Sust maili düzənliyi
Sust maili düzənliyi — dəniz səviyyəsindən 1000-1300 m hündürlükdə yerləşib, ərazisi IV dövrün kiçik çaylar (yayda tamamilə quruyan) və xüsusən sel çöküntülərindən təşkil olunmuş düzənlik.
Bu düzənlik Çalxanqala, Xıncab, Təzəkənd kəndlərindən cənuba olan ərazilərin əsas 13 hissəsini əhatə edir. Düzənliyin şimali-qərbində olan Anabad və Qaraquş dağlarından formalaşan sellər düzənliyin mərkəzinə qədər gəlir. Ona görə də ərazidə selgətirmə çöküntüləri üstünlük təşkil edir. Sust maili düzənliyinin su təminatı olduqca zəifdir. Suvarma və içmək məqsədi ilə yalnız kəhriz sularından istifadə edilir. Təəsüflə demək olarki, kəhrizlərə qarşı laqeydlik sonda Sust kəndinin boşalması ilə nəticələnmişdir. Bu gün kənd təsərrüfatına yararlı olan torpaq sahələri su çatışmazlığından istifadədən kənarda qalır.[1]
Maili düzənlik yuxarı dördüncü dövrə aid çay, xüsusilə sel çöküntülərindən ibarətdir. Çalxan, Qaraquş dağları və Qırmızıdaş massivi ərazisində formalaşan struktur sellər bu ərazinin mərkəz hissəsinə qədər gəlib çatır. İri daşlardan azad olmuş palçıqlı sel axını Sust maili düzənliyinin cənuba davamı olan Böyükdüzdən keçərək Araz çayına tökülür. Buranın səthi bir neçə quru dərələr və yarğanlarla parçalanmışdır. Sust maili düzənliyində yayılmış boz torpaqlar gilli və daşlı sahələrdən ibarətdir[2].
Bitki örtüyü
Buranın əsas təbii bitkisi yovşan və kəngizdir. Kəngizliklərdə efemerlərin inkişafı ərazinin mailliyindən, yamacların ekspozisiyasından, torpağın tərkibindən və şoranlaşma dərəcəsindən asılıdır. Torpağın fiziki-kimyəvi xüsusiyyətləri və relyefin forması kəngizliklərdə efemerlərin bolluğuna və otların sıxlığına təsir göstərir. Düzən sahələrdə yayılmış kəngizliklər daha sıx və məhsuldar olur. Yamaclara və təpələrə doğru qalxdıqca bitkilərin tərkibi seyrəkləşir. Birillik yem bitkiləri əvəzinə kserofitlərdən şiyav və quraqlıq sevən bitki növləri əsas yer tutur[2].
Kəhrizlər
Hazında Sust düzündə suvarma mənbəyi, həmçinin içməli su mənbəyi ancaq kəhrizlərdir. Çalxanqala, Təzəkənd, Xıncab və Sust kəndlərində 39 kəhriz vardır ki, bunların da ümumi debiti 150 litr-saniyəyə bərabərdir[2].
Bundan başqa ilin yaz fəslində istifadəsiz axan suların toplanıb saxlanılması üçün 1935-1938-cim illərdə Çalxanqala kəndindən cənubda hər biri 0.1 mln. kub metr su tutumuna malik olan "Elgölü", 1958-1959-cu illərdə isə 0.5 mln. kub metr həcmində "Böyük göl" tikilib istifadəyə verilmişdir[2].
İstinadlar
- Feyruz Bağırov. Naxçıvanın təbii sərvətləri. Naxçıvan: 2008, səh.13.
- Səfərəli Babayev. Naxçıvan Muxtar Respublikasının coğrafiyası. Elm: 1999.