Sufizm
Təsəvvüf (ərəbcə: تصوف) və ya Sufilik (ərəbcə: صوفية) – İslamda mənəviyyatın inkişaf yollarını göstərən xüsusi təlimdir.
Təsəvvüf alimlərinə görə sufilik müsəlmanın mənəvi axtarışlarının nəticəsidir. Sufilik yolu ilə gedən müsəlman maddi aləmdən azad olmağa və mənəvi cəhətdən yüksəlməyə can atır. Bunu edərkən Allahı sevərək ona ibadət edir, yüksək əxlaqi xüsusiyyətlərə yiyələnir. Mənəviyyatın təkmilləşdirilməsi dinin durğunlaşmasının, onun yalnız qanunlar toplusuna çevrilməsinin, ruhunun itirilməsinin də qarşısını alır. Sufilər hesab edir ki, mənəviyyat yolçuları dözümlülük, sülhsevərlilik, yüksək əxlaqi xüsusiyyətləri əldə edərək lovğalıq, xəsislik, kobudluq kimi mənfi xüsusiyyətlərdən qurtula bilərlər. Onlara görə mənəvi inkişaf yalnız fiqhi qadağalarla və fətvalarla əldə olunmaz. Buna görə problemlərin yalnız zahiri tərəflərini nizamlayan qanunlardan fərqli olaraq sufilik hər kəsin mənəvi aləminə təsir edir, ona Allaha içdən gələn sevgi duyğularını aşılayır.[1]
Mənbəyi
Sufilərin mənəvi inkişaf yolu Məhəmməd peyğəmbər, onun əhli-beyti və ilk səhabələrinin örnəyinə uyğun olmalıdır. Buna görə də, digər İslam elmlərində olduğu kimi sufiliyin qaynağı da Quran və hədislərdir[2].
Mənəviyyat yolçusu gərək hansısa sufi təriqətində olsun və bu yolu şeyxin rəhbərliyi altında getsin. Təkbaşına bu yolu getmək mümkün deyildir. Bu da təsəvvüfün şərtlərindən biridir.
Tarixi
İslam tarixində ilk sufilər kimi əbhül Əsfal göstərirlər. Onlar hələ peyğəmbərin zamanında onun örnəyindən ibrət alaraq Mədinə məscidində mənəvi yüksəlmə və zahidlik yolu ilə getməyə üstünlük vermişdirlər. Sufilik sözünün də "Süffədən" yaranması ehtimalı vardır. Onların arasında Səlman Farisi, Əbu Zər, Süheyb Rumi, Əbu Musa Əşəri kimi tanınmış səhabələr də olmuşdurlar[3].
Hicrətin ikinci əsrində Allaha sevgi duyğusunu bəsləyərək ona ibadət etmək kimi sufi ideyaları geniş yayılmağa başlamışdır. O zaman Mədinə, Bəsrə, Küfə və Xorasanda ilk sufi məzhəbləri yaranmış və inkişaf etmişdir. Daha sonra sufiliyin əsasları, anlayışları, terminologiyası formalaşmışdır
Sufi şeyxləri insan mənəviyyatı, ruhun halları, onun yetkinləşməsi yolundakı mərhələlər haqqında mistik baxışlar irəli sürmüşdürlər. Həllac və Bistami "fəna" adlanan Tanrıda insan mənəviyyatının əriməsi yolu ilə onun əsl mənliyinin ortaya çıxması və "bəqa" adlanan Tanrıda mənliyi əritdikdən sonra onunla qovuşmaq ideyalarını irəli sürmüşdürlər. Əsası Rəbiyyə əl-Ədəviyyənin qoyduğu Allaha münasibətdə sonsuz sevgi (eşq) ideyası da inkişaf edirdi. Hüzn və Tanrıdan qorxu ideyalarını aşılayan sufilər onlarla birləşmişdirlər.
