Tələb və təklif

Tələb və təklif (ərəb. طلب و تکلیف, ing. Demand and supply, rus. Спрос и предложение) —iqtisadiyyatda ən əsas anlayışlardan biridir. Bu model tələb və təklifin qiymətə necə dəyişildiyini və bazarda müvazinətin əmələ gəlməsini göstərir. Mikroiqtisadiyyatda əsasən bir müəyyən məhsul bazarı araşdırılır, makroiqtisadiyyatda isə bütun məhsullar üzrə ümumi tələb və təklif nəzərə alınır.

Mikroiqtisadiyyatda çox istifadə olunan tələb və təklif modelidir. Tələb və təklif bir birinə nisbətən dəyişəndə əmələ gələn müvazinət qiyməti təyin edir. Burada tək azalan tələb qiymətin düşməsinə səbəb olur.

Tələb

Tələb istehlakçıların müəyyən bir qiymətə və müddətdə məhsulu hansı miqdarda almağa hazır və imkanı olduğunu göstərir.[1] Qrafikdə tələb əyri kimi ifadə olunur, və əsasən qiymətdən mənfi və ya tərs şəkildə asılıdır. Tələb əyrisi – əmtənin qiyməti ilə ona olan tələbin həcmi arasındakı əlaqəni əks etdirən əyridir. Bu asılılıq tələbin qanununa müvafiqdir: bütün digər şərtlər dəyişməyən halda (ceteris paribus), qiymətin artımı tələbin düşməsinə səbəb olur.[2][3]

Bu qanun istehlakçıların seçimi üzrə müşahidələrə və sağlam və rasional düşüncələrə uyğun gəlir. Doğrudan da, yüksək qiymət nə isə almağa niyyətini azaldır, və pərakəndə ticarətdə baş verən güzəştlər və satışlar müştəriləri cəlb etmək məqsədini daşıyırlar. Bundan başqa, hər bir yeni məhsul istehlakçıya azalan əlavə fayda gətirir. Misal üçün, ikinci yeyilən dönər daha az fayda gətirir, nəinki birinci. Ona görə əlavə məhsulu almağa daha aşağı qiymət səbəb ola bilər.

Qiymətin dəyişməsi həm də sərvət və əvəz etmə effektlərinə yol verə bilər. Məsələn, qiymətin düşməsi istehlakçı üçün sərvətin alıcılıq qabiliyyətinin artımına bərabərdir. Bu sərvət effektidir. Əvəz etmə effekti isə bildirir ki, istehlakçı alternativlərindən daha ucuz məhsula keçəcək. Misal üçün bir birini əvəz edə bilən alma və portağal şirələri. Əgər alma şirəsinin qiyməti aşağı düşərsə, istehlakçi portağaldan daha çox alma şirəsini alacaq, yəni ki ona tələbat

artacaq. Mikroiqtisadi təhlildə sərvət və əvəz etmə effektləri riyazi şəkildə Slutski düsturu ilə ifadə olunur.

Tələbə təsiredici amillər

Tələbə təsir edən qiymət və qeyri-qiymət amilləri vardır. Qiymət amilinin təsiri tələb əyrisi üzərində hərəkətə səbəb olur. Qiymət yüksəldikcə tələb miqdarı azalır, qiymət aşağı düşdükcə tələb miqdarı artır. Qeyri-qiymət amilləri isə tələb əyrisinin artımına ( tələb əyrisinin sağa sürüşməsinə) və azalmasına (tələb əyrisinin sola sürüşməsinə) səbəb olur. Bunlar aşağıdakılardır:

  • Alıcıların sayı. Bazara yeni alıcıların daxil olması və ya alıcıların sayının artması tələbin artmasına səbəb olur və əksinə alıcıların sayının azalması tələbin azalmasına səbəb olur.
  • Əvəzləyici əmtəələrin qiyməti. Əvəzləyici əmtəələr adında göründüyü kimi bir-birini qarşılıqlı əvəz edəbilən əmtəələrdir. Məsələn hamburger və dönər. Bu əmtəələrdən birinin məsələn hamburgerin qiymətinin artması dönər tələbinin artmasına səbəb olar. Çünki alıcı qiymət artımından qaçmaq üçün hamburgeri dönər ilə əvəz etmək istəyər. Nəticə olaraq əvəzləyici əmtəənin qiymətinin artması digər əmtəənin tələbini artırar və ya əksinə.
  • Tamamlayıcı əmtəələrin qiyməti. Tamamlayıcı əmtəələrdə bir-birinin qarşılıqlı olaraq tamamlayan əmtəələrdir. Məsələn benzin və avtomobil. Bu əmtəələrdən birinin qiymətinin məsələn benzinin artması avtomobil tələbinin azalmasına səbəb olar. Çünki avtomobil alan satıcı onun tamamlayıcısının qiymətinin artması səbəbindən daha çox xərc çəkəcəyini bilir. Nəticə olaraq tamamlayıcı əmtəənin qiymətinin artması digər əmtəənin tələbini azaldar və ya əksinə.
  • Alıcıların zövqləri.Tələbə təsir edən ən aşkar amil zövq amilidir. Əgər siz dondurma xoşlayırsınızsa təbii ki ondan daha çox miqdarda alacaqsınız.
  • Alıcıların gəliri. Alıcının gəlirinin bəzi əmtəələrin tələbini artırır, bəzi əmtəələrin isə tələbini azaldır. Əgər alıcının gəliri artdıqda əmtəəyə olan tələb artırsa bu əmtəə normal əmtəədir. Alıcının gəliri artdıqca əmtəəyə olan tələbi azalırsa bu əmtəə isə keyfiyyətsiz əmtəədir. Nəticə olaraq normal əmtəələrin tələbi alıcının gəliri ilə düz, keyfiyyətsiz əmtəələrin tələbi isə alıcının gəliri ilə tərs mütənasibdir.
  • Gözləmələr. Sizin gələcəklə bağlı təxminləriniz müəyyən əmtəəyə və ya xidmətə olan bugünkü tələbinizə təsir edə bilər. Əgər, sabah dondurmanın qiymətinin aşağı düşəcəyini təxmin edirsinizsə, o zaman yəqinki, dondurmanı bugünkü qiymətə almaqdan imtina edərsiniz. Bu zaman tələb əyrisi sola doğru sürüşər.

