Steroidlər

Steroidlər — bitki və heyvanlar aləmində çox yayılmış olan və fizioloji cəhətdən olduqca əhəmiyyətli maddələrdir. Onlar həyati proseslədə çox böyük rol oynayır və dərman kimi işlədilir.

steroidlər

Sinifləri

Steroidlər-sterinlər, cinsi hormonlar, öd turşuları, ürək qlikozidləri və başqa siniflərə ayrılır.

Kimyəvi quruluşları

Kimyəvi quruluş etibarilə Steroidlər bir-birinə yaxın birləşmələrdir. Üç altıtaqımlı halqa ilə bir beştaqımlı halqanın aşağıda göstərilən bitişmə məhsulu və ya 1,2-tsiklopentenhidrofenantren, Steroid birləşmələri molekullarının əsasını təşkil edir. Steroidlərin çoxünda 3-cü karbona hidroksil, 10–13-cü karbonlara iki metil qrupu, 17-ci karbona isə başqa alkil qrupu və ya oksigenli yaxud azotlu radikal birləşmiş olur. Bundan əlavə, Steroidlərdə bir və ya bir neçə ikiqat rabitənin varlığı, habelə optik izomerlik və müxtəlif sis, trans formalar, onların cürbəcür izomerlər şəklində olmasını təmin edir.

Steroidlər

Sterinlər

Steroid siniflərindən biri sterinlərdir. Sterinlər öz mənşələrininə görə zoosterin (heyvan orqanizmlərində), fotosterin (bitkilərdə), mikosterin (kiflərdə) olmaqla üç yerə bölünür. Zoosterinlərin əhəmiyyətli nümayəndəsi xolesterindir. Xolesterin beyində, əsəblərdə, böyrəkdə, dəri piyində, habelə qanda, yumurta sarısında və başqa heyvan orqanizmi hüceyrələrində olur. bəzi xəstəliklər nəticəsində öd kissəsi və öd borularında toplanan öd daşlarında xolesterinin miqdarı 90%-ə çata bilər. Arteriskleroz xəstəliyi zamanı da bədəndə xolesterinin miqdarı xeyli artır. Xolesterin süd və yumurta sarısında orqanizmə daxil olur. Bundan başqa xolesterin heyvan orqanizminin özündə daha sadə maddələrdən sintez oluna bilər. Xolesterin doymamış biratomlu tsiklik spirtdir. 8 asimmetrikkarbon atomu olduğu üçün onun çoxlu stereoizomer formaları vardır. Mikosterinlərdən balatıda, kiflərdə və pensillin istehsalı qalıqlarında olan erqosterini göstərmək olar. Erqosterin bərk birləşmədir, 1650C-də əriyir, günəş işığının və ya ultrabənövşəyi işığın təsirindən vitamin D2-yə çevrilir. Bina görə də provitamin D2 də adlanır. Erqosterin hormonlar istehsalında işlədilir.

Mənbə

  1. M. Mövsümzadə "Üzvi kimya", Maarif – 1966.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.