Təcnis
Təcnis — daha çox aşıq poeziyasında yayılmış şeir şəkillərindən biri.
Məzmununa görə təcnislər əsasən lirik xarakterlidir. Aşıq poeziyası ilə bir sırada yazılı ədəbiyyatda da ara-sıra təcnis nümunələrinə təsadüf olunur. Təcnisin özünəməxsus xüsusiyyəti, adından göründüyü kimi, burada qafiyələrin cinas üzərində qurulması ilə bağlıdır. Qafiyələnmə sistemi qoşma və gəraylıda olduğu kimidir. XIX əsr el sənətkarlarından biri Şəmkirli Aşıq Hüseynin təcnislərindən biri:
Bəlkə məni nəzərindən salan var,
Yada salmaz üç il, beş il, on beş il.
Heç deməzmi mənim dərdim çəkən var,
Həsrət qalar üç il, beş il, on beş il.
Dərya elmim vermək olmaz ay ada,
Təbib olan, çağır gəlsin aya da,
Göz görməsə, ağıl salmaz a yada,
Gəl görməyə üç il, beş il, on beş il.
Aşıq Söyün qalıb dərd ayağında,
Xəstə şəfa bular dərd ayağında,
Ahu seyr eləyər dərd ayağında,
Ovçu gözlər üç il, beş il, on beş il.
Azərbaycan aşıq poeziyasında təcnislərin meydana çıxmasında ilk pillə rolunu cinas bayatılar oynamışlar. Digər tərəfdən, Azərbaycan dilinin ifadə imkanlarının genişliyi, onun ahəngdarlığı və musiqililiyi təcnis poetik formasının digər türkdilli xalqların ədəbiyyatı ilə müqayisədə Azərbaycanda daha geniş yayılmasına təkan vermişdir. Əlbəttə, cinas sözlərin zəruriliyi təcnisdə müəyyən formalizm ünsürlərinin meydana çıxma təhlükəsini yaradır. Lakin ustad sənətkarların təcnislərində bu cəhət qətiyyən nəzərə çarpmır. Burada sözlə fikrin, məna ilə məzmunun üzvi qaynağı yaranır.
Aşıq poeziyasındakı digər populyar şeir şəkilləri kimi təcnislər də bir sıra poetik dəyişmələrə məruz qalmış, onların cığalı təcnis, dodaqdəyməz təcnis, nəfəsçəkmə təcnis və s. formaları meydana çıxmışdır.[1]
İstinadlar
- Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, səh.482-483
Mənbə
- Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.