Təkaful
Bu məqalə ənənəvi sığorta əməliyyatlarına alternativ olaraq tətbiq olunan, İslam Şəriətinə uyğun qaydada həyata keçirilən TƏKAFUL (ərəbcə: التكافل) sığortasının mahiyyəti haqqındadır.
Giriş
Dünyanın sığorta sektorlarındakı inkişaf tendensiyalarını araşdırarkən, sığorta nəzarəti və biznesi ilə bağlı qəbul edilmiş yeni beynəlxalq prinsip və standartlarla tanış olarkən, ayrı-ayrı beynəlxalq konfrans və forumlarda iştirak edərkən çox tez-tez rastlaşdığımız mövzulardan biri də İslam sığortası və ya təkaful anlayışları ilə bağlıdır. Bu anlayışlar əksər hallarda sinonim kimi işlənsə də, əslində onlar arasında müəyyən fərq var ki, bu da təkafulun İslam sığorta modellərinin Şəriət alimləri tərəfindən daha geniş şəkildə qəbul edilmiş bir qrupunu əhatə etməsindədir. Təkaful əməliyyatlarının həcminin dünya maliyyə sistemində analoqu olmayan sürətlə inkişafı, habelə maliyyə böhranlarının bu sistemdən demək olar ki, təsirsiz ötüşməsi (təkcə bir faktı demək kifayətdir ki, 2007-2010-cu illər arasında təkaful əməliyyatlarının həcmindəki artım illik 28 % təşkil etmişdir )[1] istər beynəlxalq təşkilatlar, istərsə də ayrı-ayrı transmilli korporasiyaların son vaxtlar təkafulla bağlı nəzəri və təcrübi tədqiqatlara vaxt və pul sərf etmələrinə səbəb olmuşdur.
“Təkaful” ərəb mənşəli olub, "كفل" (“kəfələ”) sözündən götürülmüşdür, təmin etmək, bir kəsə kömək etmək və ya bir kəsin qayğısına qalmaq mənalarını daşıyır. Təkaful birgə məsuliyyət, qardaşlıq, həmrəylik, qarşılıqlı əməkdaşlıq, yaxud yardımlaşma əsasında müəyyən riskə qarşı maliyyə təminatı üçün formalaşdırılan münasibətlər sistemidir.[2] Dünyanın ən yeni, lakin ən dinamik [3] sığorta institutu olan təkafulun tarixi dolayısı ilə 14 əsr əvvələ - ərəb tayfaları arasında geniş yayılmış və İslam Şəriətində də qəbul edilmiş “əl-əqilə”[4] doktrinasına qədər gedib çıxır. Bu prinsip sonralar həyatın bir çox sahələrində, xüsusən də dəniz tacirlərinin zərərlərinin qrup üzvlərinin birgə vəsaitləri hesabına formalaşdırılan fonddan ödənilməsi sistemində geniş tətbiq edildi. Lakin peşəkar fəaliyyət olaraq, ilk təkaful şirkəti 1979-cu ildə Sudanda təsis edilmişdir. 2012-ci ildə isə dünyada 150-yə yaxın müstəqil təkaful şirkəti, 200-dən artıq isə sığorta şirkətlərinin “təkaful pəncərəsi” mövcud olmuşdur.
İlk olaraq, təkaful haqqında qısaca onu demək olar ki, bu, bir kəsin qarşılıqlı köməkləşmə və könüllü yardım prinsipləri əsasında, başqa iştirakçıların məruz qala biləcəyi zərərli hadisələrdə maliyyə yardımı göstərmək niyyəti ilə ümumi fonda (iştirakçılar fondu və ya təkaful fondu) hər hansı pul məbləğini ödəməklə, eyni zamanda özü də zərərə məruz qalacağı halda bu fonddan yararlanmaq imkanı verən mexanizmdir.
Təkaful daha geniş mənada nədir, ümumiyyətlə İslamın sığortaya münasibəti necədir, Şəriətlə qəbul edilməyən sığorta əməliyyatları hansılardır və s. bu kimi suallarla bağlı konkret məsələlərə keçməzdən əvvəl, bu sitiqamətdə aparılan araşdırmaların qısa nəticəsi ilə tanış olmaq daha məqsədəuyğundur:
Müsəlmanların etiqadına görə ehkamları ilk insan olan Adəmdən (ə.s.) başlamış, Nuh (ə.s.), İbrahim (ə.s.), Musa (ə.s.), İsa (ə.s.) və s. peyğəmbərlər vasitəsilə insanlara çatdırılması davam etdirilmiş, sonuncu peyğəmbər Muhəmmədin (s.ə.s.) vaxtında isə kamil olmuş[5] İslam dini sosial, iqtisadi və siyasi məsələlər də daxil olmaqla, həyatın hər bir cəhətini ehtiva edən dəyərləri və prinsipləri özündə birləşdirir. İslam hüququnun məcmusu olan Şəriətə görə insanlar arasındakı bütün münasibətlərdə ədalətli rəftar mövcud olmalıdır. Bu səbəbdən istismarın – bu və ya digər yolla kiminsə haqqı çatmadığı bir şeyi əldə etməsi hallarının aradan qaldırılması üçün ədalətsiz varlanmanın bütün yolları, həmçinin zəruri olmayan risk və ya möhtəkirlik (böyük qazanc vəd edən, lakin həddən artıq riskli olan sərmayə qoyuluşu) əlamətləri daşıyan əməliyyatlar qadağan edilir. İslam iqtisadiyyatının əsaslarını formalaşdıran bir sıra əsas prinsiplər onu ənənəvi iqtisadi münasibətlərdən fərqləndirir.
Məlum olduğu kimi, İslam iqtisadiyyatının prinsipləri Quran və Sünnəyə (sonuncu İslam peyğəmbəri Muhəmmədin (s.ə.s.) sözləri, əməlləri və görüb inkar emədiklərindən ibarət, onun həyat tərzinin etibarlı dəlillərlə rəvayət olunduğu səhih hədislərə əsaslanan İslam hüququnun iki əsas mənbəyindən biri) əsaslanan nəzəriyyə üzərində qurulmuşdur. Bu nəzəriyyənin başlıca ideyası ondan ibarətdir ki, bütün əməllər, o cümlədən iqtisadi və ticari sövdələşmələr və əməliyyatlar Allahın insanlara qadağan etdikləri ilə - haramlarla bağlı olmamalıdır. İslama görə qazanılan bütün gəlirlər və əldə olunan mənfəətlər yalnız qanuni, dini terminlə ifadə etsək, halal olmalıdır. Quranda bu barədə deyilir: “Allahın sizə verdiyi ruzidən halal və təmiz olanını yeyin. İnandığınız Allahdan qorxun”. (Quran, əl-Maidə surəsi, 88-ci ayə). Nəyin halal və ya haram olmasını isə insanlar özləri deyil, Allah müəyyən edib ki, bu da insanlara nazil olan sonuncu müqəddəs kitabda və göndərilən sonuncu Peyğəmbərin (s.ə.s.) sünnəsində (davranışları və sözlərində) əks olunub. (İslam əqidəsinə görə Muhəmməd peyğəmbərin (s.ə.s.) dedikləri, etdikləri, təsdiq etdikləri və ya görüb inkar etmədiklərini bilmək də Allahın insanlar üçün müəyyən etdiyi əmr və qadağalara riayət etmək baxımından vacib şərtdir. Çünki, İslamda olan əmr, icazə və qadağaların heç də hamısı Quranda əhatə olunmur. İslam əqidəsinə görə peyğəmbərlərin dedikləri də Allahın əmrləridir. "O, havadan (kefi istəyəni) danışmır. Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir." (Quran, ən-Nəcm surəsi 3, 4-cü ayələr); "Peyğəmbər sizə nə verirsə onu götürün, nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir." (Quran, əl-Həşr surəsi 7-ci ayə); “Həqiqətən, Allahın Rəsulu Allaha, Qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” (Quran, əl-Əhzab surəsi 21-ci ayə))
İslam dinində risk idarəetməsinə münasibət
Bəzi müsəlmanlar hesab edirlər ki, sığorta mexanizminə cəmiyyətdə ehtiyac yoxdur, çünki, onsuz da hər kəs başqasının maddi və mənəvi problemlərinin aradan qaldırılmasına yardım etmək öhdəliyi daşıyır. Əslində əgər cəmiyyət üzvü olan insanlar və ya xalqlar bu məqsədlə xüsusi mexanizm vasitəsilə müəyyən vəsaiti bir yerə toplayır və ehtiyacı yarananların, zərər çəkənlərin, itkilərə məruz qalanların ehtiyaclarının ödənilməsinə sərf edirlərsə, bu, sərvətin və resursların İslamda əmr olunan bölüşdürülməsinin bir üsuludur.