Nişapur məktəbi
Təsəvvüfün Nişapur məktəbinin görkəmli şeyxi Bəyazid Bistami (262/875-ci ildə edam edilmişdir) olmuşdur. O, insan "Mən"inin itirilməsi, Tanrıda əriməsi ideyası ilə çıxış etmişdir. O, bu halı "yoxluq" adlandırmışdır. Onun təlimində yoxluq halından sonra vəcd (ekstaz), eləcə də Tanrıya olan sevgidən sərxoşluq (sukr) halları gəlir. Tanrıya qovuşmuş, Onda ərimiş kəs Onun sifətlərinə yiyələnmiş olur. Bistami ilk dəfə "Sən mənsən, mən isə Sən" sözlərini istifadə etmişdir. Nişapur məktəbinin başqa bir tanınmış şeyxi Allaha sonsuz sevgi ideyalarını aşılamış Yəhya Müəz oğlu Razi (258/871-ci ildə vəfat etmişdir) olmuşdur. O, Allaha münasibətdə "sərxoşedici sevgi" anlayışını ortaya çıxarmışdır. Onun fikrinə görə əsl eşq aşiqlə görüşdən sonra artmadığı kimi, Ondan ayrıldıqdan sonra da azalmır. Nişapur məktəbinin daha bir sufi alimi Əbu Həfs Həddad (270/883-cü ildə vəfat etmişdir) öz təlimini inkişaf etdirmişdir. Onun fikrinə görə hər bir kəs yalnız özünü deyil, başqalarını da düşünməlidir. Yəni, insan başqalarının xeyrini və maraqlarını özününkündən daha üstün tutmalıdır. Həmin məktəbin daha bir görkəmli şeyxi Həmdun Kəssar insanın nəfsinə qarşı çıxış edərək onunla savaş aparmağın vacibliyi vurğulamışdır. Buna sufilikdə "məlamət" deyilir. Onun fikrincə sufilər namazlarla, oruclarla, zikrlərə kifayətlənməməli, Allahın təqdir etdiyi işlər görməlidirlər.
Misir məktəbi
Sufiliyin başqa bir tanınmış məktəbi Misirdə yerləşmişdir və onun ən görkəmli nümayəndəsi Zün-Nun Misri (245/859-cu ildə vəfat etmişdir) olmuşdur. O, öz təlimində vəcd yolu ilə əldə edilmiş biliyə (mərifətə) və Allaha sonsuz sevgi ideyalarına geniş yer ayırmışdır. Zün-Nun Misriyə görə mərifət yolu ilə əldə edilmiş biliyin üç pilləsi vardır. Birincisi bütün inanclı müsəlmanlara, ikincisi yalnız alimlər və kəlamçılara (I) məxsusdur. Üçüncüsü isə öz varlıqları ilə Tanrının yaxınlığını duyan və müqəddəsliyə yüksələn insanlarda olur. Bu da biliyin ən yüksək zirvəsidir. Bu durumda olanlar təcrübi bilikləri deyil, insan ruhunun dərinliyində olan bilikləri duyurlar. Allah bu bilikləri yalnız istədiyi inanclı müsəlmanlara verir. Zun-Nun Misri də Allaha sevgi və zahidlik ideyalarını yayırdı. O, Allaha doğru aparan mənəvi yolda olan məqamların və halların olması ideyası ilə çıxış etmişdir.
Suriya məktəbi
Daha bir tanınmış sufi məktəbi Suriyada olmuşdur. Burada gecə vaxtları ac qarnına ibadətlər edilirdi. Bu təriqətin tanınmış şeyxi Əbu Süleyman Dərani (215/830-cu ildə vəfat etmişdir) olmuşdur. Ona görə gecə ibadətləri və zikrləri insan ruhunu məmnun edir və bu duyğunu heç bir başqa əməldə hiss etmək olmur.
