Sultan Süleymanın Səfəvilər üzərinə yürüşü (1554–1555)
Sultan Süleymanın Səfəvilər üzərinə yürüşü — əsası hələ Sultan Səlimlə Şah İsmayıl dövründə qoyulan müharibənin ardı mahiyyətində olan yürüşdür. 1532-ci ildən yenidən aktiv şəkildə başlayan müharibədə son mərhələni təşkil etməklə, 1554-cü ilin iyun ayında başlamış və 1555-ci ilin may ayına qədər davam etmişdir.[1][2][3]
Sultan Süleymanın Səfəvilər üzərinə yürüşü (1554-1555) | |||
---|---|---|---|
Səfəvi-Osmanlı müharibəsi (1514–1555) | |||
Tarix | 1554 iyun - 1555 may | ||
Yeri | Şimali Azərbaycan | ||
Səbəbi | Səfəvi dövləti ilə Osmanlı arasında olan ziddiyətlər | ||
Nəticəsi | Səfəvi dövləti qalib gəldi və Amasya müqaviləsi imzalandı. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Arxa plan
Yürüş Səfəvi ordusunun 1550–1552-ci illəri əhatə edən Anadolu yürüşünə cavab mahiyyətində olmuşdur.[3] 1550–1552-ci illə yürüşü zamanı qələbə qazanan Səfəvi ordusu Van və Ərzurumu ələ keçirib dağıtmışdı. 1554-cü ilin iyul ayının sonlarında Osmanlı imperiyası Səfəvi imperiyasını döyüşə çağırdı və bunun ardınca İbn Kamalın fətvası yayımlandı.[2] Yürüş müharibədəki Scherbergerə görə III,[3] Oqtay Əfəndiyevə görə isə IV yürüş[4] idi və şəxsən Sultan Süleyman özü komandanlıq edirdi. Onun köməkçisi Rumelinin canişini Sokollu Mehmed paşa idi. Süleymanın ordusuna Balkanlardan olan qüvvələr də daxil idi.[1] Balkandan olan qüvvələr 1553–1554-cü ilin qışını Tokatda keçirdikdən sonra 1554-cü ilin iyununda Hələbdəki Suşehrində sultanın ordusuna qatıldı.[1] Balkandan gəlmiş qüvvələr yürüşdə axıra qədər iştirak etdilər.[1]
Yürüş
Azərbaycana daxil olan Osmanlı ordusu Səfəvilərin saraylarını, bağlarını dağıtdıqdan sonra İrəvanı, Qarabağı və Naxçıvanı ələ keçirdi.[3] Osmanlının 1548-ci il də həyata keçmiş Van yürüşü zamanı Osmanlıya tabe olmamış Mahmudi tayfası[lower-alpha 1] bu yürüşə qədər Səfəvi imperiyasına tabe idi. Lakin onlar da 1554-cü ildə Osmanlıya tabe oldular.[6] Osmanlı imperiyasının baş şeyxülislamı olan Əbusuud 1554-cü ildə fətva verərək Səfəvi əsirlərinin qeyri-müsəlmanlar kimi qul edilə biləcəyini elan etdi. Əvvəlki praktikalardan fərqli olaraq, qul edilməklə yanaşı, bu fətva Səfəvi əsirlərinin qul kimi satıla bilinməsini də mümkün edirdi.[7] Həmçinin bu fətva ilə Qızılbaş övladlarının qul edilməsi qadağan edilirdi.[7] Səfəvi imperiyası isə, buna cavab olaraq Osmanlı imperiyasından ələ keçirdikləri əsirləri qul etmək əvəzinə, öldürmək qərarına gəldilər.[7]
Osmanlı ordusu Səfəvi ordusu ilə müqayisədə daha azsaylı idi, həmçinin Osmanlı ordusu daha yaxşı silahlarla təchiz olunmaqla birlikdə, çox güclü odlu silahlara malik idi, halbuki sonuncusu Səfəvi ordusuna demək olar ki, yox idi. Buna görə də, Şah Təhmasib düşmənin başlıca qüvvələri ilə gözlənilən toqquşmadan çəkinərək, sultan qoşunlarının hərəkət edəcəyi gözlənilən yollara viranedici həmlələr edirdi. Şah Bazarçay (Arazın qolu) yaylaqlarına tərəf çəkildi. İskəndər bəy Münşinin yazdığına görə, sultanın Naxçıvana hərəkəti zamanı qızılbaşlar yollarda osmanlılara qəfil basqınlar edir, ayrı-ayrı dəstələri qılıncdan keçirir və əsir alırdılar.[4] Şahın əmrilə qızılbaşların bir hissəsi İsmayıl Mirzənin, Məsum bəy Səfəvinin və Şahqulu Xəlifənin başçılığı altında Van və Vostan bölgələrinə, digəri isə Sultan Hüseyn Mirzənin (Bəhram Mirzənin oğlu) və Şahverdi Sultan Ziyad oğlunun başçılığı ilə Pasinə göndərildi. Bu basqınların məqsədi düşmənin geri çəkiləcəyi yolun üstündəki yerləri xarabaya çevirməkdən ibarət idi.