Bir çoxları ümumiyyətlə sığorta əməliyyatlarının, xüsusən də həyat sığortasının İslama zidd olması barədə fikirlər yürütmüşlər. Belə mövqeyin əsasında sığortanın müsəlmana xas olan Allaha təvəkkül, yəni hər bir işdə, o cümlədən hər hansı bir təhlükəyə və ya riskə qarşı dayanmaqda Allaha arxalanmaq sifətinə uyğun olmaması ideyası dayanır. Lakin müsəlman alimlərinin rəyinə, həmçinin bu rəylərin formalaşmasında əsas olan bizim də aşağıda gətirəcəyimiz dəlillərə görə sığortanı məhz bu cəhətdən İslam prinsiplərinə uyğun olmayan fəaliyyət hesab etmək düzgün deyil. Əslində İslam məntiqi ilə yanaşsaq, gündə beş vaxt namaz qılmaq, zəkat və sədəqə vermək və s. axirətdəki həyatın sığortasıdır.
Müasir sığortanın başlıca mahiyyətinə daxil olan risk idarəetməsinin əsas konsepsiyası İslam əqidəsində hələ 14 əsr əvvəl Quran ayələri ilə ifadə olunmuşdur. Quranın Yusif surəsinin 43-49-cu, həmçinin 67-ci ayələrində gözlənilən təhlükələrin qabaqcadan qarşısının alınması üçün tədbir görməyin əhəmiyyəti aydın şəkildə sezilir. Belə ki, Yusif peyğəmbərin əhvalatından bəhs edən adı çəkilən surənin 47-ci ayəsində Misir hökmdarının gördüyü yuxunu yozarkən Peyğəmbər deyir: “Yeddi il adətiniz üzrə əkin. Yediyiniz az bir miqdar istisna olmaqla, qalan biçdiyinizi sümbüldə saxlayın. Sonra bunun ardınca yeddi il quraqlıq olacaq...” Allaha təvəkkül etmənin necə olması barədə isə həmin surənin 67-ci ayəsi daha əhəmiyyətli və haqqında bəhs edilən məsələ ilə bağlı fikirlərə son qoymaq nöqteyi nəzərindən daha tutarlıdır. Sözügedən ayədə Yəqub peyğəmbər oğullarını səfərə yola salarkən onların hansısa təhlükədən yayınmaları üçün “eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun. Bununla belə mən Allahın qəza-qədərini sizdən heç bir şeylə dəf edə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq ona təvəkkül etdim. Qoy təvəkkül edənlər də ona təvəkkül etsinlər.” Qeyd olunan ayələrdən göründüyü kimi, hər hansı bir ehtimal olunan təhlükənin, riskin nəticələrinin qarşısını almaq və ya belə riskin özünü dəf etmək üçün tədbir görülməsi İslamda nəinki qadağan edilmir, əksinə tövsiyə olunur, bir şərtlə ki, gördüyün tədbirin nəticəsi ilə bağlı Allaha təvəkkül edəsən, yəni risk idarəetməsinin uğurlu və ya uğursuz alınmasının Allahın iradəsindən asılı olduğunu dərk edərək, əldə etmək istədiyin nəticədə Ona arxalanasan. Bu məsələ ilə bağlı İslam şəriətinin əsas mənbələrindən olan Sünnədən də bir çox misal gətirmək olar. İbn Ömərdən (A.r.o.) nəql olunan hədisə görə Muhəmməd peyğəmbər (s.ə.s.) düşmən və quldurların tamahkarlığından müdafiə olunmaq, xəstələndikdə isə qulluğunda dayanan kimsənin olması üçün evdə tək gecələməyi,[6] həmçinin tək səfərə çıxmağı[7] qadağan etmişdi. Həmçinin başqa bir hədisdə deyilir: “Kim örtüsüz damlarda gecələyərsə, zimməlik hüququndan (müsəlman ölkəsində təhlükəsiz yaşamaq hüququ) məhrum olar”[8] Buna oxşar digər səhih hədis Əli ibn əbu-Talibdən (A.r.o.) rəvayət olunur: “Hər kəs örtülü olmayan dam üstündə yatsa, ona görə heç kəs sorğu-sual olunmaz”[9] Bu hədisin başqa bir səhabədən (Muhəmməd peyğəmbəri (s.ə.s.) görmüş və onun peyğəmbərliyinə iman gətirmiş şəxsdən) edilən rəvayətində “və kim fırtınalı dənizə çıxıb orada ölsə, ona görə də heç kəs cavabdeh olmaz”[10] kimi davamı qeyd olunur. Amr İbn Umeyyədən rəvayət olunan hədisdə isə göstərilir ki, bir kişi Peyğəmbərin (s.ə.s.) yanına gəlib dedi ki, mən Allah təaləyə təvəkkül edərək dəvəmi açıq buraxdım, lakin o itdi. Peyğəmbər (s.ə.s.) buyurdu ki, dəvəni bağla, sonra təvəkkül et.[11] Qeyd olunan hədislərdən görünür ki, İslama görə Allah bütün məxluqatın qədərini müəyyən etməklə, onların hər bir vəziyyətini, hətta hislərini və hərəkətlərini idarə etməklə yanaşı, bir qisminə, o cümlədən insana ağıl verərək onun üçün öz davranışlarına sahib olmasında muxtar iradə imkanı da müəyyən etmişdir. Belə olan halda insan yaşamaq üçün ona verilmiş bütün halal imkanlardan və səbəblərdən istifadə etməklə baş verənlərin əsas səbəbi olan Allaha təvəkkül etməlidir. Gözlənilən təhlükə və zərərlərə qarşı əvvəlcədən müvafiq tədbirlər görməklə qorunmaq heç də İslam dininə zidd deyil, əksinə təkidlə tövsiyə olunan əməldir. Bu baxımdan, sığorta əməliyyatları ilə ehtiva olunan, baş vermə ehtimalı olan riskli hadisələr səbəbindən maddi zərərlərin qarşılığını almaq üçün əvvəlcədən tədarük görmək də Allaha təvəkkül prinsipinə zidd deyil. Nəticə olaraq, görünür ki, İslam risk idarəetməsinin əleyhinə deyil.[12] Lakin, ənənəvi sığorta əməliyyatları İslamda ciddi şəkildə qadağan olunan qeyri-müəyyənlik, qumar, sələm və başqasına münasibətdə ədalətsiz olma ünsürlərini ehtiva edir ki, bu da müsəlmanların sığorta əqdlərinə fərqli yanaşmasının başlıca səbəbidir.
Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının tədqiqat məruzəsində qeyd edilir ki, “İslam sığorta konsepsiyasının özünün əleyhinə deyil, sadəcə ənənəvi sığortada istifadə edilən bəzi üsul və metodları qadağan edir. Əslində çoxlarının hesabına bir qismin risklərinin azaldılması İslamda, xüsusən də “əl-əqilə” doktrinasında geniş istifadə edilmişdir.” (2006-cı ilin avqust unda Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyası tərəfindən qəbul edilmiş “Təkafulun (İslam sığortasının) tənzimlənməsi və ona nəzarət məsələləri” üzrə qəbul edilmişdir)
Sığorta bəşər cəmiyyətinin, o cümlədən müsəlman ölkələrinin sosial və iqtisadi həyatında həlledici rol oynayır. Qeyd olunduğu kimi, sığorta mahiyyət etibarilə nəinki İslama ziddir, əksinə, bu dinin tələblərindən irəli gələn bir sıra prinsiplərin tətbiqi üçün ən səmərəli və məqsədəuyğun vasitədir. Buna görə də əsrlər boyu müsəlman cəmiyyətlərində sığortanın Şəriətə uyğun müxtəlif modelləri qəbul edilmişdir. Yuxarıda haqqında bəhs edilən əl-əqilə doktrinası, xəlifə Ömərin vaxtından bu doktrinanın daha geniş tətbiq edilərək tayfa üzvlərindən kiminsə ehtiyatsızlıqdan adam öldürməsinə görə qan bahasının ödənilməsi üçün həmin tayfa üzvlərinin qarşılıqlı əməkdaşlıq əsasında yardımlar ödəməsinin mərkəzləşdirilmiş qaydada təşkili, muvələt əqdləri və s. buna misal kimi göstərilə bilər. (İslam şəriətində qəbul edilmiş bu əqd miras qoymağa qohumu və yaxını olmayan kəs yad bir şəxslə bağladığı razılaşmaya deyilir. Muvələt əqdinə əsasən, həmin yad şəxs ehtiyac yarandıqda kimsəsizin borcunu ödəyir, bunun əvəzində isə ona varis təyin olunur. Bəziləri muvələt əqdlərində də qeyri-müəyyənlik olmasına baxmayaraq Şəriətdə qəbul edilməsini misal gətirməklə kommersiya sığortasındakı qarar ünsürləri ilə eyniləşdirib, bu sığortanın da İslama uyğun olduğunu iddia edirlər. Lakin, fərq ondadır ki, muvələt əqdlərindəki qeyri-müəyyənlik, kommersiya sığortasındakı sövdələşmənin predmeti olan riskin ötürülməsi müqabilində təminatın alqı-satqısını ehtiva etmədiyi üçün “qarar”ı qadağan edən hədislərin əhatə dairəsinə düşmür.)
Kommersiya sığortasının Şəriət normaları ilə uyğun gəlməməsi barədə məşhur İslam fiqh şuraları, habelə mötəbər Şəriət alimləri oxşar məzmunlu bir sıra fətvalar vermişlər:
- İlk dəfə olaraq 1972-ci ildə Malayziyanın Fətvalar Komitəsi "riba", "qarar" və "meysir" elementlərini (bu elementlər barədə aşağıda geniş məluat verilir) ehtiva etdiyi üçün həyat sığortasına qadağa qoyan qərar vermişdir.
- 1976-cı ildə Səudiyyə Ərəbistanının Məkkə şəhərində keçirilmiş İslam İqtisadiyyatı üzrə Birinci Beynəlxalq Konfransda kommersiya sığortasının İslam qaydaları ilə ziddiyyət təşkil etməsi və buna görə də haram hesab edilməsi barədə qərar qəbul edilmişdir.
- 1985-ci ildə İslam konfransı Təşkilatının nəzdində fəaliyyət göstərən İslam Fiqh Akademiyası Şurasının ikinci sessiyasının qəbul etdiyi 9 №-li Qərara uyğun olaraq, ənənəvi kommersiya sığortası Şəriət nöqteyi nəzərindən haram hesab edilmiş, alternativ olaraq qarşılıqlı yardımlaşma və xeyriyyəçilik prinsipləri əsasında tərəflərin birgə məsuliyyətini nəzərdə tutan əqdlər təklif olunmuşdur.
- Dr. Muhəmməd ibn Səud əl-Useymi, Dr. Yusuf Abdullah əl-Şubeyli, Prof. Dr. Süleyman ibn Fəhd əl-İsa, Prof. Dr. Saleh ibn Muhəmməd əl-Sattan, Dr. Abduləziz ibn Fauzan əl-Fauzan, Dr. Abdullah ibn Musa əl-Ammar tərəfindən imzalanmış fətvada qeyd olunur ki, "Şəriət alimlərinin əksəriyyətinin, o cümlədən Fətvalar üzrə Daimi Komitənin, Müsəlmanların Ümumdünya Liqasının Məkkə şəhərində yerləşən İslam Fiqhi Şurasının, İslam Konfransı Təşkilatının Ciddə şəhərində yerləşən Beynəlxalq İslam Fiqhi Şurasının fətvalarında əks olunan digər rəylərə görə kommersiya sığortasında Şəriətlə qadağan olunan əməliyyatlar mövcuddur, lakin təkaful və tədamun (qarşılıqlı yardım və əməkdaşlıq) mexanizmləri vasitəsilə həyata keçirilən əməkdaşlıq sığortası (qarşılıqlı sığorta) isə halal və icazəlidir.[13]
Göründüyü kimi, müasir fiqh alimləri İslam şəriətinə uyğunluq baxımından kommersiya sığortası ilə əməkdaşlıq sığortasını (sığorta terminologiyasında daha çox “qarşılıqlı sığorta” kimi ifadə olunur) bir-birindən fərqləndirirlər. Sığorta terminologiyasında kommersiya sığortası dedikdə, gəlir əldə etmək məqsədilə özəl müəssisə kimi təsis edilmiş, müəyyən haqq müqabilində risklərin qəbul edilməsi üzrə fəaliyyət göstərən şirkətlərin fəaliyyəti, əməkdaşlıq və ya qarşılıqlı sığorta dedikdə isə, iştirakçıların (sığortalıların) risklərinin bölüşdürülməsi məqsədilə təsis edilmiş və onlara məxsus sığorta fondunun idarə edilməsi ilə məşğul olan təşkilatların fəaliyyəti başa düşülür.
Kommersiya sığortasının İslama zidd olan ünsürləri
“Qarar”
Kommersiya sığortasında risk idarəetməsi riskin ötürülməsi prinsipinə əsaslanır ki, bu da Şəriət dəlilləri ilə bu növ sığortanı halal hesab etməməyin ən başlıca səbəbidir. Maliyyə əməliyyatlarında risk dedikdə, gələcəkdə baş verməsi ehtimal edilən və maddi zərərlə nəticələnən hər hansı hal və ya hadisə başa düşülür. Sığorta əqdlərində də risk bu cür tövsif olunur. Yəni, öz maraqlarını sığorta etdirən şəxs sığorta müqaviləsi bağlayarkən baş verməsi ehtimal olunan hadisə nəticəsində ona dəyə biləcək maddi zərərlə bağlı riski aradan qaldırmaq və ya azaltmaq niyyəti güdür. Kommersiya sığortasında bu risk ötürmə prinsipi ilə həyata keçirilir. Belə ki, şəxs müəyyən sığorta haqqı ödəməklə maddi zərərə məruz qalma riskini sığorta şirkətinə ötürür, hadisənin gerçəkləşəcəyi halda isə dəyən zərərin əvəzi ötürdüyü risk həcmində həmin şirkət tərəfindən qarşılanır. Başqa sözlə desək, sığortalı qaytarılmasına hər hansı zəmanət almadan müəyyən məbləğ ödəməklə “can rahatlığı”nı satın alır.[14] Bu cür razılaşmaya əsaslanan əqdin İslamda qadağan edilməsi ilk növbədə Muhəmməd peyğəmbərin (s.ə.s.) Əbu Hureyrədən rəvayət olunan, “qarar” əqdlərini qadağan etməsi ilə bağlı səhih hədisindən[15] irəli gəlir. Ərəb dilindən tərcümədə “qarar” dedikdə gələcəkdə baş verməsi qeyri-müəyyən olan hal başa düşülür. Bu hal baş verə də bilər, baş verməyə də. Buna əlavə olaraq, digər hədislərdə dənizlərdəki balığı, yetişməmiş meyvəni alıb-satmağın qadağan edilməsini misal gətirmək olar. Göründüyü kimi, İslam şəriəti qeyri-müəyyənlik üzərində ticarət əlaqələrinin aparılmasını, hansısa qeyri-müəyyən əşyanın, mövcudluğu ehtimal olunan halın, təminatın, riskin və s. alınıb-satılmasını qadağan edir.