Bağdad məktəbi
Bağdadda da sufi məktəbi mövcud olmuşdur. Bu məktəbin tanınmış şeyxi Məruf Kərhi olmuşdur. O, vəcd yolu ilə əldə edilmiş biliklə (mərifətlə) Tanrı ilə insan arasındakı qarşılıqlı sevgi duyğusunu birləşdirirdi. Onun fikrincə Allaha sevgi duyğusu təcrübə yolu ilə əldə edilə bilməz. Bu məktəbinin ən tanınan şeyxi Cüneyd Bağdadi (297/909-cu ildə vəfat etmişdir) olmuşdur. Tanrıya sevgi duyğusundan sərxoş (sukr) olmaq ideyasını aşılayan Bəyazid Bistamidən fərqli olaraq, o, bunu hissləri ayıq (sahv) olaraq yaşamağın tərəfdarı idi. Başqa bir məşhur bağdadlı Əbu Səid Hərrazın (277/890-cı ildə vəfat etmişdir) təcrübəsinə görə mənəvi həyatda ən önəmli olan gizli (batini) biliklərin əldə edilməsidir.
İlk dəfə "Ənəl Haqq" (Mən Tanrıyam) ifadəsini səsləndirən, buna görə də 305/917-ci ildə edam edilən Hüseyn ibn Mənsur Həllac da Bağdad məktəbinin nümayəndəsi olmuşdur. Həllaca görə Tanrıya qulluq edən insan onu çox yaxından duyduğundan onunla özü arasında bütün fərqləri itirir. Bu durumda olan sufi Tanrıda əriyərək onun sifətlərini mənimsəyir.
Sufilik hicrətin III–VI yüzilliklərində
Bu kimi əsas təlimləri əsas götürən sufi təriqətlərinin sayı hicrətin III–VI əsrlərində daha da artmışdır. O dövrlərdə sufi ideyaları poeziyada geniş tətbiq olunaraq yayılırdı. Sufilərin bir çox təlimləri ənənəvi İslam təfəfdarları tərəfindən etirazlarla qarşılanırdı. Onlar sufiləri İslama bidətlərin gətiilməsində günahlandırırdılar. Buna görə də, ənənəvi İslamı sufiliklə barışdıran və onların arasında orta yolu tutan ilahiyyatçılar bu mövzuda fəaliyyət göstərib çoxlu əsərlər yazmışdırlar. Onların arasında Əbu Həmid Qəzali də olmuşdur.
Daha sonra görkəmli sufi İbn Ərəbi (638/1240-cı ildə vəfat etmişdir) müsəlman ənənəçilərinin etirazları ilə qarşılaşan vəhdətül-vücud təlimini ortaya atmışdır. Bu təlim sonrakı əsrlərdə sufi təriqətlərinin ən əsas ideyalarından birinə çevrilmişdir. Məhz bu təlimə qarşı İmam Rəbbani (1034/1624-cü ildə vəfat etmişdir) ənənəvi İslamla uyuşan vəhdətüş-şühud ideyası ilə çıxış etmişdir.
Təriqətlərin çoxalması dövrü
Orta əsrlər boyu bütün müsəlman dünyasında sufi təkkələri də geniş yayılmışdır. Sufilər müxtəlif sultan və şahların dəstəyini əldə edərək fəaliyyətlərini genişləndirmişdirlər. VI/XII – IX/XV əsrlərdə ən tanınmış sufi təriqətləri Qədiriər, Yəsəvilər, Rifailər, Sührəvərdilər, Çiştilər, Şazililər, Məvləvilər, Məlamətilər, Bədəvilər, Dəsukilər, Nəqşibəndilər, Xəlvətilər, Bayramilər, Bəktaşilər və s. olmuşdurlar[4].
