Gödək Əhməd
Əbül Nasir Gödək Əhməd (1476, Konstantinopol – 13 dekabr 1497 və ya 1497, İsfahan) — Ağqoyunlu dövlətinin VI hökmdarı. Həsən bəy Rumlu Əhsənüt-təvarix əsərində Gödək Əhmədlə bağlı yazırdı: "O, həmin ilin qışında öldürüldü. Onun hakimiyyəti altı ay davam etdi. Bədən quruluşuna gəlincə; üzü son dərəcə qırmızı və ağ, əlləri və ayaqları qısa idi. Bu səbəbdən Əhməd gödək adı ilə tanınırdı".
Gödək Əhməd | |
---|---|
Əbbun-Nasr Əhməd Bahadır xan | |
| |
may 1497 – dekabr 1497 | |
Əvvəlki | Sultan Rüstəm |
Sonrakı | Sultan Məhəmməd (Yəzddə) Əlvənd Mirzə (Azərbaycanda) Sultan Qasım (Diyarbəkirdə) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | İstanbul |
Vəfat tarixi | |
Vəfat yeri | İsfahan |
Atası | Uğurlu Məhəmməd bəy |
Anası | Gövhər Sultan |
Həyat yoldaşı | Aynişah Sultan |
Uşağı |
Həyatı
Ağqoyunlu Əhməd bəy mənbələrdə Əhməd Mirzə, Sultan Əhməd, Gödək Əhməd ünvan və ləqəbləri ilə tanınır.[1] O, Uzun Həsənin nəvəsi, Uğurlu Məhəmmədin isə oğlu idi. Uğurlu Məhəmməd atasına qarşı 1474-cü ildə döyüşdə məğlub olduqdan sonra Osmanlı dövlətinə sığınmışdı. Fateh Sultan Mehmed də onu qızı Gövhərxan Sultan ilə evləndirərək onları Sivas bəyliyinə göndərir.[2] Uğurlu Məhəmməd bəy Səlcuqşah Bəyimin təşkil etdiyi sui qəsd nəticəsində Ərzincana gedərək orada öldürülür. Fateh Sultan Mehmed Uğurlu Məhəmmədin öldürüldüyü xəbərini eşidən zaman nəvəsi Əhməd bəyi qızı ilə birlikdə Ərzincandan İstanbula gətirdir. Əhməd bəy burada, əvvəlcə Fateh Mehmedin, sonra əmisi II Bəyazidin sarayında mükəmməl Osmanlı tərbiyəsi və təhsili almışdır.[3]
Taxta çıxması
Yaqub bəyin Ağqoyunlu dövlətində sülh və əmin-amanlıq içində on iki il iki ay hökmranlığından sonra onun yerinə gələn şahzadələrin uşaq yaşda olması ilə başlayan siyasi böhran, 1492-ci ildə Rüstəm bəyin hökmdar taxtına çıxması ilə nəticələndi. Lakin bir müddət sonra Rüstəmin səltənəti ilə kifayətlənməyən Ağqoyunlu əmirləri onun hakimiyyətinə son qoymaq istəyirlər.[4] Bu səbəbdən, Ağqoyunlu ümərası, Uğurlu Məhəmmədin oğlu və Fateh Mehmedin qızının nəvəsi, eyni zamanda Sultan II Bəyazidin kürəkəni olan Əhməd bəyi və ya Gödək Əhmədi Ağqoyunlu dövlətinin hökmdarı etmək üçün fəaliyyətə başladılar. Bu ərəfədə Rüstəm bəyə qarşı hərbi dəstənin başçısı Nur Əli 1496-cı ildə Qahirədən qayıtdıqdan sonra bu şəxslər tərəfindən elçi seçildi.[5] Nəticədə Nur Əli bəy Gödək Əhməd bəyə məktub göndərərək Diyarbəkir və bütün başqa yerlərin hökmdarlarının ona itaət etdiklərini və bunun böyük fürsət olduğunu o cümlədən onun Azərbaycana gəlib əcdadlarının torpağına iddialı olmasını xahiş etdi. Nur Əli bəy həmçinin kürəkəni Əhməd bəyin Ağqoyunlu taxtına çıxması üçün Osmanlı Sultanı II Bəyazidə də məktub göndərdi.[6] Bu məktubda o, Rüstəm bəyin qeyri-kafiliyindən şikayət edərək, Ağqoyunlu təbəələrinin əziyyət çəkdiyini, 6 min müsəlmanın gürcülərin əsiri olduğunu yazırdı. O cümlədən Əhməd bəyin Ağqoyunluların başçısı olmasının lazımlığını dilə gətirmiş və Diyarbəkirdəki irili-xırdalı bəylərin də Şahzadənin tərəfdarları olduğunu bildirmişdir. Onun bu məktubu müsbət qarşılanmış nəticədə Bayandur rəislərinin səmimiyyətinə güvənən II Bəyazid Qapıqulu əsgər birliyini Əhməd bəyin ixtiyarına, Ərzincana göndərir.[5]
