Sultan Mehdizadə
Sultan Ağa oğlu Mehdizadə (18 yanvar 1916) — Qızıl ordunun çavuşu, İkinci Dünya Müharibəsinin iştirakçısı. Birinci dərəcəli Vətən Müharibəsi Ordeni, "Döyüş xidmətlərinə görə" medalı, "Stalinqradın müdafiəsi uğrunda" medalları ilə təltif olunub. Şərəf Ordeninin tam kavaleridir.
Mehdizadə Sultan | |
---|---|
Mehdizadə Sultan Ağa oğlu | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şamaxı Azərbaycan |
Vəfat tarixi | ? |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Qoşun növü | piyada |
Rütbəsi | Baş çavuş |
Döyüşlər | |
Təltifləri |
|
Həyatı
18 yanvar 1911-ci ildə Şamaxıda anadan olub. Odessa dəniz nəqliyyatı institutunda üç kurs bitirdikdən sonra SSRİ Hərbi-Dəniz donanmasına hərbi xidmətə çağırılıb. Müharibənin əvvəlində Sakit okean donanmasında xidmət edirdi.
Döyüş yolu
1942-ci ilin 8 sentyabrında Saratov vilayətində şəxsi heyətinin böyük hissəsinin dənizçilərdən ibarət olduğu 143-cü əlahiddə atıcı briqadası formalaşdırıldı. Qırmızı dənizçi Mehdizadə isə bu briqadanın tərkibində olan 97-ci piyada kəşfiyyat taqımına düşdü. 1942-ci ilin oktyabr ayından etibarən briqada Stalinqrad cəbhəsinin qoşunlarının tərkibində Stalinqrad döyüşlərində iştirak etmişdir. 1942-ci ilin noyabrında Stalinqrad ətrafındakı döyüşlərdə Sultan ilk dəfə yaralandı. Döyüş zamanı göstərdiyi igidliyə və qəhrəmanlığa görə qırmızı dənizçi "Stalinqradın müdafiəsinə görə" medalı ilə təltif olunur. 143-cü əlahiddə atıcı briqadasının komandir və döyüşçülərinin qəhrəmanlıqları və cəsarəti ali baş komandan tərəfindən xüsusilə qeyd edilmişdir. 1943-cü ilin mart ayında briqada 14-cü əlahiddə qvardiya atıcı briqadasına çevrildi, 1943-cü ilin aprel ayında isə briqadanın əsasında 94-cü qvardiya atıcı diviziyası yaradıldı. Maraqlı olan odur ki 1943-cü ilə aid sənədlərdə 97-ci əlahiddə qvardiya kəşfiyyat bölüyünün kəşfiyyatçısı olan Sultan Mehdizadənin rütbəsi hələ də əvvəlki kimi dənizçi — "qvardiyaçı qırmızı dənizçi" olaraq qalırdı.
94-cü qvardiya atıcı diviziyası 1943-cü ilin yayında Voronej cəbhəsinin qoşunlarının tərkibində Kursk döyüşündə iştirak edərək Belqorod istiqamətində hərəkət etmişdir. 1943-cü ilin avqust ayında Belqorod-Xarkov hücum əməliyyatları çərçivəsində diviziya Belqorod və Xarkov şəhərlərini azad etmişdir. 23–30 avqust 1943-cü ildə diviziya hissələri Udı çayını keçərək Budı qəsəbəsini ələ keçirmək uğrunda döyüşlərə başladılar. Qəsəbənin çayın qərb sahilində yerləşən bölgələrinin azadlığı uğrundakı ağır döyüşlər 7 gün davam etdi. Bütün döyüşlər boyunca 97-ci əlahiddə qvardiya kəşfiyyat bölüyü ön cəbhədə idi. Həmin dövrdə aşbazlıq Mehdizadəyə tapşırılmışdı. O ancaq yeməklərin bişirilməsində deyil həm də yeməkləri ön cəbhəyə vaxtında çatdırmaqda da uğurlu idi. Qırmızı dənizçi Mehdizadə güclü atəş altında gündə iki dəfə fasiləsiz döyüşçülərə yeməkləri çatdırırdı. Xidməti borcunu yerinə yetirərkən göstərdiyi şücaət və qəhrəmanlığa görə Sultan "Döyüş xidmətlərinə görə" medalı ilə təltif olundu.