Hicrətin XI yüzilliyindən sonra sufilik
XI/XVII əsrdən başlayaraq sufliyin tənəzzül dövrü başlamışdır. Onların arasında yeni ideyalar olmamış, inkişafları dayanmışdır. Daha sonra onları müsəlman dünyasının tənəzzül etməsində, inkişafdan qalmasında ittiham etmişdirlər. Sufilik Osmanlı xilafətində laiklik ideyalarının yayılması və daha sonralar dünyəvi Türkiyə respublikasının yaranmasından sonra İslam dünyasında nüfuzunu xeyli itirmişdir. Buna baxmayaraq müsəlman dünyasının bir çox yerlərində sufi təriqətləri fəaliyyət göstərirlər. Bundan başqa qeyd etmək lazımdır ki, bu gün sufi ideyaları Avropa, Afrika və Amerikada rəğbətlə qarşılanmaqdadır[5].
Sufilikdə biliyin kəsbi problemi
Dini-əxlaqi məsələlərin, mənəvi dəyərlər və yaşayış tərzinin ümumi adı[6] olan sufilik və ya təsəvvüf həqiqətdən bəhs edən biliklərin əldə edilməsi probleminə münasibətdə özünəməxsusluğu ilə seçilmişdir[7]. Sufilik yarandığı vaxtdan ilahi həqiqətlərin dərki probleminə olan ənənəvi ehkamçı-kəlamçı baxışa etiraz etmişdir. Sufilər sələfilərin "nəql-rəvayət", kəlamçıların "nəql-ağıl", filosofların isə "ağıl-sillogizm" metodlarına qarşı "kəşf və ilham" üsulunu irəli sürmüşdülər. Bu üsulun mahiyyəti ondan ibarət idi ki, nəfs (ruh, can) xarici amillərin təsirindən xilas olub, əsl halına qayıtdıqda sağlam forma alır, şübhələrdən uzaq bilikləri "kəşf" yolu ilə əldə edir[8]. Məşşailərdən, mütəkəllim və əhli-hədisdən fərqli olaraq sufi lər Allaha dair bilikləri "elm" (rasional olaraq bilinən, dərk edilən) deyil, "mərifət" və ya "irfan" (bilinən, bilmə, tanıma yolu ilə aşkar olan) adlandırır, onları əldə etməyin ancaq ruhun tərbiyəsi və qəlbin paklanması ilə mümkün olacağını deyirdilər. Sufi lərə görə, insan fitrən dərketmə qabiliyyətinə sahibdir, amma fi ziki maneələr və "örtüklər" biliyin ruh tərəfi ndən kəsbinə əngəl törədir. İnsan bu maneə və "örtüklər"i dəf edərsə, Allaha yönələr, bilikləri ilk mənbədən bilavasitə əldə edə bilər[9]. Bu səbəbdən "kəşf" və ilham biliklərin birbaşa kəsbini təmin edir[10].
İlham və "kəşf" sufilik təlimində əsas üsullar hesab olunur, sələfi -kəlamçı üsullardan – nəql-rəvayət və nəql-ağıl metodlarından üstün tutulur. "Din elmlərinin dirçəldilməsi" kitabında Əbu Hamid əl-Qəzali göstərmişdi ki, erkən dövr sufi ləri kəlam alimlərinin ağıl haqqında görüşlərinə və rasional mövzulara dair polemikalarına rəğbət bəsləmirdilər[11]. Məşhur sufi Mühyiddin ibn Ərəbi (1165–1240) "əl-Fütuhat əl-məkkiyyə fi mə`rifə əl-əsrar əl-malikiyyə vəl-mələkiyyə" adlanan çoxcildlik əsərinin müqəddiməsində bildirir ki, yazdığı şeylər nəql və rəvayətə, ağıl və təfəkkürə əsaslanmır, ilham və ilahi feyzin məhsuludur, deməli, mümkün xətalardan qorunmuşdur[12]. Nəql-təqlid metoduna yox deyən İbn Ərəbinin "Raiyyə" şerindəki "Rəbbim mənə Maliki də, Əhmədi də, Nömanı da təqlid etməyi haram buyurdu" misrası sufi nöqteyi-nəzərinin məzmunu haqqında çox şeyi deyir[13]. Sufi likdə "kəşf" və ilhama verilən müqayisəedilməz əhəmiyyətin göstəricisi idi ki, İbn Ərəbi "Füsus əlhikəm" adlanan əsərini ilhamın təsiri ilə qələmə aldığını bildirmişdi[14]. Rəvayətlə ötürülən biliklərlə "kəşf" əsasında əldə edilən biliklərin müqayisəsində üstünlük ona görə ikinciyə verilirdi ki, birinci növ biliklər, sufi mütəfəkkirlərindən Bəyazid Bistaminin dediyi kimi, ölünün ölüyə rəvayəti əsasında kəsb olunur, odur ki həmişə diri olan Allahın ilham yolu ilə bəxş etdiyi biliklərdən rəvayət istinadına görə aşağı məqamda yerləşir: "Bədbəxtlər ölünün ölüyə rəvayətinə əsaslanırlar, halbuki biz biliklərimizi həmişə Diri və Əbədi Allahdan alırıq"[15]. Rəvayət üsulunu "zahiri elm", "axmaqların 165 yolu", "dünyəvi mənfəətə xidmət edən sahə"[15] adlandıran bəzi sufi lər mühəddislərin hədislərin istinad zəncirinə dair mübahisələrini "ölülərin arxasınca tənə vurmaq" kimi səciyyələndirir, "kəşf" və ilhama əsaslanaraq, səhih hədisləri "zəif", "zəif" hədisləri isə səhih qəbul edirdilər. Məsələn, İbn əl-Ərəbi "zəif" hədisləri səhih kimi təqdim edərkən bildirirdi ki, bu hədislər ağla görə "zəif", "kəşf"ə görə səhihdir. Uzun-uzadı araşdırmaq və ya rəvayət əsasında hədislərin "zəif" yaxud səhih olduğunu müəyyənləşdirməyə etiraz edən bu sufi mütəfəkkir Peyğəmbərdən "kəşf" yolu ilə onlar haqqında doğru məlumat əldə etməyin mümkünlüyündən söz açırdı[16].
Sufilik və rasionallıq
Sufiliyin daxilində bəzi sufilərin rasionallıq probleminə mənfi münasibət bəsləməsinin sufiliyin ümumi mövqeyini əks etdirmədiyini bildirən nöqteyi-nəzər mövcud idi. Məsələn, sufi alim Əbu Abdullah Məhəmməd ibn Xəfif (879–982) elmlə məşğul olmağı qadağan edən sufilərin dediklərinə əhəmiyyət verməməyi tövsiyə etmiş[17], Əbubəkr əl-Vərraq (vəfatı – 893) təkcə kəlamla məşğul olanları zındıq, kəlam və fiqhdən vaz keçib sufiliklə kifayətlənənləri bidətçi, yalnız fiqh öyrənənləri isə böyük günahkar adlandırmış[18], hər üç sahəni birlikdə öyrənməyin münasib olacağını iddia etmişdir. Həmçinin "Qüşeyri, Sərrac, Kəlabazi, Məkki, Hücviri və Qəzzali kimi sufilər həmişə ifratçı sufilərə (ğulat əs-sufi yyə) qarşı çıxmış, ifrat mistikanın həm dini, həm də elmi məhv edəcəyini vurğulamışlar"[19]. Görünür, sufiliyin daxilində ağılla mistik düşüncəni uzlaşdırmaq meyli mövcud olmuş, bəzi sufilər tərəfindən təsdiq görmüş və inkişaf etdirilmişdir. Sufiliyin məşşailik fəlsəfəsinə münasibəti isə yumşaqlığı ilə seçilirdi. Məsələn, əsərlərində fiqhi, kəlamı, fəqih və mütəkəllimlərin rasional üsullara meylini tez-tez tənqid edən İbn Ərəbinin fəlsəfə və filosoflara münasibəti