Sultan Cahangir bəy

Müizəddin Sultan Cahangir bəy Bayandur (?-1468) – Ağqoyunlu sultanı, hökmranlıq illəri (1444–1468).

Sultan Cahangir bəy
Müizəddin Sultan Cahangir bəy Bayandur
Vəfat tarixi

Həyatı

Cəlaləddin Əli bəyin oğludur. Qara Yuluq Osman bəyin ölümündən sonra düyərlilər Misir məmluk sultanın əmri ilə Amid yörəsinə hücum etdilər. Bu hücumundan xəbər tutan Əli bəyin oğlu Cahangir bəy Amiddən çıxaraq düyərlilərin üstünə yürüdü. Gənc şahzadə təcrübəli adamlardan düşmən üstünə "Hazırlıqsız getmək olmaz" şəklində tövsiyələrinə qulaq asmadı. Buna görə də ağır bir vuruşmada ağqoyunlulardan çox adam qırıldı. Cahangir bəy isə bəzi yaxınları ilə birgə əsir düşdü. Göycə Musa bəy Düyərli Cahangir bəyi qandalladıb, Qahirəyə göndərdi. Cahangir bəy 840-cı ilin 17 məhərrəmində (1 avqust, 1436-cı il) Qahirəyə gətirildi. Ancaq sultan Bars bəy ağqoyunlu şahzadəsinə şəfqət göstərdi və atası tərəfindən sədaqətinin təminatı olaraq daha əvvəl göndərilmiş qardaşı Hüseyn bəylə birlikdə oturmalarına icazə verdi.[1]

Cahangir bəy Bayandur əsirlikdən azad olandan sonra Nurəddin Həmzə bəyə qarşı vuruşmağa başladı.

Atası Əli bəydən sonra (H. 848; m. 1444) Ağqoyunlu tayfa ittifaqının başçısı olan Cahangir bəy Bayandur II Sultan Muradla əlaqə saxlayırdı. Atası kimi o da özünü Osmanlı sultanın "mülazimi" olduğunu bildirir, "Bizim məmləkətimiz də (elə) sizindir və bu ev ilə birdir" kimi cümlələr yazmaqla ona öz səmimi münasibətlərini bildirmişdi. Çox geçmədən onunla qardaşı Həsən bəy arasında nifaq yarandı. Nəticədə Diyarbəkr qalası və Mardin Cahangir bəyin əlindən çıxdı. Tarixi bilgilərə görə, anaları Sara xatunun işə qarışması sayəsində qardaşlar arasında barışıq yarandı.[2]

Cahangir bəy sonralar qardaşı Həsən bəyə kömək edərək Osmanlılara qarşı vuruşdu. 1451-ci ildə Qaraqoyunlulara sərkərdəsi Rüstəm bəy Tərxan oğlu Mardinə hücum edəndə mardinlilər üsyan edib, şəhəri qarqoyunlulara təhvil verdilər. Buna baxmayaraq qaraqoyunlular şəhər əhlini qılıncdan keçirib, yağmaladılar.

1453–1454-cü illərdə Sultan Cahanşah bəy Sultan Cahangir bəylə razılığa gəlib, Mardini qaytardı və ona taxt tac uğrunda mübarizəyə başlanmasında köməklik göstərdi. Lakin Həsən bəy onu məğlub etdi.

Ailəsi

Sultan Cahangir bəy əmisi Sultan Həmzə bəyin qızı Şahsultan bəyimlə evlənmişdi. Murad mirzə, Əlican mirzə (Əlixan mirzə), Ibrahim bəy, Osman bəy, Qasım bəy, Həmzə mirzə adlı oğulları vardı.

İstinadlar

  1. Faruq Sumer. Oğuzlar. Bakı. 1992. səh. 251.
  2. Şahin Fazil Fərzəlibəyli, Azərbaycan və Osmanlı imperiyası, Bakı. 1995. səh. 29.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.