Stenop
Stenop (fr. Sténopé) — obyektivsiz, əvəzində diafraqma şəklində kiçik dəlikdən və qarşısında işıq keçirməz qutudan ibarət fotoqrafik cihazdır. Obyektlərdən əks olunan işıq şüaları kiçik dəlikdən keçərək fotoapparatın divarinda tərsinə çevrilmiş təsvir yaradır. Müasir fotoqrafiyada "pinhol" (ing. Pinhole — "iynə dəliyi") adı da geniş yayılmışdır.
Ümumi məlumat
Dəliyin diametri ilə dəliklə işığahəssas materialın arasındakı məsafənin nisbətinə əməl edildikdə daha çox sahə dərinliyi olan təsvir əldə edilir. Stenopun əsas üstünlüklərindən biri onun sonsuz sahə dərinliyinə malik olmasıdır. Dəliyin kiçik olması ilə əlaqədar olaraq ekspozisiya üçün saniələrlə, saatlarla hətta günlərlə vaxt tələb edilə bilər. Stenopdan yüxu gördüyümüz təsvirlərə bənzər landşaft şəkilləri çəkmək üçün də istifadə edilir.
Stenopun konstruksiyası
Stenoplar adətən fotoqraflar tərəfindən əldə düzəldilir. Ən sadə stenop böyük olmayan dəlikli işıqkeçirməz qutu və qarşısında yerləşən fotolent hissəsi və ya fotokağızdan ibarət ola bilər. Sürgü əvəzi karton hissəsindən və ya işığın dəliyə keçməsinin qarşısını ala biləcək materialla bağlanılır. Stenol dəlik isə tikiş iynəsi ilə və ya nazik yivlə alyüminium və ya bürünc lövhədə açılır. Dəlik açılmış lövhə (stenol obyektivi) qutunun içərisindən böyük olmayan dəliyə bərkidilir. Stenopun arxa divarının hərəkət etdirilə bilən versiyası da düzəldilir. Bu fokus məsafəsinin və görmə bucağının azaldıb-çoxaldılmasına imkan yaradır. Arxa dıvarı stenol dəliyə yaxınlaşdırmaqla böyük görmə bucağı almaq və ekspozisiya müddətini azaltmaq olar. Arxa divarı dəlikdən uzaqlaşdırmaqla "teleobyektiv" effektini almaq və ekspozisiya müddətini çoxaltmaq olar.
Güzgülü fotoapparatdan stenop
Stenopu dəyişdirilə bilən obyektivli, lentli və ya rəqəmsal güzgülü fotoapparatdan istifadə etməklə də düzəltmək olar. Bunun üçün obyektiv çıxarılarkən fotoapparatın daxilinə toz düşməsin deyə istifadə edilən apparat qapağını istifadə etmək olar. Qapağın tam mərkəzində 6–10 mm-lik dəlik açılır. Açılmış dəliyə nazik metal lövhə bərkidilərək stenol dəlik açılır.
Nisbi dəliyin ölçüsünün təyin edilməsi
Nisbi dəliyin (1/f) ölçülməsi pinhol dəliyin ölçüsünün fokus məsafəsinin ölçüsünə bölünməsi yolu ilə təyin edilir. Dəliyin diametri iynənin və ya yivin diametrinə bərabərdir. Fokus məsafəsi isə dəliklə işığahəssas material arasındakı məsafədir. Məsələn, 0,5 mm-lik dəliyin, 50 mm-lik fokus məsafəli fotoapparatın 1/f-i 0,5/50=1/100 olacaq. Bu məlumat fotoapparatınn ekspozisiya müddətinin təyin edilməsində istifadə oluna bilər. Stenopu bir-neçə dəliklə təhciz etməklə ikili təsvirlər almaq mümkündür. Eyni zamanda fotomaterialı müxtəlif istiqamətlərə əyməklə slindrik və sferik təsvirlər almaq olar.