xoş olmuşdur. Fəlsəfə və dini bir-biri ilə uzlaşdırmaq istəyən məşşai filosoflar (Bətəlyövsi, İbn Rüşd və s.) kimi o da iddia edirdi ki, fəlsəfə məzmunu səbəbi ilə deyil, onu öyrənənlərin subyektiv müddəaları ucbatından tənqidlərə tuş gəlmişdir. O özünün məşhur "Məkkə açılmaları (əl-fütuhat əl-məkkiyə)" adlı əsərində yazırdı: "Filosoflar filosof adını daşıdıqları üçün qınanmayıblar. …filosoflar ilahiyyat mövzularında səhvə yol verməkdə ittiham edilmişlər. …Filosof hikmətin vurğunudur və şübhəsiz, hər bir aqil hikməti sevir. …Müsəlmanların "zövq" sahibi, ilahiyyatçı Əflatundan xoşlarının gəlməməkləri onların bu sözün mənasını bilməməklərindən irəli gəlir"[20]. Filosofları "Allahı bilənlər, tanıyanlar" adlandıran İbn Ərəbi Quranın "Allah Davuda həm hökmranlıq, həm də hikmət verdi" ayəsinə söykənərək, fəlsəfənin ilahi biliklərlə əlaqəsini isbatlamağa çalışır[20]. O hər hansı filosofun, yaxud mötəzili alimin görüşlərinin bütövlükdə rədd edilməsini cahillərin işi hesab etmiş və bildirmişdi ki, fi losofl arın heç də bütün sözləri əsassız deyildir[20]. "İxvani-səfa" təlimi və İbn Miskəveyhin fəlsəfi yaradıcılığında olduğu kimi İbn Ərəbi də əxlaq baxımından şəriət və fəlsəfə arasında oxşarlıq axtarır: "Filosofların yazdıqları, yəni hikmət insanı şəhvətdən qoruyur, nəfsin tələsindən xilas edir, daxildəki gizli şeylərdən uzaqlaşdırır. Bütün bunlar doğru olub şəriətə uyğundur"[20]. Bir sufi kimi Əbu Hamid əl-Qəzzalinin fəlsəfəyə münasibəti mövzusuna sonrakı paraqrafl arda toxunulacaqdır. Yuxarıda qeyd etdiklərimizdən aydın olur ki, sufiliyin rasionallıq probleminə, əqli üsullara münasibəti birmənalı olmamışdır. Ağıla münasibətdə sufilik nöqteyi-nəzəri onunla fərqlənir ki, burada qəbul edilmiş ağıl hissi-təcrübi olub ilahi həqiqətləri dərk etməkdən uzaqdır.
Həmçinin bax
İstinadlar
- The Essential Seyyed Hossein Nasr. The perennial philosophy series. Bloomington, Indiana: World Wisdom, Inc. p. 74.
- Carl W. Ernst (2003). "Tasawwuf [Sufism]". Encyclopedia of Islam and the Muslim World.
- Ibn Khallikan's Biographical Dictionary, translated by William McGuckin de Slane. Paris: Oriental Translation Fund of Great Britain and Ireland. Sold by Institut de France and Royal Library of Belgium. Vol. 3, p. 209.
- Massington, L.; Radtke, B.; Chittick, W. C.; Jong, F. de.; Lewisohn, L.; Zarcone, Th.; Ernst, C.; Aubin, Françoise (2012). "Taṣawwuf". In P. Bearman; Th. Bianquis; C. E. Bosworth; E. van Donzel; W. P. Heinrichs (eds.). Encyclopaedia of Islam (2nd ed.).
- John O. Voll (2009). "ṢūfĪ Orders". In John L. Esposito (ed.). The Oxford Encyclopedia of the Islamic 9.3World. Oxford: Oxford University Press.
- Uludağ Süleyman. İslam düşüncesinin yapısı. İstanbul: "Dergah", 1985, s. 123.
