Türk xalqlarının mifologiyası

Türk xalqlarının mifologiyası və ya qısaca Türk mifologiyası — müasir türk xalqlarının zəngin mənəvi mədəniyyətinin çox mühüm və gərəkli ünsürlərindən biri. Əcdadların uzaq keçmişdə, mifoloji dövrün başlanğıcında qoyduğu adət-ənənələrə qəti inam və onlara mütləq riayət olunması nəticəsində mifoloji cəmiyyətlərdə ixtilaf, pozğunluq olmur; burada hamı eyni cür düşünür və eyni cür hərəkət edir, miflərdə əcdadları barədə deyilən eyni simvolik obrazlara inanırlar.[1]

Türk mifologiyasında totemizmin izləri özünü bariz şəkildə göstərir. Bunu görkəmli tədqiqatçı Bahəddin Ögəlin “Türk mifologiyası” adlı kitabı da təsdiq edir. Müəllif burada vaxtilə türklərdə mövcud olmuş müxtəlif totemlərin izləri haqqında geniş məlumat verərək qeyd edir ki, Çin mənbələrinə görə, Göytürk xaqanlığı içərisində və Altay dağlarında yaşayan tarduş türklərinin əcdadı “qurd başlı bir insan” imiş. Onun fikrinə görə, bu da qədim türk totemizminin bir izi sayılmalıdır [2]. Tədqiqatçı türklərdə qurdla bağlı inamlara toxunaraq, qədim türklərin totemlərindən biri kimi qurddan geniş söhbət açmışdır. V.Həbiboğlu da türk xalqlarının zoomorfik təsəvvüründə qurd toteminin xüsusi yer tutduğunu qeyd edərək, gətirdiyi nümunələr əsasında onu ətraflı tədqiq etmişdir [3].

Qədim türklərdə ruh, onun ölməzliyi və o biri dünyanın mövcud olması haqqında animistik təsəvvürlər geniş yayılmışdır. Məsələn, yakutlarda ölənin ruhu ilə əlaqədar müxtəlif adətlər mövcud idi. Belə adətlərdən biri “kut arrarıı” – “xüsusi kut” adlanırdı və ölənin ona yaxın olan insanların “canını” da özü ilə aparmasına aid inama əsaslanırdı. Sayan-Altay türklərinin təsəvvürünə görə, ölən tamamilə yox olmur. Xakasların fikrincə, “böyük adam ölürsə, o, öz qohumlarının qayğısına qalmalıdır, çünki onun ruhu daima onlarla birlikdədir”

Mifoloji qəhrəmanlar

Miflərdə mədəni qəhrəman cizgilərinə malik olan Ər Soqotok, Oğuz, Dədə Qorqud, Xızır, Basat, Qurd, Koroğlu, müxtəlif tanrı obrazları (Erlik, Ülgen), Uluq Türük və bu kimi başqa qəhrəmanlar haqqında ətraflı araşdırma aparılmış və bu nəticəyə gəlinmişdir ki, mədəni funksiyalar daşıyan personajlar qədim türk mifologiyasında aparıcı mövqeyə malik olmuşlar.

Həmçinin bax

İstinadlar

  1. "Fidan Qasımova. Türk mifologiyasında mədəni qəhrəman problemi. Bakı, "Elm və təhsil", 2012. - 164 səh" (PDF). 2016-03-04 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-04-10.
  2. Ögəl B. Türk mifologiyası. I c. Bakı: Səda, 2004, 626 s.
  3. Həbiboğlu V. Qədim türklərin dünyagörüşü. Bakı: Qartal, 1996, 223 s.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.