxmayaraq lent əsəri maraqla qarşılanır.
Film haqqında
Film eyniadlı kriminal roman əsasında çəkilmişdir.
Filmin heyəti
Film üzərində işləyənlər
- Əsərin müəllifi: Ənvər Seyidov
- Baş məsləhətçi: Sabir Hüseynov (baş ədliyyə müşaviri)
- Quruluşçu rejissor: Məhərrəm Bədirzadə
- Quruluşçu operator: İzzət Əzizov
- Rəssam: Rəfael Əlizadə
- Montaj: Nasir Salamov, Tərlan Ələkbərzadə
- Səs rejissoru: Firudin Bağıroğlu
- Musiqi tərtibatı: Firudin Bağıroğlu
- Rejissorlar: Elşən Heydərov, Əli Hüseynov
- Operator: Mahmud Əhmədov
- İşıq üzrə rəssam: Mahmud Əhmədov
- Qrim üzrə rəssam: Zemfira Cəfərova
- Rejissor assistentləri: Firdovsi Cəbrayılov, Səməd Səfərov
- Redaktor: Sadıq Elcanlı
- Direktorlar: Faiq Abbasov, Mirzə Əliyev
- Musiqilərindən istifadə edilən bəstəkar: Rauf Əliyev ("Qara "Volqa"") (titrlərdə yoxdur)
- İfasından istifadə edilən müğənni: Rəşid Behbudov ("Ana mahnısı") (titrlərdə yoxdur)
- Səsindən istifadə edilən şəxslər : Murtuz Ələsgərov, Heydər Əliyev (titrlərdə yoxdur)
Rollarda
- Nurəddin Mehdixanlı — hakim
- Rəfael Dadaşov — prokuror
- Ramiz Məmmədov — rəis müavini
- Əjdər Həmidov — Kamil Şabanov
- Mehriban Xanlarova — Nəcibə
- Müdhət Aydın — Həmid
- Mətləb Abdullayev — Vəli
- Sərdar Rüstəmov — Ağahüseyn
- Aydın Əzizov — Teymur
- Rafiq Əzimov — Axund Məhəmməd
- Telman Əliyev — Axund Ələsgər
- Rafiq Hüseynov — Mürsəl kişi
- Səmayə Musayeva — Pakizə
- Şəfiqə Qasımova — Kamilin anası
- Zakir Məmmədov — ata
- Mehman Piriyev — Ruslan
- Firdovsi Cəbrayılov — katib
- Səməd Səfərov — rayon hakimi
- Əlvida Cəfərov — vəkil
- Aydın Quliyev — çayçı
- Gülçöhrə Abdullayeva — Qızılgül
- Sənan Əlibəyov — Alı
- Arzu Hüseynov — Ağagül
- Nağı Qocayev — birinci məhbus
- Ədhəm Əliyev — ikinci məhbus
- Əlvan Abdullayev — üçüncü məhbus
- Mübariz İbrahimov
- Yavər Seyidov
- Vaqif Rəhimov
- Əli Hüseynov
- Ədalət Musayev
- Turqay Manafov
- Tahirə Ağakişiyeva
- Aydın Aydınov
Çəkilişə kömək edənlər
- Əmir Bayramov (Bakı Şəhər Hərbi Məhkəməsinin sədri)
- Vidadi Bayramov (Oğuz Rayon Daxili İşlər Şöbəsinin rəisi)
- Xalid Qasımov (1 Saylı Tam Müəssisə Müəssisəsinin baş direktoru)