Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu və ya qısaca TİPİİAzərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki qurumlardan biri[1]. Bakı şəhərində yerləşir. Direktoru Vəfa Yaqubludur[2].

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 dekabr 2015-ci il tarixli 372 nömrəli qərarı ilə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun bazasında yaradılmışdır və onun hüquqi varisidir. İnstitut təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etməklə, təhsil işçilərinin ixtisasartırma təhsilinin məzmun standartını, modul və proqramlarını hazırlayan, təhsil işçilərinin fəaliyyətinin qiymətləndirilməsini həyata keçirən, təhsil sistemində tədris-metodik ehtiyacların müəyyənləşdirilməsi, təhsil innovasiyalarının  tətbiqi ilə bağlı praktik məsələləri, stajkeçmə və təkmilləşdirmə proqramlarının həyata keçirilməsini təmin edən əlavə təhsil müəssisəsidir.

İnstitutun əsas məqsədi təhsil işçilərinin davamlı peşəkar inkişafını təmin etməkdən ibarətdir.

İnstitutun fəaliyyət istiqamətləri:

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun fəaliyyət istiqamətləri aşağıdakı kimi müəyyən edilmişdir:

  • təhsil işçilərinin peşəkar inkişafının təmin edilməsi məqsədilə ixtisasartırma təlimlərinin məzmun standartlarının hazırlanması;
  • müxtəlif əlavə təhsil və ali təhsil müəssisələri tərəfindən hazırlanmış ixtisasartırma proqramlarının qiymətləndirilməsi;
  • keçiriləcək ixtisasartırma təlimlərinin keyfiyyətinə nəzarətin aparılması;
  • ixtisasartırma təlimləri keçmiş müdavimlərin yekun qiymətləndirilməsinin aparılması;
  • müasir və innovativ yanaşmaların tədqiqi və pilot layihələrin hazırlanması.

Tarixi

Əvvəlki adı Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu olmuş, 2 dekabr 2015-ci ildən indiki adını daşıyır[3].

Azərbaycan Respublikasının Prezidentinin 17 yanvar 2019-cu il tarixli Fərmanına əsasən Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun Azərbaycan Respublikasının Təhsil İnstitutunun, İstedadlı Uşaqlarla İş Mərkəzinin və Respublika Elmi-Pedaqoji Kitabxanası ilə birlikdə vahid qurumda birləşdirilməsi nəzərdə tutulmuşdur.

Strukturu

İnstitutda 1 mərkəz, 10 şöbə fəaliyyət göstərir[4]:

  • İnsan resursları mərkəzi;
  • Əlavə təhsilin məzmun standartları söbəsi;
  • Tədris resursları şöbəsi;
  • Qiymətləndirmə şöbəsi;
  • Monitorinq şöbəsi;
  • Beynəlxalq layihələr şöbəsi;
  • Layihələrin idarə edilməsi şöbəsi;
  • Kadrlar şöbəsi;
  • İnformasiya şöbəsi;
  • Mühasibatlıq şöbəsi;
  • Təsərrüfat şöbəsi[5].

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.