"Meysir"
“Meysir”, yəni qumarın hər hansı bir forması Quranın əl-Maidə surəsinin 90-cı ayəsində qadağan edilir: “Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici (içki) də, qumar da, (tapınmaq məqsədilə) dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız.” (Ayədə “qumar” ərəb dilində “meysir” kimi ifadə olunmuşdur). İslam şəriətində “qumar” dedikdə şəxsin pul və ya digər qiymətli bir şeyi ödəməsi və risk götürməsi – ya ödədiyindən artıq qazanması, ya da ödədiyini tamamilə itirməsi ehtimalı olan əqd başa düşülür.[16] Digər bir mənbədə “şəxsin iştirak haqqı” və ya “biletin qiyməti” və s. adlandırılmasından asılı olmayaraq müəyyən məbləğdə pul ödəyərək həmin pulu itirmək riski ilə hər hansı bir yarışmaya daxil olması qumar hesab edilir.[17] Kommersiya sığortasında sığorta müqaviləsinin şərtləri maddi baxımdan hər bir halda bir tərəfin qazanması, digər tərəfin isə uduzması üzərində müəyyən olunur ki, bu da şəriət alimləri tərəfindən qumar oyunlarının əlaməti kimi tövsif edilmişdir. Belə ki, kommersiya sığortası müqavilələrində sığortalılar ya sığorta hadisəsinə məruz qaldıqları halda ödədikləri sığorta haqqından daha artıq sığorta ödənişi alır, ya da onunla bağlı sığorta hadisəsinin baş vermədiyi halda ödədiyi sığorta haqqından tamamilə məhrum olur. Sığorta hadisəsi olmayan sığortalılar sığorta şirkətində toplanan vəsaitdəki qalan hissədən faydalanmırlar, yəni həmin hissə bütövlükdə sığorta şirkətinin vəsaitinə çevrilir. Qeyd olunan hallar İslam əqidəsində məcburi dəyərlər olan ədalət, bərabərlik, etik və mənəvi prinsiplərin əleyhinə olduğu üçün, Şəriəti tərəfindən qəbul edilməmişdir. Nəzəri baxımdan ənənəvi sığortada risklərin və ya gələcək üçün verilən təminatın alqı-satqısına əsaslanan müqavilələr üzrə də qumar ünsürlərinin istisna edildiyi göstərilsə də, təcrübədə bu çox az hallarda rast gəlinir. Əslində harada qeyri-müəyyənlik varsa, bu halda bağlanan və hər iki tərəfin maddi öhdəliyini müəyyən edən istənilən əqddə qumar əlamətləri təbii olaraq üzə çıxır.
Riba
“Riba” (ərəbcədən tərcümədə lüğəti mənası “artma, genişlənmə”), yəni sələmçilik İslam dinində aşkar və ciddi şəkildə qadağan olunan böyük günahlardan sayılır. Quranın əl-Bəqərə surəsinin 278-279-cu ayələri – "Ey möminlər! Əgər, doğrudan da, iman gətirmişsinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! (Onu borclulardan almayın!) Əgər belə etməsəniz, o zaman Allaha və Onun peyğəmbərinə qarşı müharibayə girişdiyinizi bilin! Yox, əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar!" – sələmin qadağan edilməsi ilə bağlı əsas ayələrdir. Digər bir ayədə isə "Allah sələmi (sələmlə qazanılan malın bərəkətini) məhv edər, sədəqələri (sədəqəsi verilmiş malın bərəkətini) isə artırar..." deyə buyurulmuşdur. (əl-Bəqərə, 276) Əbu Hureyrə Muhəmməd peyğəmbərin (s.ə.s.) belə dediyini rəvayət edir: "Yeddi böyük günahdan çəkinin! Səhabələr soruşdular: Ey Allahın Elçisi! Onlar hansılardır? Peyğəmbər buyurdu: "Allaha şərik qoşmaq, sehrbazlıq, Allahın haram buyurduğu insanı haqsız yerə öldürmək, sələm yemək, yetimin malını mənimsəmək, qızğın döyüş meydanından qaçmaq, namuslu, iffətli və zinadan bixəbər mömin qadınlara böhtan atmaq" .Başqa bir səhih hədisdə səhabə Cabir deyir ki, Peyğəmbər (s.ə.s) sələm yeyənin (alanın), onu yedizdirənin (verənin), yazanın və ona şahidlik edənlərin hamısının bu günahda eyni olduğunu bildirmişdir . İslam hüququnda 2 növ riba fərqləndirilir:
- “riba-əl-fədl” – Şəriətlə siyahısı müəyyən edilmiş əmlakın eyni cinsdən, lakin aşağı keyfiyyətdən olan əmlakla qeyri-bərabər nisbətdə dəyişdirilməsidir. Bu, Muhəmməd peyğəmbərin “Qızılı qızılla, gümüşü gümüşlə, buğdanı buğda ilə, arpanı arpa ilə, xurmanı xurma ilə, duzu duz ilə, duzu da duz ilə eyni növdə, bərabər çəkidə həmin razılaşmada satmaq lazımdır…” hədisində nəzərdə tutulan qadağadır.
- “riba-ən-nasia” –borcun üzərində alınan faizdir və borclunun müəyyən müddətə aldığı borcu istənilən hər hansı əlavə ilə birlikdə qaytarmasının şərtləşdirildiyi əqdlərdə üzə çıxır. Borc verən tərəfindən əmək, xərc və ya risk sərf etmədən həyata keçirilən hər hansı əməliyyatdan gəlir əldə etməyə yönələn istənilən cəhd riba sayılır və İslamda qadağan edilir. Bütün İslam alimləri ribanin ikinci növünün qadağan edilməsinin əsas səbəbi kimi əziyyət və zülm verən bir əqd əsasında həyata keçirilməsi ilə yanaşı, borcun qaytarılması üçün müəyyən edilmiş vaxtın öz-özlüyündə gəlir gətirmək imkanına malik olmamasını qeyd etmişlər. Sələmin qadağan edilməsinin İslam alimləri tərəfindən qeyd olunan digər səbəbləri kimi əlində pul vəsaiti olan şəxsin heç bir faydalı əmək sərf etmədən qazanc əldə etmək imkanına malik olmasının insanları işləməkdən yayındırması, kapitalın bəşəriyyətin yaşayışı üçün vacib olan kənd təsərrüfatı və sənaye sahələrində investisiya edilməsinə yönəldilən hissəsinin kifayət qədər azalması, insanlar arasında münasibətlərin mənəvi əsaslar üzərində qurulmasına, məsələn başqasına təmənnasız borc verərək onun çətinliklərini aradan qaldırmağa yardımçı olmağa səbəb olan amilləri aradan qaldırması, habelə istismarın stimullaşdırılmasını misal gətirmək olar.
Kommersiya sığortasında riba ünsürü əsasən iki istiqamətdə ortaya çıxır:
- sığorta ehtiyatlarının sələm əsaslı aktivlərə investisiya edilməsi və bu cür investisiya gəlirlərinə sığortalıların da şərik olmaları;
- Sığortalının müəyyən məbləğdə pul – sığorta haqqı ödəməklə heç bir əmək, risk və ya əlavə xərc çəkmədən sığorta hadisəsinin baş verdiyi təqdirdə əksər hallarda ödədiyindən artıq məbləğdə kompensasiya almasına təminat. Belə təminat kommersiya sığortası ilə bağlı əqdlərdə razılaşdırılan əsas məqam olaraq İslam alimləri tərəfindən ədalətsiz gəlir əldə etməyə səbəb olan riba kimi tövsif edilmişdir.