[8] Kəskin ərzaq çatışmazlığı ilə üzləşən sultan qabaqcadan od vurub yandırdığı Naxçıvanı tərk etdi və geriyə — Ərzuruma qayıtdı. Qızılbaş qoşunları (İsgəndər bəy Münşiyə görə,sayı təqribən 40 min nəfər) geri çəkilən türklərin ardınca osmanlı ərazilərinə qədəm qoydular. Qızılbaşlar bir döyüşdə türklərin böyük dəstəsini darmadağın edərək, türk sultanının yaxın adamlarından biri olan Sinan bəyi əsir aldılar. Yürüşün yorub əldən saldığı Sultan qoşunları arasında narazılıq artırdı. Əlbəttə, sultanın özü və yaxın adamları da ordunun əhval-ruhiyyəsi, həmçinin özlərinin Azərbaycana yürüşlərinin faydasızlığı ilə hesablaşmağa məcbur idilər. Buna görə də, Osmanlı Türkiyəsi Səfəvilərin dəfələrlə təkid etdiyi sülh danışıqlarına başlamağa razı olduğunu bildirdi.[9]
Döyüşlərdə uğur qazana bilməyən və ələ keçirdiyi yerlərdə möhkəmlənə bilməyən Sultan Süleyman Şah Təhmasibə göndərdiyi məktubda əgər Səfəvilər Anadoluya hücumları durmazlarsa, Ərdəbilə gedəcəyini və Səfəvilərin ata-baba məzarlarını dağıdacaqlarını elan etdi.[10] Lakin güclü Qızılbaş ordusunun buna icazə verməyəcəyi bəlli idi. Sonda hər iki tərəf ağır itki verib, heç nə əldə edə bilmədikdən sonra sülh imzalamağa məcbur oldu.[10]
Nəticə
Osmanlı imperiyasının təklifi əsasında hər iki tərəf sülh danışıqlarına başladı.[10] Torpaq məsələlərində hər iki tərəf razılığa gələ bildi. Razılığa görə Azərbaycan torpaqları Səfəvi imperiyasında qalırdı, bunun qarşılığında Şah Təhmasib İraq və Şərqi Anadolunun Osmanlı imperiyasının tabeliyinə keçməsini qəbul edirdi.[10] Həmçinin Səfəvi imperiyasından olan zəvvarlara Osmanlı hakimiyyəti altında olan müqəddəs yerlərə gedə bilmələrinə əngəl törədilməyəcəyinə söz verilirdi.[10]
Amasyada imzalanan və buna görə də, Amasya sülhü adlandırılan bu müqavilə ilə Səfəvi-Osmanlı müharibəsinə bir müddət ara verildi.[1]
Qeydlər
Mənbə
İstinadlar
- Yürekli, 2016. səh. 119
- Şahin, 2013. səh. 211
- Scherberger, 2014. səh. 59
- Əfəndiyev, 2007. səh. 102
- Açikyildiz-Şengül, Birgül. "From Yezidism to Islam: Religious Architecture of the Mahmudî Dynasty in Khoshâb". Iran and the Caucasus. 20 (3–4). 2016-12-19: 369–383. doi:10.1163/1573384X-20160307. ISSN 1609-8498. 2022-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-24.
- University of Wisconsin, 2003. səh. 123-134
- Erdem, 1996. səh. 21
- Əfəndiyev, 2007. səh. 102-103
- Əfəndiyev, 2007. səh. 103
- Scherberger, 2014. səh. 60
Ədəbiyyat
- Erdem, Y. Slavery in the Ottoman Empire and its Demise 1800-1909. Palgrave Macmillan UK. 1996. 21–. ISBN 978-0-230-37297-9.
- Scherberger, Max. The Sunna and Shi'a in History: Division and Ecumenism in the Muslim Middle East // Bengio, Ofra; Litvak, Meir (redaktorlar ). The Confrontation between Sunni and Shi´i Empires. Springer. 2014. 59–. ISBN 978-1-137-49506-8.
- Şahin, Kaya. Empire and Power in the Reign of Süleyman: Narrating the Sixteenth-Century Ottoman World. Cambridge University Press. 29 March 2013. 211–. ISBN 978-1-107-03442-6.
- Setton, Kenneth Meyer. The Papacy and the Levant, 1204-1571. American Philosophical Society. 1984. 590–. ISBN 978-0-87169-162-0.
- Yürekli, Zeynep. Architecture and Hagiography in the Ottoman Empire: The Politics of Bektashi Shrines in the Classical Age. Routledge. 2016 [2012]. 119–. ISBN 978-1-317-17941-2.
- University of Wisconsin. International Journal of Turkish Studies. 9. University of Wisconsin. 2003.
- Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı: Şərq-Qərb. 2007. 407. ISBN 978-9952-34-101-0.