Bundan xəbər tutan Rüstəm bəy Əhməd bəyi qarşılamaq üçün hərəkətə keçir. O, Araz vadisi boyu irəliləyən müttəfiq qüvvələri qarşılamaq üçün Təbrizdən yürüş edərkən, Əhməd bəylə nikah qohumu olan Hüseyn Əli Xan paytaxtı zəbt etdi və 1497-ci ilin iyununda Əhməd bəyə xütbə söylətdi.[7] Beləliklə, o, Ağqoyunlu dövlətinin yeni hökmdarını elan edildi. Digər tərəfdən Əhməd bəylə Rüstəm bəy bir-birindən xəbərsiz Araz çayının müxtəlif yerlərindən keçirdilər. Sonralar iki qoşun bir-birinə yaxınlaşıb vuruşmağa başlayanda Rüstəm bəyin mühüm əmirlərindən Eybə Sultan və bir neçə başqa əmir Əhməd bəyin tərəfinə keçdi. Beləliklə, Rüstəm bəyin ordusundakı əmrlər ona xəyanət edərək, məğlubiyyətinə səbəb oldu. Rüstəm bəy Gürcüstana qaçdı.[8]Onun hakimiyyəti altı il davam etdi. Əhməd bəy Rüstəm bəyi məğlub etdikdən sonra vəziyyəti Osmanlı hökmdarı II Bəyazidə məktubla bildirdi.[9]
Hakimiyyəti
Gödək Əhməd bu qalibiyyətdən sonra Təbrizə gedərək taxta çıxdı. Rüstəm bəy Gəncə ətrafındalə Qacar oymağının köməyi ilə hakimiyyəti geri qaytarmağa təşəbbüs göstərsə də onun bu təşəbbüsü uğursuzluqla nəticələndi. Rüstəm Mirzə 2 iyul 1497-ci ildə əsir alınaraq öldürüldü.[8]
Gödək Əhməd Osmanlıda olduğu kimi, hakimiyyəti mərkəzləşdirməyə çalışmaq, Osmanlı inzibati, siyasi və dini idarəsinin tətbiq etmək, ordusunu Osmanlı tərzinə əsasən yeniləmək fikrində idi. Yeni Ağqoyunlu hökmdarı öz ölkəsində ədaləti təmin etmək məqsədilə bildirirdi ki, heç bir vəzir və ya məmur heç bir vergi, hətta bir dinar belə tətbiq edə bilməz, üstəlik, əkinçilərdən qanunla icazə veriləndən bir mudd belə çox tələb oluna bilməz. Bütün təbəələr bürokratik rüsumlardan azad edilməli, onların heç biri əlavə vergiyə cəlb edilməməlidir. O cümlədən adambaşına ödənilən vergilərdən əlavə əhalidən heç bir ödəmə tələb edilə bilməzdi.[10]
O əmirlər əvəzinə Cəlaləddin Dəvani və Məhəmməd Sədrəddin kimi alimlərə müraciət edərək onlarla məsləhət məşvərət edirdi. Hətta əmirlərin ixtiyarında olan bir çox imkanları da məhdudlaşdırdı. Bununla əmirlərin təbəə üzərindəki təsirini azaltmağı hədəfləyirdi. Çox keçmədən Əhməd bəy özündən əvvəlki hökmdarların payladığı soyurqalları geri almağa başladı. Onun bu fəaliyyəti feodal əmirləri tərəfindən xoş qarşılanmadı.[8] Öz ölkəsində Osmanlı quruluşunu tətbiq etmək istəyən yeni hökmdar, bir-biri ilə ixtilafda və hər zaman şahzadələri üsyana aparacaq vəziyyətdə olan əmirləri aradan götürmək üçün müəyyən hazırlıqlar görməyə başladı. Çox keçmədən bir neçə əmiri öldürtdü. Əhməd bəy bununla köçəri əmirlərin mərkəzi hakimiyyətdən qurtulmaq cəhdləri nəticəsində zəifləmiş mərkəzi dövlət hökmranlığını gücləndirmək istəyirdi.