İslam Şəriətinə uyğun sığorta və ya sığortanın İslam alternativi
Şəriətin yuxarıda qeyd olunan tələblərinə görə müsəlmanlar iqtisadi münasibətlərin digər iqtisadi sistemlərdən mənimsənilən bütün elementlərini dərhal olduğu kimi qəbul etməkdə tərəddüd edir, onları bir növ Şəriət süzgəcindən keçirib, yalnız Quran və Sünnəyə uyğun gələnlərini tətbiq etməyə, digərlərini isə şəriət prinsiplərinə uyğunlaşdırmağa, şəriət normaları ilə bir araya gəlməyən hər hansı münasibətlərdən isə kənar durmağa çalışırlar. Quran və Sünnəyə uyğunluğun əsasında isə tərəflərin maraqlarına və ehtiyaclarının ödənilməsinə ədalətsizlik olmadan və onlara hər hansı zərər vurmadan nail olmaq prinsipi dayanır. İslam bankçılığı və təkaful (bəzən “islam sığortası” adlandırılır) institutlarının misalında bunun şahidi oluruq. Müasir dövrdə İslam maliyyə sistemi müsəlman aləmində iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi olmaqla yanaşı, qeyri-müsəlman ölkələrində də, xüsusən Qərbdə böyük rol oynamağa başlamışdır. Şəriət əsaslı sığorta institutunun da formalaşması və inkişafı məhz bu tendensiya ilə bağlıdır. Sığorta əməliyyatlarında, konkret olaraq “kommersiya sığortası” kimi tanınan ənənəvi sığorta əməliyyatlarında Şəriət baxımından mövcud olan problem həmin əməliyyatların həyata keçirilmə üsullarında və sığorta əqdlərinin öz mahiyyətindədir. Sığorta konsepsiyası Şəriətin iqtisadi məqsədlərinə – müsəlmanların ümumi rifahına təminat və zərər çəkməsinə mane olmaq ideyasına uyğunlaşdırılmaqla müasir maliyyə münasibətlərində İslam sığortaçılığının yer tapmasına şərait yaratmışdır. Təkaful – sığorta konsepsiyasına İslam şəriətinə uyğun qaydada həyata keçirilən alternativ mexanizmdir. Müsəlman ölkələrində, həmçinin müsəlmanların çox yaşadığı bir sıra digər ölkələrdə tətbiq olunan təkaful Şəriətə uyğun qaydada iştirakçıları (ənənəvi sığortada “sığortalılar”) və operatorları (ənənəvi sığortada “sığortaçılar”) cəlb etməklə qarşılıqlı risk bölüşdürülməsinin həyata keçirildiyi sistemdir. Təkaful mahiyyət etibarı ilə qarşılıqlı müdafiə əsasında risk bölüşdürülməsini ehtiva edən ənənəvi sığortanın qarşılıqlı və ya korporativ (əməkdaşlıq) sığorta əməliyyatları ilə oxşardır. Təkafulun ənənəvi sığortadan iqtisadi baxımdan fərqi risklərin qiymətləndirilməsi, həmçinin təkaful fondunun idarə edilməsindədir. Digər fərqlər isə sığortaçı və sığortalı arasındakı münasibətlərdə təzahür edir. Təkaful əməliyyatları İslamın qadağan etdiyi hər hansı əməlin ünsürünü istisna. Təkafulun mahiyyəti həm də ondan ibarətdir ki, bu cür münasibətlərə cəlb olunan tərəflər bərabərlik əsasında bir-birinə yardım etmək məqsədilə riskli hadisələrin nəticələrinə şərik olmaqla Şəriət prinsiplərinə riayət edərək münasibət qururlar. Bu zaman Quranın “Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun”(Quran, əl-Maidə surəsi, 2-ci ayə) ayəsindəki əmr və qadağa əsas götürülür. Baş verən hadisələrin zərərli nəticələrinin hər hansı bir qrup arasında bölüşdürülməsi insanların sosial rifahına əlavə təminat baxımından mühümdür.
“Qarar”, “meysir” və “riba” elementlərinin təkafulda aradan qalxması
Yuxarıda qeyd olunduğu kimi sığorta Şəriətdə tamamilə qadağan edilməmişdir. Sığortaçıya ötürülən riskin baş verib-verməyəcəyini müəyyənləşdirməyin, habelə baş verəcəyi halda belə nə qədər zərər dəyəcəyinin əvvəlcədən təyin edilməsinin qeyri-mümkün olduğu halda aparılan kommersiya sığortasının əksinə olaraq, əməkdaşlıq sığortası—qarşılıqlı sığorta, həmçinin təkaful əməliyyatlarında sığorta əqdləri riskin ötürülməsinə deyil, bölüşdürülməsinə əsaslanır, yəni sığorta haqqının ödənilməsi ilə hər hansı “qarar” əlaməti olan (qeyri-müəyyən) halın baş verməsi riski digər tərəfə ötürülmür, daha da konkretləşdirsək, qeyri-müəyyən halla bağlı alqı-satqı edilmir, əksinə, bu cür risklərin gerçəkləşəcəyi halda əvvəlcədən qarşılıqlı yardımlaşma əsasında formalaşdırılmış fondun vəsaitləri hesabına baş verən zərərin aradan qaldırılması sığorta əqdinin əsas motivi olur. Qeyri-müəyyənliklə bağlı əqdlərin olmadığı hallarda qumar (“meysir”) əlamətləri də yoxdur. Bu səbəbdən sığorta münasibətlərinin həm zərərə, həm də gəlirə şəriklik prinsipi əsasında qurulduğu korporativ sığortada, həmçinin təkaful əməliyyatlarında qumar əlamətləri ehtiva olunmur. Qarşılıqlı sığorta və ya təkaful müqaviləsi bağlayan sığortalılar ödədikləri sığorta haqları hesabına başqa iştirakçıların da zərərlərinin ödənilməsinə razılaşırlar. Bu zaman sığorta şirkəti sığortalıların ödədikləri sığorta haqları (təkafulda bu haqlar “yardım”lar—təkaful terminologiyası ilə “təbərru” adlanır) hesabına formalaşdırılmış fondun vəsaitlərini müəyyən dövr ərzində baş vermiş hadisələr nəticəsində dəyən zərərlərinin ödənilməsinə sərf edir, artıq qalan vəsait isə ödənilmiş yardımlara mütənasib olaraq sığortalılara qaytarılır və ya onların adından investisiya edilir, yaxud da növbəti sığorta müqavilələrində nəzərə alınır. Sığorta şirkəti isə yalnız peşəkar fəaliyyət sahibi kimi sığorta risklərinin bölüşdürülməsindəki idarəetməyə görə əvvəlcədən razılaşdırılmış haqq götürür. Ümumilikdə isə əməkdaşlıq sığortası, o cümlədən təkaful, sığorta haqqı ödəməklə təminat almağı şərtləndirən kommersiya sığortasından fərqli olaraq, alqı-satqı müqavilələrinin təsnifatına daxil edilmir. Təkafulda ribanin yuxarıda qeyd olunan hər iki ünsürü istisna edilir. Təkaful şirkətləri iştirakçıların vəsaitlərinin investisiyasını Şəriətlə qanuni hesab edilən aktivlərə yönəltməklə yanaşı, gəlirə və zərərə şəriklik mexanizmi əsasında fəaliyyət göstərdiyi üçün sığortalının az məbləğ ödəyərək hadisənin baş verəcəyi halda çox kompensasiya alması əqdini onun zərərə də şərikliyi şərti ilə bağlayırlar. Yəni təkaful fondunun zərərə məruz qalan iştirakçısına ödənilən vəsait sığortaçının deyil, bütün iştirakçılara məxsus təkaful fondunun vəsaitidir və sığortaçı buna görə hər hansı əlavə risk daşımır.
Təkaful əməliyyatlarının tətbiqinə qısa baxış
Qeyd olunan qadağaların aradan qaldırılması məqsədilə aşağıdakı Şəriət əsaslı əqdlər təkaful müqavilələrində tətbiq edilir:
- Mudarabə (mənfəətin bölüşdürülməsi) əqdləri – Bu kapital təchizatçıları ilə idarəedənlər və ya müəssisələr arasında bağlanan əqddir. Əqdin şərtlərinə görə kapital sahibi mənfəətin razılaşdırılmış nisbətdə və ya faizlə müəssisə ilə bölüşdürülməsinə razılaşırlar. Zərər isə tam olaraq kapital təchizatçılarının və ya bu kapital hesabına formalaşdırılmış fond sahiblərinin üzərində qalır. Korporativ və təkaful sığortasında kapital təchizatçıları dedikdə kommersiya sığortasındakı sığortalılar nəzərdə tutulur.
- Muşarakə (şərikli və ya birgə müəssisə) əqdləri – gəlir əldə etmək məqsədilə tərəflər müəyyən biznesin həyata keçirilməsində kapital və digər vasitələri razılaşdırılmış nisbətlərdə birgə vəsait kimi formalaşdırır, əldə edilən mənfəət tərəflərin (müəssisənin səhmdarlarının və sığorta (təkaful) fondunun iştirakçılarının) paylarına, həmçinin başqa cür razılaşmaya, zərər isə paylara mütənasib olaraq bölüşdürülür. Korporativ və ya qarşılıqlı sığorta şirkətləri məhz bu əsasda fəaliyyət göstərir. Təkaful şirkətləri də bir çox hallarda bu modeldən istifadə edirlər.
