Dövlət İmtahan Mərkəzi (Azərbaycan)

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi — Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 11 aprel tarixli Fərmanı ilə yaradılmışdır. Dövlət İmtahan Mərkəzi dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir.

Dövlət İmtahan Mərkəzi
  • Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılma tarixi 11 aprel 2016
Baş qərargah Bakı şəhəri, Həsən Əliyev küçəsi, 299 AZ 1078
Ünvan Bakı
Bərdə
Gəncə
Göyçay
Lənkəran
Naxçıvan MR
Şəki
Şəmkir
Şirvan
Xaçmaz
Rəhbərlik
Rəhbər Məleykə Abbaszadə

Rəsmi saytı dim.gov.az

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir.[1]

Tarixi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikasında Ali məktəblərə tələbə qəbulunu həyata keçirmək məqsədi ilə 1992-ci ildə Əbülfəz Elçibəyin sərəncamı ilə yaradılmış və Vurğun Əyyub tərəfindən idarə olunmuş mərkəzləşmiş qurumdur. Tələbə qəbulu TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada, test üsulu ilə həyata keçirilmişdir.

1993-cü ildən 1994-cü ilədək TQDK-ya 1992–1993-cü illərdə sədrin birinci müavini olmuş Kamran İmanov rəhbərlik etmişdir.

Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası dövlət idarəetmə orqanlarının bir hissəsi olmaqla təhsil sistemində xüsusi yer tutur, öz fəaliyyətində müstəqildir və Azərbaycan Respublikasının Prezidentinə tabedir.

Quruma Məleykə Mehdi qızı Abbaszadə rəhbərlik edib.

TQDK-da 4 şöbə fəaliyyət göstərib:

  1. Təşkilat şöbəsi
  2. Sorğu-suallar şöbəsi
  3. Kompüter əməliyyatları şöbəsi
  4. Maliyyə-inzibati şöbə

Komissiya 11 aprel 2016-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ləğv edilib.

Dövlət İmtahan Mərkəzi (DİM)

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ləğv edilərək onların dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin (DİM) balansına verilmişdir.[2]

DİM ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını), orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunu həyata keçirir. Mərkəz, həmçinin dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanları keçirir.

Mərkəzi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr, 2 sədr müavini və ictimai əsaslarla fəaliyyət göstərən 4 nəfər üzvdən ibarət tərkibdə Direktorlar Şurası idarə edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 aprel 2016-cı il tarixli 1949 nömrəli sərəncamı ilə Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri vəzifəsinə təyin olunub.

Fəaliyyət

Beynəlxalq imtahanlar

DİM ABŞ-nin ETS (Educational Testing Service — Təhsildə Qiymətləndirmə Xidməti) təşkilatı və "College Board"-un (Ali təhsilə Qəbul Şurası) dəstəyi ilə kağız daşıyıcılar vasitəsilə SAT imtahanlarını keçirir.[3]

Həmçinin, ETS təşkilatının dəstəyi ilə 2016-cı ilin dekabrından DİM-in nəzdində fəaliyyətə başlayan kompüterləşdirilmiş imtahan mərkəzi tərəfindən TOEFL iBT Test və 2020-ci ilin yanvarından GRE:General Test imtahanlarının keçirilməsinə başlanılıb.[4]

2018-ci ildə DİM "Pearson VUE" təşkilatının rəsmi kompüter əsaslı test mərkəzi olaraq beynəlxalq sertifikat təqdim edən akademik ingilis dili ("PTE Academic"), eləcə də müxtəlif ixtisas sahələrinə aid (IT, maliyyə, mühasibat, menecment, audit, layihələrin idarə edilməsi və s.) 100-dən çox imtahanı keçirmək hüququ əldə edib.

2020-ci ildə DİM LanguageCert International ESOL beynəlxalq ingilis dili imtahanlarının keçirilməsi üçün lisenziya əldə edib. İmtahanlar onlayn və kompüter-əsaslı qaydada təşkil olunur və DİM Azərbaycanda müvafiq lisenziyanı əldə edən ilk qurumdur.[5]

2020-ci ildə DİM ACCA təşkilatının rəsmi Test Mərkəzi kimi qeydiyyata alınmışdır.

Sədrləri

  • Vurğun Əyyub
  • Kamran İmanov
  • Faiq Nağıyev
  • Məleykə Abbaszadə

İstinadlar

  1. "Çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının (qurumlarının) Siyahısı". Azərtac. 2022-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-14.
  2. Saməddin Mehralıyev. "İlham Əliyev TQDK-nı ləğv etdi" (az.). ANSPRESS. 2016-04-11. 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-12.
  3. Dövlət İmtahan Mərkəzinin rəsmi saytı (SAT bölməsi) http://dim.gov.az/activities/exams/sat/ Arxivləşdirilib 2022-06-30 at the Wayback Machine
  4. "DİM ETS təşkilatının xaricdə magistratura və doktoranturaya qəbul üçün tələb olunan GRE imtahanını keçirmək üçün lisenziya əldə edib" http://dim.gov.az/news/4926/?sphrase_id=913942 Arxivləşdirilib 2023-07-07 at the Wayback Machine
  5. "DİM ESOL beynəlxalq ingilis dili imtahanlarının keçirilməsi üçün lisenziya əldə edib." http://dim.gov.az/news/5441/?sphrase_id=913941 Arxivləşdirilib 2023-07-07 at the Wayback Machine

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.