Sultan bəy Sultanov
Sultan bəy Sultanov və ya Sultan bəy Əlipaşa bəy oğlu Muradov (1871, Kürdhacı, Zəngəzur qəzası – 1955, Qars, Qars ili) — Azərbaycan xalq qəhrəmanı.
Sultan bəy Sultanov | |
---|---|
Sultan bəy Əlipaşa bəy oğlu Muradov | |
Doğum tarixi | 1871 |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Atası | Əlipaşa bəy Sultanov |
Sultan bəyin soyu
Sultan bəy 1871-ci ildə Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Qasımuşağı obasında (Hazırda Laçın rayonunun Kürdhacı kəndində) doğulmuşdur. Paşa bəyin oğlu olub. Bəllidir ki, Sultan bəy bir zamanlar Muradov soyadını daşıyıb. Babası Xanmurad bəyin adından götürülən bu soyadı hazırda törəmələri daşıyırlar. Sultan bəy Qarabağ general-qubernatoru Xosrov bəy Sultanovun qardaşı olmuşdur.[1]
Fəaliyyəti
Sultan bəy doğma yurda, Qasımuşağı obasına qayıdıb əmək fəaliyyətinə başlayır. Öncə maldarlıqla məşğul olur. Yerli və xarici cinsdən çoxlu inək alıb dağlar qoynunda, çəmənlərdə bəsləyir. Bu qarışıq cins sonralar "Hacısamlı" adlanır. Dədə-baba peşələri olan qoyunçuluğu daha da inkişaf etdirən Sultan bəy Yağ-pendir zavodu tikdirir.[2][3] Sultan bəy maldarlıqla yanaşı, meşəçiliklə də məşğul olmağa başlayır. Hacısamlı nahiyəsinin ərazisində olan meşələrdən taxta istehsal edib xarici bazarlarda satır. ünlü sovet dövlət xadimi Nəzər Heydərov "Zəngəzur dağlarında" adlı xatirəsində yazır: "Sultanovlar qiymətli Hacısamlı meşələrini muzdurlara qırdırıb xaricə, Fransaya göndərirdilər". Qafan mis mədənləri, Bərgüşad çayının axarı boyu inkişaf etmiş kənd təsərrüfatı, Çalbayır maldarlıq mülkləri Sultanbəylər ailəsinə məxsus idi. İndiki Laçın rayonunun Kürdhacı kəndində yaşayan Sultan bəy maldarlıq sahəsində xüsusi ad çıxarmışdır. Çalbayırda yaşayan el-obasının qayğısına qalaraq, birinci növbədə, xalqın ağır güzəranını yaxşılaşdırmağı üstün tutmuşdur. Onun Çalbayır yaylaqlarında on minlərlə davarı, qaramalı saxlanırdı. Kürdhacıda tikdirdiyi yağ-pendir zavodu nəhəng qurğular sistemini xatırladırdı. Hacısamlı, Şəlvə, Kürdhacı meşələrinin qırmızı palıdını konyak istehsal edən zavodlara daşıtdıran Fransa tacirləri Sultan bəyin yağ-pendir zavodunun məhsullarının da əsas müştəriləri idilər. İstehsal olunmuş yağ, pendir böyük motallara, dəmir və ağac çələklərə doldurulub buzlu zirzəmilərdə, soyuq kahalarda saxlanırdı. Məhsulları uzaq yerlərə daşımaq üçün bəyliyin xeyli atı, öküzü, kəl arabaları, dəvə karvanları vardı. Dinc əməklə məşğul olan Sultan bəyin ailəsinin də var-dövlətinin mühafizə etmək üçün çox da böyük olmayan süvari dəstəsi vardı.[4] Sultan bəyin milli qəhrəmana çevrilməsi 1905-ci il erməni-müsəlman hadisələri ilə bağlıdır. Müsəlman dəstələrdən birinə Sultan bəyin atası Əlipaşa bəy başçılıq edirdi, onun isə ən yaxın yardımçısı böyük oğlu Sultan bəy idi. Sultan bəyin fəaliyyətinin ikinci hissəsi 1918-ci il olayları ilə bağlıdır. 1918-ci ildən başlayan erməni-müsəlman müharibəsində Sultan bəyin başçılıq etdiyi silahlı milis dəstələrinin bölgədəki müsəlman kəndlərinin mühafizə olunmasında mütəsna xidmətləri olmuş, Zabux dərəsində mühasirəyə alının Andranıkın dəstəsinin əsas hissəsi məhv edilmiş, Qaragöl ətrafında toplanan çoxsaylı erməni silahlıları məğlub edilmiş və onlardan 600 nəfər əsir alınmış, İrana keçmək istəyən yüzlərlə erməni silahlısı Araz çayı yaxınlığında Sahil əməliyyatı ilə məhv edilmiş, Zəngəzurda onlarla kənd erməni silahlılarından təmizlənmişdir.[5] 1920-ci ildən sonra Azərbaycanda Sovet imperiyası öz hakimiyyətini qurdu. Bu vaxtdan etibarən Azərbaycan bəyləri öz vətənlərində qaçaq vəziyyətində yaşamağa başladılar. Onlar elə arxalanır, onları el saxlayırdı.