- Vəkələ (vasitəçilik) əqdləri – şəxs başqasını onun adından hərəkət etmək üçün təyin edir və səlahiyyətləndirir. Səlahiyyətləndirmə spesifik və ümumi ola bilər. Vəkil adlanan vasitəçi yerinə yetirdiyi fəaliyyətə görə onu təyin edəndən haqq alır. Bu model əksər təkaful xidmətləri üçün əlverişli hesab edilir. Bu zaman sığorta (təkaful şirkəti) sığortalıların (iştirakçıların) vəkili rolunda çıxış etməklə onların vəsaitləri hesabına formalaşdırılan fondun idarə edilməsini, o cümlədən zərərlərin tənzimlənməsini, investisiyaların yerləşdirilməsini həyata keçirir və buna görə də müqavilədə razılaşdırılmış haqq götürür.
- Kəfələ (zəmanət) əqdləri – borclunun kreditor qarşısında öhdəliklərini yerinə yetirə bilməməsi halına zaminin təminat verdiyi əqdlərdir. Bu model qiymətli kağızlar üzrə risklərin sığortalanması zamanı tətbiq olunan təkaful sxemlərində istifadə olunur.
- Cualə (tapşırıq, komisyon) əqdləri – vəkələ əqdləri ilə oxşardır. Yalnız, təkaful şirkətinin gəliri əvvəlcədən razılaşdırılmış haqq deyil, nəticədən və səmərəlilikdən asılı olaraq müəyyən edilən məbləğdir.
- Qard əl-Həssən (xeyirxahlıqla verilən borc) Bu, əsasən iştirakçıların fondunda zərərlilik qeydə alındığı zaman, yəni iştirakçıya dəyən zərərin ödənilməsi üçün təkaful fondunda vəsait kifayət etmədiyi halda səhmdarların fondundan borc şəklində zərərin kompensasiyası zamanı istifadə edilir ki, növbəti illərdə mənfəətlə işləməsi şərtilə təkaful fondu həmin borcun qaytarılmasını təmin etməlidir.
Təkaful müqavilələrinin ən vacib ünsürü risk daşıyan şəxsin onu bölüşdürmək üçün Təkaful sxeminə daxil olarkən ifadə etdiyi niyyətidir. Məsələn, vəkələ modeli üzrə bağlanan müqavilələrdə iştirakçı təkaful prinsiplərinə uyğun olaraq, digər iştirakçıların zərərə məruz qalacağı vaxt onlara yardım etmək məqsədilə təkaful fonduna təbərru (ianə) əsaslı yardım ödəməyi, təkaful operatorunu Şəriətə uyğun olaraq fondun vəsaitlərini idarə etmək üçün səlahiyyətləndirməyi və s. bu kimi məqamları müqavilədə bəyan edərək təsbit edir.
Təkaful mexanizminin bir neçə səciyyəvi xüsusiyyəti vardır: – Təkaful mexanizmində sığortalılara məxsus vəsaitlərlə səhmdarlara məxsus vəsaitlər – iştirakçı fondu ilə səhmdar fondu bir-birindən aydın şəkildə ayrılır və onların idarə edilməsi ilə bağlı bütün göstəricilər ənənəvi sığortada sığortalı hesab edilən iştirakçılar üçün açıq və asan əldə edilə biləndir. – Təkaful fondundakı vəsaitlərin investisiyası sələm ödənilməsindən əldə edilən gəlirlərdən, habelə qadağan edilmiş biznes sahələrinə (şərab və tütün istehsalı, qumar oyunlarını təşkil edən müəssisələrin nizamnamə kapitalında iştirak və s.) investisiya yönəltməkdən yayınmaqla, yalnız Şəriətə uyğun aktivlərə yönəldilə bilər; – Müəyyən dövr ərzində əvəzi ödənilən zərərlər təkaful fondunun vəsaitlərindən az olduqda qalan məbləğ (təkaful fondunun qalıq vəsaitləri) iştirakçılar arasında bölüşdürülür. – Təkaful operatorunun fəaliyyəti yüksək ixtisaslı Şəriət mütəxəssislərindən ibarət daxili nəzarət orqanının mövcudluğunu tələb edir.
Təkaful əməliyyatlarının təcrübədə daha çox üç əsas modelindən istifadə olunur ki, bunların əsas fərqi təkaful fondunu iştirakçıların adından idarə etməsinə görə operatorun haqqının hansı əsasda ödənilməsində təzahür edir:
- Vəkələ modeli – bu modelin tətbiqi zamanı operator əvvəlcədən razılaşdırılmış haqq alır. Təkaful operatorunun aldığı haqq iştirakçıların fonda ödədikləri yardımların (ənənəvi sığortadakı “sığorta haqları”) əvvəlcədən razılaşdırılmış hissəsi olmaqla iştirakçıların adından fondun idarə edilməsi və onun vəsaitlərinin investisiyasına görə müəyyən edilir. Operator fondun qalıq vəsaitlərinin, habelə investisiya gəlirlərinin bölüşdürülməsində pay sahibi olmamaqla yanaşı, nə fondun zərərlərində, nə də investisiya itkilərində iştirak etmir. Lakin, iştirakçıların zərərlərini ödəmək üçün təkaful fondunun vəsaitləri kifayət etmədikdə, operator fondu faizsiz borcla (“qard”) təmin etməlidir ki, bu da növbəti dövrlərdə fondun qalıqları olduğu halda qaytarılır. Bu modelə uyğun olaraq, operator əməliyyat xərclərinin aldığı haqdan az olduğu halda mənfəət əldə edir. Sual oluna bilər ki, operator formal olaraq hər hansı risk qəbul etmədiyi üçün bəzi hallarda riskləri düzgün qiymətləndirmədən daxil olan yardımların çox olmasına cəhd göstərməzmi? Cavab ondan ibarətdir ki, adekvat risk qiymətləndirilməsinə görə fondun zərərə məruz qalacağı halda “qard” vermək öhdəliyi, həmçinin bir çox hallarda fondun risklərinin lazımi səviyyədə idarə olunmasına görə müəyyən edilən həvəsləndirici haqq üsulundan istifadə olunması qeyd olunan problemi demək olar ki, aradan qaldırır.
- Mudarabə modeli – operatorun haqqı təkaful fondunda vəsait qaldığı halda həmin qalığın operatorla iştirakçılar arasında əvvəlcədən razılaşdırılmış nisbətdə bölüşdürülməsi ilə ödənilir. Göründüyü kimi bu model, tək iştirakçıların öz aralarında deyil, həmçinin operatorla iştirakçılar arasında mənfəətin bölüşdürülməsini nəzərdə tutur. Operator həm təkaful fondunun qalıq vəsaitlərinin, həm də investisiya gəlirlərinin bölüşdürülməsində əvvəlcədən razılaşdırılmış nisbətdə pay sahibi olur. Təkaful müqavilələrinin bu model əsasında bağlanması zamanı iştirakçının yazılı formada bəyan etdiyi niyyəti adətən “təkaful fondundakı hər hansı qalıq və (və ya) investisiya gəlirləri operatorun … % məbləğində Mudarabə payı çıxılmaqla ödəmiş olduğum yardımın məbləğində mütənasib olaraq, mənə məxsusdur” kimi ifadə olunur. Vəkələ modelində olduğu kimi, burada da fondun vəsaitlərində kəsir yarandıqda, qard adlanan faizsiz borc ödənilməsi operatorun öhdəliyidir. Bu modelin tətbiqi zamanı operator yalnız o halda mənfəət əldə edir ki, onun əməliyyat xərcləri təkaful fondunun qalıq məbləğindəki və investisiya gəlirlərindəki ümumi payından az olsun. Buna görə də fondun səmərəli idarə olunması, habelə risklərin lazımi səviyyədə qiymətləndirilməsi operatorun əsas marağıdır.
- Qarışıq model – yuxarıda qeyd olunan hər iki modelin birgə tətbiq edilməsi ilə həyata keçirilir. Operator iştirakçıların fonda ödədikləri yardımların əvvəlcədən razılaşdırılmış hissəsini götürməklə yanaşı eyni zamanda fondun investisiya gəlirlərinə də şərik olurlar. Bir çox tənzimləyici orqanlar və beynəlxalq təşkilatlar (məs., İslam Maliyyə İnstitutları üzrə Mühasibat və Audit Təşkilatı) hər iki modelin üstünlüklərini özündə birləşdirdiyi üçün təkafulun qarışıq modelindən istifadə etməyi tövsiyə edirlər. İnvestisiya əməliyyatlarında Mudarabə modelinin tətbiqi təmsil olunan (iştirakçıların qismində) – agent (təkaful operatorunun qismində) arasındakı münasibətlərdə meydana çıxa bilən problemlərə mane olursa, vəkələ modelinin tətbiqi risk qiymətləndirilməsinə sərf olunan inzibati xərclərin ödənilməsi üçün lazımi vəsaitin əldə edilməsinə imkan yaradır.