Təklif

Təklif istehsalçıların müəyyən bir qiymətə və müddətdə məhsulu hansı miqdarda satmağa hazır və imkanı olduğunu göstərir. Tələb kimi, o, qrafikdə əyri kimi ifadə olunur, və əsasən qiymətdən müsbət və ya düz şəkildə asılıdır. Təklif əyrisi – qiymət ilə təklifin həcmi(miqdarı) arasındakı münasibəti göstərən əyridir. Təklifə də müvafiq olan qanun mövcüddur: bütün digər şərtlər dəyişməyən halda (ceteris paribus), qiymətin artımı təklifin artmasına da səbəb olur.[4][5] Qiymət istehsalçı üçün gəlirin göstəricidir, ona görə də yüksək qiymət onu bazara daha çox mal təklif etmək və satmaq təşviq edir.

Təklifə təsiredici amillər

Təlklifə təsir edən qiymət və qeyri-qiymət amilləri vardır. Qiymət amilinin təsiri təklif əyrisi üzərində hərəkətə səbəb olur. Qiymət yüksəldikcə təklif miqdarı artır, qiymət aşağı düşdükcə təklif miqdarı azalır. Qeyri-qiymət amilləri isə təklifin artımına (təklif əyrinin sağa çəkilməsi) və ya azalmasına (təklif əyrinin sola çəkilməsi) səbəb olur. Bunlar aşağıdakılardır:

  • Vəsaitlərin qiyməti. İstehsalın xərcləri və təklif arasında sıx əlaqə var. Hər əlavə ədəd istehsal etmək üçün daha baha vəsaitlərə pul ayrılmaq lazımdır. Misal üçün, əgər ağacın qiyməti düşsə, kağızın təklifi artıra bilər.
  • Texnologiya. Texnologiyada yeniliklər istehsalı daha səmərəli edə və xərcləri azalda bilər.
  • Vergilər və dotasiyalar. Çoxlu şirkətlər vergilərə istehsalın xərcinə kimi yanaşırlar. Ona görə də satış və ya əmlak vergilərin artımı təklifə mənfi təsir göstərə bilər. Dotasiya (yəni ki məhsulun istehsalçısına dövlətdən maddi yardım) isə əksinə, xərcləri azaldır və təklif artır.
  • Digər məhsulların qiymətləri. Bu bir-birini əvəz edə bilən məhsulların təklifi üçün aiddir. Məsələn, əgər buğdanın qiyməti artırsa, onda istehsalçı qarğıdalıdan buğdanı yetişdirməyə keçir. Deməli, buğdanın təklifi artır, qarğıdalının isə düşür.
  • Gözləmələr. Gözləmələrin təsiri müxtəlif ola bilər. Misal üçün, buğda fermerləri gələcəkdə buğda qiymətinin artımını gözləsə, öz məhsulunu satışdan saxlaya bilərlər və təklif düşər. O biri tərəfdən isə emaledici sənayedə cari istehsal yüksələ bilər, əgər xammalın qiymətlərinin artımı gözlənilir.
  • Satıcıların sayı. Bazara daxil olan yeni istehsalçılar təklifin artmasına səbəb olurlar.

Müvazinət

Tələb və təklif modeli qiymətin əmələ gəlməsini izah edir. Tələb və təklif əyrilərinin kəsişmə nöqtəsi müvazinət kimi adlanır və bu nöqtəyə aid olan qiymətə bazarın müvazinət qiyməti deyilir. Habelə bu nöqtəyə aid tələb və təklif miqdarlarına müvazinət miqdarları deyilir. Onlar da bir birinə bərabərdir. Bazarda tələb və təklifin rəqabət güclərinin qarşılıqlı əlaqəsi ilə alqı-satqı qərarlarını birləşdirməyə qabiliyyəti qiymətlərin müvazinət funksiyası adlanır.

İstinadlar

  1. Campbell R. McConnell, Stanley L. Brue, (2007) "Economics: principles, problems, and policies"
  2. "Arxivlənmiş surət". 2017-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-19.
  3. Werner Hilderbrand, (1983) "On the law of demand", Econometrica, vol. 51, No. 4
  4. "Arxivlənmiş surət". 2022-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-19.
  5. Sullivan, arthur; Steven M. Sheffrin (2003). Economics: Principles in action. Upper Saddle River, New Jersey 07458: Pearson Prentice Hall. pp. 101. ISBN 0-13-063085-3.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.