- Gökberk Macit. Felsefe tarihi. İstanbul: "Remzi", 1999, s. 335.
- . Ardoğan Recep. Kelamçılara göre Allaha imanda akıl yürütmenin değeri // Cumhuriyet Universitesi, İlahiyat fakültesi dergisi, Sivas, 2004, № 7, s. 136.
- El-Bağdadi Fuzuli Muhammed ibn Süleyman. Matla`u`l-İtikad fi marifeti`l-Mebdei ve`l-Mead / E. Coşanın tərcüməsi ilə. Ankara: "İşık", 1962, s. 11.
- أحمد أمين. ظهر االسالم. بيروت: المكتبة العصرية، 2006 s. 339.
- أبو حامد محمد الغزالي. إحياء علوم الدين. في 3 مجلدات، المجلد االول. القاهرة: الهيئة المصرية العامة للكتاب، 1994 s. 88–89.
- محيي الدين ابن العربي. الفتوحات المكية في معرفة األسرار المالكية و الملكية. في 10 مجلدات. مصر: دار الكتب العربية الكبرى، بدون تاريخ االصدار. s. 31.
- Okur Kaşif Hamdi. Muhyiddin İbnü`l-Arabinin kiyas ve istihsana yaklaşımı // Dinbilimleri Akademik araştırma dergisi, 2007, № 4, s.216.
- Uludağ Süleyman. İslam düşüncesinin yapısı. İstanbul: "Dergah", 1985, s. 140.
- Uludağ Süleyman. İslam düşüncesinin yapısı. İstanbul: "Dergah", 1985, s. 145.
- محيي الدين ابن العربي. الفتوحات المكية في معرفة األسرار المالكية و الملكية. في 10 مجلدات. مصر: دار الكتب العربية الكبرى، بدون تاريخ االصدار. с. I, s. 292.
- جمال الدين أبو الفرج عبد الرحمن بن علي بن محمد الجوزي. تلبيس إبليس. المحقق: د. السيد الجميلي. بيروت: دار الكتاب العربي، 1985 s. 318.
- محمد بن الحسين بن محمد بن موسى بن خالد بن سالم النيسابوري أبو عبد الرحمن السلمي. طبقات الصوفية. تحقيق و تعليق: مصطفى عبد القادر عطا. بيروت: دار الكتب العلمية، 2003 s. 180.
- Uludağ Süleyman. İslam düşüncesinin yapısı. İstanbul: "Dergah", 1985, s. 168.
- محيي الدين ابن العربي. الفتوحات المكية في معرفة األسرار المالكية و الملكية. في 10 مجلدات. مصر: دار الكتب العربية الكبرى، بدون تاريخ االصدار. , c. II, s. 269–270.
Mənbələr
- Aydın Əlizadə, Elsevər Səmədov. İslam: Tarix, Fəlsəfə və Hüquq. Ensiklopedik Lüğət — Б.: 3 № Mətbəə, 2016, s. 258–260 — ISBN 5-89968-070-9.
- Məmmədov E. N. Orta əsr İslam fikrində din və fəlsəfə. AMEA Z. Bünyadov adına Şərqşünaslığ institutu. Bakı: İdrak, 2019, s. 162–172.
- Yaqub Babayеv. Təriqət ədəbiyyatı: sufizm, hürufizm. Ali məktəblərin filoloji fakültələri üçün dərs vəsaiti.Bakı, «Nurlan», 2007. – 128 səh.
- TASAVVUF TARİHİ. Doç. Dr. Hayrani ALTINTAŞ. ANKARA itNiVERSİTESİ İ IA.RİYAT FAKÜLTESi YAYINLARI NO 171. ANKARA 1986, 170 səh.
- Tasavvuf ve tarikatlar. Doç. Dr. MUSTAFA KARA. CEP ÜNiVERSiTESi. Fethiye/Bursa, 18 Mart 1922, 112 səh.