1944-cü ilin yayında 94-cü qvardiya atıcı diviziyası Ukrayna ərazisindən döyüşərək Sovet Moldovasının ərazisinə keçdilər. Bu dövrdə o artıq dəfələrlə axtarışlarda iştirak etmiş təcrübəli kəçşfiyyatçı idi qvardiya baş çavuşu rütbəsini almış "Əla kəşfiyyatçı" döş nişanı ilə fərqlənmişdi. 19 avqust 1944-cü ildə diviziyanın kəşfiyyatçıları konkret bir nəfərin Ustı kəndində əsir alınması əmrini aldılar. Bir qayda olaraq bu halda kəşfiyyat dəstəsi iki qrupa bölünməlidir — həmlə və dəstək qrupu. Sultan dəstək qrupunun tərkibində idi. Kəşfiyyatçılar Ustı kəndinin cənub hissələrində axtarış apararkən düşmənin qorunan hərbi xəndəyini aşkar etdilər. Qvardiya baş çavuşu Mehdizadə xəndəyə ilk hücum edərək düşməni atəşlə susdurmuş köməyə gələn hitlerçilərin qarşısını alaraq həmlə qrupuna əsirin tutulmasında kömək etmişdir. 23 avqust 1944-cü ildə Kişinyov şəhərinin yaxınlığında kəşfiyyatçılar düşmənin izinə düşərək böyük bir qarğıdalı sahəsinə gəlib çatdılar lakin burada uzanıb gizlənməyə məcbur oldular. Çünki qarğıdalı əkililərinin içində kəşfiyyatçıların irəliləməsinə mane olan almanların tuşlayıcı atəş açan sipəri var idi. Sultan Mehdizadə düşmən sipərinin arxasına keçərək gözlənilmədən onlara hücum edib qranat atır. Nəticədə bir hitlerçi öldürülür dörd nəfəri isə əsir alınır. Etdiyi qəhrəmanlığa görə qvardiya baş çavuşu Mehdizadə üçüncü dərəcəli Şərəf Ordeni ilə mükafatlandırılır[1].
1945-ci ilin əvvəlində 94-cü qvardiya atıcı diviziyası 1-ci Belarus cəbhəsinin 5-ci zərbə ordusunun tərkibində Polşa ərazisində döyüşlər aparırdı. 14 yanvar 1945-ci ildə düşmənin Qrabuv-Pilitsa bölgəsində yerləşən gücləndirilmiş müdafiə zolağında qvardiyaçı baş çavuş Mehdizadə digər kəşfiyyatçılarla minalanmış sahəni və düşmənin mühəndis istehkam bölmələrini keçərək qarşısına çıxan ilk düşmən xəndəyinə hücum etmiş atəş açaraq 8 düşmən əsgərini öldürmüş ikisini isə əsir almışdır. Polşanın azad edilməsi uğrunda döyüşlərdə göstərdiyi müstəsna cəsarətə görə, Sultan Mehdizadə 2-ci dərəcəli Şöhrət Ordeni ilə təltif edildi[2]. 16 aprel 1945-ci ildə Troynik yaşayış məntəqəsi uğrunda olan döyüşlərdə düşmənin atəş nöqtəsi onların qarşısını kəsmişdi. Qvardiyaçı baş çavuş Mehdizadə sürünərək alman pulemyotçularının mövqelərinə yaxınlaşmış və qranatla düşmən pulemyotunu və üç əsgərini partlatmışdır. Birinci Belarus cəbhəsinin ordusu sürətlə Berlinə yaxınlaşırdı. Paytaxta hücumda 94-cü qvardiya atıcı diviziyası da aktiv şəkildə iştirak edirdi. Artıq 21 aprel 1945-ci ildə qvardiyaçılar Aleksanderplatsı ələ keçirib 1 maydan etibarən isə Reyxstaqa doğru hücuma başladılar. İşğalçılara qarşı mübarizədə cəsarət və qəhrəmanlıq göstərdiyinə görə Sultan Ağa Oğlu Mehdizadə birinci dərəcəli Şöhrət Ordeni ilə mükafatlandırıldı[3].
İstinadlar
- Приказ № 60/н по частям 94-й гвардейской стрелковой дивизии от 3 сентября 1944 года
- Приказ № 50/н по войскам 5-й ударной армии от 12 марта 1945 года
- Указ Президиума Верховного Совета СССР от 15 мая 1946 года