Yuxarıda qeyd olunanlardan başqa, təkaful-vəqf modeli, qeyri-kommersiya təkaful modeli (bu model əsasən Sudanda tətbiq edilir) də mövcuddur.
Kommersiya sığortasından fərqli olaraq, təkaful şirkəti qeyri-sağlam anderraytinq itkiləri ilə üzləşmir. Təkaful şirkətlərinin zərərə məruz qalması yalnız təkaful fondunun düzgün idarə edilməməsi zamanı baş verir ki, bu da sırf biznes riskidir. Risk bölüşdürülməsi sxemi hər bir təkaful məhsulunun “onurğa sütunu”dur. Bu sxemə uyğun olaraq, eyni təbiətli risklərə və davranışlara məxsus iştirakçılar qruplaşdırılır. Daha sonra qrupun ehtiyaclarından irəli gələn riskin ümumi dəyəri qiymətləndirilir və iştirakçılar arasında bölüşdürülür. İştirakçıların sayı artdıqca, onların risklərinin idarə edilən səviyyəyə çatması da mümkün olur. Lakin bir çox hallarda, xüsusən də fəaliyyətə yeni başlayan və ya kiçik təkaful şirkətlərinin adekvat olmayan az sayda iştirakçılarının olması, böyük şirkətlərdə isə, əksinə, iştirakçıların həddən artıq çox sayda olması bu problemin aradan qaldırılması üçün ilk növbədə retəkaful (təkrar təkaful–ənənəvi sığortadakı təkrarsığortanın alternativi) mexanizmindən istifadə edilir. Retəkaful vasitəsilə risklər ayrı-ayrı təkaful şirkətləri arasında bölüşdürülməklə böyük iştirakçılar qrupu formalaşdırılır, risklərin idarə edilməsi xərclərinin ümumi dəyəri də proqnozlara daha uyğun olur. Belə olan halda hər bir iştirakçı tərəfindən ödənilməli olan yardımların hesablanmasında da dəqiqlik səviyyəsi artır.
Nəticə
Təkaful konsepsiyasının tərəfdarları onun sosial siyasətə daha yaxın olması fikrini irəli sürməklə bununla bağlı yuxarıda qeyd etdiyimiz, təkafulun üstün cəhətlərindən irəli gələn bir çox əsaslara söykənirlər. Belə ki, beynəlxalq təşkilatların sığorta sektoruna aid qəbul etdiyi sənədlərin, habelə dövlətlərin sığorta siyasətini müəyyənləşdirən qanunların əsasında duran motivasiya sığortanın sosial yönümlülüyü, o cümlədən “çoxların köməyi ilə azların itkisinin aradan qaldırılması” prinsipi dayansa da, bugünkü kommersiya sığortasının nə nəzəri, nə də təcrübi cəhətlərində qeyd olunan məqsədə nail olmaq üçün kifayət qədər əsas tapmaq çətindir. Bu məqsədəuyğun gələn az sayda arqumentlər də sığortaçıların kommersiya maraqlarının və biznes iddialarının fonunda nəzərə çarpmır. Təkafulla yanaşı ənənəvi sığortaya xas olan və Qərb ölkələrində ən uğurlu sığorta biznesi hesab edilən qarşılıqlı sığorta (və ya əməkdaşlıq sığortası) artıq qeyd edildiyi kimi əksər İslam alimləri tərəfindən, xüsusən də Fətvalar üzrə Daimi Heyətin rəyinə əsasən Şəriət baxımından qanuni hesab edilmişdir, bir şərtlə ki, qarşılıqlı sığortanın investisiya əməliyyatları Şəriətə uyğun qaydada həyata keçirilsin. Müsəlmanların dünya əhalisinin 1/5-dən çox olmasına baxmayaraq, müsəlman ölkələrindəki sığorta əməliyyatlarının həcmi dünya üzrə göstəricinin (4,5 trln. ABŞ dolları) cəmi 1/60 hissəsini təşkil edir. Bunun da əsas səbəbi İslam Şəriətində sığorta əməliyyatlarına fərqli yanaşmanın olmasıdır. Məhz bu amil də təkaful əməliyyatlarının həcminin son illər sürətlə artımını şərtləndirən səbəblərdən biridir. Yəni uzun müddət sığorta əqdlərini “yaxın buraxmayan” müsəlmanların sığortaya alternativ olan təkaful mexanizmində iştirakı məhz bu mexanizmin ehtiva etdiyi əqdlərin Şəriətə uyğunluğuna görədir. Lakin vəziyyətin ciddi surətdə dəyişməsi, yəni müsəlmanların sığorta əməliyyatlarından faydalanmasının rəqəmlərlə ifadə olunan nisbətinin artması üçün İslam Şəriətinə uyğun sığorta mexanizmlərinin mövcudluğu, xüsusən də təkaful barədə maarifləndirmə və maliyyə savadlılığının artırılması üçün xeyli iş görülməlidir. Müsəlman ölkələrində ənənəvi sığortanın hələ də üstünlük təşkil etməsinə (ümumi sığorta haqlarındakı payı 83 %), habelə ənənəvi sığortaya aid əməkdaşlıq (qarşılıqlı) sığortasının da Şəriət tərəfindən icazəli hesab edilməsinə baxmayaraq (məsələn, Səudiyyə Ərəbistanında qanunvericiliklə müəyyənləşdirilmişdir ki, sığortaçılar yalnız əməkdaşlıq sığortası təcrübəsinə uyğun əməliyyatlar həyata keçirə bilərlər ), təkaful əməliyyatlarındakı artım ənənəvi sığorta ilə müqayisədə xeyli çoxdur. “Sviss Re” Təkrarsığorta şirkətinin ənənəvi illik təhlillərinin nəticəsi olaraq 2011-ci il üçün nəşr etdiyi “Qlobal Sığorta İcmalı”nda qeyd edilir ki, ümumdünya maliyyə böhranına və ənənəvi sığorta sektorundakı azalmalara baxmayaraq, 2007–2010-cu illər arasında təkaful şirkətlərində orta hesabla 30%-ə yaxın artım müşahidə edilmişdir. Əsasən inkişaf etməkdə olan ölkələri əhatə etməsinə baxmayaraq, 2004-cü ildə təkaful üzrə daxilolmaların həcmi 1,4 milyard dollar olduğu halda, 2010-cu ildə bu rəqəm 5 dəfə artaraq 7 milyard , 2011-ci ilin sonunda isə 12 milyard dollara çatmışdır. Tədqiqatçılar belə dinamik inkişafın bir neçə səbəbini göstərirlər ki, bunlardan da yalnız biri sırf müsəlman əqidəsi bağlı amildir; belə ki, təkaful əqdləri İslam maliyyəsi prinsiplərinə uyğun gəldiyi üçün uzun müddət sığorta xidmətlərindən yararlanmaq imkanı olmayan və böyük say potensialına malik sığortalanmamış statusunda olan müsəlman əhalinin cəlb edilməsinə şərait yaratmışdır. Digər səbəblər isə təkafulun sırf biznes və maliyyə institutu kimi üstünlükləri ilə bağlı olmaqla, müsəlmanlarla yanaşı qeyri-müsəlmanların da diqqətini cəlb etməsi ilə əsaslandırılır :
- Təkaful əməliyyatlarında istifadə olunan modellərin bazar və kredit risklərinin xoşagəlməz nəticələrini xeyli dərəcədə azaltmaq, habelə maliyyə təsisatı olan təkaful operatorlarının müflis olmaq ehtimalını minimuma endirmək imkanı bu qeyri-ənənəvi sığorta mexanizmini nəinki Şəriətə uyğunluq baxımından müsəlmanların, həmçinin son qlobal maliyyə böhranlarının “dərslərini öyrənən” Qərb tədqiqatçılarının da ən çox diqqət yetirdiyi mövzular sırasına daxil etmişdir. Təsadüfi deyil ki, artıq qeyri-müsəlman ölkələrində də təkaful şirkətlərinin fəaliyyətə başlaması, habelə böyük ənənəvi təkrarsığorta şirkətlərinin vəsaitlərinin müstəqil idarə olunduğu retəkaful bölmələrinin açılması adi hala çevrilmişdir.
