Stomatit
Stomatit – ağız boşluğunun yumşaq toxumalarının (yanaq, yumşaq və sərt damaqlar, ağız boşluğunun dibi) selikli qişaların iltihabı. Bütün yaş qruplarında rast gəlinən bir prosesdir.
Stomatit həm ağız boşluğundan izolə olunmuş şəkildə, həm də digər ağız boşluğu üzvlərinin selikli qişaslarının iltihabları – qinqivit, xeylit və qlossit ilə birlikdə inkişaf edə bilər. Klinik və morfoloji xüsusiyyətlərindən asılı olaraq stomatitlərin müxtəlif formaları ayırd edilir. Kliniki gedişinə görə — kəskin və xroniki; morfoloji dəyişikliklərin xüsusiyyətlərindən asılı olaraq – seroz, kataral, fibroz, irinli (fleqmona və ya xırda irinciklər – apostematoz), qanqrenoz və s; patoloji dəyişikliyin dərinliyindən asılı olaraq – səthi və dərin stomatitlər və s. İltihab ocağının xarici görünüşündən və morfoloji xüsusiyyətlərindən asılı olaraq stomatitlər xoralı, deskvamativ, kataral-xoralı, kataral, afta, düyüncük, düyün, vezikul, qovuqcuq, eroziya, ləkələr və s. xarakterlərdə ola bilirlər.
Hazırda stomatitlər aşağıdakı qruplara bölünür:
- Travmatik stomatitlər. Bu növ stomatitlərin yaranmasında əsasən şüalanma, kimyəvi maddələr, dərman maddələri, temperatur, mexaniki amillər ön planda durur. Travmatik stomatitlər əhali arasında daha çox rast gəlinir.
- İnfeksion stomatitlər. Bəzi patogen mikroorqanizmlər, xüsusilə də herpesvirusların təsirindən baş verir.
- Allergik sotmatitlərin patogenezi tez və ya ləng tipli immun reaksiyalar təşkil edir.
- Ekzogen intoksikasiyalar nəticəsində baş verən stomatitlər. Bu qrupa peşə stomatitləri də daxil edilir.
- Ayrı-ayrı üzv və sistemlərin müxtəlif patologiyaları nəticəsində yaranan stomatitlər.
- Bəzi dermatozlar zamanı baş verən stomatitlər. Məsələn, Dyurinq dermatiti və s.