[10] Onun islahatı tayfa əmirlərinə qarşı yönəldilmişdi, ruhanilərin isə soyurqalları saxlanılmışdı. Feodal sinfinin qabaqcıl nümayəndəsi kimi Əhməd başa düşürdü ki, kəndlilərin vəziyyətini yüngülləşdirmədən şəhər iqtisadiyyatını və kənd təsərrüfatını yüksəltmək mümkün deyildir. Beləliklə vergi islahatı nəticəsində İslam hüququnda olmayan 20 ədəd vergi ləğv edildi. Müsəlmanlrdan alınan bu vergilər, xüsusilə də ixracat və biyar kimi mükəlləfiyyətlər təbəələr üzərində ağır bir yük idi. Monqol hakimləri tərəfindən tətbiq olunmuş vergi və mükəlləfiyyətlərin ləğv edilməsi, islama, şəriətə qayıtmaq ideyaları xalq kütlələri arasında geniş yayılmışdı. Əhməd, sələfləri olan Yaqubun və Uzun Həsənin islahatlarını, bu ideyaları təmin etmək istəyirdi. O, bu siyasəti həyata keçirərkən mərkəzi dövlət aparatının möhkəmləndirilməsində maraqlı olan ruhanilərə və mülki bürokratiyaya da arxalanırdı. Nəhayət, Əhməd bəy öz səyləri nəticəsində Cənubi Azərbaycandakı köçəri əmirləri özünə tabe etməyə nail oldu. Lakin mərkəzi hökumətdən ayrılmış İraq-ı Əcəm və Fars əyalətlərində vəziyyət fərqli idi. Əhməd bəyin bu siyasəti mənfi nəticələndi və hərbi köçəri əmrlərin müqaviməti ilə üzləşdi.[11]
Digər tərəfdən Əhməd bəy öz islahatlarını həyata keçirməyə çalışarkən, ən yaxın əmiri və sirdaşı olan Əli Xaninin oğlu Hüseyn bilinməyən bir səbəbdən ötrü Müzəfər bəy Pörnəki həbs etmiş, sonra da onu öldürmüşdü. Bu xəbər Şiraz valisi olan qardaşı Qasım bəy Pörnəkə çatdıqda o, üsyan etmək qərarına gəldi. Bu səbəbdən də özü ilə hərəkət edəcək birini axtarmağa başlaydı. Nəticədə Eybə Sutlana müraciət etdi.[8] Bu təklif bir gün öldürülmə növbəsinin ona çatacağını düşünən Eybə Sutlan tərəfindən müsbət qarşılandı. Nəticədə Qasım bəy Pörnəkin ordusu Eybə Sutlanın ordusu ilə birləşdi. Daha sonra Eybə Sutlan Qasım bəylə Yaqub bəyin oğlu Murad bəyi Şiraz hakimi təyin etmək məsələsində razılaşdı. Şübhəsiz ki, Eybə Sutlan Əhməd bəyin vergi islahatları nəticəsində gəlirlərinin azalmasına qarşılıq verirdi. Həsən bəy Rumlunun dediyinə görə, üsyançılar öz təbəələrindən, xüsusilə Əhməd bəyin iki bilikli müşaviri Sədrəddin Məhəmməd və Cahəddin Divvanidən külli miqdarda pul almışdılar. Əhməd bəy ona qarşı qurulan ittifaqdan xəbər tutaraq Ağqoyunlu ordusu ilə hərəkətə keçdi. İki ordu 1497-ci ilin qışında İsfahan yaxınlığındakı Xoca Həsən Mazi adlı yerdə qarşılaşdı. Lakin Əhməd bəyin adamları bu döyüşə hazır deyilldi. Eybə Sutlan bu vəziyyətdən istifadə edib bu döyüşdə Əhməd bəyi öldürür.[12]
Beləliklə, əmrlərin xəyanəti nəticəsində məğlub olan və öldürülən Əhməd bəyin hakimiyyəti sona çatdı. Onun hakimiyyəti təxminən bir il davam etmişdi.[13][14][15]
Ailəsi
Əhməd bəyin Osmanlı sultanı II Bəyazidin qızı Aynişah sultanla evliliyindən 2 qızı və 1 oğlu var idi.