- İslam maliyyə sisteminin inkişaf etdiyi ölkələrdə təkaful məhsulları ənənəvi sığorta məhsulları ilə müqayisədə qiymət rəqabətində daha davamlı təsir bağışlayır;
- təkaful əməliyyatlarında istifadə olunan əqdlərin şəffaflığı, habelə təkaful operatorlarının bağladığı müqavilələrdə sələmçilik, sərxoşedici istehsalı, qumar oyunları, tütünçülük kimi investisiya portfellərindən yayınma təkcə müsəlmanları deyil, əxlaqi dəyərlərə uyğun gələn maliyyə xidmətləri axtaran qeyri-müsəlmanları da əhatə edir. Təkaful müqavilələrində ifadə olunan kommersiya əsaslı deyil, insanlar arasındakı mənəvi bağlılığa söykənən niyyəti də bura aid etmək olar.
- təkaful fondunun zərərdən artıq qalan vəsaitlərinin iştirakçılar arasında bölüşdürülməsinin (hərçənd ənənəvi sığortada da bu cür şərlərə nadir hallarda rast gəlinsə də, bu, sığortaçının fərdi mülahizəsindən asılı olaraq müqavilədə razılaşdırılır) məcburi prinsip olaraq müəyyənləşdirilməsi sığorta hadisəsinə məruz qalmayan sığortalılara qarşı ədalətsiz davranışı aradan qaldırmaqla, həmin vəsaitin investisiyasından əldə edilən gəlirlərə iştirakçıların sahiblik imkanını ortaya qoyaraq təkcə mənəvi deyil, dünyəvi mənfəət baxımından da daha çox müştəri cəlb etməyə şərait yaradır.
İstinadlar
- Bax: Swiss Re: “Islamic Insurance Revisited” September, 2011. S.14.
- Dr. Muhamməd Məsum Billəh “Different models of Takaful in the Global sound market”, Preview. www.islamic-insurace.com
- Bax: Pricewaterhouse Coopers “Takaful: Growth opportunities in a dynamic market Insurance” 2008, S. 3.
- “Əl-əqilə” ərəb tayfaları arasında könüllü razılaşma əsasında tətbiq edilən mexanizm olmuşdur. Tayfalar arasında ümumqəbuledilmiş qaydaya görə hər hansı tayfanın nümayəndəsi başqa bir tayfaya mənsub şəxs tərəfindən bilməyərəkdən (ehtiyatsızlıqdan) öldürülərdisə, onun varislərinin təqsirli şəxsin ata qohumları tərəfindən qan pulu – diyah almaq hüququ yaranırdı. Bu cür qohumlar – “əl-əqilə” – ölümdə təqsirli olan şəxsin məsuliyyətinin aradan qaldırılması üçün zərərçəkmişin varislərinə qan pulu ödəmək üçün birgə maliyyə yardımı göstərməli idilər. Bu doktrina İslam Şəriətində də qəbul edilərək fiqh məsələlərində tətbiq edilmişdir və buna görə də İslam hüququnda icazəli olan əqd kimi tanınır. İslam hüququnda “əl-əqilə” təkcə ölüm halına görə deyil, həmçinin bədən xəsarətinə görə də tətbiq edilir. Məsələn, 7-ci əsrdə ölümə görə 100 dişi dəvə verilməli idisə, gözün itirilməsinə səbəb olmağa görə 50 dişi dəvə verilməli idi.
- “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım...” (Quran, əl-Maidə surəsinin 3-cü ayəsi) – Muhəmməd peyğəmbərin (s.ə.s.) ölümündən az bir müddət əvvəl, 632-ci ildə (hicri tarixi ilə 10-cu il) etdiyi yeganə həcc ibadəti zamanı müsəlmanlar qarşısındakı vida xütbəsini bitirərkən nazil olmuş bu ayə İslam alimlərinin əksəriyyətinin rəyinə görə Allah tərəfindən inslanlara nazil olan son ayədir. Ayənin qeyd olunan hissəsindən aydın şəkildə görünür ki, İslama aid bütün qayda, əmr və qadağalar o vaxta qədər bəyan edilərək dini tam kamil səviyyəyə çatdırmışdır və ondan sonra yaranan və İslamla əlaqaləndirilən hər hansı ayinlərin və yeniliklərin əslində dinə heç bir aidiyyatı yoxdur. Bu mövqe Muhəmməd peyğəmbərin (s.ə.s.) çoxsaylı səhih hədisləri əsasında da dəstəklənir. Məs: “Kim bizim işimizə (dinimizə) aid buyurmadığımız bir əməl etsə, bu ondan qəbul olunmaz.”(“Səhih Muslim”, “Hökmlər” bölməsi, “Batil hökmlərin ləğvi, yeniliklərin rədd edilməsi” fəsli) və ya “Həqiqətən sözlərin ən doğrusu Allahın, əməllərin ən xeyirlisi Muhəmmədin(s.ə.s.)dir. Əməllərin ən şərlisi sonradan uydurulanlardır. Sonradan uydurulub dinə salınan hər bir əməl (iş) bidətdir, hər bir bidət isə zəlalətdir. Zəlalət isə oddadır” (hədisin ilk hissəsini Əhməd (№ 1/392,293,432); Əbu Davud (№ 2188); ət-Tirmizi (№ 1105); İbn Macə (№ 1892) rəvayət etmiş, ikinci hissəsi-Muslim «Şərhu Nəvəvi» (№ 6/153-156); Əhməd (№ 3/319,371); ən-Nəsai (№ 3/188,189)) və s.)
- Bax: Muhəmməd Saleh əl-Munəccid “Ailə tərbiyəsinə dair 40 nəsihət” Bakı 2005 _ s. 26/ Hədisin mənbəyi-Əhməd, Müsnəd 2/91.
- Bax: Muhəmməd ibn-İsmail Əl-Buxari “Səhih əl-Buxari”, IV cild, hədis № 242.
- Bax: Muhəmməd Saleh əl-Munəccid “Ailə tərbiyəsinə dair 40 nəsihət” Bakı 2005 _ s. 26/Hədisin mənbələri - Əbu Davud, “əs-Sünən” hədis 5041; “əs-Sahih əl-Cəmi” hədis 6113.
- Muhəmməd ibn-İsmail Əl-Buxari “Peyğəmbərin əxlaqı” _ Muhəmməd Nasiraddin Əl-Albaninin təhqiqatı _ Əlixan Musayevin tərcüməsi, 569-cu fəsil, 1192-ci hədis. Bakı 2005 _ s. 436.
- Bax: Yenə orada, 1194-cü hədis.
- İbn Hibban (2-510), Tirmizi (4-668)
- Muheymin İqbal “General Takaful Practice: Technical Approarch to Eliminate Gharar (uncertainty), Maisir (gambling), and Riba’ (usury)” (“Ümumi təkaful təcrübəsi: qarar, meysir və ribanin aradan qaldırılmasına texniki yanaşma”) Cakarta 2005, s.16
- Bax: www.islam-qa.com saytında dərc olunmuş 36955 nömrəli fətva.
- Əli Xurşud “Islamic insurance: A modern approach to Islamic banking” 2004 –cü ildə ABŞ-da “Routledge Curson” mətbəəsində 230 səhifədə çap edilib İSBN 0-415-31105-5, s. xi.
- Bax: "Səhih Muslim", 1513
- Bax: Şeyx Muhəmməd Saleh əl-Munəccid www.islam-qa.com internet səhifəsində 130761 nömrəli fətva.
- Bax: Yenə orada, 89746 nömrəli fətva.
Mənbə
- Zəka A. Mirzəyev "Sığorta əməliyyatlarına alternativ-təkaful" “RİSK” jurnalı, 2012-ci il №1(3), s. 36-39;
- Zəka A. Mirzəyev "Şəriətə görə risklərin idarə edilməsi və sığorta" "Dəvət" juranli, May 2013 / №5 (22), s. 32-35;
- Zəka A. Mirzəyev "İslama görə haram olan sığorta əqdləri" "Dəvət" juranlı, İyun 2013 / №6 (23);
Xarici keçidlər
SIĞORTA TERMİNLƏRİ LÜĞƏTİ Arxivləşdirilib 2013-06-05 at the Wayback Machine