[6] Sultan bəy Sovet Hakimiyyətindən qaçaq vəziyyətdə Kürdhacı kəndində "Gorgahat"ın (çox sıx meşəlik) meşəsində, bir yarğana pənah gətirmiş, yarğanda gizlənirmiş. Ermənilərin hiylələri ilə bolşeviklər Sultan bəyə yeni sui-qəsd hazırlayırdılar. Yaranmış vəziyyətin mürəkkəbliyini dərk edən Sultan bəy Azərbaycan İnqilab Komitəsinə müraciət edir. Buradan ümidverici cavab almadığına görə Sultan bəy Iran şahına üz tutur. Şah İranda Rusiyanın erməni cəsuslarının çox və qüvvətli olmasına baxmayaraq Sultan bəyin müraciətini qəbul edir. Sultan bəy qardaşları Xosrov bəy və İskəndər bəy ilə düşmənlərdən qoruduğu vətəndən xaricə mühacirət etməli olur.[7] Sultan bəy vətəndən, doğma yurddan, Qasımuşağı obasından ayrılarkən Kürdhacı kəndinin ərazisində ən uca zirvə, "Qarapalçıq" adlanan dağın zirvəsinə qalxır. Sovet imperyasının göndərdiyi xüsusi cəsuslar Sultan bəyin qardaşı İskəndər bəyi öldürdükdən sonra vəziyyətin pis olduğunu görən İran Şahı təhlükəsiz həyat şəraitini təmin edə bilmədiyi üçün Sultan bəyə Türkiyə dövlətinə müraciət etməyi məsləhət görür. Sultan bəy Türkiyə dövlətinə müraciət etdikdə Türk dövləti 1923-cü ildə hər iki qardaşı – Sultan bəy ilə Xosrov bəyi rəsmi keçidlə qarşılayıb Qars vilayətinin Köçqoy mülk və malikənə verərək təhlükəsiz həyat şəraiti ilə təmin edir.[8] Sultan bəy 1942-ci ildə Qars ətrafında, Köçkoy kəndində vəfat etmiş və orada dəfn olunmuşdur.[9]
Ailəsi
Sultan bəy Teymur bəy Həsənbəyovun qızı Dilruba xanımla dünya evinə girmişdi. Ənvər bəy, Çingiz bəy, Yusifkamal bəy adlı oğulları və Bəyim xanım adlı qızı vardı. Sultan bəyin arvadı, üç oğulu və bir qız övladı isə Sovet hökuməti tərəfindən Qazaxıstan çöllərinə sürgün edilmişdir. 1956-cı ilə qədər sürgündə qaldıqdan sonra yenidən Azərbaycana gəlmişlər.
Mühacirətdə
Sultan bəyin mühacirət həyatı haqqında az məlumat var. Nəvəsi Elburus Muradovun dedıyıni görə Adil Laçın (Adil Laçının ulu babası ilə Elburus Muradovun ulu babası doğmaca qardaşdır) adlı şəxsin köməyi ilə o babasının Qars vilayətinin Koçqoy kəndində hələ XIX yüzildən laçınlıların məskunlaşdığını öyrənib. Sultan bəyin Ərzurumda, Konyada dəfn olunması haqda versiyalar mövcuddur. Elbrus Muradov Qars ilinin Koçqoy kəndinə gedərək yerli əhalinin yardımı ilə Sultan bəyin məzarını aşkar etmişdir.
Həmçinin bax
Mənbə
- Ənvər Çingizoğlu, Bir şəcərənin şaxı, "Soy" dərgisi, 1 (1), 2003, səh.41–44.
- Ənvər Çingizoğlu, Sultanlıq soydan gəlir, Bakı, "Mütərcim", 2012, 216 s.
İstinadlar
- "Andraniki ordusuyla birgə darmadağın etmiş, Qarabağı erməni işğalından qurtarmış laçınlı bəy qardaşları". musavat.com. 2022-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2022.
- "Adı Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılan şəxs". www.milliarxiv.gov.az. 2022-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2022.
- Sultan bəy. e-derslik.edu.az http://e-derslik.edu.az/books/185/units/unit-1/page137.xhtml (#bare_url_missing_title). 2022-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2022.
- "Əfsanəvi Sultan bəy". news.milli.az. 2022-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2022.
- "Adranikə qan udduran Sultan bəy". 2022-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2022.
- "Sultan bəy - türk dünyasının qəhrəman oğlu". www.anl.az. 2019-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2022.
- "Sultan bəy Soltanov". portal.azertag.az. 2022-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2022.
- "Xalq qəhrəmanı - Sultan bəy Sultanov". portal.azertag.az. 2022-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2022.
- |Azerbaycan Karababağ eşrafından kardeşim Sultan Bey vefat etmişdir" — Dr. Azerbaycanlı Hüsrev Sultanlı
Xarici keçidlər
- "Xosrov bəy Sultanov və Sultan bəy Sultanov". www.youtube.com. İstifadə tarixi: 5 mart 2022.
- "Qarabağın görkəmli şəxsiyyətləri:Sultan bəy Sultanov (1871-1955)". "Virtual Qarabağ" İKT Mərkəzinin rəsmi portalı (az.). virtualkarabakh.az. 2013. 2017-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-14.