Qızları:
- Nəslihan xanım Sultan — dayısı Şahzadə Əhmədin oğlu Ələddin Əliylə evlənmişdir.
- Hvandi Sultan — Kastamonu sancaqbəyi Sunullah bəylə evlənmişdir.
- Xanzadə xanım Sultan — 1508-ci ildə Malqoçoğlu Yəhya Paşanın oğlu Bali bəylə evləndi.
Oğlu:
- Zeynəlabdin bəy - Gödək Əhmədin taxta çıxdığı gün anadan olmuşdur.
Ölümündən sonra
Gödək Əhmədin ölümündən sonra Ağqoyunlu dövləti 3 yerə bölüşdürüldü:
- Məhəmməd Mirzə - Yəzd və Fars vilayətlərində
- Əlvənd Mirzə - Azərbaycanda[16]
- Qasım Mirzə - Mardin və Diyarbəkirdə[17]
İstinadlar
- Minorsky, 1964. səh. 113
- Rumlu, 2017. səh. 13
- Paydaş, 2004. səh. 206
- Sümer, 1987. səh. 9
- Paydaş, 2004. səh. 208
- Woods, 1999. səh. 167
- Woods, 1999. səh. 168
- Sümer, 1987. səh. 10
- Paydaş, 2004. səh. 209
- III cild, 2007. səh. 109
- Rumlu, 2017. səh. 15
- Rumlu, 2017. səh. 16
- Hondmir, Habibü’s- Siyer, C. IV, s. 443
- C.Kanat, “Ak-Koyunlular ve Toprak Reformları”, s. 876
- F. Sümer, “Akkoyunlular”, s. 30
- "An Universal history, from the earliest account of time, 6. cild, George Sale,George Psalmanazar,Archibald Bower,George Shelvocke,John Campbell,John Swinton". 2020-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-06.
- "Ağqoyunlu - Encyclopedia Iranica". 2019-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-06.
Mənbə
- Azərbaycan tarixi. Yeddi cilddə. III cild (XIII-XVIII əsrlər)). Bakı: Elm nəşriyyat. Nailə Vəlixanlı. 2007. səh. 592.
- Həsən bəy Rumlu. Əhsənüt-təvarix. Kastamonu: Uzanlar. Namiq Musalı, Oqtay Əfəndiyev. 2017. 661.
- Şahin Fərzəliyev. Azərbaycan XV-XVI əsrlərdə: Həsən bəy Rumlunun "Əhsənüt-təvarix" əsəri üzrə. Bakı: Elm nəşriyyat. 1983. səh. 152.
- Faruk Sümer. Ahmed, Akkoyunlu hükümdarlarından. 147. İstanbul: Türk Dünyası Araştırmaları. 1987.
- Woods, John E. The Aqquyunlu: Clan, Confederation, Empire. The University of Utah Press. 1999.
- Kazım Paydaş. "The Aq-Qoyunlu Ahmed Beg and His Efforts to Apply The Ottoman Administrative System In The Aq-Qoyunlu State". Tarih Araştırmaları Dergisi. 23 (36). 2004: 205.
- Vladimir Minorsky. بيست مقالة مينورسكى تحقيقى مربوط بمطالعات ايراني. 1964. səh. 240.
Xarici keçidlər
Gödək Əhməd Doğum: 1476 Vəfat: 13 dekabr 1497 | ||
Hakimiyyət titulları | ||
---|---|---|
Sələfləri Sultan Rüstəm |
Ağqoyunlular dövləti(آققویونلو) sultanı 1497 |
Xələfləri Əlvənd mirzə (Azərbaycanda) Sultan Qasım (Diyarbəkirdə) Məhəmməd mirzə (Yəzddə |