Türkiyə Kommunist Partiyası (1920)
Türkiyə Kommunist Partiyası (TKP; türk. Türkiye Komünist Partisi) — Türkiyədə siyasi partiya
Türkiyə Kommunist Partiyası | |
---|---|
Quruluş tarixi | 10 sentyabr 1920 |
Dağılma tarixi | 1988 |
Sələfi | Türkiyə Vahid Kommunist Partiyası |
Baş qərargah | |
İdeologiya | kommunizm, marksizm-leninizm |
Tarixi
1920-ci il sentyabrın 10-16-da Bakıda keçirilən təsis qurultayında İstanbul kommunist və sosialist təşkilatlarının, Anadolu kommunist təşkilatının və Rusiyada türk siyasi mühacir və hərbi əsirlərin yaratdığı kommunist təşkilatının birləşməsi nəticəsində yaranmışdır. Qurultay TKP-nin Proqram və Nizamnaməsini qəbul etdi, Kominternin qərarları ilə tam razı olduğunu bildirdi. TKP MK bürosuna Mustafa Sübhi (sədr), Ehtəm Nəcad (baş katib), Süleyman Nuri, İsmayıl Haqqı, Məhəmməd Emin və b. seçildilər.
TKP türk xalqının 1918-1922-ci illər milli azadlıq mübarizəsində fəal iştirak etdi. 1921-ci ilin yanvarında partiya ağır zərbəyə məruz qaldı; Trabzon limanı yaxınlığında, açıq dənizdə Mustafa Sübhi başda olmaqla TKP-nin 15 nəfər rəhbər xadimi vəhşicəsinə öldürüldü.
1922-ci il avqustun 15-də Ankara yaxınlığında TKP-nin 2-ci qurultayı keçirildi. Qurultay ölkənin iqtisadi və siyasi vəziyyəti, siniflər və sinfi mübarizə və s. məsələlərə dair mühüm qərarlar qəbul etdi. Partiyanın qərarlarının təbliğində "Yeni həyat", "Doğru səs" məcmuələri və "Oraq və çəkic" qəzeti böyük rol oynayırdı. TKP-nin fəaliyyətinin genişlənməsindən qorxuya düşən türk irticası 1923-cü ilin mayında ölkə daxilində partiyanın fəaliyyətinin qanundankənar elan edilməsinə nail oldu. TKP həmin vaxtdan gizli fəaliyyət göstərməyə başladı.
İkinci dünya müharibəsi dövründə partiya Türkiyə hökumətinin faşist Almaniyası ilə əməkdaşlıq siyasətinin dərhal dayandırılması, SSRİ ilə dostluq münasibətlərinin yaradılması uğrunda mübarizə aparmışdır. TKP-yə qarşı dəfələrlə ağır cəza tədbirləri görülmüş, 1944, 1951, 1980-1981-ci illərdə onun fəal üzvlərinin əksəriyyəti həbs edilmişdir.
1983-cü ilin noyabrında TKP-nin 5-ci qurultayı keçirilmişdir. Qurultayda sülh uğrunda, müharibə təhlükəsinə qarşı mübarizə problemlərinə xüsusi diqqət yetirilmiş, ölkədə milli demokratik quruluş yaradılmasının zəruriliyi qeyd edilmiş, partiyanın yeni Proqram və Nizamnaməsi, konkret siyasi vəzifələrə dair qərar qəbul olunmuşdur.
TKP nümayəndələri Kommunist və fəhlə partiyalarının Beynəlxalq Moskva müşavirələrində (1957, 1960, 1969) iştirak etmiş, müşavirələrdə qəbul olunmuş sənədləri bəyənmişdir. TKP demokratik mərkəziyyət prinsipi əsasında qurulmuşdur. Ali rəhbər orqanı qurultayıdır. TKP-nin mətbuat orqanı "Atılım" (ilk nömrəsi 1974-cü ildən çıxmışdır) qəzetidir.
Mənbə
- Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IX ҹилд: Спутник—Фронтон. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1986. С. 402.
- Шамсутдинов А.М., "Первый сьезд Коммунистической партии Турции", КСИНА, 1961. (rus.)
- Khan Darendelioglu, "Türkiyede komunist hareketleri", İstanbul, 1962. (türk.)
- Tuncay M., "Türkiye’de sol akımlar. 1908-1925", Ankara, 1967. (türk.)